Məhkəmə qərarları › İş №2-1(103)-1782/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1782/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1782/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3977/2022 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 may 2012-ci il tarixdən əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası alır. 2021-ci ilin iyul ayının 6-da əlillik müddəti bitdiyi üçün 13 iyul 2021-ci il tarixdə əlillik müddətinin uzadılması ilə əlaqədar xəstəlik barədə sənədlər TSEK-ə göndərilmiş və 23 iyul 2021-ci il tarixdə yenidən əlillik təyin edilmişdir. Lakin əlillik dərəcəsi 23 iyulda təsdiqlənməsinə baxmayaraq, ona bu barədə məlumat 24 sentyabr 2021-ci il tarixdə verilmişdir. İnzibati orqan ödənişi dayandırdığı tarixdən bərpa etmək əvəzinə yeni ərizənin verilməsini tələb etdi ki, o da, həmin ərizəni təqdim etdi. 01 avqust 2021-ci ildən pensiyanın dayandırıldığı və pensiyanın aylıq məbləği 1413,51 manat olduğu halda oktyabr ayında ona cəmi 1112,31 manat vəsait köçürüldü. 18 oktyabr 2021-ci il tarixdə ona 4240,53 manat vəsait köçürülməli olduğu halda, azaldılaraq cəmi 1112,31 manat vəsait köçürüldü ki, bununla əlaqədar müraciət olunmasına baxmayaraq, cavab təqdim edilməmişdir Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək onun pensiyasının azaldılması barədə qərarın ləğv edilməsini, pensiyasının məbləğinin dayandırıldığı 01 avqust 2021-ci il tarixdən əvvəlki məbləğdə ödənişinin davam etdirilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi, guya artıq ödənilmiş 17035.20 manat məbləğində vəsaitin bərpa edilməsi barədə 04 fevral 2022-ci il tarixli qərarın ləğv edilməsi və vurulmuş maddi və mənəvi zərərə görə 10 min manat məbləğin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq 17035,20 manat məbləğin bank hesabına köçürülməsini tələb edir. Guya ki, ona 21988,83 manat artıq vəsait hesablanmış və həmin vəsaitdən 495363 manat (2224.62 manat avqust və sentyabr ayları üzrə ona ödənilməli olan ayların 2729.01 manat isə 27 may 2012-30 noyabr 2013-cü illər üçün əskik hesablanma) onun razılığı olmadan inzibati orqan tərəfindən əvəz edilərək bərpa edilmiş 17035.20 manatın ödənilməsi üçün qərar qəbul edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək iddia ərizəsində qeyd etdiyi cavab təqdim edilməmiş müraciətinə 08 dekabr 2022-ci il tarixdə cavab təqdim edildiyini, məktubda pensiyanın azaldılmasına dair açıqlama verilsə də, açıqlamanın səbəbinin əsaslandırılmadığını qeyd etmişdir. Belə ki, mükafatın faktiki 7.88 dəfə olduğu halda 6.91, istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq hesab) 80,35 manat götürülmüşdür. Kompensasiya səhv hesablanaraq aylıq vəzifə məvacibinin artırılması zamanı yeni məvacibə uyğunlaşdırılmamış, məbləğ sabit olaraq qalmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin onun barəsində qəbul etdiyi əmək pensiya məbləğinin geri qaytarılmasına dair qərarının ləğv edilməsini, əmək pensiyasının yenidən hesablanması haqqında 7 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, mükafatın 7.88 dəfə (788 faiz), son haqq-hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsinin və dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (O.Həsənov) iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 04 fevral 2022-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması barədə 07 oktyabr 2021-ci il tarixli qərarları ləğv edilmiş, İddiaçı Dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3977/2022 saylı qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən 7 may 2012-ci il tarixindən dövlət qulluqçusu kimi əlilliyə görə (İİ qrup) əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 7 may 2012-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 129.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 123,94 manat, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına görə əlavəsi 80,35 manat olmaqla orta aylıq əmək haqqı 805,29 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında'' Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 15 il 8 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (805,29 manat) 80 faizi-644,23 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə iddiaçıya xx.xx.2012xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12115,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 9386.67 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 2729,01 manat əskik pul vəsaiti ödənilib. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyalarının yenidən hesablanması Qaydaları”nın 2 saylı əlavəsinin 3 və 4-cü bəndlərinə əsaslanaraq hesab etmişdir ki, dövlət qulluqçularının aylıq məvacibinin (əmək haqqının) artırılması zamanı istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) yeni məvacibə (aylıq maaşa) uyğunlaşdırılmamalıdır (əmsallaşdırılmamalıdır). Məhkəmənin gəldiyi qənaətin əksinə olaraq, əsaslandığı həmin qaydalarla əlaqəadar aşağıdakılar qeyd olunmalıdır. Həmin qaydaların 2 saylı əlavəsinin 3-cü bəndində qeyd edilir ki, “Fəaliyyətdə olan dövlət qulluqçularının vəzifə maaşı artırıldıqda ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulliqçularına vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçularının vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. Yəni, Dövlət qulluqçularının vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlar, qulluq stajına əlavə haqq və sair (digər) gəlirlər yenidən hesablanaraq uyğunlaşdırılır və mütləq rəqəmlərlə müəyyənləşdirilən vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq dəyişməz qalaraq yenidən hesablanmış vəzifə maaşının üzərinə əlavə olunur. Həmin qaydaların 2 saylı əlavəsinin 4-cü bəndində qeyd edilir ki, mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçularının vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət vəzifə məvacibi yenidən hesablanır. Yəni, mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçularının vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq), Prezidentin ayrı Fərmanı ilə müəyyənləşdirilir və bu əlavə vəzifə maaşından asılı olmayaraq hər dəfə artırıldıqca vəzifə məvacibinin üzərinə əlavə olunur. “Dövlət qulluqçularının əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) məcburi dövlət sosial sığortasına cəlb olunur. “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 3 saylı əlavəsinin 2-1-ci bəndinə əsasən dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur. Lakin Məhkəmə hesab etmişdir ki, göstərilən Qaydaların 2 saylı əlavəsinin 4-cü bəndinə əsasən istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) nə faizlə müəyyən edilən, nə də mütləq rəqəmlə müəyyən edilən əlavə hesab olunmur. Son haqq-hesabı Qaydaların 4-cü bəndində göstərilən “digər ödənişlərin” növlərindən biri hesab etməklə dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda “digər ödənişlərin” artırılmaması qənaətinə gəlmişdir. Məhkəmə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.10-cu maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddəyə əsasən qanunun analogiyası konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi kimi xarakterizə olunur. Buna görə də digər ödənişlərə münasibətdə də Qaydaların 3-cü bəndi tətbiq edilməli, dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda son haqq-hesabın məbləğinə də yenidən baxılmalıdır. Eyni zamanda, istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) həmin qaydaların 2 saylı əlavəsinin 3-cü bəndinə əsasən sair və ya digər gəlirlərə aiddir və vəzifə maaşı artırıldıqca yeni məvacibə uyğunlaşdırılır (əmsallaşdırılır). Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140.7-ci maddəsində qeyd edilir ki, məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır. Apellyasiya və kassasiya instansiya məhkəmələrində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2- 1(103)-508/2023 nömrəli qərarı ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İddiaçı qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1255/2023 saylı qərarı ilə iddiaçının və cavabdehin kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(103)-508/2023 nömrəli qərarının iddianın təmin edilmiş “iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” hissələrində, o cümlədən rədd edilmiş “dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilməsi, işin həmin hissələrdə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(103)-508/2023 nömrəli qərarının qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarını qismən – iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi, həmçinin iddianın qalan hissədə (dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi) təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının tələbi 5 hissədən ibarətdir: - cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi; - cavabdehin əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi; - iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması; - istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması; - dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1255/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(103)-508/2023 nömrəli qərarının iddianın təmin edilmiş -iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), -son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi, -dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqqhesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-1782/2024 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3977/2022 saylı qərarının iddianın son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensassiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdeh inzibati orqanın üzərinə qoyulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın mümkün sayılmaması qərara alınmışdır. Beləliklə hazırkı qərarla birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının iddia tələbinin “iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) və dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi hissələrində qiymət verilməlidir. Məhkəmə kollegiyası həmin hissələrdə birinci instansiya məhkəməsinin qərarına qiymət verərək hesab edir ki, qərar həmin hissələrdə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1255/2023 saylı qərarının 32 və 33-cü bəndlərində müvafiq olaraq göstərilmişdir ki, “iddia tələbinin təmin olunan digər hissələrinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əmək pensiyasının ödənilməsinin dayandırılmasından, sonradan isə pensiya məbləğindəki azalmadan narazı qalaraq cavabdehə müraciət etmiş və ona məlum olmuşdur ki, pensiya məbləğindəki azalma cavabdeh tərəfindən onun əmək pensiyasının yenidən hesablanması haqqında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar əsasında olmuşdur. Cavabdehin qeyd edilən xx.xx.2021-ci il tarixli qərarının, eləcə də əmək pensiyası məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi ilə iddiaçıya ödənilən pensiya məbləği əvvəlki vəziyyətinə qayıtdığı halda, iddiaçının qalan digər tələblərinin də ödənilib-ödənilmədiyi qeyri-müəyyəndir. Başqa sözlə, iddia tələbi ilk iki hissədə təmin edildiyi halda, iddia tələbinin qalan digər hissələrinə münasibətdə iddiaçının hüquqi marağının olub-olmaması, həmin tələblər vasitəsilə iddiaçının əldə etmək istədiyi məqsədə çatıb-çatmadığı apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamış və həmin məsələlərə hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının “dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması”na dair tələbi ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan əmək haqqı barədə arayışda (İ cild: iş v. 42) iddiaçının aldığı əsas əmək haqqının məbləği ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilən aylıq vəzifə maaşlarının məbləği fərqlənir. İşə baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallar arasındakı ziddiyyəti aradan qaldırmadan, işin qeyd olunan halını hərtərəfli araşdırmadan yalnız iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna (kserosurət) istinad etməklə, pensiyanın düzgün hesablanmadığı qənaətinə gəlmişdir. Halbuki, işə baxan apellyasiya instansiyası məhkəməsi ziddiyyətin səbəblərini araşdırmaq və bu halı aradan qaldırmaq üçün iddiaçının işlədiyi müəssisəyə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sorğu verə bilər, bununla da, iddiaçının tutduğu vəzifədəki vəzifə maaşının məbləğini mötəbər sübutlar əsasında müəyyən edə bilərdi. Bundan əlavə, iş materiallarında iddiaçının pensiyaya çıxmamışdan son 24 ay ərzində konkret olaraq dövlət qulluğunun hansı vəzifəsində və ya vəzifələrində işləməsi barədə də konkret məlumat yoxdur. Odur ki, iddiaçıya ödənilən mükafatın vəzifə maaşına nisbətinin müəyyən edilməsi üçün yuxarıda qeyd olunan halların hərtərəfli araşdırılması tələb olunur”. Qeyd olunan göstərişlərin icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 04/05-04-222 saylı məktublarının əsilləri əldə edilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Maliyyə Nazirliyinin 15 yanvar 2019-cu il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının vəzifəsi üzrə 2003-cü ildə aylıq vəzifə maaşı 310-320 min manat (manatın denominasiyası nəzərə alınmaqla 62-64 manat), 2004-cü ildə isə 1120 min manat (manatın denominasiyası nəzərə alınmaqla 224 manat) müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1782/2024 saylı qərardadı ilə işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 04/05-04-222 saylı məktubları nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması üçün 1 (bir) ay müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, pensiya işinə aid sənədlərdə Yusif Manes oğlu X1 rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub Mərkəzi Filiala təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2022-ci il tarixli **********3 nömrəli arayışına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 1560,58 manatdan 1594.65 manata artırılıb. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin:

12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Göründüyü kimi mükafatlandırma vəzifə maaşına nisbətdə müəyyən edilir ki, iş materiallarında olan pensiya işindən də müəyyən edilir ki, iddiaçı 2003-cü il üzrə vəzifə maaşı 320 min manat olduğu vaxt mart ayında 320 min manat, noyabr ayında 236500 manat, dekabr ayında 473 min manat, 2004-cü ildə vəzifə maaşının 320 min manat olduğu vaxt 236500 manat, vəzifə maaşının 1120 min manat olduğu vaxt oktyabr ayında 1120 min manat, noyabr ayında 704700 manat, dekabr ayında 1120 min manat, 2005-ci ilin mart ayında isə əmək haqqının 1443 min manat olduğu vaxtda 1443 min manat mükafat almışdır. Bu səbəbdən də iddiaçı müvafiq olaraq 2003-cü il üzrə 3.22 əmsala, 2004-cü ildə 3.37 əmsala, 2005-ci il üzrə isə 1.29 əmsala istinad edərək, ümumilikdə 7.88 əmsal, yəni mükafata münasibətdə 788 faizin əmək pensiyasının məbləğində nəzərə alınmasına dair iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin hesablamalarından isə aydın olur ki, cavabdeh iddiaçının məhz vəzifə maaşını nəzərə almadan, pensiya işində olan əmək haqqının aylar üzrə məbləği nəzərə almaqla siyahıda əsas əmək haqqının məbləğinin alınan mükafata nisbətini əsas götürmüş, nəticədə isə faiz 691, əmsal isə 6.91 rəqəmini almışdır ki, məhkəmə araşdırması zamanı həmin rəqəmin 2004-cü ildə mart ayında alınan 236500 manat mükafatın adıçəkilən siyahıda əmək haqqının 473 min manat qeyd edilməsinə əsasən alındığını müəyyən etmişdir. Halbuki, həmin dövrdə 2004-cü ilin mart ayı da daxil olmaqla avqust ayına kimi baş məsləhətçi üzrə vəzifə maaşı 473 min manat yox, məhz 320 min manat olmuşdur. Göründüyü kimi iddiaçı son 24 ayda vəzifə maaşının 788 faizi miqdarında mükafat almışdır, cavabdeh isə 691 faiz miqdar müəyyən etmişdir ki, nəticədə iddiaçının əmək pensiyasında mükafatın məbləği müəyyən edilərkən səhvə yol verilmiş, məbləğ 691 faiz kimi qeyd edildiyindən 257,97 manat kimi müəyyən edilmişdir. Dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqqhesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasına aid hissədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın:

1. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir.

2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.

3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.

4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır.

10. Qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. Qanunvericiliyin tələbindən də müəyyən edilir ki, dövlət məvacibinin məbləği dəyişərkən əmək pensiyasının yenidən hesablanması həyata keçirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqlarının artırılmasına dair” müvafiq Sərəncamlarına əsasən əmək pensiyaları dövlət qulluqçularına münasibətdə artırılır. İddiaçı isə onun istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına görə əlavənin də həmin Sərəncamlar əsasında artmalı olduğu qənaətindədir. Halbuki, yuxarıda adıçəkilən Qaydalarda hansı məbləğlərin artmalı olduğu aşkar qaydada qeyd edilmişdir. Qaydaların 3 və 4-cü hissələrindən müəyyən edilir ki, qanunvericilik dövlət məvacibinin tərkibində olan vəzifə maaşı, əlavə və digər ödənişlərə münasibətdə fərqli mövqedən çıxış etmişdir. 3-cü hissədən görünür ki, həqiqətən də vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanmalıdır. Lakin, elə əlavələr də vardır ki, vəzifə maaşının artımı həmin əlavələrə təsir etmir. Belə ki, Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) vəzifə maaşından asılı olmayaraq spesifik qanunvericilik normaları ilə tənzimləndiyindən həmin normada müvafiq dəyişiklik edilməklə artırıla və ya azaldıla bilər. Bu səbəbdən də vəzifə maaşının artımı zamanı mütləq rəqəmlə müəyyən edilən əlavə, o cümlədən məbləğləri “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na əsasən müəyyən edilən əlavələr “Dövlət qulluqçularının əmək haqlarının artırılmasına dair müvafiq Sərəncamlarının qəbulu ilə əlaqədar dəyişməz qalır və həmin Qaydaların özündə dəyişiklik olmadığı müddətdə əmək pensiyasının yenidən hesablanması baş vermir. İddiaçı isə istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının sabit məbləğlə müəyyən edilən əlavə olmadığından məhz, Qaydaların 3-cü hissəsində olduğu kimi vəzifə maaşından asılı olduğundan hər dəfə müvafiq Sərəncamlara uyğun olaraq artırılmalı olması qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, son haqq-hesab məbləği vəzifə maaşına münasibətdə faizlə müəyyən edilən əlavə hesab edilmir. Son haqq-hesab məbləğinin müəyyən edilməsi ilə əlaqədar hesablama qaydasında da müəyyən edilir ki, həmin rəqəmin alınması zamanı vəzifə maaşına faizlə müəyyən edilmədən söhbət gedə bilməz. Həmin rəqəm hər nə qədər vəzifə maaşının artımından asılı olsa da, konkret faizlə müəyyən edilən əlavə olmamışdır. Qaydaların 3-cü hissəsində faizlə müəyyən edilən əlavəyə misal kimi dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s. qeyd edilmişdir ki, və s. anlayışına misal olaraq məhkəmə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəni qeyd edir. Belə ki, həmin əlavə də qulluq stajına görə əlavədə olduğu kimi konkret faizlə müəyyən edilir. Göründüyü kimi son haqq-hesab nə faizlə müəyyən edilən, nə də mütləq müəyyən edilən əlavə hesab edilmir. Son haqq-hesab Qaydaların 4-cü hissəsində adıçəkilən “digər ödənişlər”in növlərindən biri hesab edilir. Qaydaların 3-cü və 4-cü hissələrinin birgə təhlilindən də aydın olur ki, digər ödənişlər dedikdə qanunvericilik həmin ödənişləri vəzifə maaşına faizlə müəyyənləşdirilən əlavələr və mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələrdən ayırır. Xüsusilə də 4-cü hissədə bu aşkar müəyyən edilir. Belə ki, həmin hissədən də görünür ki, “mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır” kimi ifadə işlətmişdir ki, həmin hissə onu qeyd edir ki, mütləq rəqəmlər müəyyən edilən əlavə, misal ixtisas dərəcəsinə görə əlavə haqq 40 manatdan 80 manata artarsa vəzifə maaşı və ona nisbətdə faizlə müəyyən edilən əlavələrdən başqa, həmçinin digər ödənişlər, yəni 9-cu hissədə qeyd edilmiş dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri, hazırkı iş üzrə isə konkret olaraq son haqq-hesab nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. Göründüyü kimi Qaydaların 3-cü hissəsində digər ödənişlərin vəzifə maaşı artanda artmalı olduğu qeyd edilməmiş, digər ödənişlər vəzifə maaşından asılı olsalar belə vəzifə maaşına münasibətdə faizlə müəyyən edilmədiyindən dəyişməz saxlanılmışdır. Qeyd olunan halları nəzərə alaraq birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyası müvafiq Sərəncamlarla dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq artmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi, həmçinin iddianın qalan hissədə (dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi) təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh inzibati orqanın apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi, həmçinin iddianın qalan hissədə (dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi) təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar