Məhkəmə qərarları › İş №2-1(103)-1784/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1784/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1784/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı (xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması, keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1445/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 20.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, 2014-cü ilin fevral ayından bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi veteranıdır, Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 2014-cü ilin fevral ayından xidmət illəri ilə əlaqədar prokurorluq orqanlarında işlədiyinə görə əmək pensiyası alır. DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə AR Baş Prokurorluğundan təqdim edilmiş 13 avqust 2014-cü il tarixli arayışda 2012 – 2014-cü illər ərzində onun gəlirləri tam şəkildə öz əksini tapmamışdır. Belə ki, ona əmək pensiyası təyin edilənədək əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə hesablanmış və sosial sığorta ödənişləri edilmiş 9.035,79 manat məbləğində pul nəzərə alınmamışdır. Müraciəti əsasında AR Baş Prokurorluğundan verilmiş 19 iyun 2019cu il tarixli 17-453 saylı arayışda həmin qeyd olunanlar öz əksini tapmışdır. O (iddiaçı), AR Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli həmin arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödəniş nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və 2014-cü ilin fevral ayından bu günədək yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı iyul 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsindən daxil olmuş 24 iyul 2020-ci il tarixli cavab məktubunda görünür ki, onun qanuni tələbindən əsassız olaraq imtina edilmişdir. Sabiq prokurorluq əməkdaşı X1 DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı vermiş olduğu analoji iddia ərizəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2-1(102)-1032/17 saylı qərarında da qeyd edildiyi kimi, istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın məcburi dövlət sosial sığortasına cəlb edilməsi həmin kompensasiyanın iddiaçının əmək pensiyasına hesablanmasını da zəruri edir. AR Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödənişdən dövlət sosial sığortası hesablanaraq çıxılması əmək pensiyasına hesablanması zamanı həmin məbləğin də nəzərə alınmasını zəruri edir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1445/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması, keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. 21.05.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1445/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)- 1445/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 9.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: - (20.8-1) Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. - (20.8.1) prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; - (20.8.2) prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli nömrəli qərarı ilə «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı» təsdiq edilmişdir. Siyahının 31-ci (sonuncu) abzasında “nəzərə alınmayan ödənclər”in sırasına “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” da aid edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi ona istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, 2014-cü ilin fevral ayından bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmunundan göründüyü kimi prokurorluq işçilərinə münasibətdə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın orta əmək haqqı hesablanarkən nəzərə alınmamasını birbaşa müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-1032/2017 saylı, 07 iyun 2017-ci il tarixli qərarına istinad etməsinə münasibətdə qeyd edir ki, hazırda mövcud olan məhkəmə praktikasına əsasən Nazirlər Kabinetinin müvafiq qərarı ilə orta əmək haqqı hesablanarkən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın nəzərə alınmasını qanunvericilik yol verməmişdir. Odur ki, konkret halda Nazirlər Kabinetinin qeyd olunan qərarına müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qanunun tələblərinə uyğun olaraq təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1445/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1445/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar