Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1783/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mənzil verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4677/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona mənzil verilməsi öhdəliyinin cavabdeh Dövlət Neft Şirkətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 75 yaşındadır, əmək veteranıdır, təqaüdçüdür. İddiaçı 1992-ci ildən X2 işləmişdir. 2004-cü ildən ev növbəsindədir. Dəfələrlə müraciət etməsinə baxmayaraq onun qanuni tələbi yerinə yetirilməmişdir. Neftçi kimi qanunla alacağı mənzili ona verməmişlər, qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh ona qarşı qaldırılan iddia ilə bağlı məhkəməyə təqdim etdiyi ərizəsində hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati İcraat haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarının tələbləri baxımından SOCAR inzibati orqan deyildir və hər hansı inzibati akt qəbul etmək səlahiyyətinə malik deyildir. İddiaçının tələbi publik hüquqi münasibətlərindən irəli gəlmədiyi üçün hazırkı mübahisə ümumi yurisdikdiyalı məhkəmədə baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4677/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 1992-ci ildən 2010-cu ilədək Azərneftyağ zavodunda işləmiş, hal-hazırda isə təqaüdçüdür. 2004-cü ildən mənzil növbəsindədir. Növbə ilə maraqlanarkən ona demişlər ki, ev növbəsi kooperativ üsulu ilədir.Hesab edir ki, onun tələbi əsaslıdır, buna görə də təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq, prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) daxilində, müvafiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və bu zaman qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı H.Əliyev adına Neft Emalı zavodunda işlədyini və xx.xx.2004-cü ildə 7 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürüldüyünü, lakin hal-hazıradək mənzillə təmin edilmədiyini mübahisələndirərək, ona mənzil verilməsi öhdəliyinin cavabdeh Dövlət Neft Şirkətinin üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir. Lakin, tələbin yönəldiyi Dövlət Neft Şirkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»da inzibati orqanlar sırasına aid edilməmişdir. Başqa sözlə, Dövlət Neft Şirkəti publik münasibətləri tənzimləmə, yəni, hakimiyyət tədbiri xarakterli inzibati akt qəbul etmək səlahiyyətinə malik orqan hesab edilmir. İşçi olaraq, iddiaçının işəgötürən tərəfindən mənzil növbəsinə götürülməsi və onun mənzillə təmin edilməsi ilə bağlı mübahisəyə gəldikdə, bu məsələ işçi ilə işəgötürən arasında yaranmış mülki hüquq münasibətlərindən, o cümlədən, əmək münasibətlərdən irəli gələn bir mübahisəni ehtiva edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsi isə nəzərdə tutur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Qanunun qeyd olunan normasının mənasından göründüyü kimi, qanunla başqa aidiyyət qaydası müəyyən edildiyi halda, həmin mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünlüyü istisna edilir. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verərək iddiaın mümkün sayılmaması barədə prosessual qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmayan və onu əsassız hesab edərək ləğv edilməsini tələb edən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4677/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4677/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1783/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1783/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver