Məhkəmə qərarları › İş №2-1(103)-1788/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1788/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1788/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11616/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1443/2023 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.1998-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-11616/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, birinci instansiya məhkəməsinin qərardadını almış, lakin həmin vaxt apellyasiya şikayəti vermək fikri yox idi. Bakı İnzibati Məhkəməsində iddia tələbi qeyri-mümkün hesab edildikdən sonra, apellyasiya şikayəti vermək istəmirdi. Lakin sonra fikirləşdi ki, ona bu, nöqsan kimi tutulacaq, nəyə görə apellyasiya şikayəti verməməsi soruşulacaqdır. Bundan sonra apellyasiya şikayəti verdi. Bu, üzrlü səbəb hesab edilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsini və məhkəmə baxış iclasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı özü də şikayətin verilməsi üçün nəzərdə tutulan müddətin ötürüldüyünü bildirir. İddiaçının göstərdiyi səbəblər üzrlü səbəblər deyil. Apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan müddət ötürülmüşdür. Göstərilənlərə əsasən apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, İddiaçı qərardadı poçt xəbərnaməsinə imza etməklə xx.xx.2023-cü ildə rəsmi olaraq almışdır, apellyasiya şikayətini isə xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardaddan şikayət vermə müddəti iddiaçı tərəfindən buraxılmışdır (15 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya məktub göndərilərək qərardaddan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, iddiaçı tərəfindən ərizə və müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçının qərardaddan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11616/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar