Məhkəmə qərarları › İş №2-1(103)-1788/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1788/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1788/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X4 qarşı “doğum haqqında akt qeydində ata haqqında qeydlərin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, 3-cü şəxs Novruzəliyeva (Davudova) Aygün Binyamin qızının iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X4 qarşı “doğum haqqında akt qeydində ata haqqında qeydlərin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4066/2022 saylı 04 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “120 saylı 09.01.2020-ci il tarixli doğum haqqında akt qeydində ata haqqında qeydlərin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli 2(075)-2186/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X8 ilə İddiaçı arasında 12 avqust 2007- ci il tarixdə bağlanmış 252 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 04 iyun 2009-cu il təvəllüdlü X15 və 23 avqust 2010-cu il təvəllüdlü X11 cavabdeh İddiaçı himayəsində saxlanılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmədə boşanma prosesi zamanı X8 başqa bir şəxslə qeyri-rəsmi nikahda olarkən onların Hüseyn adlı uşaqları olmuş və Bakı şəhəri 1 saylı "Asan Xidmət" X6 Novruzəliyeva (Davudova) Aygün Binyamin qızı uşağa 09.01.2020-ci il tarixli 120 saylı doğum haqqında şəhdətnamə almışdır. Həmin doğum haqında şəhadətnamənin ata qrafasına uşağın atası kimi iddiaçının adı yazılmışdır. Qeyd etmək istəyir ki, bu səhvdir, uşağın atası o deyil. X5 09.01.2020-ci il tarixli 120 nömrəli doğum haqqında şəhadətnaməsində ata haqqmda qeydlərin ləğv edilməsi ilə bağlı 1 saylı Bakı "Asan Xidmət" X4 rəsmi qaydada müraciət edilmişdir. Cavabdeh orqan 05 aprel 2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, X5 barəsində ata haqqında qeydlərin ləğv olunması mümkün deyil. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4066/2022 saylı 04 fevral 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarının ləğv edilməsi və işin baxılması üün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarını qanunsuz və əsassız hesab edir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra yalnız bir dəfə məhkəmə iclası təyin edilmiş və heç araşdırma aparılmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. X9 Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuş, üçüncü şəxs Novruzəliyeva (Davudova) Aygün Binyamin qızının məhkəmənin dəftərxanasına təqdim etdiyi ərizəni mötəbər hesab etməmiş, həmin ərizənin üçüncü şəxsin iradəsini əks etdirmədiyi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə bir proseslə kifayətlənməməli, qanunun aliliyini və İPM-nin tələblərini əsas tutaraq yeni məhkəmə iclası təyin etməli və işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə araşdırmalı idi. Tərəflərin izahatları 3-cü şəxs Novruzəliyeva (Davudova) Aygün Binyamin qızı izahatında uşağın atasının həqiqətən də İddiaçı olmadığını, sənədlərin duzəlməsi ilə bağlı Bakı “ASAN Xidmət” X4 müraciət edən zaman belə halın baş verdiyini, bununla bağlı cavabdeh orqana dəfələrlə müraciət etməsinə baxmayaraq, müraciətinin həll edilmədiyini, uşağın hazırda 4 yaşı olduğunu, onun baxçaya və hazırlıqlara getdiyini, uşağın əsl atası ilə rəsmi nikahının olmadığını, əvvəlki uşaqları ilə görüşmədiyini bildirmiş, bununla bağlı şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. 01.06.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı və cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X10 nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X10nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə İddiaçı arasında 12 avqust 2007-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 04 iyun 2009-cu il təvəllüdlü X15 və 23 avqust 2010-cu il təvəllüdlü X3 cavabdeh İddiaçı himayəsində qalması qət edilmişdir. X5 doğum haqqında şəhadətnaməsindən görünür ki, X13 20.07.2018-ci il tarixdə doğulmuş və doğum haqqında akt qeydləri kitabında 09.01.2020-ci il tarixdə 120 nömrə ilə qeyd aparılmışdır. Həmin şəhadətnaməyə əsasən “ata” qrafasında İddiaçı, “ana” qrafasında isə X1 adı qeyd olunmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X8 arasında nikahın ləğvi 25.08.2018-ci il tarixdə qeyd edilmiş, Nikah ləğv olunandan sonra kişiyə “Davudov”, qadına “Novruzəliyeva” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 Saylı Bakı “Asan Xidmət” X10 tərəfindən iddiaçıya ünvanlanmış 05.04.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” 31.10.2003-cü il tarixli 495 saylı qaydalarının 2.8.1-ci yarımbəndinə əsasən öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. X2 ilə nikahı 25.08.2018-ci il tarixli 132 saylı akta əsasən pozulmuşdur. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Hazırda İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X4 qarşı tələbi “20.07.2018-ci il tarixdə doğulmuş X5 120 saylı 09.01.2020-ci il tarixli doğum haqqında akt qeydində ata haqqında qeydlərin ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə 20.07.2018-ci il təvəllüdlü X5 doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi üçün hər hansı hüquqi əsasın olmamasına, aparılmış qeydin iddiaçının qanunla qorunan hüquqlarının pozulmamasına, cavabdeh qurumun imtinasının qanunsuz olmamasına, həmçinin iddiaçının arzuladığı nəticəyə nail olmaq üçün mülki icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasının əsaslandırılmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki iş üzrə verilmiş iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağı “20.07.2018-ci il tarixdə anadan olmuş Davudov Hüseynin adına verilmiş 120 saylı 09.01.2020-ci il tarixli doğum haqqında akt qeydində ata haqqında qeydlərdə onun adının yazılmasının ləğv edilməsi”nə yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmçinin Azərbaycan Respublikasının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” 495 saylı 31.10.2003-cü il tarixli Qaydalarının 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 20.07.2018-ci il tarixdə anadan olmuş Davudov Hüseynin adına verilmiş 120 saylı 09.01.2020-ci il tarixli doğum haqqında akt qeydində ata haqqında qeydlərdə onun adının yazılmasının ləğv edilməsi üçün ilk növbədə onun həmin uşağın atası olmaması faktının müəyyən edilməsi ilə bağlı ümumi məhkəməyə mülki məhkəmə icraatı qaydasında müraciət etməli, bu hüquqi fakt tanındıqdan sonra isə bu barədə qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən inzibati orqan tərəfindən Davudov Hüseynin adına verilmiş 120 saylı 09.01.2020-ci il tarixli doğum haqqında akt qeydində ata haqqında qeydlərdə düzəliş aparılması mümkündür. Sözügedən hüquqi fakt iddiaçının müraciəti əsasında mülki məhkəmə icraatı qaydasında tanınmadan hazırki iş üzrə inzibati orqan tərəfindən doğum haqqında akt qeydində ata haqqında məlumatlar dəyişdirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki vəziyyətdə verdiyi iddia tələbi üzrə cavabdeh inzibati orqan tərəfindən onun hər hansı hüququnun pozulmasına yol verilmədiyi üçün iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələblərinə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4066/2022 saylı 04 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunur ki, onun 20.07.2018-ci il tarixdə anadan olmuş Davudov Hüseynin atası olmaması faktının müəyyən edilməsi ilə bağlı ümumi məhkəməyə mülki məhkəmə icraatı qaydasında müraciət etmək, bu barədə çıxarılmış məhkəmə qətnaməsi ilə hüquqi fakt müəyyən edildikdən sonra inzibati orqan tərəfindən Davudov Hüseynin adına verilmiş 120 saylı 09.01.2020-ci il tarixli doğum haqqında akt qeydində ata haqqında qeydlərdə düzəliş aparılmayıb, bundan imtina edildiyi təqdirdə həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4066/2022 saylı 04 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar