Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-178/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “onun adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-nin, bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə ona kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “onun adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-nin, bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə ona kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Vergilər Nazirliyinə, Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 Departamentinə və Qaradağ rayon vergi orqanına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-nin, bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə ona kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, o, ailəlidir, Qubada yaşayır və bu vaxtadək sahibkarlıqla məşğul olmamışdır. Onun adına heç vaxt VÖEN açılmamışdır. 2018-ci il 18 may tarixində vergi orqanları tərəfindən onun qeydiyyatda olduğu ünvana əsassız, qanunsuz və qərəzli olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması və adına VÖEN açılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Sözügedən müraciəti həmin ünvana daxil olduqdan sonra o, dəhlal (2018-ci ilin iyun ayında) şikayət ərizəsi ilə Vergilər Nazirliyinə müraciət etmişdir. Şikayət ərizəsi Nazirliyin Təhlükəsizlik və Təhqiqat İdarəsində onun iştirakı ilə araşdırılmışdır. Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 Departamentinin əməkdaşlarının göndərilməsini və guya onun adına açılan sahibkarlıq fəaliyyəytinin hansı ünvan üçün açılmışdırsa araşdırılmasını özü xahiş və tələb etmişdir. Məsələ araşdırılmış və onun həmin ünvan üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı aşkar edilmişdi. Vergilər Nazirliyindən cavab məktubu (**********098100 nömrəli) gələrək xx xxxxxxx 2018-ci il tarixli aktla sahibkarlıq fəaliyyətinin olmadığı təsdiq edilmişdi. 2018-ci ilin oktyabr ayından sonra Vergilər Nazirliyi, eləcə də Nazirlik yanında Bakı şəhəri X1 həmin məsələ ilə bağlı narahat etməmişlər. 2019-cu ilin noyabr ayında, yəni bundan bir il keçdikdən sonra Nazirliyin İdarəsindən “olmayan sahibkarlıq fəaliyyəti”nə və “adına açılmış qanunsuz VÖEN”ə görə ona yenə xəbərdarlıq məktubu gəlməyə başlamış, o, adına açılmış VÖEN-in ləğv edilməsi üçün Qaradağ rayon Vergi şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin qurumdan bildirilmişdir ki, artıq yuxarı orqanda bu məsələyə baxılmış və guya “PİN kod”la sistemə daxil olunarsa, aylardır adına yazılmış VÖEN-ə yazılmış ödənişləri də vergi hesabatında ödəməli olacaqdır. Bundan sonra o, Qaradağ rayon vergi şöbəsindən Vergilər Nazirliyinə şikayət ünvanlamışdı. Nazirlikdən ona fiziki şəxslərin uçotdan çıxarılması haqqında ərizə forması gəlmişdir. Həmin ərizə forması ilə o, yenidən Qaradağ rayon vergi şöbəsinə müraciət etmiş, lakin ərizə formasını doldursa da, Şöbədən ona adına açılmış qanunsuz, əsassız və qərəzli VÖEN-in qəbul etməsi, bəyannamələri və hesabatları ödəməli olması bildirilmişdir. Həmçinin, məhkəməyə müraciət olunması ona tövsiyə edilmişdir. O, adına açılmış VÖEN-i qanunsuz və əsassız hesab edir. O, adına sahibkarlıq fəaliyyəti ilə bağlı xəbərdarlıq məktubu gəldikdən bir ay sonra sahibkarlıq fəaliyyətinin və VÖEN-in ləğvi üçün müraciət etmiş, Vergilər Nazirliyi də onun sahibkarlıq fəaliyyətinin olmamasını aktla təsdiqləmişdir. Vergilər Nazirliyi ona qarşı qərəzli mövqedədir və onun haqqında məlumatları şikayət ərizəsindən əldə edərək əsassız və qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə bağlı VÖEN açmışdır. Bütün bunlar onun işgüzar nüfuzuna zərbədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın “iddiaçının adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi və iddianın “bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə cavabdehlər tərəfindən iddiaçıya kompensasiya ödənilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, adına qanunsuz və əsassız VÖEN açılmışdır. xx.xx.2018-ci il də onun həqiqətəndə sahibkarlıq fəaliyyətinin olmaması aktla rəsmiləşdirilmişdi. Ondan sonra guya yenidən adına əsassız olduğunu bildikləri halda VÖEN açımış və VÖEN açıq qalmışdır. Bu halların araşdırılması məqsədilə barədə dəfələrlə Vergilər Nazirliyinə və Bakı Səhər X10 üzrə Baş İdarəsinə şikayət ünvanmışdı və qanunsuz ÜÖEN-nin ləğv edilməsini xahiş etmişdir. xx xxxxxxx 2018-ci il tarixli aktdan görünür ki, onun sahibkarlıq fəaliyyəti yoxdur. Sahibkarlıq fəaliyyəti olmadığı halda niyə bəyanamə ödəməlidir. Ona dəfələrlə bəyamnamə, xəbərdarlıq və uçotdan çıxma sənədi göndərilmişdir. Qaradağ rayon Vergi xidməti tərəfindən ona Bakı Şəhər Kiçik X6 tərəfindən göndərilmiş bəyannamələr ödənilməsə vergi uçotdan çıxmayacağı bildirilmişdir. E- SOSİAL.az-da aktiv qalıbsa bunun səbəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aiddir. E-SOSİAL.az saytındə adına əsassız və qanunsuz səhv açılmış VÖEN passiv olduğu halda birdəfəlik 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsinə görə müraciətinə əsasən mesaj gəlib ki, guya onun aktiv VÖEN-ni var. Bu əsassızdır, qanunsuzdur, çünki o, nə vergi ödəyicisidir, nə də VÖEN açdırmamışdır. Vergilər Nazirliyi səhvə yol verərək adına açdığı VÖEN-ni aylar öncə şikayətləri əsasında ləğv edilib. Amma onların səhvləri nəticəsində elektron sistemdə aktiv saxlanıldığı üçün o, illərdir ki, işsiz olduğu halda işli, məşğul şəxs hesab olunur. 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar x xxxxx 2020-ci il tarixli E-sosial.az-da müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx xxxxx 2020-ci il tarixli cavab ərizəsi ilə bildirilmişdir ki, onun aktiv VÖEN-ni var və o, məşğul şəxs olduğu üçün ona 190 manat təyin oluna bilməz. Onun adına heç bir sahibkarlıq fəaliyyəti yoxdur, adına əsassız açılmış VÖEN xx xxxx 2020-ci ildə passivləşdirilmiş, yəni ləğv olunmuşdur. Yəni x xxxxx 2020-ci il 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün müraciət etdiyi zaman onun VÖEN-i passiv idi. VÖEN passiv olduğu halda onun məşğul şəxs hesab olunması barədə xx xxxxx 2020-ci ildə E- SOSİAL.AZ-dan məktub gəlmişdir. İqtisadiyyat Nazirliyi yanından Vergi Xidməti, yəni Vergilər Nazirliyi iddia edir ki, xx xxxxx 2020-ci il tarixində onun adına əsassız açılmış VÖEN ləğv olunmuşdur. O, Vergilər Nazilryindən istifadəçi adını və parolu istədikdə ona VÖEN-nin aktıv olmadığı bildirilmişdir. Məhkəmənin belə bir neçə aşkar səhv nəticəyə gəlməsinə səbəb, iş üzrə nəticəyə təsir edən prosessual pozuntaya yol verilməsindən irəli gəlmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, İddiaçı Vergi Məcəlləsinin 33-cü, 34-cü, 50 və 85-ci maddələrinə əsasən keçirilmiş vergi nəzarəti tədbiri və göstərilmiş ünvanlı məlumatlandırma xidmətlərindən sonra da vergi orqanında uçota durmadan, Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almadan fəaliyyət göstərdiyi aşkar edilmiş, aparılmış məlumatlandırma tədbirləri protokolla rəsmiləşdirilmiş və bu səbəbdən də Vergi Məcəlləsinin 33-cü maddəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (VÖEN) vergi uçotuna alınmışdır. Onun müraciəti əsasında onun vergi uçotu xx.xx.2020-ci il tarixdə ləğv edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli **********900200 nömrəli məktubla məlumat verilmişdir. İddia ərizəsi üzrə mübahisə predmeti aradan qalxdığından Bakı İnzibati Məhkəməsi tərəfindən qanuni olaraq iddia tələbinə həmin hissədə xitam verilmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiklərindən fərqli olaraq, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsi barədə Bakı İnzibati Məhkəməsinin sərəncamı vergi orqanına daxil olanadək vergi ödəyicisinin uçotu artıq ləğv edilmişdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4202/2020 saylı sərəncamı vergi orqanına xx.xx.2020-ci il tarixdə (AVİS qeydiyyat nömrəsi **********139200) daxil olmuşdur. İddiaçı vergi uçotu isə xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər cavabeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı onun tərəfindən heç vaxt adına VÖEN açılması ilə bağlı müraciətin edilməməsinə baxmayaraq vergi orqanı tərəfindən onun adına VÖEN açılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə ünvanına müvafiq məktubların göndərildiyinə, bununla bağlı onun tərəfindən vergi orqanına müraciətlər olunsa da, həmin müraciətlərlə bağlı müvafiq tədbirin görülmədiyinə istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X10 Depaeramenti tərəfindən İddiaçı ünvanlanmış 18 may 2018-ci il tarixli məktubda bildirilmişdir ki, Vergi Məcəlləsinin 33, 34, 50 və 85-ci maddələrinə əsasən keçirilmiş vergi nəzarəti tədbiri və göstərilmiş ünvanlı məlumatlandırma xidmətlərindən sonra da vergi orqanında uçota durmadan, Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olmadan fəaliyyət göstərdiyi aşkar edilmişdir. Bu barədə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin görüləcəyi barədə məlumatlar verilmiş və aparılmış məlumatlandırma tədbirləri protokolla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Vergi Məcəlləsi ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq, vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Hüquqi şəxs yatarmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs uçota alınmaq üçün ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına təqdim etməlidir. Qeyd olunanları nəzərə alaraq, tərəfinizdən əldə etdiyiniz gəlirdən verginin dövlət büdcəsinə ödınilməsi məqsədilə 5 gün müddətində vergi orqanında qeydiyyata alınmaq üçün müraciət etməyiniz bildirilir. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195-1 nömrəli Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz. İddiaçıya ünvanlanmış x xxxxxx 2018-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzi, 4-cü sıranın sonunda valyuta dəyişmə məntəqəsində X8 və X5 fəaliyyət göstəribgöstərməməsinin araşdırılması üçün qanunamüvafiq tədbirlər görülmüş, həmin şəxslərin “Binə” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları müəyyən olunmuşdur. Eyni zamanda “xxxx” MMC tərəfindən təqdim olunmuş xx xxxxxxx 2018-ci il tarixli rəsmi arayışda da həmin şəxslərin “Binə” ticarət mərkəzində işləmədikləri öz əksini tapmışdır. Bundan başqa, Sizin sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamağınızın araşdırılması məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Keçid 1595 ünvanında keçirilmiş baxış nəticəsində təsərrüfat subyektinin bağlı olduğu və Sizin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığınız müəyyən olunaraq tədbirin nəticəsi xx xxxxxxx 2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Digər məsələnin həlli dövlət orqanlarının səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İddiaçıya ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron iş qovluğunuz üzrə aparılmış araşdırma nəticəsində vergi uçotunuzun ləğv edilməsi ilə əlaqədar vergi orqanına müvafiq ərizə ilə müraciət etməyiniz müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının x xxx 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»na əsasən vergi uçotunuzun ləğv edilməsi ilə bağlı tərəfinizdən vergi orqanına müvafiq ərizə təqdim edilməlidir. Ərizə vergi orqanına həm kağız daşıyıcıda, həm də Vergilər Nazirliyinin İnternet X11 üzərindən elektron şəkildə göndərilə bilər. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X10 üzrə Baş İdarəsinin İddiaçı ünvanlanmış x xxx 2020-ci il tarixli “Uçota dair arayış”ında iddiaçının vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Onun vergi uçotu xx xxxx 2020-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxx 2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının x xxx 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»na uyğun olaraq vergi uçotunuz xx xxxxx 2020-ci il tarixdə ləğv edilmişdir. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195- 1), vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiz. İşdən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı tələbi onun adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-nin, bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə cavabdehlər tərəfindən ona kompensasiya ödənilməsi ilə bağlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə(hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı adına sahibkarlıq fəaliyyəti ilə bağlı VÖEN verilsə də, sonradan 2020-ci ilin aprel ayında vergi orqanının özü tərəfindən həmin VÖEN ləğv edilmişdir. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının adına açılmış VÖEN-in vergi orqanı tərəfindən ləğv edilməsinə və vergi ödəyicisi üçün hüquqi nəticə yaradan bu sənədin əsasında əldə olunan “sahibkarlıq” statusunun artıq mövcud olmadığına əsaslanaraq, İPM-in 67-ci maddəsinə müvafiq olaraq iddianın “iddiaçının adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, İPM-in 30-cu maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi iddiaçı ilə inzibati orqan olan Dövlət Vergi Xidməti arasında inzibati hüquq münasibətinin mövcud olmadığına, belə olan halda iddiaçının tələbinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (keçmiş Vergilər Nazirliyinə) qarşı yönəlməsinin formal xarakter daşıdığına istinad edərək iddianı Dövlət Vergi Xidmətinə münasibətdə ümumiyyətlə mümkün saymamışdır. İddiaçının “hesabat və bəyannamələrin ləğv edilməsi” barədə tələbinə münasibətdə isə məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin sənədlər özlüyündə hüquqi nəticə yaratmadığından və inzibati orqan tərəfindən tərtib olunmadığından, cavabdeh inzibati orqanlara qarşı həmin sənədlərin mübahisələndirilməsi tələbi ilə bağlı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. O ki qaldı iddiaçının “vurulmuş ziyana görə cavabdehlər tərəfindən ona kompensasiya ödənilməsi” barədə tələbinə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı inzibati orqana və ya orqanlara ona vurulmuş ziyanla bağlı müvafiq məbləğ də əks olunmaqla kompensasiyanın ona verilməsi barədə məhkəmədə iddia qaldırılmamışdan əvvəl bu barədə inzibati orqana müraciət etmədiyindən (bununla bağlı iddia ərizəsində bildirilməmiş, hər hansı sübut da hər iki instansiyaya təqdim olunmamışdır), iddia həmin hissədə də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qeyri-mümkün sayılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Hazırki işdə isə iddiaçının ona vurulmuş ziyanla bağlı kompensasiya tələb etməsi barədə cavabdeh inzibati orqanlara hər hansı müraciətinin olduğu müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın “iddiaçının adına açılmış sahibkarlıq fəaliyyəti və VÖEN-in ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi, “bəyannamə və hesabatların ləğv edilməsi, vurulmuş ziyana görə cavabdehlər tərəfindən iddiaçıya kompensasiya ödənilməsi” hissəsində isə iddianın mümkün sayılmamaması barədə düzgün nəticəyə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-178/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-178/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver