Məhkəmə qərarları › İş №2-1(103)-1785/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1785/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1785/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “(e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən, Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4163/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq (e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən - Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsində 2-1(112)-10084/21 saylı iş üzrə məhkəmə prosesi keçirilmiş və hakim xanım Mehriban Qarayevə iddianın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9.33 və 9.34-cü maddələrinə əsasən xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun" tələbinə dair iddia üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 3 2022-ci il 01 avqust tarixində onlayn qaydada (konfrans) şəklində Azərbaycan Respublikası Prezident Adminstrasiyasında məsul şəxsin qəbulunda olmuşdur. 17 oktyabr 2022-ci il tarixində emailinə DSMF-nin Pensiya təminatı departamentinin müdiri X1 məktubu daxil olmuş və Prezident Adminstrasiyasından daxil olan məktuba cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixli sənədləri DTSERA-nə göndərilmişdir. Prezident Adminstrasiyasında qəbulla bağlı müraciətinə cavab olaraq DTSERA-nin İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədova 30 Avqust 2022-ci il tarixdə ona verdiyi cavab məktubunda qeyd olunan məsələlərlə əlaqədar aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyini bildirmişdir. Bu sübut məhkəmə prosesindən sonra ona agah olduğu üçün Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 100-cü maddəsinə əsasən işə yenidən açılmış hal, sübut kimi kimi baxılmaq üçün əsasdır. Çünki, məhkəmənin bu məsələylə əlaqədar hara müraciət etməli olduğunu göstərdiyi orqan olan DTSERA, bu məsələnin cavabdeh orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna aid olduğunu bildirir. Bu isə bir daha Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 100-cü maddəsinə əsasən yeni açılmış hal üçün əsasdır. 09 dekabr 2021-ci ildə hakim xanım Mehriban Qarayevanın 2-l(112)- 10084/2021 saylı iş üzrə məhkəmə prosesi keçirilmiş, məsələnin mahiyyətinə varmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2016-cı ildə ona təyin olunmuş və müddəti xx.xx.2021-ci il başa çatmış ümumi əlillikdən İİ qrup əlilliyə görə əmək pensiyası qarışdırılmışdır. Azərbaycan Respublikası vətəndaşı İddiaçı 2004-cü ildə N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş və sağlamlığını həqiqi hərbi xidmətdə itirmişdir. Bununla əlaqədar xx.xx.2004-cü il tarixində 2308 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Xəstəliyin səbəb əlaqəsi isə Miokarditik kardioskleroz tez-tez əmələ gələn mədəcik ekstrasistolaları tipli ürək ritminin davamlı pozulması ilə QDÇ-İ. Vegetativ-damar distoniyası dioqnozu ilə müddətli həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4163/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərardadı (hakim M.Hacıbəyova) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırki iddiaya əvvəllər baxılması ilə bağlı gəlinən nəticə əsassızdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4163/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü yoxlanılarkən ilk öncə araşdırılmalı hal aidiyyət qaydalarına uyğun olaraq iddianın verilib-verilməməsidir. Bələ ki, birinci instansiya məhkəməsi ilkin olaraq hazırki işə baxmaqda səlahiyyətli olub-olmamasını müəyyənləşdirməli idi. Məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. İşin faktiki hallarından görünür ki, İddiaçı (e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına, Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinə 01 oktaybr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi, hazırki iddia tələbi üzrə cavabdehin yurisdiksiyası Respublikanın bütün rayonları daxil olmaqla, birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğundan, hazırki iş aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri üzrə məhkəməyə göndərilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmə Kollegiyası qeyd etmək istəyir ki, AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsində İddiaçı qeydiyyat ünvanı əvvəllər işğal olunmuş, 01 dekabr 2020-ci il tarixdə işğaldan azad olunmuş lakin hazırki günədək məskunlaşma həyata keçirilməmiş Laçın rayonunun ərazisində yerləşdiyindən, AA seriyalı, 025919 saylı məcburi köçkün vəsiqəsinə və Laçın Rayonu İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 123 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının məcburi köçkün kimi hazırda məskunlaşdığı Ağcabədi rayonu, Taxta körpü ərazisində yerləşən ünvanı onun yaşayış yeri sayılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Ağcabədi rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (18.1-ci bənd). Beləliklə, iddiaçının hüquqlarının və qanuni maraqlarının qorunması, məhkəməyə əlçatanlığı, işə baxılmasında yarana biləcək çətinliklərin qarşısının alınması, şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi məqsədilə işə Şirvan İnzibati Məhkəməsində baxılması daha əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4163/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar