Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1789/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçınun nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7262/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi ilə, sonradan isə vəsatətlə iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3799 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, vergi orqanı tərəfindən əsassız şəkildə cəmiyyət barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən cəmiyyət xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növü kimi “İxtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışıdır. Cəmiyyət tərəfindən parça alışı və satışı həyata keçirilir. 514.663,42 manat məbləğində mallar NKAya mədaxil edilmiş, ƏDV-si hesablanıb dövlət büdcəsinə ödənilmişdir. Bu zaman qarşı tərəf malı son istehlak məqsədi üçün almamış, satıcıdan elektron qaimə-faktura tələb etmədiyi halda, vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsini tətbiq etməklə, cəmiyyəti vergi məsuliyyətinə cəlb etmişdir. Halbuki, pərakəndə satış zamanı NKA-ya mədaxil edilən məbləğin qanunvericiliklə limiti müəyyən edilməmiş, heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı NKA-nın fiskal yaddaşından çekləri araşdırmaya təqdim etməyə hazr olduğunu və cəmiyyət tərəfindən idxal olunmuş parçaların kq ölçü vahidi ilə alındığını və eyni ölçü vahidi ilə də satıldığını bildirilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddinı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bazarın arxası, mağaza 24 ünvanında operativ vergi nəzarəti həyata keçirilmişdir. Bu zaman iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda, heç bir e-qaimə verilmədən 514.663,42 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuşdur. Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmadığına və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğunu görə xx.xx.2021-ci il tarixli 001566 nömrəli Akt tərtib edilmişdir. Həmin akt MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 təqdim edilsə də, nümayəndə heç bir səbəb göstərmədən və izahat vermədən aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında MMC 51466,34 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. MMC-nin rəhbəri X3 təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, Binə TM, mağaza 24 (11002) MMC-nin təsərrüfat subyektidir. Başqa digər yerdə malım, anbarım, saxlanc yeri yoxdur. Satdığı malların üzərinə 7 faiz ticarət əlavəsi qoyulur. MMC həftənin 7 günü olmaqla saat 09:00dan 18:00-dək işləyir. Hal-hazırda yolda olan malı yoxdur. Eyni zamanda MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da bildirmişdir ki, “alıcıların elektron qaimə tələb etməməsinə görə elektron qaimə təqdim etmirik”. Vergi Məcəlləsinin 13.2.63-cü və 13.2.62-ci maddələrinin tələbindən göründüyü kimi pərakəndə satış fəaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfakturası təqdim edilir, lakin topdansatış fəaliyyəti zamanı belə bir tələb yoxdur və malların alıcıya satışı (təqdim edilməsi) zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbiri keçirilən zaman aşkar edilmiş 514.663,42 manat məbləğində olan malların topdan olaraq elektron qaimə-faktura təqdim etmədən satıldığı və əldə olunan məbləğlərin nəzarət-kassa aparatı ilə rəsmiləşdirildiyi müəyyən edilmiş, yoxlama zamanı təqdim edilmiş 1 rulonun qiyməti və miqdarı ilə bağlı izahatdan da göründüyü kimi 2000 manatdan yuxarı məbləğ təxminən 8-9 rulon və 870 metr edir ki, bu da heç bir fərdi istehlaka uyğun olmayan rəqəmlərdir. Seçmə üsulu ilə MMC tərəfindən təqdim edilmiş kassa çəklərində malın sayının və vahidinin qiymətinin əks olunmadığı, beləliklə, satılan məhsulların miqdarının qeyri-müəyyən olduğu (məsələn: xx.xx.2020-ci il tarixli 548 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1000,0 manat, xx.xx.2021-ci il tarixli 2399 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1562,0 manat, xx.xx.2020ci il tarixli 1487 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 945,0 manat, xx.xx.2020-ci il tarixli 1404 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1.213,60 manat, xx.xx.2020-ci il tarixli 813 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1374,0 manat mədaxil olunmuş və s.), fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları Cəmiyyət tərəfindən satılmış malların son istehlak məqsədi daşımadığı müəyyən edilmişdir. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir.İddia ərizəsində də alıcıların malları son istehlak məqsədi üçün almadığı və satıcıdan elektron qaimə-faktura tələb edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi MMC tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 514.663,42 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7262/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda yeni malların pərakəndə satışıdır. Cəmiyət tərəfindən parça alışı və satışı həyata keçirilir. 514.663,42 manat məbləğində mal NKA-ya mədaxil edilmişdir. ƏDV hesablanmış, dövlət büdcəsinə ödənilmişdir. Satıcıdan elektron-qaimə tələb olunmadığı halda, malı təqdim etməkdən imtina edə bilmir. Təqdim edilən mallar kq-la satılmışdır. Digər tərəfdən operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrdə əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə keçirilən nəzarət tədbiridir. Qanununverici vergi nəzarəti tədbirini kameral və səyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, həmin yoxlamalardan fərqli olaraq operativ vergi nəzarəti tədbiri keçirilən vaxtda yalnız Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Lakin cavabdehin xx.xx.2020-ci il tarixdə tərtib olunmuş DVX 001123 saylı Aktınnın 2-ci səhifəsində qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunda yerləşən ərizəçi MMC-yə məxsus anbarda operativ vergi nəzarəti zamanı ümumi dəyəri 4874561,70 manat məbləğində malların e-qaimə faktura tərtib olunmadan satışının həyata keçirildiyi müəyyən olundu. Lakin aaktda satıldğı hüquq pozuntusu subyekti öz əksini tapmamışdır. Yəni, malların hansı vergi ödəyicisinə e-qaiməfaktura ilə satılmalı olduğu, lakin e-qaimə-faktura əsasında təqdim edilmədyi öz əksini tapmışdır. Lakin məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktdi əks etdirilmiş operativ vergi nəzarəti zamanı mal satışının həmin ümumi dəyəri xx.xx.2021-ci tarixdə NKA-dan əldə edilmiş hesabatda satış dövriyyəsi ilə təsdiq edilmədiyindən , həmçinin tədbirdən əvvəlki fəaliyyət dövrünə aid olduğundan iddia tələbinin uyğurluluq ehtimalı mövcudur. İddiaçı e-qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış hər hansı bir alıcının da e-qaimə faktura tələb etməsi də aşkarlanmamışdır. Odur ki, iddia tələbi ilə bağlı məhkənin verdiyi qərar qanunsuz və əsasızdır. Məhkəmə kollegiyasının iclasılarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi T.Məmmdov iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək şikayətin dəlilləri ilə razılaşmamış, eyni zamanda, operativ vergi nəzarəti həyata keçirlən ana qədər əvvəlki birillik dövr üzrə iddiaçının e-qaimə faktura təqdim edilmədən, NKA vasitəsilə malların topdan satışını həyata keçirdiyi ümumi dəyərinə görə ona Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə maliyyə sanksiyası tətbiq olunduğunu bildirmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə barəsində cavabdehin qəbul etdiyi əlverişsiz inzibati aktının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3799 nömrəli qərarının ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8828 nömrəli qərarına əsasən iddiaçıya məxsus olan obyektdə - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzi, Bazarın arxası, mağaza 24 ünvanında yerləşən parça mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Eyni zamanda, cavabdehin işə əlavə olunmuş “Operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 001566 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus həmin obyektdə (parça mağazasında) xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilərkən , 514663,42 manat məbləğində malların müştərilərə e-qaimə təqdim edilmədən, NKA (nəzarət kassa aparatı) vasitəsilə malların topdan satılması faktı aşkar olunmuşdur. İşə əlavə olunmuş, o cümlədən hazırkı mərhələdə məhkəməyə təqdim edilən sözügedən NKA-nın fiskal yaddaşının cədvəl formasında tərtib olunmuş məlumatlara əsasən müəyyən olunur ki, cədvəl göstəricilərində e-qaimə təqdim edilmədən satılan 514.663,42 manat məbləğində mallar xx.xx.2021-ci il tarixdən əvvəlki dövrdə, yəni, operativ vergi nəzarəti keçirilənə qədərki dövrdə NKA vasitəsilə, çek təqdim edilməklə satılmışdır. Cavabdehin hazırkı mərhələdə iştirak edən nümayəndəsinin izahatına əsasən də müəyyən olunur ki, mübahisələndirilən 514.663,42 manat məbləğində mallar operativ vergi nəzarəti tədbiri keçirilən qədər NKA vasitəsilə, ödəmə çeki təqdim olunmaqla satılan malların ümumi dəyərini təşkil etməsi mübahisələndirilmir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının tələbini rədd edərkən qeyd etmişdir ki, operativ vergi nəzarəti zamanı nəzarət kassa aparatı məlumatlarına əsasən xx.xx.2020 - xx.xx.2021-ci il tarixləri arasında malların alışının elektron qaimə faktura təqdim edilmədən nəzarət kassa aparatına vurulmaqla keçirilməsi halı müəyyən edilmişdir və bu halda vergi orqanı Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il ərzində vergi ödəyicisini həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb etməyə səlahiyyətli hesab olunur. Cavabdeh vergi orqanı 514.663,42 manat məbləğində NKA-ya mədaxil edilən malın 10 % dəyəri həddində maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Birincisi ona görə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə tətbiq edilən malların e-qaim-faktura ilə təqdim edilməməsinə görə maliyyə sanksiyası, operativ vergi nəzarəti tədbri anında deyil, həmin tədbir keçirlən dövrə qədər təqdim edilən malların ümumi dəyərindən (10 faizi miqdarında) hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə opearativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (50.1.1 - 50.1.14); “...50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi...” 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır:50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin qeyd olunan normalarının təhlili onu ehtiva edir ki, operativ vergi nəzarəti – həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən təbbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirlən bir nəzarət tədbiridir. Başqa sözlə, bu nə kameral, nə də səyyar vergi yoxlaması deyildir ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrü yoxlanılmış olsun. Vergi nəzarəti cari, yəni, bu tədbirin faktiki olaraq həyata keçirildiyi dövrə münasibətdə vergi ödəyicisinin fəaliyyətinə nəzarət edilməsidir. İkinci bir tərəfdən, iddiaçının əsas fəaliyyət növü kimi vergi orqanında “ixtisaslaşdırılmış pərakəndə satış” fəaliyət qeydiyyata alınmışdır. İddiaçı tərəfindən mallar ona məxsus obyektdə vergi orqanında uçotda olan nəzarət-kassa aparatı vasitəsilə alıcılara təqdim edilmişdir. Deməli, vergi orqanı mübahisələndirilən dövrdə, yəni, operativ vergi nəzarəti tədbiri keçirilməmişdən xeyli əvvəl iddiaçı tərəfindən malların e-qaiməfaktura təqdim edilmədən, iri partiyalarla nəzarət kassa aparatı vasitəsilə satışının həyata keçirdiyini bilirdi və ya, ən azından bunu bilməli idi. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrində nəzərdə tutulan fərqləndirci əlamətlərə gəldikdə isə, qanunverici burada pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, Məcəllənin 13.2.63-cü maddəsinə əsasən “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 13.2.63-cü maddəsinə əsasən isə “topdansatış” – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətdir. Göründüyü kimi, ikincini birincidən fərqləndirələn cəhət satışın hansı məqsədlə həyata keçirilməsi ilə əlaqəlidir. Daha konkret, ikinci halda malların satışı sahibkarlıq məqsədlərini ehtiva edir. Konkret halda isə cavabdeh orqan tərəfindən bu istiqamətdə araşdırma aparılmamış, mübahisələndirilən dövrdə təqdim edilən malların sahibkarlıq məqsədi ilə alınmasını və realizə olunub-olunmasına aydınlıq gətirilməmişdir. İstinad olunan nəzarətkassa aparatı çekləri ilə satılan malların hansı məqsədlə alındığını müəyyən etməmişdir. Ən azından nə mübahisələndirilən aktda, nə də ki həmin akta əsasən qəbul edilən qərarda müvafiq əsaslandırma mövcud deyildir. İddia ərizəsinə etirazından isə görünür ki, cavabdeh tərəfindən öz mülahizə və gümanlarına istinad olunur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Beləliklə də qeyd olunalar onu deməyə əsas verir ki, cavabdeh vergi orqanının mübahisələnldirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3799 nömrəli qərarı qərarı ilə ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən iddiaçı barəsində maliyyə sanksiyasınn tətbiq olunması əsassızdır. Eyni hallara dair baxılın işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə də vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyaları əsassız hesab olunmuşdur (Məhkəmə qərarlar işə əlavə olunur). Beləliklə də mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (14.1). Belə olan halda həmin qərar iddiaçının hüquqlarını pozmuş olur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddianın təmin olunması barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdlir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-2- 1(112)-7262/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3799 nömrəli qərarının ləğv edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7262/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı MMC-nin iddia tələbi təmin edilsin. Cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3799 nömrəli qərarı ləğv edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1789/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1789/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver