Məhkəmə qərarları › İş №2-1(103)-1781/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1781/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1781/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-975/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxxxx 1968-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur, 12 iyun 1990-cı il tarixdən 10 mart 2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyinin 3 nömrəli Filialı kimi fəaliyyət göstərmiş qurumda 3-cü dərəcəli rəngsaz vəzifəsində işləmişdir. Ona 3 mart 2017-ci il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik təyin olunmuşdur. Bundan sonra o, əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət etmiş və sözügedən müraciət əsasında ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bir müddət əmək pensiyası üzrə ödənişləri həyata keçirilsə də, sonradan cavabdeh tərəfindən həmin ödənişlər dayandırılmışdır. Məsələ ilə bağlı o, cavabdeh təşkilata müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, 12 iyun 1990-cı il tarixdən 10 mart 2004-cü il tarixədək olan dövr üzrə işləməsi öz təsdiqini tapmamışdır. Hesab olunur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Onun (iddiaçının) əlilliyi təyin olunduğu tarixə əmək pensiyası almaq üçün 11 il 4 ay sığorta stajının olması kifayət edir. Əlillik təyin olunan zaman onun 49 yaşı tamam olmuş, həmin yaşdan 15 il (AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək fəaliyyəti ilə məşğul ola bilməmək yaş həddi) çıxılmalı və alınan 34 illik yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunduğundan, ümumi iş stajı olan 13 il 8 ay 28 gün 4-ə vurulmalı və alınan rəqəm tələb olunan minimum əmək stajını təşkil etməlidir. AR Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. DSMF Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 1 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmsını həyata keçirir. Qaydaların 3.2.1-ci bəndinə əsasən 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprel ayının 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə yaranmış borcları 1 aprel 2018-ci il tarixdən silinmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilən sənədlərdə (müəssisənin əmrlər kitabından çıxarış, əmək haqqı cədvəli) onun əmək stajı öz əksini tapmışdır. Bu əsasdan hesab olunur ki, cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüquqları pozulmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-975/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırılmasına əsas onun işə qəbul olunmağı və işdən çıxarılmağı barədə əmrlərin əmrlər kitabına sonradan əlavə olunması, vərəqlərin rənginin, şriftlərin fərqli olması, əmək haqqı cədvəllərinin təqdim olunmaması, hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə rast gəlinməməsi olmuşdur. Halbuki məhkəmə araşdırması zamanı tərəfimdən məhkəməyə əmək kitabçası, işə girmə və işdən çıxma haqqında əmrlər, əmək haqqı hesablanması barədə tabellər sübut qismində təqdim edilmiş və əmin sübutlar əsasında onun "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində işləməyi təsdiq edilmişdir. Cavabdehin əmrlərin əmrlər kitabına sonradan əlavə olunması, vərəqlərin rənginin, şiriftlərin fərqli olması barədə bildikləri yalnız fərziyyə və ehtimaldır, həmin ehtimalın həqiqət olması məhkəmədə sübuta yetirilməmişdir. Cavabdehin etirazında göstərilən əmək haqqı cədvəllərinin təqdim olunmamasına gəldikdə isə bu hal da iş materialları ilə təkzib edilir. Belə ki, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin möhürü ilə təsdiq edilmiş tabel vərəqlərinə əsasən ona müəssisədə əmək haqqı hesablanmışdır, onun hər hansı mükafat və töhmət əməllərinə rast gəlinməməsinə gəldikdə belə bir əmrlərin mütləq qaydada (həmin əmrlərin verilməsinə əsas olmadıqda) mövcud olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, işçinin mükafatlandırılması və intizam tənbehi ilə cəzalandırılması işəgötürənin müstəsna mülahizəsi əsasında həyata keçirilir, məzuniyyət əmrlərinə rast gəlinməməsi isə həmin əmrlərin mövcud olmaması demək deyildir və ya işçinin həmin dövrlərdə sadəcə məzuniyyət hüququndan istifadə etmədiyinə dəlalət edir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X4 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı onun 1990 – 2004-cü illər üzrə "xxxx" ASC-nin 2 saylı Müəsisəsində işləməsini əsas gətirərək, əlilliyinin təyin olunduğu 3 mart 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası hüququnun yaranmasını iddia etsə də, inzibati orqanının apardığı inzibati icraatda onun həmin müəssisədə işləməsi, əmək haqqı alması və s. mötəbər sübutlarla təsdiqini tapmamışdır. İnzibati orqanın bu dəlilini inkar edən hallar məhkəmə icraatında da aşkar olunmamışdır. Nəzərə alınmadır ki, inzibati orqanın tərtib etdiyi 29 iyul 2019-cu il tarixli aktda göstərilən xüsusatlar, yəni iddiaçının müvafiq dövr ərzində məzuniyyətdə olması barədə əmrlərin, mükafatlandırılması barədə, habelə əmək haqqı almasına dair sənədlərinin olmaması əmək kitabçasındakı qeydlərin formallığına dəlalət edir. Nəzərə alınmalıdır ki, həmin aktda qeyd olunan xüsusatları təkzib edən hər hansı hal, sübut məhkəmə icraatında əldə olunmamışdır. Bununla da, belə qənaət yaranır ki, iddiaçıya təyin oliunmuş əlilliyə əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar yaranmışdır. Odur ki, məhkəmənin mövqeyinə görə DSMF orqanının iddiaçıya təyin olunmuş “əlilliyə görə əmək pensiyası”nın dayandırılması üzrə hərəkətləri və pensiyanın bərpasından imtinası qanunvericiliyin, o cümlədən «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3cü maddəsinin və «İnzibati icraat haqqında» AR Qanununun 17, 19-cu maddələrinin tələblərinə zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan ИТ-İ seriyalı ******* saylı Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 12.06.1990-cı il tarixdən 10.03.2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyin adlanan qurumda 3-cü dərəcəli rəngsaz vəzifəsində işləmişdir. İş materiallarında olan 12.06.1990-cı il tarixli 78/k nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı “Sənayekommunaltikinti” Birliyin 2 nömrəli trestində də 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 10.03.2004-cü il tarixli 6/k nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.03.2004-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarında olan əmək haqqı tabellərin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı 1995, 1196, 2000, 2001-ci illər üzrə əmək haqqı yazılmışdır. İş materiallarında olan TSEK-in verdiyi arayışdan görünür ki, iddiaçıya 03.03.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan cavabdeh DSMF 1 saylı Bakı Ərazi Şöbəsinin iddiaçıya ünvanlanmış 19.10.2019-cu il tarixli **********2 saylı məktubundan görünür ki, Dayanıqlı Operativ Sosial Təminat Agentliyindən daxil olmuş müraciətə əsasən bildirilir ki, Sizin iş stajınızın düzgünlüyü (12 iyun 1990-cı il tarixdən 10 mart 2004-cü il tarixədək) öz təsdiqini tapmadığından, əmək pensiyasının ödənişi dayandırılmışdır və nəticədə Sizə 4.758,08 manat artıq vəsait ödənilmişdir. Artıq ödənmiş vəsaitin Şöbənin hesabına bərpa edilməsi xahiş olunur, əks təqdirdə Şöbə tərəfindən həmin vəsaitin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Həmçinin nəzərinizə çatdırılır ki, Sizin əlilliyə görə sosial təminat almaq hüququnuz var. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 02.10.2020-ci il tarixli **********803000 nömrəli məktubdan görünür ki, idarədə olan reyestrə əsasən "xxxx" ASC (VÖEN **********) 02.09.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda cəmiyyətin tələb olunan qeydiyyat sənədlərinin surəti qoşma şəklində məhkəməyə təqdim olunur. Əlavə olaraq bildirilir ki, "xxxx" ASC-nin 2 saylı Müəssisəsinin (VÖEN **********) qeydiyyat rayonunun Sumqayıt şəhəri olduğunu nəzərə alaraq, məhkəmənin sorğusunun müvafiq hissəsi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavablandırılacaqdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 08.10.2020-ci il tarixli məktubundan görünür ki, Kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASCnin 2 saylı Müəssisəsi (VÖEN **********) 27.10.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qurumun tələb edilən qeydiyyat sənədlərinin surəti qoşma şəklində məhkəməyə təqdim olunur. İş materiallarında olan DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinin əməkdaşları və "xxxx" ASC-nin 2 saylı Müəssisəsinin müdiri tərəfindən tərtib edilmiş və adıçəkilən şöbənin rəisi tərəfindən təsdiq edilmiş 29 iyul 2019-cu il tarixli aktda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı oğlunun 12 iyun 1990-cı il tarixdən 10 mart 2004-cü il tarixədək olan dövr üzrə sosial sığortaya daxil edilən (işləməsini) iş stajı və əmək haqqı yoxlanıldı. Yoxlama "xxxx" ASC-nin 2 saylı Müəssisəsinin müdiri X2 tərəfindən təqdim edilən əmrlər kitabı və sair sənədlərə əsasən aparıldı. Yoxlama nəticəsində müəyyən olundu ki, 12 iyun 1990-cı il tarixli 78k nömrəli əmr vərəqi 10 mart 2004-cü il tarixli 6-k nömrəli əmrlər kitabına sonradan əlavə olunub. Vərəqlərin rəngi və şrifləri fərqlənir. Əmrlərin üzərində möhür yoxdur. Əmək haqqı cədvəlləri təqdim olunmayıb. Hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə rast gəlinmədi. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə tədqiqatı və iş materialları ilə müəyyən olundu ki, iddiaçı 12.06.1990-cı il tarixdən 10.03.2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyin adlanan müəssisədə 3-cü dərəcəli rəngsaz vəzifəsində işləmişdir. İddiaçıya 03.03.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi verilmişdir və ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişləri dayandırılmışdır. Dayandırılmasına səbəb 12.06.1990-cı il tarixdən 10.03.2004-cü il tarixədək olan dövr üzrə işləməsi öz təsdiqini tapmadığı göstərilmişdir və cavabdeh orqan tərəfindən akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan akta istinad edərək iddia tələbini təmin etməmişdir. İlk öncə əmrlərin əmrlər kitabına sonradan əlavə olunması, vərəqlərin rənginin, şiriftlərin fərqli olması, əmrlərin üzərində möhürün olmaması ilə bağlı aktda göstərilənlərə dair məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsinə əmrlər kitabının təqdim olunması barədə məhkəmə tapşırığı verilsə də qeyd olunan əmrlər kitabı təqdim olunmamışdır. Həmçinin qeyd olunan hallar iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin özünün möhürü ilə təsdiq edilmiş iddiaçının işə girməsi və işdən çıxması barədə əmrləri, eləcə də əmək haqqı barədə tabel vərəqələri aktda göstərilənləri təkzib edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə rast gəlinməməsi iddiaçının həmin müəssisədə işləməsini şübhə altına ala bilməz. Belə ki, işçinin mükafatlandırılması və intizam tənbehi ilə cəzalandırılması işəgötürənin müstəsna mülahizəsi əsasında həyata keçirilir. Bundan başqa belə bir əmrlərin mütləq qaydada mövcud olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının 12.06.1990-cı il tarixdən 10.03.2004-cü il tarixədək hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyin adlanan müəssisədə işləməsi iş materialları ilə öz təsdiqini tapır. «İnzibati icraat haqqında» AR Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» AR Qanununun 11.1-ci maddəsinin əvvəlki redaksiyada (19 may 2020-ci il tarixli 111-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilənədək) tələblərinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd edilən sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİ bəndinin B yarımbəndində də nəzərdə tutulmuşdur. Həmin dövrdə qanunvericilikdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin əlil olması və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olması əsas kimi göstərilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən normalarına istinadla məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə pensiya hüququ yarandığı tarixdən əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 11,4 il (49 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 34) x 4 ay = 136 ay / 12 = 11,4 il) sığorta stajı tələb olunur. İddiaçıya məxsus əmək kitabçasından iddiaçının 01.07.2017-ci il tarixədək sosial sığorta stajının 13 il 8 ay 28 gün olması müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyə görə pensiya hüququ yuxarıda göstərilən Qanuna dəyişiklik ediləndən əvvəl yarandığından hazırki mübahisə də həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun tənzimlənməlidir. Belə ki, iş materialları və iddiaçının əmək kitabçasına əsasən onun 01.07.2017-ci il tarixədək 11,4 il sosial-sığorta stajına qarşı 13 il 08 ay 28 gün sosial sığorta stajının olması müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinin müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-975/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi barədə iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar