Məhkəmə qərarları › İş №2-1(103)-1789/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1789/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1789/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(81)-852/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsi tərəfidən qəbul olunmuş 18.02.2020-ci il tarixli **********345500 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(81)-852/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla apellyasiya şikayətinin mümkünlük məsələsinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 15 fevral 2021-ci il tarixli müşayiətedici məktubla sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş, məhkəmə qərarı 05.03.2021-ci il tarixdə X2 tərəfindən xəbərnamayə imza edilərək qəbul edilmiş, lakin apellyasiya şikayətinə əlavə edilmiş zərfdən görünür ki, apellyasiya şikayəti poçta 17 may 2021-ci il tarixdə təhvil verilmiş, 19 may 2021-ci il tarixdə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olmuşdur. Odur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürməklə verilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya yardım məktubu göndərilərək, apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyi bildirilmiş, ona prosessual müddətin bərpası barədə ərizə, eyni zamanda prosessual müddəti üzrlü səbəbdən ötürməyinə dair sübutları məhkəməyə təqdim etməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən hər hansı ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən, iddiaçıya buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizə və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə şikayət vermiş şəxs tərəfindən məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də, iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(81)-852/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Mirzə Tağızadə Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar