Məhkəmə qərarları › İş №2-1(103)-178/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-178/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-178/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin qismən, ona münasibətdə ləğv olunması, işə bərpası və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (atası) X7, digər nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin qismən, ona münasibətdə ləğv olunması, işə bərpası və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4938/2021 saylı 06 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 15 fevral 2012-ci ildə Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsində Əmək birjası sektorunun müdiri kimi işə başlamış, 18 yanvar 2019- cu il tarixdən isə Bakı şəhəri Binəqədi rayon X4 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh orqanın “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında” 02 iyun 2020-ci il tarixli əmrinin icrası haqqında **********5 nömrəli 02 iyun 2020-ci il tarixli əmrindən çıxarışa əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar həmin tarixdən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 09 avqust 2021-ci il tarixli 13/k nömrəli əmrinə əsasən ləğv edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmiş və ehtiyat kadrlar siyahısına daxil edilmiş, 10 avqust 2021-ci ildən Ağdam rayon Statistika İdarəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 13 sentyabr 2021-ci il tarixli 16/k əmrinə əsasən iddiaçının dövlət qulluğuna öz xahişi ilə həmin tarixdən xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ **********5 saylı xx.xx.2020-ci il tarixli əmrin qismən, ona münasibətdə ləğv olunaraq dəyişdirilməsi və iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X4 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum hadisələrlə əlaqədar olaraq Ağdamdan olan məcburi köçkündür. Ailə üzvləri – həyat yoldaşı, yetkinlik yaşına çatmayan oğlu, 2-ci qrup əlil və Qarabağ müharibəsi veteranı atası onun himayəsindədirlər. O, ali təhsillidir, 22 avqust 2000-ci ildən əmək fəaliyyətinə başlamış, 2012-ci ilədək müxtəlif təşkilatlarda işləmişdir. 01 yanvar 2009-cu ildən dövlət qulluqçusudur. İşlədiyi 20 il müddətində qüsursuz xidmət etmiş, fəxri fərmanla təltif olunmuş və barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, sonuncu iş yerində - Bakı şəhəri Məşğulluq İdarəsinin Binəqədi rayon Məşğulluq Mərkəzi üzrə YAP-ın ərazi təşkilatının sədridir. Cavabdeh tərəfindən barəsində verilmiş xx.xx.2020-ci il tarixli, **********5 saylı əmrin 3.27-ci bəndi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Vəzifədən azad olunması barədə əmr verilməsini 04 iyun 2020-ci il tarixdə iş gününün sonunda iş yoldaşlarından eşitmişdir. Bu barədə ona rəsmi məlumat verilməmişdir. Barəsində olan adıçəkilən əmrin surəti bu günədək rəsmi qaydada iddiaçıya verilməmişdir. Əmək kitabçası ona 09 iyun 2020-ci ildə təqdim edilmişdir. Əmr verilərkən həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, həm də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Mübahisələndirilən əmrlə Məşğulluq Xidməti tam ləğv edilməmiş, həmin orqan yenidən təşkil edilmiş və ştat sayları ixtisar edilmişdir. Əmrdən məlum olur ki, işəgötürən tərəfindən dövlət qulluğu orqanının ləğv edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Lakin cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilməmiş, işlədiyi rəhbərliyin qərəzli məlumatı əsasında o, yenidən işə qəbul edilməmiş, dövlət qulluğunda qüsursuz xidmətləri nəzərə alınmamış, dövlət qulluğunda ondan az iş stajı olan işçilər işdə saxlanılmış, hətta işə yeni işçilər qəbul edilmiş, məcburi köçkün olmağı, YAP ərazi təşkilatının sədri olmağı, himayəsində azyaşlı oğlunun, həyat yoldaşının və 2-ci qrup əlil olan Qarabağ müharibəsi veteranı, 74 yaşlı atasının olması nəzərə alınmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmiş və Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən 02 iyun 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində ehtiyat kadr siyahısına daxil edilmiş və bu barədə Azərbaycan Respublikasının X10 məlumat verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinin 5.5.5-ci yarımbəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisati daxilində onların xərclər smetasını təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2020-ci il tarixli **********5 nömrəli əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələri ləğv edilmiş və əsasında yeni mərkəzlər yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3-cü hissəsinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Nərimanov, Binəqədi və Şuşa rayonu Məşğulluq Mərkəzlərinin bir sıra əməkdaşları yeni yaradılmış 4 saylı Ərazi Məşğulluq Mərkəzində işlə təmin edilmişdilər. Ləğv edilmiş Mərkəzlərlə birlikdə 40 ştatdan (Nərimanov 15, Binəqədi 22, Şuşa 3) ibarət olmuş, yeni yaranmış 4 saylı Ərazi Məşğulluq Mərkəzi isə 30 ştat təşkil etmişdir. Həmin səbəbdən İddiaçı və digər əməkdaşlar yuxarıda qeyd edilən qaydaların 4-cü hissəsinə əsasən 02 iyun 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində ehtiyat kadr siyahısına daxil edilmiş və bu barədə Azərbaycan Respublikasının X10 məlumat verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4938/2021 saylı 06 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin 2-1(112)-4938/2021 saylı 06 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında Nazirliyin 2020-ci il 02 iyun tarixli əmrinin icrası haqqında xx.xx.2020-ci il tarixli 20040008/25 nömrəli əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinə ziddir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-ci maddəsinə qərarında istinad etsə də, Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad etməmişdir. Cavabdeh Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat dəyişiklik edilməsi haqqında Nazirliyin 02 iyun 2020-ci il tarixli əmrinin bu maddədə göstərilən tələbləri nəzərə alınmamışdır. Onun nə Ağdam məcburi koçkün olması, nə də ki peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. O, 20 il birinci dərəcəli dövlət qulluğunda çalışmışdır ki, onun da 8 illini məşğulluq xidməti sahəsi təşkil edir. Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında Nazirliyin 02 iyun 2020-ci il tarixli əmrindən sonra 136 nəfər yeni yaradılan qurumda işlə təmin edilmiş, hətta yeni işçilər işə qəbul olunmuşdur. Belə olan halda biruıcı instansiya məhkəməsi işdə saxlanılan 136 nəfərin və yeni işə götürülən işçilərin peşəkarlıq səviyyəsinin ondan daha yüksək olduğunu qərarında ətraflı əsaslandırmamışdır. Cavabdeh orqanın **********5 saylı xx.xx.2020-ci il tarixli əmri hüquqi baxımdan da düzgün tərtib edilməmişdir. Əmrin başlıq hissəsində göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında. Həmin əmrin 3-cü hissəsində yazılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçiinciii hissəsinə əsasən müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinə xilam verilmiş adları bu əmrin 3-cü və 4-cü hissələrində qeyd edilən işçilərə əmək stajından asılı olaraq müəyyən məbləğlərdə işdənçıxarma müavinətləri ödənilməsi təmin edilsin. Göründüyü kimi əmrdə göstərilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.-ci maddəsinin üçüncüi hissəsinə işçilərin sayı və ştat ixtisar edilərkən işçilər üçün nəzərdə tutulan təminatdır. Əmrin həmin hissəsində isə göstərilir ki, müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş, adları bu əmrin 3- cü və 4- cü hissələrində qeyd edilən işçilərə əmək stajından asılı olaraq müəyyən məbləğlərdə işdənçıxarma müavinətlərin ödənilməsi təmin edilsin. Əmrin başlıq hissəsi ilə 3-cü hissəsi arasında ziddiyyət mövcuddur ki, bu da həmin əmrin hüquqi baxımdan düzgün tərtib edilmədiyini göstərir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və məhkəmə əmrin qanuni və yaxud qanunsuz olmasına münasibət bildirməmişdir. Əmək kitabçasında **********5 saylı 02 iyun 2020-ci il tarixili əmrdə onun işdən çıxarılmasına səbəb kimi göstərilir ki, dövlət orqanı ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin. Məhkəmənin nəzərinə çatdırılmalıdır ki, dövlət orqanı ləğv edilməyib, əvvəldə məşğulluq mərkəzi kimi fəaliyyət göstərirdi, indi daha geniş formada fəaliyyətini davam etdirir, onunla bərabər işləyən şəxslər öz əmək funksiyalarını davam etdirir, hətta işə yeni işçilərdə götürüblər. Məhkəmə qərarı Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə də ziddir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxarxən qətnamə maddi və prosessual hüquq normalarının pozulması, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faxtiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələr isə işin hallarına uyğun olmadığına görə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul qəbul edilməlidir. Apellyasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya şikayətinə əlavə apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının 1.1-ci bəndindən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında X5 publik hüquqi şəxslər yaradılmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 012 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5- ci bədində qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təmin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilsin. Göriindüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********5 saylı əmrində qeyd olunduğu kimi dövlət orqanı ləğv edilməmiş, yuxarıda qeyd olunan dövlət orqanlarının əvəzinə onun səlahiyyətlərini həyata keçirəcək pııblik hüquqi şəxslər yaradılmış və yenidən təşkil edilən həmin publik hüquqi şəxslərə qeyd olunan dövlət orqanlarının, o cümlədən Dövlət Məşğulluq Xidmətində işləyən işçilərin müvafiq vəzifələrə təyin olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı verilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan Fərmanın müddəalarına əməl edilməmiş, İddiaçı yeni yaradılmış pııblik hüquqi şəxslərdə müvafiq vəzifəyə təyin edilməmiş, hətta işdə saxlanılmasına üstünlük verilən şəxs olmasını da nəzərə almadan, əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən yuxarıda qeyd olunan halları araşdırmamış, yalnız "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyala keçirilməsi Qaydası'nın 3-cü bəndinə istinad edərək ilk növbədə peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslərin analoji vəzifəyə təyin edildiyi səbəbindən onun işə düzəldilməsinin mümkün olmamasını qeyd etsə də, işin materiallarından göründüyü kimi, o, Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, işdən çıxarıldığı dövlət orqanında məhz idarəçilik təcrübəsi yüksək olduğundan Yeni Azərbaycan Partiyasının Bakı şəhər məşğulluq İdarəsi və Binəqədi raxon Məşğulluq Mərkəzi üzrə ərazi təşkilatının sədri olmuşdur. 20 ildən çox dövlət qulluğu stajı olmaqla, məcburi köçkündür, qardaşı 44 günlük 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş, onun himayəsində arvadı, uşağı və yaşlı Qarabağ müharibəsi əlili olan atası vardır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: İddiaçı əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinin 5.5.5-ci yarımbəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisati daxilində onların xərclər smetasını təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2020-ci il tarixli **********5 nömrəli əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələri ləğv edilmiş və əsasında yeni mərkəzlər yaradılmışdır. “Dövlət qulluğu haqqında” Qanunun 8.1.6-cı maddəsinə əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri 5-ci kateqoriya dövlət orqanlarıdır. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli 485 nömrəli Fərmanının 3.9.1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3cü hissəsinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Nərimanov, Binəqədi və Şuşa rayonu Məşğulluq Mərkəzlərinin bir sıra əməkdaşları yeni yaradılmış 4 saylı Ərazi Məşğulluq Mərkəzində işlə təmin edilmişdilər. Ləğv edilmiş Mərkəzlər birlikdə 40 ştatdan (Nərimanov 15, Binəqədi 22, Şuşa 3) ibarət olmuş, yeni yaranmış 4 saylı Ərazi Ərazi Məşğulluq Mərkəzi isə 30 ştat təşkil etmişdir. Həmin səbəbdən İddiaçı və digər əməkdaşlar yuxarıda qeyd edilən qaydaların 4-cü hissəsinə əsasən 02 iyun 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində ehtiyat kadr siyahısına daxil edilmiş və Dövlət Məşğulluq Xidmətinin Nərimanov, Binəqədi və Şuşa rayon Məşğulluq Mərkəzləri ləğv edilmiş və bu barədə Azərbaycan Respublikasının X10 məlumat verilmişdir. Həmçinin, ehtiyat kadr siyahısına daxil edilmiş İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.6-cı və 28.9-cu maddələrinə uyğun olaraq ehtiyat kadrlar siyahısından Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Ağdam Rayon Statistika İdarəsinin 09 avqust 2021-ci il tarixli N13/k nömrəli əmri ilə 10 avqust 2021-ci il tarixdən aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, 13 sentyabr 2021-ci ildə isə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir (əmrlərin və ərizələrin surətləri əlavə edilir). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq müəssisənin ləğv edilməsi ilə əlaqədar işdən azad olunan İddiaçı əmək stajından aslı olaraq müəyyən olunan məbləğdə işdənçıxarma müavinəti və son haqq-hesab aparılmışdır. Həmçinin nəzərinizə çatdırırq ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılması tapşırılmış və Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanına əsasən qeyd edilmiş qurumlar fəaliyyətə başlamışdır. Apellyasiya şikayətinə dair yazılı etiraza əlavənin dəlilləri: Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3-cü hissəsinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Qeyd edilən Qaydadan göründüyü kimi, peşəkarlığı və idarəçilik təcrübəsini ölçmə metodu qeyd edilməyib. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)- 857/2020 nömrəli qərarından qeyd edilir ki, Məhkəmə kollegiyası nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanının diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır və hüququn icrasını əhatə etmir. Yəni məhkəmə İPM-in 73.2-ci maddəsində təsbit olunmuş qaydaya uyğun surətdə hərəkət edir. İPM-nin 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Göründüyü kimi əmr 2 iyun 2020-ci il tarixinə aiddir və 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın əhatə dairəsinə düşmür. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1934/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, 06 may 2021-ci il tarixli qərarın ləğv edilərək, iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verlmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 475/20222020 saylı 26 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1934/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (atası) X12, iddiaçınn digər nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndələri X8 və X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt, 32.2.2- ci maddəsinə əsasən barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) və 32.2.3-cü maddəsinə əsasən şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki işdən görünür ki, iddiaçı müvafiq əmrin qismən, ona münasibətdə ləğv olunaraq dəyişdirilməsini tələb edərkən əslində hüquqi marağı sözügedən əmrin ona aid hissədə ləğv olunmasına yönəlmişdir. Digər tələblər isə öhdəliyin icrası ilə bağlı tələbə aid olmaqla yanaşı, iddia bütövlükdə mümkün iddiadır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçının xx.xx.2009- cu ildən 02 iyun 2020-ci il tarixədək dövlət qulluğu stajı vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın onun dövlət qulluğuna xitam verilməsinə əsas olmuş 02 iyun 2020-ci il tarixli, **********5 nömrəli əmri əsassız və qanunsuz olduğundan qismən ona münasibətdə ləğv edilməsini, iddiaçının 4 saylı Ərazi Məşgulluq Mərkəzinin (Bakı şəhəri Binəqədi və Nərimanov rayonları, Şuşa şəhəri) Aktiv Məşgulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən iddiaçının mübahisələndirdiyi əmr cavabdeh orqanın öz səlahiyyətləri çərçivəsində Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi məqsədilə verilmişdir. İddiaçı dövlət qulluqçusu olmaqla, Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi kimi 02 iyun 2020-ci il tarixədək xidmət etmişdir. İddiaçının əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. Həmçinin, işin faktiki hallarına əsasən ləğv edilmiş Dövlət Məşğulluq Xidmətinin bazasında yeni yaradılmış dövlət orqanında ştatların sayı iddiaçının müvafiq vəzifəyə keçirilməsinə imkan vermədiyi üçün (ilk növbədə peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslərin analoji vəzifəyə təyin edildiyi səbəbindən) iddiaçının işə düzəldilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçının Dövlət Məşğulluq Xidmətində xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanunazidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə hazırkı iddianın hüquqi əsasları mövcud deyildir. Bundan öncə işə apellyasiya qaydasında baxmış məhkəmə iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, ehtiyat kadr siyahısına daxil edilmiş iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6 və 28.9-cu maddələrinə uyğun olaraq 10 avqust 2021-ci ildən Ağdam rayon Statistika İdarəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş və onun dövlət qulluğuna öz xahişi ilə xitam verilmişdir. Belə olan halda, hazırkı iddia tələbi İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün səbəblərin aradan qaldırıldığı, qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüququnun pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 475/20222020 saylı 26 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının məhkəmə prosesinin gedişində Ağdam rayon Statistika İdarəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilməsi və dövlət qulluğuna öz xahişi ilə xitam verilməsi onun iddia tələbinə mahiyyəti üzrə baxılması imkanını məhdudlaşdırmamalıdır. Belə ki, iddiaçı 02 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 10 avqust 2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və iş apellyasiya instansiyası məhkəməsinə 19 iyun 2021-ci il tarixdə, kassasiya instansiya məhkəməsinə isə 19 yanvar 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə prosesləri 2 ilə yaxındır ki, davam edir. İddiaçının bu müddət ərzində əmək hüquqlarını realizə edərək başqa bir işdə işləməsi onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə və bu iddianın mümkünsüzlüyünə əsas verə bilməz. Belə ki, iddiaçı məhkəmədə mübahisə yekunlaşanadək bu və digər səbəbdən, o cümlədən maddi həyat səviyyəsini təmin etmək üçün işləyə bilər və onun inzibati orqanın əmrini mübahisələndirməsi konstitusion hüququnun (əmək hüququnun) realizəsində maneə təşkil etmir və ya başqa işdə işləməsi onun hazırkı iddiaya marağının olmaması anlamına gəlməyə əsas vermir. Odur ki, işə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin qərarındakı əsaslandırma da nəzərə alınmışdır. Hazırki işdə İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Nazirliyin əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinin 5.5.5-ci yarımbəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2020-ci il tarixli **********5 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələri ləğv edilmiş və əsasında yeni mərkəzlər yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir.

2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X10 (bundan sonra – Mərkəz) məlumat verməlidir.

3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda aşağıdakı şəxslərə üstünlük verilir: 3.1. şəhid ailəsinin üzvlərinə; 3.2. müharibə iştirakçılarına; 3.3. 10 il və daha çox dövlət qulluğu stajı olanlara; 3.4. əsgər və zabitlərin arvadlarına (ərlərinə); 3.5. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara.

4. Analoji vakant vəzifələrə təyin edilməmiş şəxslər ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında 2 il müddətində ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, analoji vakant vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. Cavabdehin **********5 saylı 02 iyun 2020-ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon X6 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir (əmrin 3.27-ci bəndi). “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Cavabdeh qurum adı çəkilən əmrin 3-cü bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin 464 saylı 01 iyul 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən adları bu əmrin 3-cü hissəsində qeyd edilən dövlət qulluqçuları nazirlikdə 2 il müddətində ehtiyat kadr kimi saxlanılsınlar. İşin araşdırılan hallarından məlum olur ki, ləğv edilmiş Mərkəzlərlə birlikdə 40 ştatdan (Nərimanov 15, Binəqədi 22, Şuşa 3) ibarət olmuş, yeni yaranmış 4 saylı Ərazi Məşğulluq Mərkəzi isə 30 ştat təşkil etmişdir. Həmin səbəbdən İddiaçı və digər əməkdaşlar yuxarıda qeyd edilən qaydaların 4-cü hissəsinə əsasən 02 iyun 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində ehtiyat kadr siyahısına daxil edilmiş və bu barədə Azərbaycan Respublikasının X10 məlumat verilmişdir. Qeyd olunmalıdır ki, ehtiyat kadr siyahısına daxil edilmiş İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı və 28.9-cu maddələrinə uyğun olaraq ehtiyat kadrlar siyahısından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Ağdam rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli N13/k nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə isə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövoət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq müəssisənin ləğv edilməsi ilə əlaqədar işdən azad olunmuş İddiaçıla əmək stajından asılı olaraq müəyyən olunan məbləğdə işdənçıxarma müavinəti və son haqqhesab aparılmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon Məşğulluq Mərkəzinin hüquqi statusu isə Mülki Məcəllənin 54-cü maddəsində anlayışı verilən idarəyə uyğun gəlirdi. Həmin normaya görə, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyrikommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Bununla yanaşı Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon Məşğulluq Mərkəzi həmin dövrdə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi mənasında inzibati orqan idi ki, bu fakt da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda təsbit olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2020-ci il tarixli **********5 nömrəli əmrində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ləğv edildiyi və əsasında yeni mərkəzlərin yaradılması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.” Azərbaycan Respublikasi Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası” isə iş üzrə mübahisəli sayılan hüquqları bütünlüklə əhatə edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında isə qeyd etmişdir ki, “Mülki Məcəllənin 2.5-ci maddəsi, qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulduğu hallar istisna olmaqla, digər bütün hallarda mülki qanunvericilik müddəalarının bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilməsini prinsipial şəkildə qadağan edir. Bu cür qadağa, mülki hüquq başda olmaqla, bütün xüsusi hüquq sahələrinə xas olan hüquqi tənzimləmə metodlarının publik hüquq sahələrinə, o cümlədən inzibati, sosial təminat, vergi hüququna xas tənzimləmə metodlarından əhəmiyyətli dərəcədə fərqli olmasından irəli gəlir. Belə ki, ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır.” Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki işdə tələbləri əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)-1927/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4938/2021 saylı 06 may 2021-ci il tarixli qərarı dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4938/2021 saylı 06 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Orucadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar