Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1781/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Dövlət Neft Şirkəti üçüncü şəxs qismində) iş üzrə (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Dövlət Neft Şirkəti üçüncü şəxs qismində) “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(112)-556/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında AR DNŞ “Azneft” İB Qum adası Neft və Qazçıxarma idarəsinin bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən XİX küçə 11-də ayrılmış 600 kv.m bağ sahəsinə dair onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə kollektiv bağçılıq təsərrüfatı yaradılaraq Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 251 saylı razılıq məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft" İstehsalat Birliyi ‘'Qum adası” Neft və Qazçıxarma idarəsinə Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi icarə əsasında istifadəyə verilmişdir. “Qum adası“ NQÇİ-nin “Qum adası“ bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 03 iyun 2005-ci il tarixli, 02 saylı Protokoluna əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı Sərəncamla Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600,0 kv.metr sahəsi olan XİX küçəsində 11 saylı bağ sahəsi Cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmış, bağ sahəsinin harada yerləşməsinə dair torpaq sahəsinin eskizi verilmişdir. İddiaçı qeyd etmişdir ki, o, xx.xx.2005-ci il tarixdə Qum adası NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul olunmuş və ona bağçının üzvlük kitabçası verilmişdir. Göstərilən sənədləri cavabdehə təqdim edib torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Halbuki o, həmin torpaq sahəsini daş hasara almış, orada ev tikərək ailəsi ilə birlikdə yaşayır, evə dair kommunal xidmətləri ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı və bağçılıqyoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eksizindən çıxarış barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir.
5. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) iddiaya yazılı münasibət təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanuvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.
6. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(112)-556/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan şossesi ərazisində XİX küçədə yerləşən və sahəsi 600 kv.m olan, 11 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
7. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir.
13. “Qum adası“ NQÇİ-nin “Qum adası“ bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyətinin iclasının 03 iyun 2005-ci il tarixli, 02 saylı Protokoldan Çıxarışdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı Sərəncamla Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 (altı yüz) kv.metr sahəsi olan XİX küçə, 11 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmışdır.
14. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft" İstehsalat birliyi “Qum adası“ neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş “bağçının üzvlük kitabçası”ndan görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, bağçılıq cəmiyyəti bağından sahəsi 600 (altı yüz) kv.m. olan 11 saylı bağ sahəsi xx.xx.2005-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə üçün verilmişdir.
15. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum Adası” adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 № li məktubunu nəzərə alaraq “Qum Adası” adına Neft və Qazçıxarma İdarəsinin kollektiv bağçılıq təsərrüfatının yaradılması üçün 10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış həmin torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, 11406 №li “İnşaat Pasportu” hazırlanmış və torpaq sahəsinin hüdudlarını müəyyən edən 01/94 nömrəli ayrıc aktı tərtib edilmişdir;
16. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamına əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005ci il tarixli, 251 saylı razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinə, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi verilmişdir;
17. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, İddiaçı istifadəsində olan Zığ-Hövsan şossesi, XİX küçəsi, 11 nömrəli bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmış və hasarla iki hissəyə ayrılmışdır. Bağ sahəsində 2 ədəd iki mərtəbəli yaşayış evi və iki ədəd yarımçıq köməkçi tikililər var.
18. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Qum adası” bağçılıq yoldaşlığına aid arxiv qovluğunda üzvlərin siyahısı və bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır.
19. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən BŞİH başçısının xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinə, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsinin ayrıc aktının, plan sxeminin və digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi məzmunlu sorğuya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinə verilən ayrıc aktları, plan, sxemlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5006 saylı rəyindən görünür ki, işin mübahisəli halları ilə bağlı ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı məzmunda cavab verilmişdir: İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-14772/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsi faktiki olaraq hasardaxili 609,0 kv.m təşkil edir (sahə iki hissəyə ayrılıb). Torpaq sahəsinin üzərində iki ədəd yaşayış evi və iki ədəd köməkçi (yarımçıq) tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə heç bir ayrıc aktı daxilində yerləşməməklə ARDNŞ-nin istifadəsinə verilmiş ərazisidir. Torpaq sahəsi üzərində yerləşən tikilinin qeydiyyatı barədə məlumat yoxdur.
21. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 25 iyun 2025-ci il tarixli, 3- 21-3-30/2-26665/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin qonşuluğunda **********39 reyestr nömrəli bağ sahəsi qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsinin qeydiyyata əsas olmuş sənədlərin təsdiq edilmiş surəti və ortofoto təqdim edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
31. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
32. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
33. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia olunan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər adıçəkilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı qeyd edilən sənədlərdən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı cavabdehə təqdim etmişdir. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir.
34. Baxılan işdən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Qum Adası” bağçılıq yoldaşlığa torpaq sahəsinin ayrılması dair iki sərəncamı mövcuddur; 1) xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə 10 ha torpaq sahəsi; 2) xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamı ilə 7.0 ha torpaq sahəsi.
35. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğundan müəyyən edilir ki, xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə bağçılığa ayrılmış 10 ha torpaq sahəsinin ayrıc aktı mövcud olduğu halda, xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncam ilə ayrılmış 7.0 ha torpaq sahəsinin ayrıc aktı yoxdur.
36. İddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamı ilə “Qum Adası” bağçılıq yoldaşlığa ayrılmış 7.0 ha torpaq sahəsindən verilmişdir.
37. Qeyd edilən torpaq sahəsinin ayrıc aktı isə arxiv qovluğunda yoxdur.
38. Belə olan halda, ayrıc aktı olmadığı təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsinə dair imtinası da əsassızdır. Torpaq sahəsinin ayrıc aktında kənarda olmasını müəyyən edilməsi üçün ilk növbədə ayrıc aktı olmalıdır ki, həmin torpaq sahəsinin ayrıc aktının daxilində, yaxud kənarda olub-olmaması müəyyən edilsin.
39. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.
40. Torpaq sahələri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinin əməkdaşlarına ayrılmışdır. İddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmışdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur.
41. Odur ki, torpaq sahəsinin ARDNŞ istifadəsinə verilmiş ərazilərdə yerləşməsi əsası ilə, tələbin təmin olunmasından imtina edilməsi əsassızdır.
42. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti əlavə bağ sahəsinin ayrılmasını təkzib etmir. Bununla belə, cavabdeh də daxil olmaqla adıçəkilən qurumlarda həmin bağçılığa aid sənədlər arxivdə aşkar olunmamışdır. Arxivdə aşkar olunan sənədlər isə natamamdır. Halbuki, sözügedən bağ sahələri məhz Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsindən onun tabeliyində olan müəssisənin işçilərinə bağçılıq məqsədilə əlavə olaraq ayrılmışdır. İddiaçı da Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisənin işçisi olmuşdur və bağ sahəsi də məhz ona verilmişdir. Qeyd edilən hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə uyğundur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1416/2022 nömrəli, 2- 1(102)-2034/2022 nömrəli qərarları) 2007-ci il mayın 22-dək kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin - iddiaçıya Buzovna qəsəbəsində bağ sahəsinin ayrılması barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və bağçılıq birliyi üzvlərinin iclas protokolundan çıxarışın mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır”.
43. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyəndici sənədlər hesab edilir və iddiaçı həmin torpaq sahəsinə müllkiyyət hüququnun dövlət reyestirinin qeydiyyatı üçün qanuni gözləntiyə sahibdir.
44. Məhkəmə həmçinin qeyd edir ki, baxılan işdə iddiaçının gözlənilən mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan üstündür. Əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir.
45. Oxşar işlər üzrə (mülkiyyətə müdaxilə nəticəsində kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında eyni hüquqi mövqe sərgilənmişdir.
46. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “... hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”.
47. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə olmasının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmaması barədə hüquqi mövqe Azərbaycan Resubılikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(112)-1984/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(112)- 2364/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1416/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərarlarında və 2-1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir.
48. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq ARDNŞ təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsi hər hansı bir neft-qaz boru kəmərinin, işlək və ya ləğv edilmiş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşmir.
49. Cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 126 nömrəli Sərəncamının, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının və bağlar sahəsinin eskizindən çıxarışın İdarənin arxivində aşkar olunmamasına dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bu məsələ iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. İddiaçı üzvlük kitabçasının, protokoldan çıxarış və torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgini məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin arxivində sözügedən sərəncamın (BŞİHB-nin xx.xx.2005-ci il tarixli, 126 nömrəli) arxiv surəti mövcuddur.
50. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
51. Nəzərə alınmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Hazırkı iş üzrə müəyyən edilmiş hallar mübahisə predmetini təşkil edən bağ sahəsinin iddiaçının qanuni istifadəsində olmasını deməyə əsas verir.
52. Bundan əlavə, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışa və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə Bakı İnzibati Məhkəməsinin Qərarına əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. 53.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 54.“İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
55. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. 56.Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 57.Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. 58.Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. 59.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 60.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 61.Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 62.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 63.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(112)-556/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev