Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1780/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanaraq xx.xx.2006-cı ildən ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1261/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq yenidən hesablanmış və müəyyən edilmiş 2024,50 manat həcmində pensiyanın pensiya hüququnun yarandığı gündən, yəni xx.xx.2006-cı il tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1428/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2222/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1428/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2222/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)- 638/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2222/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1261/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 14 oktyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir, iddiaçının müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 2 avqust 2015-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 820,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 369,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat və digər növ əlavələri 604,54 manat olmaqla orta aylıq əmək haqqı 1923,54 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1923,54 manat) 80 faizi- 1538,83 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1855,74 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 9813,99 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 900,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 405,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 657,71 manat olmaqla orta aylıq əmək haqqı 2092,71 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2092,71 manat) 80 faizi-1674,17 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 2024,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 11911,22 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, ona xx.xx.2015xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21725,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini əsassız hesab edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 1981-ci ildən 1989-cu ilə qədər Belarusiya Respublikasının, 1989-cu ildən 1992-cı ilə qədər Azərbaycan Respublikasının Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir, 1992-2000-ci illərdə Sabunçu rayon prokurorunun müavini, 2001-ci ildən 2009-cu ilə qədər Abşeron rayon prokurorunun böyük köməkçisi işləmişdir.2006-cı ilin dekabr ayında iddiaçıya xidmət illərinə görə 589,23 manat pensiya təyin edilmişdir, sonradan onun pensiyasının məbləği pensiya orqanı tərəfindən artırılaraq xx.xx.2014-cü ildən 1463,86 manat, xx.xx.2018-ci ildən 1598,5 manat müəyyən edilmiş, daha sonra isə 2018-ci ilin avqust ayında pensiyasının məbləği 2024,50 manat müəyyən edilərək həmin pensiyanın 3 il əvvəldən - xx.xx.2015-ci ildən iddiaçıya ödənilməsi barədə cavabdeh (DSMF-nin Nərimanov rayon şöbəsi) tərəfindən sərəncam qəbul edilmişdir, bu barədə iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda DSMF-nin Nərimanov rayon şöbəsi bildirmişdir ki, iddiaçının pensiyasının məbləği 2024,50 manat müəyyən edilmişdir ( 25 il prokurorluq orqanlarında staja əsasən vəzifə maaşı, staj əlavəsi, rütbə və müvafiq dövrün mükafatları nəzərə alınmaqla).İddiaçı həmin pensiya məbləğinin xx.xx.2006-cı ildən başlayaraq ödənilməsi vəzifəsinin DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə hazırki iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək rayon prokurorunun müavini kimi təyin edilmiş pensiya məbləği üzrə hesablanmamış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində nəzərdə tutulan müavinətlərin dəyərini, eləcə də ona ödənilən və məcburi sığortaya cəlb edilən digər müavinətlərin verilməsi dəyərini nəzərə alıb, hazırda pensiya həcminin hansı məbləğdə olmasını müəyyən etməklə, almadığı fərqin hesablanması və bunların pensiya hüququ yarandığı xx.xx.2006-cı ildən başlayaraq ümumi dəyərinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş lakin, cavabdehin şikayəti əsasında işə baxan apelyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək, inzibati işi təkrar baxışa göndərmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2222/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddiaçının hazırki inzibati mübahisə üzrə ilkin iddia tələbinin (yenidən hesablanmış və müəyyən edilmiş 2024,50 manat həcmində pensiyanın pensiya hüququnun yarandığı gündən, yəni xx.xx.2006-cı il tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə) təmin edildiyi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1428/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı cavabdehin şikayəti əsasında ləğv edilmiş, işin təkrar baxılması üçün göndərilməsi qərar alınmışdır. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)-638/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir ki, “iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciəti əsasında prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiyanın məbləği yenidən hesablanaraq 01 mart 2018-ci ildən 2024,50 manat müəyyən edilmiş və ödənilmişdir.” İş materiallarında olan, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubunda qeyd edilmişdir ki, “Bildiririk ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 14 oktyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2018-ci il tarixli 18/529 nömrəli əmək haqqı arayışına əsasən xx.xx.2007-xx.xx.2009-cu illər arasındakı dövr əsas götürülməklə dövlət məvacibinin tərkibi - vəzifə maaşı - 900,00 manat, ixtisas dərəcəsinə görə əlavə - 130,00 manat, vəzifə maaşının 45 faizi miqdarında qulluq stajına görə əlavə - 405,75 manat, digər növ əlavələr - 657,71 manat olmaqla cəmi 2092,71 manat təşkil edir. Adıçəkilən şəxsin əmək pensiyası dövlət məvacibinin 80 faizi olmaqla 1674,17 manat məbləğində müəyyən edilərək onun müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildiririk ki, İddiaçı dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2006-cı il tarixli 14/954 nömrəli əmək haqqı arayışına əsasən xx.xx.1996- xx.xx.2001-ci il tarixləri arasındakı dövr əsas götürülməklə dövlət məvacibinin tərkibi - vəzifə maaşı - 1110,00 manat, ixtisas dərəcəsinə görə əlavə - 130,00 manat, vəzifə maaşının 45 faizi miqdarında qulluq stajına görə əlavə - 499,50 manat, digər növ əlavələr - 269,49 manat olmaqla cəmi 2008,99 manat təşkil edir. Adıçəkilən şəxsin əmək pensiyası göstərilən dövr əsas götürülməklə hesablandıqda onun əmək pensiyası dövlət məvacibinin 80 faizi olmaqla 1607,19 manat məbləğində müəyyən ediləcəkdir” Beləliklə, işin faktiki hallarına görə, iddiaçıya 2024,50 manat məbləğində pensiya cavabdeh tərəfindən müəyyən edilmiş və bu barədə iddiaçıya məlumat verilmiş, habelə 3 il əvvəlki müddət üçün də həmin pensiya məbləği hesablanaraq ödənilmişdir. Razılaşmayan iddiaçı 2024,50 manat pensiya məbləğinin ona xx.xx.2006-cı il tarixdən ödənilməsi tələbilə məhkəməyə müraciət etmiş, lakin yekunda tələbi qismən təmin edilərək, ona cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bundan sonra məhkəmə baxışı davam etdirildiyi müddətdə cavabdehin xx.xx.2021-ci il tarixli, **********9 saylı qərarı ilə iddiaçının pensiyasının məbləği 1674,17 manat müəyyən edilərək, yenidən azaldılmışdır. Beləliklə, inzibati işin mübahisələndirilməyən hallarına görə iddiaçıya 2024,50 manat məbləğində pensiya 2018-ci ilin martında cavabdeh tərəfindən müəyyən edilmiş və bu barədə iddiaçıya məlumat verilmiş, habelə 3 il əvvəlki müddət üçün də həmin pensiya məbləği hesablanaraq iddiaçıya xx.xx.2021-ci il tarixdəki azaldılmaya qədər ödənilmişdir. Kollegiya müəyyən məqamların dəqiqləşdirilməli olmasını zəruri hesab edərək, ilk öncə qeyd edir ki, mübahisəyə dair işə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçının iddia tələbi “barəsində rayon prokurorunun müavini kimi təyin edilmiş pensiya məbləği üzrə hesablanmamış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində nəzərdə tutulan müavinətlərin dəyərini, eləcə də ona ödənilən və məcburi sığortaya cəlb edilən digər müavinətlərin verilməsi dəyərini nəzərə alıb, hazırda pensiya həcminin hansı məbləğdə olmasını müəyyən etməklə, almadığı fərqin hesablanması və bunların pensiya hüququ yarandığı xx.xx.2006-cı ildən başlayaraq ümumi dəyərinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi olmuşdur. Lakin, məhkəmə 2-1(112)-1261/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarının nəticə hissəsində iddia tələbi qismən təmin edərək, “İddiaçı cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun” kimi yekun qərara gəlmişdir. Belə ki, inzibati işin faktiki hallarına görə iddiaçıya 2024,50 manat məbləğində pensiya 2018-ci ilin martında cavabdeh tərəfindən müəyyən edilmiş və bu barədə iddiaçıya məlumat verilmiş, habelə 3 il əvvəlki müddət üçün də həmin pensiya məbləği hesablanaraq iddiaçıya xx.xx.2021-ci il tarixdəki azaldılmaya qədər ödənilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin hazırki mübahisə üzrə qəbul edilmiş 2-1(103)-2222/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən də apelyasiya instansiyası məhkəməsi işin mübahisələndirilməyən halı kimi müəyyən etmişdir ki, “iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciəti əsasında prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiyanın məbləği yenidən hesablanaraq 01 mart 2018-ci ildən 2024,50 manat müəyən edilmiş və ödənilmişdir.” İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı birinci instansiya məhkəməsinin 2- 1(112)-1261/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə iddiasının qismən təmin edilməsi ilə razı olaraq şikayət verməmiş olması da nəzərə alınmaqla, ona qismən təmin edilmiş mövcud iddia tələbinin (... pensiya həcminin hansı məbləğdə olmasını müəyyən etməklə, almadığı fərqin hesablanması və bunların pensiya hüququ yarandığı xx.xx.2006cı ildən başlayaraq ümumi dəyərinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) mahiyyəti üzrə hüquqi izah verilmiş, aparılan sual cavablar nəticəsində iddiaçının razılığı ilə iradə ifadəsi dəqiqləşdirilərək, ona xx.xx.2018-ci il tarixdə 2024,50 manat pensiya təyin edilərək əvvəlki 3 il üçün ödənilməsi ilə razı olması, lakin sonradan məhkəmə icraatının davam etdirildiyi müddətdə xx.xx.2021-ci il tarixli qərarla yenidən pensiya məbləğinin 1674,17 manat müəyyən edilərək azaldılmasından narazı olması müəyyən edilmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının çatmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq, iddia tələbini qismən təmin etməkdə (... pensiya fərqinin azaldığı tarixdən hesablanaraq ödənilməsi... ) haqlı olmuşdur. AR İPM-in 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Apelyasiya baxışı zamanı İddiaçı dəqiqləşdirılmış iradə ifadəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə icraata qəbul edilərək iddia tələbi “cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi müəyyən edilmişdir. Hazırki mübahisəyə baxılan ərəfədə iddiaçının pensiya məbləğinin azaldılması ilə bağlı cavabdehin hərəkətini isə məhkəmə kollegiyası qanunauyğun hesab etmir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Hazırda iddiaçı pensiyasının hesablanması zamanı yuxarıda qeyd edilən normalarda nəzərdə tutulan ödənclər nəzərə alınaraq, ona əvvəl hesablanmış 2024,50 manat pensiyanın yenidən hesablanmasını və həmin hesablamaya uyğun yaranan fərq məbləğinin azaldıldığı tarixdən ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla xx.xx.2018-ci ildə 2024,50 manat pensiya məbləğinin hesablanması və ödənilməsi işin mübahisələndirilməyən halıdır. İnzibati orqanın xx.xx.2022-ci il tarixdə iddiaçının pensiyasının yenidən hesablanaraq 1674,17 manat məbləğə azaltmasına gəldikdə isə kollegiya aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Birinci instansiya məhkəməsi düzgün olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1, 29.1-1 və 29.3-cü maddələrinə istinad edərək vurğulamışdır ki, “... Qanunda cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın cavabdeh inzibati orqanın özü tərəfindən ləğv edilərək daha az miqdarda yenidən pensiya təyin edilməsi kimi norma nəzərdə tutulmamışdır. Əksinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. ...hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda ;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İddiaçıya 2054,50 manat pensiya təyin edilən zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçıya 2024,50 manat pensiya məbləğinin təyin edilməsi zamanı qərarda yazı və hesab səhvinə yol verilməsi, buna görə də sonradan pensiya məbləğinin azaldılması barədə cavabdeh tərəfindən məlumat verilməmiş və sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın cavabdeh inzibati orqanın özü tərəfindən ləğv edilərək daha az miqdarda yenidən pensiya təyin edilməsi kimi norma nəzərdə tutulmamışdır. Apelyasiya baxışı zamanı cavabdeh orqanın mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli azaldılma “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı tətbiq edilməklə aparılmışdır. Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, “... 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. ...” AR Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İnzibati orqanın mövqeyini qanunsuz hesab edən məhkəmə kollegiyası bildirir ki, Konstitusiya Məhkəməsinin 2020-ci il tarixli sözügedən qərarı əsas götürülərək vətəndaşa 2018-ci ildə qanunauyğun qaydada hesablanaraq təyin edilmiş əmək pensiyasının məbləğinin dəyişdirilməsinə dair cavabdehin hərəkəti vətəndaşın vəziyyətinin pisləşməsinə səbəb olmaqla, yuxarıda qeyd edilən qanun normalarının tələblərini pozulması ilə nəticələnmişdir. Yuxarıda sadalananlara məcmu halda qiymət verən kollegiya qeyd edir ki, iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ona 2024,50 manat pensiya məbləğinin yenidən müəyyən edilməsi və ödənilməmiş fərqin ödənilməsi olması apelyasiya baxışı zamanı faktiki təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin birinci hissəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. İİİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qeyd edilənlərə əsasən, xx.xx.2021-ci il tarixli iddiaçının pensiya məbləğinin azaldılmasına dair cavabdeh orqanın hərəkətini qanunsuz hesab edən birinci instnasiya məhkəməsi inzibati məhkəmə institutunun funksional prinsiplərini də rəhbər tutaraq hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbi - cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, haqlı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1261/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1780/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1780/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver