Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1783/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-266/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə anadan olmuşdur. 1992-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, polkovnik leytenant hərbi rütbəsinə yüksəlmiş, hərbi xidmətinə əsasən cəbhə xəttində keçmişdir. Hərbi xidmət dövründə öz sağlamlığını itirməsinə baxmayaraq, 2014cü ilin sonlarında onu öz xahişi ilə ordudan tərxis etməmişlər, əvəzində isə xidməti uyğunsuzluq adı altında işdən azad etmişlər. Halbuki o, xx.xx.2014-cü ildə tərxis olunması ilə bağlı raport yazmış, hərbi hissə komandiri xx.xx.2014-cü ildə raportu imzalamışdır. O, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunmuş, hərbi həkim komissiyası tərəfindən 2-ci dəfə sıradan kənar hərbi xidmətə yararlı kimi şəhadətləndirilmişdir. Bundan sonra xx.xx.2014-cü ildə tərxis olunması ilə bağlı təqdimat N nömrəsi ilə hərbi hissədən göndərilmiş, xx.xx.2014-cü ildə isə məzuniyyətə görə raport təqdim olunmuşdur. xx xxx 2014-cü ildə Müdafiə Nazirliyinin Hərbi işlər üzrə müavini ilə qərargahda görüşmüşdür. O, görüş zamanı ona müalicə olunmasını tövsiyə etmişdir. Lakin onun əvəzinə hərbi hissə komandirinin TİT üzrə müavini polkovnik leytenant Rəcəbov tərxis olunacağını ona bildirmişdir. Məzuniyyətə buraxılması ilə bağlı 3- cü dəfə xx.xx.2014-cü ildə raportla müraciət etmişdir. Lakin hərbi hissə komandirinin MTT üzrə müavini ezam getməsini bəhanə edərək raportu özündə saxlamışdır. xx xxx 2014-cü ildə hərbi hissənin həyətində H/hissə komandirinin TİT üzrə müavini ilə görüşüb məzuniyyət barədə danışanda, o ona bu barədə komandirə məlumat verəcəyini bildirmişdir. Yekunda isə xx xxx 2014-cü ildən xx xxxx 2014-cü ilədək olan müddətə məzuniyyətdə olmuşdur. Tərxis üçün göndərilmiş təqdimat Müdafiə Nazirliyinin MTT üzrə müavini general mayor Qorxmaz Qarayev tərəfindən “məqsədəuyğun deyil” qeydiyyatı aparılmaqla geri qaytarılmışdır. Onun məzuniyyətdə olduğu müddətdə isə digər hərbi hissəyə keçirilməsi ilə bağlı başqa bir təqdimat göndərilmişdir. Halbuki birinci dəfə təqdimat göndəriləndə attestasiya balı 120, 2 və 3-cü dəfə göndəriləndə isə attestasiya balı 60 ilə göndərilmişdir. Əslində isə onun balının 120-dən 60-a düşürülməsi absurddur. xx.xx.2014-cü ildə onu qeyri-qanuni olaraq əməliyyat növbətçisi təyin etdikləri vaxt Müdafiə Nazirliyinin Koordinasiya yoxlama heyəti keçmiş Zəfər Süleymanov onun növbəni ataraq təlimə getməsini tələb etmişdir. Lakin o, döyüş növbəsini buraxıb təlimə gedə bilməzdi, yalnız onu digər əməliyyat növbətçisi əvəz etdiyi təqdirdə gedə bilərdi. Çünki döyüş növbəçiliyini atmaq birbaşa cinayətdir. Həmin şəxs isə bunu özünə təhqir hesab edərək, böyük qalmaqal yaratmış və məhz bu qalmaqala cavab olaraq onun təqdimatını xx.xx.2014-cü ildə xidməti uyğunsuzluqla tərxisə göndərmişlər. xx.xx.2014-cü ildə Gəncə Hərbi Hospitalına müalicəyə göndərilmiş, xx.xx.2014-cü ildə hospitaldan buraxılmışdır. Buraxılan zaman nəinki növbədə, hətta xidməti vəzifədən 5 gün müddətinə azad olunması tövsiyə olunsa da, xx.xx.2014-cü və xx.xx.2014-cü ildə onu döyüş növbəsinə təyin etmişlər. Bir onun sağlamlığını itirməsi Mərkəzi Hərbi Həkim Hospitalının 2013-2014-cü illərdə verdiyi epikrizlərlə açıq-aşkar təsdiq edilir. Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 082t saylı xx xxxx 2013-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur. Belə ki, 10 illiyə görə 3cü, 15 illiyə görə 2-ci, nəhayət 20 il qüsursuz xidmətə görə qeyd olunan medalla təltif olunurlar. Azərbaycan Respublikasının müstəqilik qazandığı ilk vaxtdan medalla təltif olunduğu müddətədək olan 20 il ərzində qüsursuz xidmət edən bir şəxs dərhal dəyişərək 10 gün ərzində xidməti uyğunsuzluqla işdən azad olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli 0770 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin olunması nəzərdə tutulmuşdur. O, ehtiyata buraxıldıqdan sonra dövlət vəsaiti hesabına mənzillə təmin olunması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdallə Nazirliyi Mənzil İstismar İdarəsi xx xxx 2019-cu il tarixli 2063 saylı məktubu ilə ona bildirmişdir ki, onun xidmət dövrü ərzində qüsurlu xidməti olduğu üçün adı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, onun hüquqlarını məhdudlaşdırır. Belə ki, cavabdeh inzibati orqan onun ərizəsi əsasında inzibati araşdırma aparmış, onun iştirakı ilə araşdırma aparmaq əvəzinə, blanket formada hazırlanmış imtina məktubu göndərmişdir. Onun ehtiyata buraxıldığı dövrdə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən gizir, o cümlədən zabit heyətindən olan hərbi qulluqçuların öz arzuları ilə və ya öhdəlik üzrə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmalarına qadağa qoyulmuşdur. Bu səbəbdən də o, uzun müddət döyüş şəraitində, əlverişsiz şəraitdə və daim psixoloji, həyat sağlamlıq üçün təhlükə olan yerdə gərgin şəraitdə xidmət keçən hərbi qulluqçu olaraq məcburiyyət qarşısında qalaraq xidməti uyğunsuzluq əsasında ehtiyata buraxılmışdır. Onun öz ərizəsi ilə azad olunması barədə raportuna da mənfi cavab verilmiş, onun işdən öz arzusu isə azad olunmasına əsas isə bel ağrısı və xidmət dövrü ərzində aldığı travmalarla bağlı qollarının açılmaması olmuşdur. Bu hal hərbi həkim komissiyasının arayışları ilə bir daha təsdiq olunur. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 saylı Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınsa iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 saylı Fərmanına uyğun deyildir. Səbəb odur ki, iddiaçı xx.xx.2014-cü il tarixdə “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmamışdır. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-266/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-266/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan iddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən, xx.xx.2014-cü il tarixədək hərbi xidmətdə olmuş, xx xxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0770 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx xxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0770 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə 0770 saylı əmrin surəti cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0770 saylı, xx xxxxxxx 2014-cü il tarixli əmrindən çıxarışdan görünür ki, N saylı hərbi hissənin maddi-texniki təminat şöbəsi (Q4) rəisinin baş köməkçisi – Raket-artilleriya silahları xidməti rəisi polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya verilmiş xx xxx 2019-cu il tarixli, 2063 saylı imtina məktubundan görünür ki, iddiaçının mənzil təminatı ilə əlaqədar cavabdehə müraciət etmiş və onun ünvanladığı ərizəsinə baxılmış, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Xidməti dövrü ərzində qüsurlu xidmətdə olduğu səbəbdən adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı silahılarına daxil edilmədiyi bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bu zaman ona əsaslanmışdır ki, iş materiallarında olan sənədlərlə iddiaçının hərbi qulluqçu kimi 20 təqvim ilindən çox xidmət etməsi müəyyən edilsə də, həmin xidmət illəri qüsursuz olmamışdır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, hazırkı iddia tələbi üzrə bununla razılaşmadığını, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının əsasının xəstəliyi ilə bağlı olduğunu göstərmişdir. Halbuki həmin əmr bu günədək onun tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Belə olan halda iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılması onun xidmət illərinin qüsursuz olmadığını göstərir. Həmçinin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılmışdır. Qanunvericilik qüsursuz xidmət etmiş hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini istisna etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin Fərmanın 1-ci bəndində “qüsursuz xidmət etmiş” hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin 4-cü abzasına əsasən xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-266/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1783/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1783/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver