Məhkəmə qərarları › İş №2-1(103)-1782/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1782/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1782/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4748/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. DT-İ seriyalı 772247 saylı xx.xx.1982-ci il tarixli diplomun təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1979-cu ildə SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikomuna daxil olmuş və 1982-ci ildə həmin texnikomun “Vaqon təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. NZ seriyalı ******* saylı hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. İT-İ seriyalı ******* saylı xx.xx.1984-cü əmək kitabçasının tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildə Ağstafa stansiyasında vaqonlara texniki xidmət məntəqəsinə çilingər vəzifəsinə qəbul edilmişdir (Əmr № 408-k, xx.xx.1984cü il); xx.xx.1985-ci ildə həmin yerdə 4-cü dərəcəli vaqonlara baxıcı keçirilmişdir (Əmr № 54-k, xx.xx.1985-ci il); xx.xx.1987-ci ildə Qazax stansiyasında 3-cü dərəcəli vaqonlara baxıcı keçirilmişdir (Əmr № 183-k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə - 3-cü dərəcə müəyyən edilmişdir (Əmr № 187, xx.xx.1987-ci il); xx.xx.1988-ci ildə işdən azad olunmuşdur (Əmr № 342-k, xx.xx.1988-ci il); xx.xx.1988-ci ildə Qazax rayonu X10 İdarəsinə təmir yoluna 3-cü dərəcəli keçidçi (streloçnik) vəzifəsinə qəbul edilmişdir (Əmr № 19/k, xx.xx.1988-ci il); xx.xx.1989-cu ildə DYY sahəsinə 3 (üçüncü) dərəcəli qatar tərtibatçısı keçirilmişdir (Əmr № 21/k, xx.xx.1989-cu il); SSRİ Metallurgiya Nazirliyi Sənaye Konsernin 03 №-li xx.xx.1991-ci il tarixli əmrinə əsasən idarənin adı xx.xx.1991-ci ildən Daşsalahlı Filiz İdarəsi adlandırılmışdır; xx.xx.1994-cü ildə Hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir (Əmr № 14/k, xx.xx.1994-cü il); xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək hərbi xidmətdə olmuşdur (hərbi bilet NZ №4660759, səh 5); xx.xx.2001-ci ildə "xxxx" MMC-yə Qatar tərtibatçisi vəzifəsinə təyin edilmişdir (Əmr № 002, xx.xx.2001-ci il); xx.xx.2005-ci il tarixdə Səngəçal Terminalına qatar tərtibatçisi vəzifəsinə keçirilmişdir (Əmr 45/k/a, xx.xx.2005-ci il); xx.xx.2016-cı ildə Bakı terminalının qatar tərtibçisi vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin peşə üzrə işləyir (Əmr № 023/k, xx.xx.2016-cı il). İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 21 iyul 2022-ci il və **********2 saylı xx.xx.2022-ci il tarixli imtina məktublarıda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunmuş "xxxx" MMC-nin müraciətçiyə dair 20 iyun 2022-ci il tarixli AZT-X0\147 nömrəli arayışında xx.xx.1989-xx.xx.1994-cü il və xx.xx.2001-ci il tarixindən bugünədək qatar tərtibçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi "xxxx" MMC şirkəti yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşdan yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-cu ildə X1 qəbul olmuşdur. 1984cü ilin 20 avqustunda həmin texnikumun vaqon təsərrüfatı şöbəsini tam kurs şəklində bitirmişdir. Vəzifəsi texnik-mexanikdir. Texnikumu bitirdikdən sonra 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra xx.xx.1984-cü il tarixində Ağstafa stansiyasında vaqon baxıcısı vəzifəsində çalışmağa başlamışdır. xx.xx.1985-ci il tarixində həmin işdən dördüncü dərəcəli vaqon baxıcısı vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixində öz xahişi ilə Ağstafa stansiyasından işdən çıxmışdır. xx.xx.1988-ci il tarixindən Qazax rayonu X10 İdarəsinə təmir yoluna yoldəyişən vəzifəsinə işə girmişdir. xx.xx.1994cü il tarixində birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixindək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.2001-ci il tarixindən "xxxx" MMC-də qatar tərtibatçısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2005-ci il tarixində "xxxx" MMC-nin Sanqaçal terminalında qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-ci ildə Sanqaçal terminalından Bakı terminalına keçirilərək, qatar tərtibatçısıı vəzifəsində işləməyə başlamışdır. Hal-hazırki dövrə qədər də "xxxx" MMC-in Bakı Terminalında qatar tərtibatçısı vəzifəsində işləyir. Onun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq yaşı tamam olduğundan və ümumi iş stajı və güzəştli şərtlərlə iş staj qanunvericilikdə nəzərdə tutulmuş qaydada kifayət etdiyindən güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin olunması üçün 22 iyun 2022-ci il tarixində əmək kitabçasını, arxiv arayışını və zəruri digər sənədləri təqdim etməklə müvafiq olaraq ərizə ilə cavabdeh orqan- DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən orqan bunun müqabilində 21 iyul 2022-ci il tarixində **********7 nömrəli cavab məktubu ilə müraciətindən imtina etmişdir. Müvafiq qurum imtina məktubunda onu əsas gətirmişdir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi “qatar tərtibatçısı” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş siyahı üzrə dəmiryol nəqliyyat sahəsinə aid deyildir. İddiaçının sözügedən iş üzrə güzəştli iş stajı yoxdur. İmtina məktubu əsassızdır. Belə ki, onun işlədiyi “qatar tərtibatçısı” peşəsi Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Güzəştli Şərlərlə yaşa gprə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin dəmriyolu nəqliyyatı, dəmiryol lokomotiv briqadaların fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri peşəsi ilə tam eynidir və həmin peşənin xüsusiyyətlərinə tam uyğundur. Qatar tərtibatçısı tərtibçisi peşələri arasında hər hansı fərqlilik yoxdur. Bu səbəbdən onun peşəsindəki hərfi fərqlilik ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə imtina üçün əsas ola bilməz. Digər tərəfdən onun iş stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməli olan güzəştli şərtlərlə pensiyaya görə 25 il stajından daha çoxdur. Bu fakt təkzibolunmazdır və onun güzəştli iş stajı vardır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir. Məhkəmələrin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4748/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı nümayəndə və vəkilin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsini olmadığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi, “ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş satjının, 12 il 6 aydan artıq isə güzəştli stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 55 yaşa çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Lakin hazırki işdən göründüyü kimi, iddiaçının stajı onun 60 yaşının tamam olduğu tarixə tamamlanır. Odur ki, iddiaçı haqlı olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını 60 yaşdan tələb etmişdir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin olunması üçün onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmışsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (diplomu), əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus təhsil haqqında sənədin və hərbi biletin surətlərindən görünür ki, o, müvafiq olaraq 1979-cu il tarixdən 1982-ci il tarixədək SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikomunda təhsil almış və həmin texnikomun “Vaqon təsərrüfatı” ixtisası üzrə tam kürsu bitirmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının ümumi iş stajının iş materiallarında olan təhsil barədə sənədə, hərbi biletə və əmək kitabçasına əsasən 1979-1982-ci ilədək təhsil dövrü 3 ilə yaxın, hərbi xidmət dövrləri- xx.xx.1982- xx.xx.1984-cü ilədək 2 il 1 ay 2 gün və xx.xx.1994-xx.xx.1997ci ilədək 3 il 6 ay 29 gün olmaqla, cəmi 5 il 8 ay hərbi xidmət dövrü, xx.xx.1984xx.xx.1988-ci ilədək 3 il 9 ay 17 gün, qatar tərtibatçısı işlədiyi xx.xx.1988-xx.xx.1994-cü illər (5 il 8 ay 16 gün) və xx.xx.2001-xx.xx.2022-ci ilədək (20 il 10 ay 8 gün) olmaqla, ümumilikdə 30 ildən çox təşkil edir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəşrli iş stajının olmaması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, iddiaçının qatar tərtibçisi vəzifəsində işlədiyi "xxxx" MMC şirkətinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri peşəsi üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyildir. Buna görə də məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyini nəzərə alaraq bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarında olan “Azertrans” tərəfindən verilmiş AZT-XO/147 saylı xx.xx.2022ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1962-cı il tarixində doğulmuş İddiaçı xx.xx.1984-cü il tarixində Azərbaycan Dəmir Yolunun Kirovabad Vaqon deposuna çilingər qəbul edilmiş (xx.xx.1984-cü il tarixli 408-k №-li əmr), xx.xx.1985-ci il tarixində vaqon baxıcısı keçirilmiş (xx.xx.1985-ci il tarixli 554-k №-li əmr) və xx.xx.1988-ci il tarixində Azərb.SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz arzusu ilə) işdən azad edilmişdir (xx.xx.1988-ci il tarixli 342-k №-li əmr). xx.xx.1988-ci il tarixində Daşsalahlı Filiz İdarəsinə keçidçi (streloçnik) qəbul edilmiş (xx.xx.1988-ci il tarixli 19/k №-li əmr), xx.xx.1989-cu il tarixində qatar tərtibçisi keçirilmiş (xx.xx.1989-cu il tarixli 21 /k №-li əmr) və xx.xx.1994-cü il tarixində Azərb.SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmətə çağırılması) işdən azad edilmişdir (xx.xx.1994-cü il tarixli 14/k №-li əmr). xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək hərbi xidmətdə olmuşdur (Hərbi bilet H3 № 4660759). xx.xx.2001-ci il tarixində "xxxx" MMC-yə qatar tərtibçisi qəbul edilmiş (xx.xx.2001-ci il tarixli 002 №-li əmr), xx.xx.2005-ci il tarixində Səngəçal terminalına qatar tərtibçisi keçirilmiş (xx.xx.2005-ci il tarixli 45/k/a №-li əmr), xx.xx.2016-cı il tarixində Bakı terminalına qatar tərtibçisi keçirilmiş (xx.xx.2016-cı il tarixli 023/k №-li əmr) və halhazıradək həmin vəzifədə işləyir. İddiaçı işlədiyi qatar tərtibçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. “Azertrans” tərəfindən verilmiş AZT-XO/175 saylı xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1962-ci il tarixində doğulmuş İddiaçı xx.xx.2001-ci il tarixində "xxxx" MMC-yə qatar tərtibçisi qəbul edilmiş (xx.xx.2001-ci il tarixli 002 №-li əmr), xx.xx.2005-ci il tarixində Səngəçal terminalına qatar tərtibçisi keçirilmiş (xx.xx.2005-ci il tarixli 45/k/a №-li əmr), xx.xx.2016-cı il tarixində Bakı terminalına qatar tərtibçisi keçirilmiş (xx.xx.2016-cı il tarixli 023/k №-li əmr) və halhazıradək həmin vəzifədə işləyir. İddiaçı bu müddət ərzində əsas fəaliyyət sahəsi nəqliyyat xidməti olan "xxxx" MMC-nin Səngəçal və Bakı terminallarının ərazisindəki dalan dəmir yollarında vaqonların qatarlara qoşulması və açılması, yükləmə, boşaldılma və digər yollara verilməsi, bu yollardan götürülməsi, stansiyaya və ya parka ötürülməsi üzrə nəqliyyat xidməti göstərmişdir. Onun qatar tərtibçisi peşəsi üzrə iş stajı 21 (iyirmi bir) il təşkil edir.İddiaçı işlədiyi qatar tərtibçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda olan vəzifədə işləməsi cavabdeh orqan tərəfindən mübahisələndirildiyi üçün işin apellyasiya baxışı zamanı həmin məsələ bir daha araşdırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, müəssisənin əsas fəaliyyət növlərindən biri kimi- şəxsi dəmir yolu parkı (depo) və dəmir yol nəqliyyatına texniki xidmət göstərmək üçün müəssisələr yaratmaq; bütün növ, o cümlədən dəmir yol nəqliyyatı vasitəsi ilə müxtəlif tipli yüklərin və sərnişinlərin daşınmasını təşkil etməsi nəzərdə tutulmuşdur. Bundan əlavə təqdim olunmuş- xx.xx.2002-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Dövlət Dəmir Yolunun Bakı-X6 "xxxx" Bakı Terminalının Dəmir Yolunun Texnoloji iş prosesini əks etdirən sənədə əsasən Bakı-yük stansiyasına gələn qatarlarla aşağıdakı işlər aparılır: - tərkibin texniki müayinəsi; - tərkibin kommersiya müayinəsi; - vaqonların və daşıma sənədlərinin olub-olmamasının nəzarət yoxlanışı; - tərkibin təbaşirlə qeydiyyatı. “Terminalın ünvanına gələn marşrut qatarların Bakı-yük stansiyasında hazırlanması” bəndinə əsasən Marşrut vaqonları Bakı-yük stansiyasından Terminal parkına manevrə qaydası ilə göndərilir. Manevrə heyyəti 21-ci postu keçdikdə 23-cü postun növbətçisi qabaqcadan vaqonların qəbulu barədə Terminal parkının dispetçerinə radioəlaqə vasitəsilə bildiriş göndərir. Terminal parkının dispetçeri tək boğazda bütün manevrə işlərini saxlayır, manevrə heyyətinin qəbuluna marşrutun hazırlanması üçün qatar tərtibatçısına göstəriş verir. Marşrut hazır olduqdan sonra Terminal parkının dispetçeri 23-cü postun növbətçisinə marşrut vaqonların qəbuluna marşrutun hazır olduğunu bildirir və qəbula icazə verir. “Terminal parkında boş vaqonların yükləməyə hazırlanması və yük altına verilməsi əməliyyatları” bölməsinə əsasən Bakı-yük stansiyasının qatar tərtibatçısının başçılığı ilə Terminal parkına qəbul olmuş boş marşrut vaqonlarından ibarət manevrə heyyətində tormozlar buraxılır, lokomotiv açılır və Terminalın qatar tərtibatçısı tərəfindən vaqonlar tormoz başmaklan ilə bərkidilir. Göründüyü kimi, "xxxx" MMC-nin fəaliyyət istiqaməti dəmiryol nəqliyyatına aid olmaqla, həmin MMC-də işləyən “qatar tərtibçisi” peşəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndində müəyyən edilmiş –Nəqliyyat-21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri, qatar tərtibçiləri peşəsinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapır. Qeyd edilmiş hallar nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur. Kollegiya onu da nəzərə alır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun qanunla tələb olunan pensiya kapitalına malik olması məsələsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Buna baxmayaraq iş materiallarından müəyyən olunur ki, iddiaçının pensiya kapitalı 63646,97 manat təşkil edir ki, bu da ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması üçün yetərli məbləğdir. Beləliklə, cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4748/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4748/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar