Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1784/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndələri X3, X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 04 mart 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Qurumun əvvəlki adı "xxxx" MMC olmuşdur. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Lakin 28 iyul 2020-ci il tarixli cavabdehin vergilərin hesablanması barədə **********355600 №-li qərarına əsasən MMC-yə 21.529,50 manat əlavə mənfəət vergi məbləği hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, vergi orqanının istinad etdiyi mənbə yəni bəyannamələrdə göstərilənlərə əsasən kənarlaşmanın yarandığı qənaətinə gəlməsi və buna əsasən də sözügedən qərarı qəbul etməsi əsassızdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2729 nömrəli ekspert rəyində də göstərilmişdir ki, bəyannamələr vergilərin hesablanması üçün ilkin mühasibat sənədləri deyil, yalnız məlumat xarakterli hesabatlardır. Lakin məhkəmə ekspertin rəyi ilə razılaşmayaraq iddianı təmin etməmişdir. Ekspertin rəyi ilə razılaşmamasını isə kifayət qədər əsaslandırmamışdır. Tərəflərindən vergi orqanına təqdim etdikləri mənfəət vergi bəyannaməsindən də aydın olur ki, 2017-ci il üzrə şirkətin əldə etdiyi gəlirlərdən vergi qanunvericiliyinə əsasən xərcləri çıxmaqla 21.529,50 AZN mənfəət vergisi öhdəliyi yaranır. Lakin buna baxmayaraq, vergi orqanı əlavə olaraq 24.525,69 AZN ödənilməsini tələb edir. Bu hesablama təqdim etdikləri bəyannamə ilə üst-üstə düşmür. Həmin hesablama 2017-ci ilin fərqli aylarında iddiaçıya hesablanan əlavə kameral vergisindən irəli gəlir. İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 12 oktyabr 2016-cı il tarixli, **********812700 saylı qərarı ilə kameral yoxlama nəticəsində 708607,82 manat əlavə vergi məbləği hesablanmışdı. Həmin qərarın ləğv edilməsi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 iyul 2018-ci il tarixli 9782 saylı rəyində göstərilmişdir ki, MMC-yə hesablanmış 708607,82 manat məbləğində əlavə dəyər vergisinin düzgünlüyü müəyyən olunmur. Həmin əsasdan da iddia ərizələri təmin edilmiş və qeyd edilən qərar ləğv edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsində iş icraatda olarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayətindən imtina qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin vergi borcuna görə əmlaklarını siyahıya alaraq siyahıya alınmış əmlakların açıq hərracda satılması üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, e2-2(085)-449/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. Məhkəmənin əsaslandırması belə olmuşdur ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı iddialarının təmin edilməsi üçün ilk növbədə siyahıya alınmanın əsasını təşkil edən borcun mövcud olması sübut olunmalıdır. Lakin iddiaçı inzibati orqan vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirməsinə əsas olmuş vergi borcunun hazırda mövcud olmasını sübut edə bilməmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri də eyni əsaslara istinad edilərək dəyişdirilmədən saxlanılmışdır. Hazırki işdə də MMC-yə hesablanmış mənfəət vergisinin əsaslılığı sübuta yetirilmir və yuxarıda qeyd etdikləri kimi MMC-yə dair qəbul edilmiş məhkəmə aktlarından da bəllidir ki, MMC-nin vergidən yayınma halı və yaxud vergi borcu yaranmamışdır. Lakin buna baxmayaraq, hesablanan əlavə vergi qüvvədən düşməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. MMC-nin fəaliyyətində hər hansı vergidən yayınma və ya kənarlaşma halı olmamışdır ki, bu səbəbdən də vergi orqanının qərarını əsassız sayırlar. Apellyasiya və kassasiya instansiya məhkəmələrində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1594/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)-2538/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1594/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında hüquqi göstəriş kimi qeyd edilmişdir ki, “Cavabdeh haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 2017-ci ilin iyun ayı üzrə ƏDV ilə bağlı həmin hesablamaları və azalmaları qeyd edərkən 2017-ci ilin iyun ayı üzrə xx.xx.2017-ci il tarixə 130 861,98 manat məbləğində hesablamanı, bu hesablamanın son hesablama olduğunu, bundan sonra hər hansı bir dəqiqləşdirmənin olmadığını, həmçinin həmin hesablamanın mübahisələndirilmədiyini nəzərə almamışdır. İşin materiallarına görə, cavabdeh tərəfindən iddiaçıya əlavə vergi məbləğinin hesablanmasının əsasında iddiaçı tərəfindən təqdim olunan 2017-ci ilin müvafiq ayları üzrə ƏDV bəyannamələrində göstərilən məlumatlarla həmin il üzrə təqdim olunmuş mənfəət vergisi üzrə bəyannamələrdəki məlumatlar arasında ziddiyyət və bundan irəli gələn kənarlaşma dayanır. Cavabdeh də haqlı olaraq qeyd edir ki, məhkəmə hesablamanın əsasını təşkil edən ƏDV dövriyyəsinin əsaslarının araşdırılması üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, işin həqiqi halları məhkəmə tədqiqindən kənarda qalmışdır. Məhkəmə ƏDV bəyannaməsində göstərilən dövriyyənin mənfəət vergisi üzrə bəyannamədə əks etdirilməməsinin səbəbləri barədə araşdırma aparmadan iddianın əsaslılığı nəticəsinə gəlmişdir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilən etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: -Hüquqi şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnamənin (VÖEN) surətindən, kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı kiçik sahibkarlıqla (ixtisaslaşdırılmamış topdan satış) məşğul olmaqla vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyata alınmışdır. - Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərilmiş, 21.529.50 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - İddiaçı tərəfindən 2017-ci il üzrə tarixli mənfəət vergisinin dəqiqləşdirilmiş bəyannaməsindən görünür ki, 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı, 46.055,19 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda məktubda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadıgı nəzərinə çatdırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017ci il üzrə 24.525,69 manat əlavə vergi məbləği hesablanmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2729 saylı xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları hesablanması barədə” 28 iyul 2020-ci il tarixli **********355600 saylı qərarı ilə iddiaçı MMC-yə əlavə olaraq hesablanmış 21.529,50 manat məbləğində mənfəət vergisinin düzgünlüyü təsdiq olunmur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdehin xx.xx.2020-ci il tarixli, **********355600 saylı qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Hazırkı işin faktiki hallarından görünür ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarı ilə iddiaçıya 2017-ci il üçün vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 24.525,69 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini xahiş edir. Vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası ekspert rəyi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş ekspert rəyi də mötəbər sübut kimi qiymətləndirilə bilməz. xx.xx.2022-ci il tarixli 9/2729 nömrəli ekspert rəyindən göründüyü kimi mübahisələndirilən qərar ilə bağlı ekspertiza tədqiqatının keçirilməsi üçün cavabdeh tərəfindən təqdim edilmiş suallar və vergilərin hesablanması üçün əsas olan sənədlər (sübutlar) ekspertiza tədqiqatından kənarda qalmışdır. Göstərilən səbəbdən də ekspert rəyi işin faktiki hallarını tam əhatə etmir. Ekspert məhkəmə tərəfindən qoyulmuş suallar üzrə də ətraflı araşdırma və əsaslandırma aparmadan hesablanmış vergilərin düzgünlüyünün müəyyən olunmadığını qeyd etməklə kifayətlənmişdir. Ekspert rəydə qeyd etmişdir ki, müəssisəyə əlavə olaraq hesablanmış 2017-ci il üzrə 21.529,50 manat məbləğində mənfəət vergisinin səbəbi, vergi ödəyicisi tərəfindən ƏDV və mənfəət vergisi bəyannamələrinin göstəricilərinin fərqli olması göstərilmişdir. Bəyannamələr vergilərin hesablanması üçün ilkin mühasibat sənədləri deyil, yalnız məlumat xarakterli hesabatlardır. Lakin bu zaman da ekspertin hər-hansı mühasibat sənədinə istinad etməsi tədqiqatdan müəyyən olunmur. Bütüb bunlar isə ekspert rəyinin əsassız oduguna dəlalət edir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının iddiasında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə inzibati aktın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Ali Məhkəmənin qərarındakı göstərişlərə əsasən Kollegiya qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında olan iddiaçının “Şəxsi hesab vərəqəsi”ndəki məlumatlardan göründüyü kimi 2017-ci ilin iyun ayı üzrə xx.xx.2017-ci il tarixə 130.861,98 manat məbləğində hesablama son hesablamadır, bundan sonra hər hansı bir dəqiqləşmə olmamışdır. İşin materiallarına görə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlavə vergi məbləğinin hesablanmasının əsasında iddiaçı tərəfindən təqdim olunan 2017-ci ilin müvafiq ayları üzrə ƏDV bəyannamələrində göstərilən məlumatlarla həmin il üzrə təqdim olunmuş mənfəət vergisi üzrə bəyannamələrdəki məlumatlar arasında ziddiyyət və bundan irəli gələn kənarlaşma dayanır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1784/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1784/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver