Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1782/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi (atası) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2021 saylı 16.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 05.04.2019-cu il tarixli Ə 255-001-19 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı 2012-ci ildə daxili işlər orqanlarında xidmətə daxil olmuşdur. 15.01.2018-ci il tarixdə leytenant rütbəsi verilməklə Suraxanı RPİ-nin 30- cu Polis Şöbəsinə cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən iddiaçı əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğu, tanımadığı şəxsin sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərməməsi barədə Daxili İşlər Nazirliyinə xüsusi məlumat verilmişdir. Göstərilənlərlə bağlı araşdırma Azərbaycan Respublikası Daxili X3 Təhqiqatlar İdarəsində çox səthi aparılmış və əsassız olaraq iddiaçının əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən müəmmalı və kriminal həyat tərzi keçirən R.Mədədov və S.Həsənovla xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğuna, R.Abbasovun sağlamlığına ağır xəsarəti yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə, vaxtında tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərməməsinə, tapşırılan sahənin işini təmin etməməklə, iddiaçının xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyini səbəb gətirərək Azərbaycan Respublikası Daxili İşlər Naziryinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı hesab edir ki, əmr ədalətsizdir. Onuun hərəkətlərində hansı əməlin xidməti uyğunsuzluq hesab olunması ona məlum deyil və bu barədə ona heç bir məlumat verilməmişdir. Rusiya Federasiyası Volqoqrad Polis Akademiyasında təhsil aldığı 5 (beş) il ərzində və xidmət etdiyi Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsi tərəfindən ona qarşı heç bir intizam tənbehləri tətbiq edilməmiş, əksinə, təhsil aldığı Rusiya Federasiyası Volqoqrad Polis Akademiyasının rəisi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. Əgər hər hansı bir xidməti intizam qaydalarını pozsaydı belə, daxili işlər orqanlarının əməkdaşı kimi barəsində məzəmmət, töhmət və ya şiddətli töhmət intizam tənbehləri tətbiq edilə bilərdi. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 109-cu maddəsinin tələblərinə zidd olaraq, gənc əməkdaş olmasına baxmayaraq, rəislər tabeliyində olan əməkdaş kimi xidməti fəaliyyətini və peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmamaqla yanaşı, xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməmiş, əsassız olaraq xidməti fəaliyyətini qeyri qənaətbəxş qiymətləndirmişlər. Mövcud qanunvericiliyə uyğun olaraq hansı səbəbə görə işdən azad olması məlum deyil (Əsasnamənin 116, 117-ci madələrinə istinad olunur.) Daxili təhqiqatın əsas prinsplərindən biri “barəsində araşdırma aparılan şəxsin nədə təqsirli bilinməsini bilməsidir”, lakin bu barədə iddiaçıya heç nə deyilməmiş, məhz bu hüquq pozuntusu kimi qiymətləndirilməlidir. İddiaçının müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmaqla şəxsi münasibətlər qurması barədə olan məlumatlar tam əsassızdır. Əməliyyat müvəkkili vəzifəsində isə cəmi 1 il 2 aya yaxın müddət ərzində xidmət etmişdir. R.Abasovun sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verilməsi ilə bağlı qeyd olunanlarla əlaqədar bildirir ki, iddiaçı polis bölməsinə daxil olarkən oranın rəhbərliyi tərəfindən şərəf və ləyaqətinə hörmət etmədən onun üzərinə səsini ucaldaraq sanki cinayətkar kimi ona “sən cinayətkarsan” və başqa nalayiq ifadələrə yol vermişlər. Bu azmış kimi iddiaçını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə hədələmişlər. Əlbəttə, bu cür münasibətdən sonra əsəbləşdiyinə görə izahatında iddiaçı bildirmişdir ki, o heç nə bilmir, heç kimi tanımır və istintaq dövründə ifadə verəcəkdir. Evə getdikdən sonra onunla məsləhətləşmişdir, o da iddiaçıya səbrli olmasını və onlar barəsində olan məlumatları verməsini tövsiyə etmişdir. İddiaçı da bildiyi məlumatları istintaqa təqdim etmiş, işin tam və hər tərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına bacardığı köməkliyi göstərmişdir. Tapşırılan sahənin işini təmin etməməsi barədə məlumatla bağlı bildirilir ki, bu tamamilə həqiqəti əks etdirmir. Belə ki, iddiaçı əməliyyat işinə qısa müddətdir ki, təyin olunmuşdur. Bu sahədə hər hansı nöqsanı olmayıb və işini hami-tərbiyəçinin nəzarəti ilə qurmuşdur. Sürücülük vəsiqəsi olmadan iddiaçının nəqliyyat vasitəsini idarə etməsi barədə deyilənlər də qərəzlidir. Dəfələrlə onun və nəqliyyat vasitəsinin ərazidə tanınmadığını əsas gətirərək bölmə rəhbərliyinin tapşırığı ilə iddiaçıya məxsus nəqliyyat vasitəsinin xidməti zərurətlə əlaqədar istifadə edilməsinə heç bir irad tutmadığı halda, bu məsələ bu gün qərəzli olaraq şişirdilir (Azərbaycan Repııblikasının Konstitusiyasının 35-ci maddəsinə istinad olunur) DİNnin DTİ-nin iddiaçı barəsində apardığı yoxlama öz obyektivliyini əks etdirmir. İddiaçının cinayət aləminin ünsürləri ilə əlaqələrinin möcudluğunu təsdiq edən heç bir sübutları olmadan barəsində qeyri-obyektiv və qərəzli rəy çıxarmışlar və onun əsasında iddiaçını daxili işlər orqanlarından ədalətsiz olaraq xaric etmişlər...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2021 saylı 16.03.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Xidmət etdiyi müddətdə ona qarşı töhmət və iradlar tətbiq edilməmişdir. Belə ki, Rusiya Federasiyası Volqoqrad Polis Akademiyasında təhsil aldığı 5 (beş) il ərzində və xidmət etdiyi Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsi tərəfindən ona qarşı heç bir intizam tənbehləri tətbiq edilməmişdir. Əksinə, təhsil aldığı Rusiya Federasiyası Volqoqrad Polis Akademiyasının rəisi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. Əgər iddiaçı hər hansı bir xidməti intizam qaydalarını pozsaydı belə daxili işlər orqanlarının əməkdaşı kimi barəsində məzəmmət, töhmət və ya şiddətli töhmət intizam tənbehləri tətbiq edilə bilərdi. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamənin 109-cu maddəsinin tələbləri nəzərə alınmamış, gənc əməkdaş olmasına baxmayaraq, rəislər tabeliyində olan əməkdaş kimi xidməti fəaliyyətini və peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmamaqla yanaşı, xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməmiş, əsassız olaraq xidməti fəaliyyətini qeyri qənaətbəxş qiymətləndirmişlər ki, bunun da əsasında onu xidmətdən xaric etmişlər. Əsasnamənin 114-1-ci maddəsindən görünür ki. xidmətdən xaric edilmə ən sərt və sonuncu intizam tənbehidir. Hesab edir ki, xidməti intizam qaydalarnı pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına məxəmmət, töhmət, hiddətli töhmət tətbiq edilə bilər. Onun müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı lmayan əlaqələr yaratmaqla şəxsi münasibətlərqurmağı barədə olan məlumatlar tam əsassızdır. Çünki, uzun müddət respublikada yaşamamış, əməliyyat müvəkkili vəzifəsində jəmi 1 il 2 aya yaxın müddət ərzində xidmət etmişdir. Əməliyyat sahəsində hər hansı nöqsanı olmayıb. Sürücülük vəsiqəsinin olmamasına gəldikdə dəfələrlə rəhbərliyin tapşırığı ilə nəqliyyət vasitəsini zərurəti ilə əlaqədaristifadə etməyinə heç bir irad tutlmamışdır.Barəsində aparılan xidməti yoxlama obyektivliyi əks etdirmir. Hesab edir ki, qərar maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunamasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbindən göründüyü kimi, cavabdehin xidmətdən xaric edilməsi barədə 05.04.2019-cu il tarixli Ə 255-001-19 nömrəli əmrinin ləğv edilməsini və həmin əmrin icrası ilə bağlı neqativ nəticələrinin aradan qaldırıliasını tələb etmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçının iş materiallaırnda olan əmək kitabçasının surətinə və cavabdehin mübahisələndirən əmrinə əsasən müəyyən olunur ki, iddiaçı 27.08.2012-ci il tarixdən 09.04.2019-cu il tarixinə kimi daxili işlər orqanlarında xidmət etmiş və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə isə nəzərdə tutur ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Birinci instansiya məhkəməsi qərarında, iş materiallarına əsasən aşağıdakıları müəyyən etmişdir: “...Suraxanı RPİ 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı daxili işlər orqanlarında xidmətdə olan iddiaçı müəmmalı həyat tərzi keçirən, eləcə də əvvəllər məhkum olunmuş şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurmuş, onları idarə etdiyi avtomobillə yaşadıqları ünvanlara aparmış, iddiaçı göstərilən xüsusatlara aydınlıq gətirilməsi üçün istintaqa dəvət edilsə də həmin şəxslər barədə məlumat verməkdən yayınmış, müstəntiqin zənglərinə cavab verməmiş, şahid qismində verdiyi ifadəsində həmin şəxsləri tanımadığını bildirsə də növbəti gün həqiqəti etiraf etmiş, bununla da faktı üzrə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına köməklik göstərməmiş, eyni zamanda sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Göstərilənlərlə əlaqədar barəsində xidməti təhqiqat aparılmış və rəy tərtib edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə255-001-19 saylı 05.04.2019-cu il tarixli əmri ilə aşağıdakılara, o cümlədən: - müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğuna; - vət. R.Abasovun sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərmədiyinə; - tapşırılan sahənin işini təmin etməməklə xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna; - sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə; - xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna; - rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, beləliklə də bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir... Daha sonra məhkəmə hesab etmişdir ki, iddiaçı daxili işlər orqanlarında xidmətdən qanunvericiliyin tələblərinə əməl olunmaqla xaric edilmişdir. Bu səbəbdən iddia əsassız hesab edilməli və təmin edilməməlidir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, işə əlavə olunmuş, Azərbaycan Respublikasının DİN Daxili Təhqiqatlar İdarəsinin xidməti təhqiqatın nəticəsinə dair rəyindən və cavabdehin iddia ərizəsinə qarşı etirazından görünür ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən İddiaçı əvvəllər - müəmmalı həyat tərzi keçirən Ramil Mədədov, eləcə də, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuş və hazırda Səbail RPİ İŞ-də istintaqı tamamlanmış ********* nömrəli cinayət işi üzrə CM-nin 221.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Saleh Həsənovla 2018ci ildən xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq, şəxsi münasibətlər qurduğu müəyyən edilmişdir. O cümlədən, 07.02.2019-cu il tarixdə saat 22.00 radələrində Yasamal rayonu ərazisində taksi sürücüsü Rafiq Abasova bıçaqla ağır xəsarət yetirilməsi faktı ilə bağlı 08.02.2019-cu il tarixində Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elnur Vəliyev tərəfindən CM-nin 126.1-ci maddəsi ilə başlanılmış cinayət işinin istintaqı əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, hadisə baş verməmişdən bir qədər əvvəl iddiaçı sürücülük vəsiqəsi olmadığı halda, R.Mədətovu və S.Həsənovu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsindən Bakı Dəniz Vağzalının qarşısına gətirdikdən sonra, zərərçəkmiş (tasi sürücüsü) R.Abasovun idarə etdiyi “Daewoo" markalı avtomobilə əyləşib Suraxanı rayonu istiqamətinə getmiş, həmçinin hadisədən sonra, iddiaçı öz avtomobili ilə S. Həsənovu Suraxanı rayonu, R.Mədətovu isə Yasamal rayonlan ərazisindən yaşadıqlan ünvanlarına aparmışdır. İddiaçı xidməti təhqiqat zamanı kriminalla əlaqəli, həmyaşıdı olmayan müəmmalı həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmasının səbəbini aydınlaşdırmamış və yaşadığı Nardaran qəsəbəsindən uzaq yol qət edərək Yasamal rayonu, Şərifzadə küçəsinə gəlməsi, əvvəllər məhkum olunmuş S.Həsənovun tapşırığına əsasən hərəkət etməsi, cinayət başa çatdıqdan sonra isə R. Mədətovu və S.Həsənovu sifariş olunan ünvanlara çatdırması kimi xüsusatların motivini izah edə bilməmişdir. Göstərilənlərə aydınlıq gətirilməsi üçün iddiaçı istintaqa dəvət edilsə də həmin şəxslər barədə məlumat verməkdən yayınmış, 13.02.2019-cu il tarixindən isə müstəntiq E.Vəliyevin zənglərinə cavab verməmiş, 22.02.2019-cu il tarixdə şahid qismində verdiyi ifadəsində qeyd olunan şəxsləri tanımadığını bildirmiş, lakin növbəti gün həqiqəti etiraf etmişdir. İddiaçının iddia ərizəsinə və onun apellyasiya şikayətinə, eləcə də məhkəməyə verdiyi izahatlarına əsasən də müəyyən olunu ki, yuxarıda qeyd olunanlar onun tərəfindən inkar olunmur və daxili işlər orqanlarında təcrübəsinin az (1 il 2 ayay yaxın) olduğunu, həmin müddət ərzində xidmət göstərərkən və bundan əvvəl polis akademiyasında təhsil alarkən onun heç bir intizam məsuliyyətinə cəlb olunmadığını əsas gətirərək, cavabdehin onun xidmətdən xaric ndilməsini əsassız sayır. İddiaçı hətta hazırkı mərhələdə məhkəmənin ona verdiyi zərərçəkmiş R.Abasova bıçaqla ağır xəsarət yetirilməsi faktı üzrə vətəndaşlar R.Mədətovu və S.Həsənovu tanıması ilə bağlı məhkəmənin sualını cavablandırarkən, həmin şəxsləri tanımasını onun əməliyyat müvəkkili kimi vəzifəsindən irəli gəldiyi ilə izah edərək, başqa cür işələmək qeyri-mümkün olduğunu bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı 07.02.2019-cu il tarixində taksi sırücüsü R.Abasovun ağır xəsarət alması faktının vaxtında, tam və hərtərəfli araşdırılmasına köməklik göstərmədiyi öz təsdiqini tapmışdır. Halbuki, «Polis haqqında» Qanunun 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən polis əməkdaşı səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. Həmin maddənin İİ hissəsinin tələbinə görə polis əməkdaşları öz vəzifələrini həyata keçirərkən ayrıca əmr və göstəiş gözləmədən əməkdaşlıq etməyə, qarşılıqlı fəaliyyət göstərməyə və bir-birinə hərtərəfli kömək etməyə borcludurlar. Həmin maddənin Vİ hissəsinə əsasən hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur. Həmin maddənin V hissəsinə əsasən polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur. Həmin Qanunun 33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə gəlb edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinə əsasən polis əməkdaşı: - xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir(maddə 6, 1-ci h). - çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır (maddə 10 1-ci h.); - iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. - müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir (maddə 17). - öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir (maddə 19, 1-ci h). - Xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməli; Dövlət orqanının resurslarının təhlükəsizliyini təmin etməli və onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir (maddə 20, 1 və 3-cü h); Həmin Kodeksin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Göründüyü kimi, həm “Polis haqqında” Qanunun, həm də “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində təsbit olunan qeyd edilən vəzifəlirin yerinə yetirilməməsi, polisin intizam məsuliyyətinə cəlb olunması üçün əsasdır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu, habelə, “Polis haqqında” Qanunun 34-cü maddəsinin 9-cu bəndlərinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə polis əməkdaşı xidmətdən xarici edilə bilər. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının polis əməkdaşı kimi, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gələn vəzifələrini yerinə yetirməməsi polis adına ləkə gətirən hərəkətələri kimi qiymətləndirilərək, Qanunun qeyd olunan tələbi qaydasınında cavabdehin mübahisələndirilən əmri ilə xidmətdən xaric edilməsi işin faktiki hallarına və maddi hüquq normalarına uyğundur. Cavabdehin işə əlavə olunmuş əmrindən görünür ki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun əsaslandırılmışdır. Həmin Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İnzibati Posessual Məcəllənin 70.1-ci maddəsinin mənasından isə görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin 05.04.2019-cu il tarixli Ə 255-001-19 nömrəli əmrinin ləğv edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan ,məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2021 saylı 16.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2021 saylı 16.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1782/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1782/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver