Məhkəmə qərarları › İş №2-1(103)-1781/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1781/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1781/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının vəkili X6 ("AİM" Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin (VÖEN- **********; Qanuni təmsilçisi –X14; Hüquqi ünvanı - AZ0700, ünvan 1 mən. 16; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.1999-cu il) təsisçisi X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müəssisəyə aid sənədlərin surətinin təqdim olunması, müəssisənin fəaliyyətində yol verilmiş qanunsuzluqlarla bağlı faktların araşdırılması üzrə hərəkətsizliyə son qoyularaq müvafiq hərəkətlərin icrası” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4431/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin təsisçisi X8 xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Dövlət Vergi Xidmətinin 6 saylı X16 göstərilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin 2011 və 2012-ci illərin vergilər idarəsi tərəfindən qəbul edilmiş aylar üzrə əlavə dəyər vergisi bəyannamələri və əlavələrinin, 2011-ci il üzrə və 2016-cı il və xx.xx.2017-ci ildə aparılmış səyyar vergi yoxlama Aktlarının surətlərinin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, “xxxx” MMCnin balansından 7.579.767,36 manat xalis mənfəətin qanunsuz yolla silinməsi, MMC-nin fəaliyyətindən ona ödənilməli olan 2.525.509 manat dividendin və MMC-nin 2004-cü ilə qədər tək təsisçisi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirindən ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividenddən 86.397 manat borc məbləğinin MMC-nin vergi orqanına təqdim etdiyi bəyannamələrdə və onlara əlavələrdə qanunsuz olaraq göstərilməməsi, 402.000 manat məbləğində əvəzləşdirilməli olan ƏDV-nin əvəzləşdirilməsindən yayınılması, ödəmə mənbəyindən tutulub dövlət büdcəsinə ödənilməli olan 757.000 manat Ödəmə Mənbəyində Tutulmalı olan vergi dövlət büdcəsindən yayındırılması faktları üzrə hərəkətsizlyinə son qoyaraq həmin faktlar üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada etməli olduğun hərəkətlərin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 “xxxx” MMC-nin (bundan sonra – MMC) nizamnamə kapitalında 33,3% paya malik olmaqla qurumun üç təsisçisindən biridir. Digər təsisçilər X9 (33,3% payla) və X5r (33,3% payla). E.Vəlibəyov 2006-cı ildən müəssisənin idarəetməsindən adıçəkilən digər təsisçilər tərəfindən qanunsuz olaraq uzaqlaşdırılmışdır və müvafiq olaraq bütün bu illər ərzində müəssisənin idarəetməsində faktiki olaraq iştirak edə bilməmişdir. Bu illər ərzində müəssisənin fəaliyyətini faktiki rəhbərlik həmin digər iki təsisçi tərəfindən həyata keçirilmiş və müəssisənin fəaliyyəti ilə bağlı ona bu illər ərzində digər iki təsisçi və müəssisənin icra orqanı tərəfindən məlumat verilməmişdir. xx xxxxxx 2015-ci il tarixli yazılı müraciətin əsasında 6 saylı X10 rəhbərliyi xx xxxxxx 2015-ci il tarixli məktubuna əlavə etməklə MMC-nin 6 saylı X2 2011 – 2014-cü il üzrə mənfəət vergisi və həmin illərin bütün rübləri və 2015-ci ilin 3-cü rübü üzrə ödəmə mənbəyində vergi bəyannamələrinin təsdiqlənmiş surətlərini ona təqdim etmişdir. Bundan sonra o, xx xxxxxx 2016-cı il tarixli ərizə ilə 6 saylı X13 müraciət edərək aşağıdakı sənədlərin surətlərinin təqdim olunmasını xahiş etmişdir: 2013 – 2015-ci illərin ƏDV bəyannamələri və əlavələri, 2015-ci ilin 4-cü rübü üzrə ÖMTV bəyannamələri və onun əlavələri, 2015-ci ilin mənfəət vergisi bəyannaməsi və əlavələri, 2011 – 2016-cı illər üzrə şəxsi hesab vərəqəsinin surətləri, 2011 – 2015-ci illər üzrə səyyar vergi yoxlaması aktlarının surətləri. İdarənin xx xxxxxx 2016-cı il tarixli məktubu ilə x xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək təqdim edilmiş bəyannamələrin, şəxsi hesab vərəqəsinin və vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması aktlarının surətləri E.Vəlibəyova təqdim olunmuşdur. 6 saylı X10 təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, MMC-nin fəaliyyətində çoxlu qanun pozuntularına yol verilmişdir. Sənədlərdən aydın göründüyü kimi, MMC-nin fəaliyyəti 2016-cı ilin sonlarında ümumi yığıncağın qərarı olmadan, ona məlumat verilmədən və zərurət olmadan dayandırılmış, bu zaman müəssisənin balansından böyük məbləğdə vəsait qanunsuz yolla silinmiş, MMC-nin fəaliyyətindən ona ödənilməli olan divident və MMC-nin 2004-cü ilədək tək təsisçi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirdən ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividentdən qalan məbləğ mənimsənilmiş, əvəzləşdirilməli müvafiq məbləğdə ƏDV əvəzləşdirilməmiş, ödəmə mənbəyində hesablanıb dövlət büdcəsinə ödənilməli olan müvafiq vergi məbləği büdcədən yayındırılmışdır. 6 saylı X7 əldə olunmuş sənədlər tam olmadığından, o, həmin İdarəyə yenidən müraciət edərək 2011- 2012-ci illər üzrə ƏDV bəyannamələrinin və əlavələrin, 2011 və 2016-cı illər üzrə səyyar vergi yoxlaması aktlarının surətlərinin təqdim olunmasını xahiş etmişdir. Lakin ona İdarədən aşağıdakı məzmunda cavab məktubu ünvanlanmışdır: AR Vergi Məcəlləsinin 30.2-ci maddəsinə görə vergi ödəyicisinin bəyannamə məlumatları və səyyar vergi yoxlaması aktı kommersiya (vergi) sirri hesab olunur. Vergi Məcəlləsinin 30.8-ci maddəsinə əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195-1 nömrəli Çağrı Mərkəzinə və ya 6 saylı X10 vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət oluna bilər. Cavab məktubunu aldıqdan sonra məktubda göstərilənlərin qanunsuz olduğu, təsisçisi olduğu MMC-yə münasibətdə digər şəxs olmadığı, təsişçi olduğundan tələb olunan sənədlərin ona verilməli olduğu, habelə MMC-nin fəaliyyətinin ümumi yığıncağın qərarı olmadan, ona məlumat verilmədən və buna hər hansı zərurət olmadan dayandırılması, bu zaman müəssisənin balansından vəsaitin qanunsuz yolla silinməsi, MMC-nin fəaliyyətindən ona ödənilməli olan dividentin MMC-nin 2004-cü ilədək tək təsisçi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirin ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividentdən qalan borc məbləğinin mənimsənilməsi, ƏDV əvəzləşdirilməsindən yayındırma, ödəmə mənbəyində hesablanıb dövlət büdcəsinə ödənilməli məbləğdən ibarət vəsaitin dövlət büdcəsindən yayındırılması ilə bağlı Vergilər Nazirliyinə və onun struktur bölmələrinə dəfələrlə müraciətlər edərək baş vermiş qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin müraciətlərə verilən cavablarda Vergilər Nazirliyi və onun aidiyyəti struktur bölmələr tərəfindən eyni məzmunlu qanunsuz cavablar göndərilmiş, tələb olunan sənədlərin verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmiş, müraciətdə qeyd olunan MMCnin fəaliyyətindəki qanun pozuntularına göz yumulmuş, bu qanun pozuntularının qarşısının alınması, dövlət büdcəsindən yayındırılmış məbləğlərin ödənilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir. Belə ki, 6 saylı X7 daxil olmuş sonuncu – xx xxxxxx 2020-ci il tarixli məktubla ona aşağıdakı məzmunda cavab verilmişdir: MMC-nin sahibkarlıq fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında müraciətlərin təsdiq olunmuş surətləri təqdim edilir. Bundan əvvəl 6 saylı X13 daxil olmuş eyni məzmunlu müraciətlərə baxılmış və nəticəsi barədə Baş İdarənin məktubu ilə cavab verilmişdir. Göründüyü kimi, cavabdeh və onun struktur bölmələri tərəfindən ona nizamnamə kapitalının 33,3% hissəsinin sahibi olduğu MMC-nin bundan əvvəl əksər illər və rüblər üzrə bəyannamələrinin və səyyar vergi yoxlama aktlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsinə baxmayaraq, 2011 və 2012-ci illərin vergilər idarəsi tərəfindən qəbul edilmiş aylar üzrə ƏDV bəyannamələrinin və əlavələrinin, həmçinin səyyar vergi yoxlaması aktlarının surətlərinin təqdim edilməsindən həmin sənədlərin MMCnin kommersiya (vergi) sirri olması, onun təsisçisi olduğu MMC-yə münasibətdə digər şəxs olması əsasları ilə imtina edilmişdir. Hesab olunur ki, cavabdehin və onun struktur bölmələrinin bu imtinasının əsası yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə, «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının müddəalarına, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6, 23.1.6-1, 23.1.12, 24.0.1, 24.0.2, 24.0.5-1, 24.0.11, 24.0.12, 30.2, 30.8, 38, 50, 54, 56, 61, 85-ci maddələrinə, İPM-in 33, 34, 37-ci maddələrinə əsaslanaraq, müəssisəyə aid sənədlərin (bəyannamələr və onların əlavələr, yoxlama aktları) surətinin təqdim olunması, müəssisənin fəaliyyətində yol verilmiş qanunsuzluqlarla bağlı faktların araşdırılması üzrə hərəkətsizliyə son qoyularaq müvafiq hərəkətlərin icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia tələbinə dair yazılı etiraz,iddia mümkün sayılmaması haqqında vəsatət təqdim etmişdir. xx.xx.2020- ci il tarixdə Cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatət təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4431/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4431/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4431/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qərardadında buraxılmış yanlışlıq düzəldilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4431/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadının nəticəvi hissəsində “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi” sözləri “Bakı İnzibati Məhkəməsi” sözləri ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4431/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 15-ci bəndində ilk, yəni 15.1-ci sırada göstərilmiş inzibati orqan Azərbaycan Respublikası Vergilər Nazirliyidir.Sonrakı sırada isə , yəni 15.2-15.3-cü yarımbəndlərində Azərbaycan Respublikası Vergilər Nazirliyinin struktur bölmələri sonrakı inzibati orqanlar kimi göstərilmişdir. Lakin məhkəmənin “İnzibati orqanların təsnifatı”na istinad edib həmin təsnifatda Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergi departamentlərinin inzibati orqan kimi müəyyən edildiyini qeyd etdiyi halda, həmin departamentlərdən daha əvvəl və o departamentlərin strukturuna daxil olduğu Azərbaycan Respublikası Vergilər Nazirliyinin, yəni hazırkı cavabdehin elə ilk yerdə inzibati orqan kimi müəyyən edildiyini görməzdən gəlməsi haqq-ədalətə və hüquqa əsaslanan mövqe, mühakimə deyildir.Bu səbəbdən həmin qənaətin heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Əlavə olaraq, o , E.Vəlibəylinin firmanın 33,3% paya malik olan 3 təsisçisindən biri olduğunu, onun cavabdehə və üçüncü şəxsə dəfələrlə ona lazım olan müəssisəyə dair sənədlərin təqdim edilməsini xahiş etdiyini, 2011-ci il tarixdən bəri təsisçi E.Vəlibəyli və digər iki təsisçi arasında məhkəmə mübahisəsi mövcud olduğunu, iddiaçının qaldırdığı məsələlərin həllinin vətəndaşların müraciətləri haqqında qanunvericiliyin normaları baxımından hazırkı cavabdehin deyil, onun tabeliyində olan ərazi vergi orqanının vəzifələri sırasına daxil olduğunu, cavabdehin dəyişdirilməməsinin iddianın mümkün sayılmamasına əsas ola bilmədiyini qeyd etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, iddianın mümkün sayılmamasının səbəbinin cavabdehin onlar deyil, üçüncü şəxs olmalı olduğunu, inzibati orqanın münasibətinin müsbət olacağı halda belə bu sənədlərin onlarda olmadığını, müvafiq qərarların səyyar vergi yoxlaması ilə bütün yoxlamalar ilə bağlı qərarları qəbul edən bu müəssisəyə münasibətdə onun qeydiyyatda olduğu 6 saylı Ərazi Vergilər Baş İdarəsi olduğunu, bu sənədləri təqdim etmək səlahiyyətlərinin olmadığını, sənədlərin onlar tərəfindən qəbul edilmədiyini, bunun da mümkünsüzlük üçün əsas olduğunu bildirdi. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 6 saylı X16 məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də iddianın ona cavab verməli olan inzibati orqana qarşı yönəlməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi bu tələbə cavab verməli olan inzibati orqana qarşı yönəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X12 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergilər nazirinin xx xxxxxxx 2019-cu il tarixli **********270700 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergilər baş idarələrinin” Əsasnaməsinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin (bundan sonra - Vergilər Nazirliyi) strukturuna daxil olan qurum kimi Ərazi vergilər baş idarəsi (bundan sonra – Baş idarə) öz səlahiyyətləri daxilində kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin, habelə ailə kəndli təsərrüfatlarının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotu, dövlət vergilərinin, nəzarəti vergi orqanlarına həvalə edilmiş digər büdcə daxilolmalarının, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (bundan sonra – sığorta haqları) düzgün hesablanması, onların vaxtında və tam məbləğdə müvafiq olaraq dövlət büdcəsinə, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) köçürülməsi sahəsində (bundan sonra - müvafiq sahədə) tədbirləri həyata keçirir, müvafiq sahədə fəaliyyətin effektivliyinə və qanunvericiliyə uyğun icrasına cavabdehdir və buna görə məsuliyyət daşıyır. Həmin Əsasnamənin 3-cü hissəsində Baş İdarənin vəzifələri qeyd edilmişdir. Baş idarə, bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: Vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunmasına, vergilərin, habelə sığorta haqlarının düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; Vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunmasına, vergilərin, habelə sığorta haqlarının düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; Vergi ödəyicilərində keçirilmiş vergi nəzarəti tədbirlərinin nəticələrinə əsasən tərtib edilmiş aktların, aktlar üzrə çıxarılmış qərarların, kameral vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər barədə qərarın, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda Baş idarənin qəbul etdiyi qərarların surətlərini vergi ödəyicilərinə təqdim edilməsini (göndərilməsini) təmin etmək; Artıq ödənilmiş və ya düzgün tutulmamış vergilərin, habelə sığorta haqlarının, faizlərin, maliyyə sanksiyaların və inzibati cərimələrin, eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin məbləğlərinin qaytarılması və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi ilə əlaqədar vergi ödəyicilərindən daxil olmuş müraciətlərə bu sahədə qəbul edilmiş normativ hüquqi aktların və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə uyğun baxmaq, habelə artıq ödənilmiş və düzgün tutulmamış vəsaitlərin əvəzləşdirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək və s. Əsasnamənin müvafiq bəndlərindən göründüyü kimi, iddiaçı hazırkı iddia tələbini Dövlət Vergi Xidmətinin müvafiq Baş İdarəsinə qarşı qaldırma olduğu halda Dövlət Vergi Xidmətinə qarşı irəli sürmüşdür. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclası protokolundan müəyyən edilir ki, sədrlik edən hakim tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə münasibətini soruşmuş, iddiaçının nümayəndəsi və vəkili cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə etiraz etdiyini və iş üzrə cavabdeh kimi Azərbaycan Respublikası İN yanında Dövlət Vergi Xidmətinin saxlanılmasında israrlı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4431/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin təsisçisi X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4431/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar