Məhkəmə qərarları › İş №2-1(103)-1779/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1779/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1779/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 552/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədəərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...iddiaçı xx xxxxx 1962- ci ildə anadan olmuş, 10 aprel 2022- ci ildə 60 yaşı tamam olduğunda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti Mərkəzi Filialın 13 may 2022- ci il tarixli imtina məktubu ilə təmin edilməmiş, səbəbi kimi qeyd edilmişdir ki, güzəştli iş stajı 12 il 06 aydan az (6 il 4 ay 7 gün) təşkil edir. "xxxx" MMC arayış versədə həmin işin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr sırasında olmasını göstərən kodunu göstərmir. Halbuki, 25 ildə çox ümumi stajı vardır ki,həmin stajın da 12 il 6 aydan da çoxunu güzəştli pensiya hüququ verən işlərdə çalışmışdır…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etizaz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 4 ay 7 gün (xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48720,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41160,78 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 552/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) Mülki aviasiya yarımbölməsində (21.3) bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) vəzifəsi, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr (a) yarımbəndində isə yarımstansiyaların xidməti üzrə elektrik montyorları və avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı N.X1 təqdim etdiyi “Bakı Metropoliteni’’ QSC-nin 16 mart 2023-cü il tarixli A/138 nömrəli arxiv arayışında xx.xx.1985-28.01,1987-ci il tarixləri arasındakı dövr ərzində Leninqrad metropoliteninin İşarəvermə və rabitə xidmətində çilingər mexanik və elektrik montyoru, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 749/AD nömrəli arayışında xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “X2” filialında texnik və xx.xx.2006- xx.xx.2012- ci il tarixləri arasındakı dövr ərzində perronda nəzarət üzrə koordinator, xx.xx.2012- xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində isə perronda xidmət üzrə supervayzer vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi çilingər mexanik və elektrik montyoru vəzifəsi yarımstansiyaların xidməti üzrə elektrik montyorları və avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) vəzifələrinə uyğun deyil. Eyni zamanda işlədiyi texnik, koordinator və supervayzer vəzifələri yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat bölməsinin (21) mülki aviasiya yarımbölməsində (21.3) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 6 ay (xx.xx.1983- 01,07.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1996-18.11,1999-cu il, xx.xx.1999- xx.xx.2000-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2-1(112)- 552/2024 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin ounmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş redaksiası isə nəzərədə tutur ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşin hallarından göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş iddia tələbində (i.v.126) Qanunun qeyd olunan tələbinə müafiq olaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İş materiallarından görünür ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə səbəb onun 60 yaşının tamamında, Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında baxımından, onun fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının mövcud olmaması üzündən olmuşdur. Belə ki, ona münasibətdə 48720,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41160,78 manat təşkil etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hər bir şalda, iddiaçının iddia tələbini dəyişdirməsi də onu cavabdehin imtinasından yaxa qurtarması üçün kifəyət etməmişdir. Belə ki, sonuncu onun, güzştli pensiya hüqüqu verən stajının da 12 il 6 aydan az təşkil etdiyini mübahisələndirərək, sözügedən tarixdən də ona güzəştli pensiya təyinatı aparılmasını mümkünsüz sayır. İddia ərizəsinə etirazında iddiaçının güzəştli stajının 6 il 4 ay 7 gün (xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2000 dövrləri üzrə) təşkil etdiyini mübahisəlndirən cavabdnh, apellyasiya şikayətində artıq bu müddəti bir qədər artıraraq mübahisələndirir ki, onun güzəştli pensiyahüququ verən stajı 10 il 6 ay (xx.xx.1983- 01,07.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1996-18.11,1999-cu il, xx.xx.1999- xx.xx.2000-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə kollegiyası, cavabdeh tərəfindən apellyasiya şikayətində həmin dövlər üzrə (10 il 6 ay) iddiaçının əmək fəaliyyətinin güzəştli stajı kimi qəbul edildiyini nəzərə alaraq, prosessual qənaət prinsipi baxımından, həmin dövrlər üzrə bir daha məhkəmə tədqiqatı aparılmasını zəruri hesab etmir. İddiaçının bundan artıq güzəştli staja malik olması isə araşdırıldıqda iş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" Business Aviation MMC-nin “GHC” filialı tərəfindən cavabdehin müvafiq müraciətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının əmək kitabçası üzrə iddiaçının "xxxx" MMC-nin “X3” filialında texnik vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək aviamexanik kimi çalışdığı qeyd olunmaqla yanaşı bildirilmişdir ki, iddiaçının daha sonra xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək perronda nəzarət üzrə koordinator, xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək perronda xidmət üzrə supervayzer vəzifələrində çalışmışdır ki,həmin vəzifələrin əmək funksiyaları da aviamexanik vəzifəsinin əmək funksiyaları ilə eynidir. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyi ondan ibarətdir ki, məhkəmə, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s. nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (2-1(102)-1122/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı, b.45) Beləliklə də, iddiaçının “X3” filialında perronda nəzarət üzrə koordinator (xx.xx.2006-xx.xx.2012) və supervayzer (xx.xx.2012-xx.xx.2012) vəzifələri üzrə əmək funksiyaları aviamexanik vəzifəsinin əmək funksiyalrı ilə eyni olduğunu nəzərə alan məhkəmə kollegiyası hesabedir ki, həmin dövrlər üzrə onun 6 il 4 ay 17 gün əmək stajı da güzəştli pesiya hüququ verən stajı kimi qiymət ləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21.3-cü bəndində isə mülki aviasiyada bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) güzəştli pensiya hüququ verən göstəricilər kimi nəzərdə tutulmuşdur İddiaçının həmin stajı ( 6 il 4 ay 17 gün) cavabdeh tərəfindən güzəştli olduğu mübahisələndirilməyən 10 il 6 ay əmək fəaliyyəti ilə toplandıqda isə onun 12 il 6 aydan da çox güzəştli staja malik olduğu müəyyən olunur. Onun 25 il ümumi staja və güzəştli pensiya təyinatı üçün ən azı 60 yaşının mövcudolmasına gəldikdə bununla bağlı tərəflər arasında mübahisə mövcud deyil. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən belə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması qanunsuzdur və onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, əsassız və qanunazidd qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 552/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 552/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar