Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1780/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müalicə xərclərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(112)-7302/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həqiqi hərbi xidmətdə olarkən 2014-cü ildən “Modern Hospitalında” cərrahiyyə əməliyyatı zamanı çəkdiyi 1900 manat və 2020-ci ildə “HP Güvən” klinikasında cərahiyyə əməliyyatı zamanı 1598 manat çəkdiyi xərclərin əvəzi olaraq ümumilikdə 3498 manat müalicə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 389-cu maddəsinin tələblərinə tam əməl etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə bel nahiyəsində olan ağrılarla və halsızlıqla əlaqədar olaraq alay (briqada) ərazisindən kənarda yerləşən müalicə müəssisələrinə (Silahlı Qüvvələrin Baş X2 bölməsinə) stasionar müalicəyə həkimin rəyi ilə, hərbi hissə komandirinin göndərişinə əsasən qəbul edilmişdir. Tibb Baş İdarəsinin razılığı olması üçün SQ-in BKH-nın urologiya bölmə rəisi (tibb mütəxəssisləri) iddiaçıya nefrolitotripsiya cərrahiyə əməliyyatının aparılması göstəriş hesab etmiş, lakin hospitalda nefroskop cihazı olmadığına görə cərrahiyə əməliyyatının mümkün olmadığını nəzərə alaraq instansiya (komanda) üzrə aidiyyəti üzrə rəislərə (SQ-in BKH rəhbərliyinə) və SQ-in BKH-nın rəisi isə öz növbəsində Tibb Baş İdarəsinə müraciət (Tibb Baş İdarə rəisinə məzuzə) etməlidir. İnstansiya (komanda) üzrə müraciət (məruzə) olunmayan halda digər ixtisaslaşdırılmış tibb müəssisələrə köçürülmə mümkün olmur. Silahlı Qüvvələrin BKH-nın urologiya bölmə rəisi (tibb mütəxəssisləri) instansiya (komanda) üzrə müraciət edəcəyi təqdirdə belə, SQ-in BKH-nın rəhbərliyi tərəfindən Silahlı Qüvvələrdə Tibbi X8 təşkili haqqında “Əsasnaməsi”nin 12.10.34-cü maddəsinə əməl etmədən nefroskop cihazı olmadığı səbəbindən cərrahiyə əməliyyatı icra edə bilmədiklərinə görə digər yuxarı səviyyəli hospitala köçürülmədən və Silahlı Qüvvələrdə Tibbi X8 Təşkili haqqında “Əsasnaməsi”nin 12.1.8-ci maddəsinə əməl etmədən, yəni böyrəyində mövcud olan daşların çıxarılması üçün lazımi müalicə prosesi bitmədən onu sağalmamış vəziyyətdə xidmət etdiyi hərbi hissəyə göndərirlər. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən ağrıları aradan qaldırıldıqdan sonra, yəni stabil vəziyyətində TƏBİB-in ixtisaslaşdırılmış mərkəzlərinin urologiya şöbələrində ixtisaslaşmış müalicəsi təmin edilməli idi. Lakin TƏBİB-in ixtisaslaşdırılmış mərkəzlərinin urologiya şöbələrinə göndərilməyinin əvəzinə onu sağalmamış vəziyyətdə SQ-in BKH-dan hərbi hissəyə göndərirlər. Həmçinin rəydə qeyd olunmuşdur ki, iddiaçı Silahlı Qüvvələrin Baş X2 bölməsinə təcili surətdə qəbul edilmiş, müalicə və müayinə prosesinin patoloji həcminə əsasən mövcud olan böyrək daşlarının çıxarılması göstərişdir. Lakin böyrək daşlarının çıxarılması göstəriş olmasına baxmayaraq, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında onda mövcud olan böyrək daşlarının çıxarılması üçün lazımi müalicə prosesi (cərrahiyə əməliyyatı) aparılmamışdır, ağrılarının azalması üçün müalicə aparılmışdır və dərman preparatları ilə təmin etmədən ona dərman preparatlarından istifadə etmək, bol maye qəbul etmək, dinamik həkim müşahidəsi və 2 ay sonra təkrar uroloqun baxışına tövsiyələri verməklə kifayətlənmişdirlər. Halbuki, tibbi kitabında qeyd edildiyi kimi (Qoşma-2), xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixlərdə dəfələrlə sol böyrəkdə olan ağrılarla və halsızlıqla əlaqədar olaraq Naxçıvan qarnizonunun hərbi hospitalında müayinə olunub və müayinələrin nəticələrinə görə ona “Sidik daşı xəstəliyi, sol böyrəyin çoxsaylı daşları” diaqnozu qoyulurdu. Hər müayinədən sonra bol maye qəbul etməyinə və dərman preparatlarını qəbul etməsinə baxmayaraq, böyrəyində olan ağrılar davam edirdi və müayinə olunarkən müəyyən olunurdu ki, böyrəyində olan daşlar orqanizmdən xaric olunmayıb. xx.xx.2020-ci il tarixdə “HB Güvən” klinikasında ona cərrahiyə əməliyyatı aparılmayacağı təqdirdə və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibbi mütəxəssisləri tərəfindən ona verilən tövsiyələrə əməl edəcəyi təqdirdə böyrəyində olan çox saylı daşların orqanizimdən xaric olunması mümkün olmayacaqdır. Belə ki, SQ-in BKH-nın ona verdiyi xx.xx.2020-ci il tarixli çıxarış epikrizində qeyd edilib ki, perkutan litotripsiya əməliyyatı göstərişdir və belə nəticəyə gəlmək olar ki, böyrəyində mövcud olan daşların çıxarılması yalnız cərrahiyə əməliyyatının aparılması ilə mümkündür və belə olan halda çıxarış epikrizində yazılan tövsiyələrdə qeyd olunan dərman preparatlarını və bol mayeni qəbul etməklə böyrəyində mövcud olan daşların orqanizmdən xaric olması mümkünsüz hesab edilir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyində qeyd olunur ki, nefroskop cihazı olmadığı təqdirdə xəstəliyin müailəcəsi açıq əməliyyat üsulu ilə aparıla bilərdi. Lakin böyrəyində olan daşların açıq əməliyyat üsulu ilə çıxarılmasının mümkünlüyü barəsində SQ-in BKH-da ona heç bir məlumat verilməmişdir və bu barədə tibbi mütəxəssislər tərəfindən ona verilən çıxarış ekikrizində heç bir qeydiyyat aparılmamışdır. Böyrəkdə olan daşların açıq əməliyyat üsulu çıxarılması müasirə tibb etmində köhnə (keçmişdə qalmış) əməliyyata üsulu hesab edilir. Artıq nefroskop cihazı ilə aparılan yeni üsul perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatı yarandığından, həkimlər tərəfindən xəstələrə açıq əməliyyat üsulu deyil, perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatının aparılması göstəriş hesab edilir. Bildiyinə görə, analoji vəziyyətdə (böyrək daşı xəstəliyi ilə) müayinə və müalicə almaq üçün SQ-in BKH-na qəbul olunmuş müəyyən hərbi qulluqçulara perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatının aparılması göstəriş olmuşdur, lakin hospitalda nefroskop cihazı olmadığına görə həmin hərbi qulluqçulara Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən ayrılmış pul vəsaiti hesabına digər (mülki) tibbi müəssisələrdə perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatı aparılmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilən göndəriş əsasında hərbi qulluqçulara digər (mülki) tibbi müəssisələrdə perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatının aparılması istisna olunmur. İstənilən hər iki halda icra olunan cərrahiyə əməliyyatının xərclərini hərbi qulluqçular öz hesabından ödəməmişdir. Belə olan halda, nəticəyə gəlmək olar ki, mövcud olan normativ hüquqi aktın tələblərinə əsaslanaraq bu prosedur həyata keçmişdir və ona aid məsələdə həyata keçməmişdir. SQ-in BKH-lı tərəfindən hərbi qulluqçuya göstərilən köməkliyi müsbət hal olduğunu hesab edir, lakin hospitalda nefroskop cihazı olmadığına görə onun üçün digər (mülki) tibbi müəssisələrdə perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatının aparılması üçün pul vəsaitinin ayrılmasının və ya sözügedən əməlliyyatın icra oluna biləcəyi tibbi müəssisələrə göndərilməyinin vacib olduğunu hesab edir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu müddətdə urologiya bölməsinin rəisi ona demişdir ki, «Hospitalda nefroskop cihazı olmadığına görə cərrahiyə əməliyyatının aparılması mümkünsüzdür və digər (mülki) tibbi müəssisələrdə perkutan nefrolitotripsiya cərrahiyyə əməliyyatının aparılması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən pul vəsaiti ayrılmalıdır, lakin pul vəsaiti olmadığına görə ona köməklik göstərmək mümkün olmur». Belə olan təqdirdə necə olur ki, hospital tərəfindən bəzi hərbi qulluqçulara köməklik olunur və bəzi hərbi qulluqçulara köməklik olunmur. Beləliklə, nəticəyə gəlmək olur ki, hərbi qulluqçulara qarşı bərəbərlik prinsipi ilə yanaşılmır. Tibbi kitabda qeyd edildiyi kimi (Qoşma-2), xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixlərdə dəfələrlə sol böyrəkdə olan ağrılarla və halsızlıqla əlaqədar olaraq Naxçıvan qarnizonunun hərbi hospitalında müayinədə olunub və müayinələrin nəticələrinə görə ona “Sidik daşı xəstəliyi, sol böyrəyin çoxsaylı daşları” diaqnozu qoyulurdu. Hər müayinədən sonra bol maye qəbul etməyinə və dərman preparatlarını qəbul etməsinə baxmayaraq, sol böyrəyində mövcud olan daşlarla əlaqədar olaraq səhhətində ağrılar davam edirdi. xx.xx.2020-ci il tarixində sol böyrəkdə yaranan kəskin ağrılarla və halsızlıqla əlaqədar olaraq Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müayinə olunmuşdu, müayinə zamanı sol böyrəkdə çoxsaylı daşlar aşkar olunmuşdur və ona ixtisaslı müayinə və müalicə məsləhət görülmüşdür. xx.xx.2020-ci il tarixdə bel nahiyyəsində olan ağrılarla və halsızlıqla əlaqədar olaraq hərbi hissə komandirinin göndərişinə əsasən Silahlı Qüvvələrin Baş X2 bölməsinə qəbul olundu. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hospitalda müalicə aparılmış və həkimlərin çıxarış epikrizində qeyd edildiyi kimi sol böyrəyin perkutan nefrolitotripsiya əməliyyatı göstəriş olmuşdur, lakin nefroskop cihazı olmadığından cərrahiyə əməliyyatının aparılması mümkün olmamışdır və nəticədə böyrəyində mövcud olan daşların çıxarılması üçün lazımi müalicə prosesi bitmədən onu sağalmamış vəziyyətdə xidmət etdiyi hərbi hissəyə göndərirlər. xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalından xidmət yerinə yazılarkən ağrıları azalmamışdır və 2 ay müddətində qəbul etmək üçün dərmanla təmin olunmamışdı. Səhhətində yaranan halsızlıq, böyrəyində olan ağrılar xidməti vəzifələrinin icrasında çətinliklər yaradacağına görə növbəti məzuniyyətindən istifadə etdi və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının nefroskop cihazı olmadığından cərrahiyə əməliyyatının aparılması mümkün olmadığını nəzərə alıb təkrar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına mürəciət etmədən xx.xx.2020ci il tarixdə sol böyrəyində kəskin ağrıların və səhhətində halsızlığın yaranması səbəbindən “HB Güvən” klinikasında perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatı olundu. Ölkədə yaranmış koronavirus xəstəliyinə görə post pandemiya dövründə Naxçıvan-Bakı və Bakı-Naxçıvan aviareysləri təxirə salındığından, həqiqi hərbi xidmət keçdiyi Naxçıvan şəhərindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı yerləşən Bakı şəhərinə X7 Komandanının köməkliyi ilə İL-76 hərbi yük nəqliyyat təyyarəsi ilə göndərilmişdi və xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş X2 bölməsinə qəbul olunmuşdu. xx.xx.2020ci il tarixdə növbəti məzuniyyəti bitdikdən sonra Bakı şəhərindən həqiqi hərbi xidmətdə olduğu Naxçıvan şəhərinə İL-76 hərbi yük nəqliyyat təyyarəsi ilə qayıtmışdı. xx.xx.2020-ci il tarixdə “HB Güvən” klinikasında perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatı icra olunmadan, həqiqi hərbi xidmət keçdiyi Naxçıvan şəhərinə qayıdacağı təqdirdə istisna deyil ki, istənilən zaman sol böyrəyində yaranmış və arta biləcək çox saylı daşlara görə yarana biləcək müxtəlif dərəcəli hidronefroz nəticəsində, təcili və ya təxirəsalınmaz ixtisaslı tibbi yardımın göstərilməsinə və nəticədə cərrahiyə əməliyyatının aparılmasına zərurət yaranacaqdır. Yarana biləcək bu vəziyyətdə, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında və Naxçıvan şəhərində mövcud olan digər (mülki) tibbi müəssisələrdə nefroskop cihazı olmadığına görə perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatının icrası mümkün olmayacaqdır və koronavirus xəstəliyinə görə post pandemiya dövründə Naxçıvan-Bakı və Bakı-Naxçıvan aviareysləri təxirə salındığına görə istisna deyil ki, “24 saat ərzində təcili və ya 2-4 saat ərzində təxirəsalınmaz ixtisaslı tibbi yardımın” göstərilməsi mümkün olmayacaqdır. Bu səbəbdən səhhətində ciddi təhlükə yaranacaqdır. Belə ki, xx.xx.2014-cü ildə “Oksigen” Klinik Xəstəxanasında müayinə olunmuşdu və müəyyən olunmuşdur ki, 2-ci dərəcə hidronefroza səbəb olan sol böyrək ləyənində 48x30x32 mm ölçülü və aşağı qütb kaliksində 23x22x6 mm ölçülü daş mövcuddur. Bu səbəbdən xx.xx.2014-cü il ci tarixdə sol bel nahiyəsində ağrılarla, ürəkbulanma və səhhətimdə halsızlığın yaranması səbəbindən “Modern” hospitalına müraciət etmişdi və perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatı aparılmışdır. “Oksigen” Klinik Xəstəxanasında müəyyən olunmuş diaqnoznan Silahlı Qüvvələrin Baş Klinik Hospitalına qəbul olunacağı təqdirdə belə, hospitalda nefroskop cihazı olmadığından cərrahiyə əməliyyatının aparılması mümkünsüz olacaqdır. Bu səbəbdən 2014-cü ildə “Modern Hospitalında” cərrahiyə əməliyyatı zamanı çəkdiyi 1900 manat xərclərin cavabdeh tərəfindən ona ödənilməsini düzgün hesab edir. Silahlı Qüvvələrdə Tibbi X8 Təşkili haqqında “Əsasnaməsi”nin 5.3-cü və 12.5.7-ci bəndləri onun məsələsinə aid edilməsini məqsədə uyğun hesab etmir. Belə ki, həmin bəndlər xidmət yerində olan vəzifə borcunu yerinə yetirən hərbi qulluqçulara aid edilə bilər, lakin o, növbəti məzuniyyətində olan müddətdə sağlamlığımın qorunması məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında nefroskop cihazı olmadığından cərrahiyə əməliyyatının aparılması mümkün olmadığına görə məcburiyyət qarşısında qalaraq perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatının aparılması üçün mülki tibbi müəssisəyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Silahlı Qüvvələrin Baş X2 bölməsində müayinə və müalicə olunduğu müddətdə, Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyi üçün müayinələrdən keçirildi. Müayinələr zamanı müəyyən olunan xəstəliklərnən əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-X4 Əsasnaməsi”nin 72-ci maddəsinin “C” bəndinin “İİİ” qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Lakin sonradan çıxarış epikrizi dəyişdirilərək ona bildirilmişdir ki, hərbi-X4 Əsasnamənin 72-ci maddəsinin “C” bəndinin “İİİ” qrafasına əsasən ona verilmiş “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı ləğv olunub. Belə olan halda, əgər onun Hərbi-X4 Əsasnaməyə uyğun olaraq Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyi düzgün hesab olunmursa, nəyə görə Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyi üçün müayinələrdən keçirilmişdi. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 5/722 nömrəli məktubda qeyd edilir ki, İddiaçı əvvəllər Müdafiə Nazirliyinin müalicə müəssisələrinə müraciət etmədən 2013-cü ildə X1, 2014-cü ildə isə “Modern” hospitalda şəxsi təşəbbüsü ilə əməliyyat olunub. Bundan sonra 2020-ci ilin 04 may tarixində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına daxil olub, orada 2013-cü ildən özünü xəstə hesab etdiyini bildirmiş, müayinə və müalicələrdən sonra xx.xx.2020-ci il tarixdə ağrıların azalması müşahidə edilmiş, kafi vəziyyətdə xidməti yerinə yazılmış (çıxarış epikrizində qeyd olunub) və iddiaçıya göstərilən dərmanları və bol maye qəbul etmək, həmçinin 2 ay sonra uroloqun təkrar baxışı tövsiyə olunmuşdur. Lakin buna baxmayaraq, İddiaçı təkrar müayinəyə gəlmədən, hospitalın mülki tibb müəssisəsinə göndəriş verib-verilməyəcəyini dəqiqləşdirmədən öz şəxsi təşəbbüsü ilə 3 gün sonra xx.xx.2020-ci il tarixdə “HB Güvən” klinikasına müraciət etmişdir. Məlumat üçün bildirilir ki, öz şəxsi təşəbbüsünüz ilə hər hansı xarici ölkə və ya qeyri dövlət tibbi müəssisələrində müayinə və müalicələrinizin əvəzini ödəməklə bağlı Müdafiə Nazirliyinin öhdəliyi olmadığından, xərclədiyiniz maddi vəsaitlərin təsdiqedici sənədlərini təqdim etməklə, iddianızı məhkəmədə mübahisələndirmək hüququnuz var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi- Ekspertiza və X5 PHŞ-nin xx.xx.2022-ci il tarixli 517/KEŞ nömrəli ekspert rəyindən görünür ki, İddiaçı təcili surətdə SQ-in BKH-nın urologiya bölməsinə qəbul edilmiş, müalicə və müayinə prosesinin həcmi patologiyaya (Sidik daşı xəstəliyi, Sol böyrək daşı xəstəliyi) uyğun olmuşdur. Xəstəliyin kardinal əlaməti (ağrılar) aradan qalxmış, müayinə və müalicə prosesi sonrakı günlərdə planlı surətdə davam etdirilmişdir. Bu mərhələdə böyrək daşlarının çıxarılması (urolitotripsiya) göstərişdir. Xəstəyə müvafiq təyinat verilmiş və 2 aydan sonra təkrar uroloqa müraciət etməyi tövsiyə edilmişdir. Yaxşı olardı ki, xəstədə ağrılar aradan qaldırıldıqdan sonra, yəni xəstənin stabil vəziyyətində onun TƏBİB-in ixtisaslaşdırılmış mərkəzlərinin urologiya şöbələrində ixtisaslaşmış müalicəsi təmin edilməli idi. Təcili tibbi yardım kəskin xəstəliklərə, patoloji vəziyyətlərə görə xəstəyə xəstəliyin, patoloji vəziyyətin bağlandığı andan müalicə müəssisəsində ilk 24 saat, təxirəsalınmız tibbi yardım isə ilk 2-4 saat ərzində göstərilən müalicə-diaqnostik prosedurlar kompleksidir. Həmin tibbi yardım müvafiq ixtisaslı mütəxəssislər tərəfindən göstərilir. Nefroskop olmadığı təqdirdə xəstəliyin müalicəsi açıq əməliyyat üsulu ilə aparıla bilərdi. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2021-ci il tarixdə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmət dövründə, yəni xx.xx.2020-ci il tarixdə bel nahiyyəsində olan ağrılarla və halsızlıqla əlaqədar olaraq hərbi hissə komandirinin göndərişinə əsasən silahlı qüvvələrin baş X2 bölməsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hospitalda müalicə aparılmış və çıxış epikrizində sol böyrəyin perkutan nefroliotripsiya əməliyyatı göstəriş olmuş, lakin nefroskop cihazı olmadığından cərrahiyyə əməliyyatların aparılması mümkün olmamışdır. İddiaçıda xx.xx.2020-ci il tarixdə ağrıların azalması müşahidə edilmiş, kafi vəziyyətdə xidməti yerinə yazılmış və iddiaçıya göstərilən dərmanları və bol maye qəbul etmək, həmçinin 2 ay sonra uroloqun təkrar baxışı tövsiyə olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə aldıqdan sonra xx.xx.2020-ci il tarixdə “HB Güven” klinikasında əməliyyat olmuşdur. Hazırda iddiaçı həqiqi hərbi xidmətdə olarkən 2014-cü ildə “Modern Hospitalında” cərrahiyyə əməliyyatı zamanı çəkdiyi 1900 manat və 2020-ci ildə “HP Güvən” klinikasında cərahiyyə əməliyyatı zamanı çəkdiyi 1598 manat xərclərin əvəzi olaraq ümumilikdə 3498 manat müalicə xərclərinin ona ödənilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər. 13-cü maddəsinin 2-ci hissəsinə əsasən həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əks-göstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. 13-cü maddəsinin 3-cü hissəsinə əsasən hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 oktyabr 2014-cü il tarixli, 67 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 X9 haqqında “Əsasnaməsi”nin: 12.5.1-ci bəndinə əsasən hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrin Daixili Xidmət Nizamanməsinin müəyyən etdiyi qaydada göndərilirlər. 12.5.2-ci bəndinə əsasən xəstələr hərbi hissənin tibb məntəqəsindən dərin tibbi müayinə və müalicə üçün əlahiddə tibb taboruna, qarnizon hərbi hospitalına və ya ixtisaslaşmış hospitala göndərilirlər. Xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər. 12.5.3-cü bəndinə əsasən hərbi hissədə və yaxındaki hərbi müalicə müəssisələrində tələb olunan təxirəsalınmaz tibbi yardımın göstərilməsi mümkün olmadıqda xəstələr ehtiyac olan hallarda mülki müalicə müəssisələrinə göndərilə bilərlər. 12.5.6-cı bəndinə əsasən xəstələr müalicə müəssisəsinə tibb heyətinin müşayiəti ilə göndərilirlər. Ağır xəstəni müşayiət edən tibb işçisi yolda təxirəsalınmaz tibbi yardım göstərmək üçün zəruri vasitələr və dərmanlarla, infekion xəstəni müşayiət edən isə xəstəliyin xarakterinə uyğun qulluq əşyaları və dezinfeksiyaedici vasitələrlə təmin edilirlər. 12.5.7-ci bəndinə əsasən təxirəsalnmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün hərbi hissədə yol vərəqi əvvəlcədən tərtib olunmuş tibb nəqliyyatı həmişə çıxışa hazır durmalıdır. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələr təcili qaydada ən yaxın tibb müəssisəsinə stasionar müalicəyə göndərilirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrin Daixili Xidmət Nizamanməsinin müəyyən etdiyi qaydada göndərilirlər. Xəstələr hərbi hissənin tibb məntəqəsindən dərin tibbi müayinə və müalicə üçün əlahiddə tibb taboruna, qarnizon hərbi hospitalına və ya ixtisaslaşmış hospitala göndərilirlər. Xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər. Təxirəsalnmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün hərbi hissədə yol vərəqi əvvəlcədən tərtib olunmuş tibb nəqliyyatı həmişə çıxışa hazır durmalıdır. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələr təcili qaydada ən yaxın tibb müəssisəsinə stasionar müalicəyə göndərilirlər. Göründüyü kimi, normativ hüquqi aktların tələblərinə görə xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər. Lakin hazırki mübahisə üzrə həmin rəyin (və ya razılığın) mövcudluğu aşkar olunmamışdır. Təxirəsalınmaz hallarda belə Qaydalar yol vərəqəsinin mövcudluğunu istisna etməmiş, təxirəsalnmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün yol vərəqəsinin tərtibini nəzərdə tutmuşdur. İstər təcili tibbi yardım, istər təxirəsalınmaz, istərsə də adi hallarda digər tibb müəssisəsinə köçürülmə zamanı hər bir halda məlumat verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əvvəllər Müdafiə Nazirliyinin müalicə müəssisələrinə müraciət etmədən, müvafiq rəy və razılıq olmadan, bu barədə məlumat vermədən 2014-cü ildə “Modern” hospitalda şəxsi təşəbbüsü ilə əməliyyat olunmuş, bundan sonra isə 2020-ci ilin 04 may tarixində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına daxil olmuş, orada 2013-cü ildən özünü xəstə hesab etdiyini bildirmiş, müayinə və müalicələrdən sonra xx.xx.2020-ci il tarixdə ağrıların azalması müşahidə edilmiş, kafi vəziyyətdə xidməti yerinə yazılmış və iddiaçıya göstərilən dərmanları və bol maye qəbul etmək, həmçinin 2 ay sonra uroloqun təkrar baxışı tövsiyə olunmuşdur. Lakin iddiaçı təkrar müayinəyə gəlmədən, hospitalın mülki tibb müəssisəsinə göndəriş verib-verilməyəcəyini dəqiqləşdirmədən və bu barədə məlumat vermədən öz şəxsi təşəbbüsü ilə 3 gün sonra xx.xx.2020-ci il tarixdə “HB Güvən” klinikasında əməliyyat olunmuşdur. İş üzrə keçirilmiş ekspert rəyindən də görünür ki, iddiaçı təcili surətdə Silahlı Qüvvələrin Baş X2 bölməsinə qəbul edilmiş, müalicə və müayinə prosesinin həcmi patologiyaya uyğun olmuş, xəstəliyin kardinal əlaməti (ağrılar) aradan qalxmış, müayinə və müalicə prosesi sonrakı günlərdə planlı surətdə davam etdirilmiş, bu mərhələdə böyrək daşlarının çıxarılması (urolitotripsiya) göstərişdir, xəstəyə müvafiq təyinat verilmiş və 2 aydan sonra təkrar uroloqa müraciət etməyi tövsiyə edilmişdir. Lakin qeyd olunduğu kimi, iddiaçı məlumat vermədən başqa tibb müəssisəsində əməliyyat olunmuşdur. İddiaçının xx.xx.2020-ci il tarixli müayinəsindən sonra onun xx.xx.2020-ci il tarixdə əməliyyat olması bilavasitə xəstəliyin təcili tibbi yardım olması və ya təxirəsalınmaz tibbi yardıma ehtiyacı olması ilə də əlaqədar olmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1780/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1780/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver