Məhkəmə qərarları › İş №2-1(103)-1782/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1782/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1782/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən, icarə müqaviləsinin ləğv edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13848/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı Sərancamının qismən, yəni 2.2 və 2.3-cü bəndlərinin və həmin Sərəncam əsasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1638 nömrəli “torpaq icarə” müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 0.80 ha torpaq sahəsi yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Həmin Sərancam əsasında Bakı Şəhər İcra hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1638 nömrəli “torpaq icarə” Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.80 ha torpaq sahəsi 49 il müddətinə Cəmiyyətə icarəyə verilmişdir. Qeyd edilir ki, icarəyə verilmiş torpaq sahəsi üzərində 78 nəfərə məxsus fərdi yaşayış evləri olmuş və həmin fərdi yaşayış evlərinin sahibləri ilə razılaşma əsasında fərdi yaşayış evlərinin sökülməsi və yerində inşa ediləcək çoxmənzilli yaşayış binasında yeni mənzillərin verilməsi barədə müqavilələr bağlanılmışdır. Bununla da, Cəmiyyətin icarəsinə verilmiş həmin torpaq sahəsi qeyd olunan fərdi yaşayış evlərinin tikintialtı torpaq sahəsi olmuş, torpaq sahəsi həmin evlərin sahiblərinin istifadəsində olmuşdur. Həmçinin qeyd edilir ki, həmin ünvanda çox mənzilli yaşayış binasının tikintisi artıq başa çatmış və bina sakinlərin istifadəsinə verilməkdədir. Belə olan halda, Cəmiyyətin həmin torpaq sahəsində inşa etdiyi binaların təhvil verilməsindən sonra, torpaq sahəsi yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi istifadəsində qalacaqdır. Bu səbəbdən də, Cəmiyyət tərəfindən yalnız tikinti işlərinin aparılması üçün ayrılımış torpaq sahəsinin icarə əsasənda istifadəyə verilməsi, icarə müqaviləsi bağlanılması və icarə haqqı tələb edilməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13848/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisələndirilən akt bundan əvvəl mübahisələndirilərkən həmin aktın etibarsızlığına dair iddia qaldırılmış və iddia tələblərinin əsasları fərqli olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan digər tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki hallarından aydın olur ki, iddiaçının hazırkı tələbi yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı Sərəncamının qismən, yəni 2.2 və 2.3-cü bəndlərinin ləğv edilməsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 1638 saylı, xx.xx.2021-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, “iddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Şəhər İcra Hakimiyyətinə qarşı eyni iddia tələbi ilə bundan əvvəl də, yəni xx.xx.2022- ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir” İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-5224/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamış, İddiaçı MMC həmin qərardadı yuxarı instansiya məhkəmələrində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1419/2024 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5224/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1704/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1419/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya bildirir ki, iddiaçı hazırkı tələb ilə cavabdehə qarşı bundan əvvəl inzibati məhkəmədə qaldırdığı iddia mümkün sayılmamış və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə olan halda cavabdehə qarşı eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması mümkün sayılmamalıdır. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, əvvəlki iddia tələbində inzibati aktın etibarsızlığına dair iddia qaldırılmış, hazırkı iddia tələbi isə inzibati aktın ləğv edilməsi ilə bağlıdır. Yəni iddiaçı hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu bildirmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı Kollegiya bildirir ki, iddiaçı əvvəlki məhkəmə mübahisəsində Sərəncamın etibarsızlığı ilə bağlı iddia qaldırsa da, həmin mübahisəyə baxan məhkəmələrin mövqeyi belə olmuşdur ki, .... iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından “mübahisələndirmə haqqında” iddia növünə aiddir. İddiaçının hüquqi marağı mübahisələndirdiyi inzibati aktın qismən ləğv edilməsinə yönəlmişdir. Hazırki iddianın “inzibati aktın etibarsızlığının tanınması haqqında” iddia kimi təqdim olunması əslində müddətlə bağlı mkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. İddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaya “mübahisələndirmə haqqında iddia” növündə baxılmalı və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. İşdən görünür ki, iddiaçı mübahisələndirdiyi sərəncamdan təkzibolunmaz sübutlarla məlumatlı olduğundan irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır.” Eyni zamanda həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarında qeyd edilmişdir ki, “.... iddiaçının ikinci - “xx.xx.2021-ci il tarixdə bağlanmış torpaq icarəsi haqqında müqavilə əsasında yaranmış icarə hüquq münasibətlərinin bağlandığı andan etibarsız hesab edilməsi barədə” tələbi isə icarə müqaviləsindən irəli gələn tələb olduğuna görə həmin tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia həmin hissədə də mümkün sayılmamışdır...” Göründüyü kimi, iddiaçı hazırkı tələb ilə cavabdehə qarşı bundan əvvəl inzibati məhkəmədə qaldırdığı iddia mümkün sayılmamış və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə olan halda cavabdehə qarşı eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması mümkün sayılmamalıdır. Apelyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13848/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar