Məhkəmə qərarları › İş №2-1(103)-1789/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1789/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1789/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və xidmətə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12485/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyata buraxılmasına dair X4 23 avqust 2022-ci il tarixli, 0135 gm nömrəli əmrinin ləğv edilməsinə və onun hərbi xidmətə bərpa olunmasına dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12485/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 12 iyul 2010-cu ildən ailə həyatı qurmuş, 2 azyaşlı övladı var. Həyat yoldaşı X10 narkotik maddələrin istifadəsi ilə məşğul olmuşdur. İyun ayının əvvəlində iddiaçını döyərək bu maddələri qəbul elətdirmiş, ona işgəncələr vermişdir. Onu ərazidə tanımayan yoxdur. Polisə dəfələrlə şikayəti nəticəsiz qalmış və sonradan boşanacağını bilib iddiaçının işlədiyi hərbi hissəyə gəlmiş və iddiaçının guya narkotik istifadəçisi olduğunu demiş, hərbi hissənin rəhbərliyi birlikdə işlədiyi bütün hərbçi xanımları analiz verməyə aparmış, iddiaçının qanında maddə çıxmışdır. Bu, əsas gətirilərək işdən çıxardılmışdır. Sonradan işinə bərpa olmaq istəsə də, bu, mümkün olmamışdır. Faktiki olaraq iş üzrə Bakı İnzibat Məhkəməsinə müraciət etmişdir. İddiası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və xidmətə bərpa edilməsi olsa da, hakim onu və ortadakı faktları görməzdən gələrək iddia tələbini rədd etmişdir. Şikayəti odur ki, ailəlidir, 2 azyaşlı övladı var ki, indi qapılarda qalır, 10 yanvar 2022-ci il tarixli qərarla həyat yoldaşından boşanmışdır. İddiaçı 17 ilin hərbi qulluqçusudur və xidməti dövründə heç bir narkotik maddənin qəbulu ilə məşğul olmamışdır. Müdafiə Nazirliyi başsız qadını, son 2 ildə həyat yoldaşı narkotik istifadəçisi olan, işgəncə görən, ölümlə hədələnən, polisə şikayət edib işinə baxılmayan qadını əzərək ondan qisas almaqla məşğuldur. İşlə bağlı müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh tərəf olan Müdafiə Nazirliyi onun işə qayıtmağı ilə bağlı iddia tələbinə etiraz etmiş və həmin etiraz məhkəməyə təqdim olunmuşdur. 1-ci növbədə bu hadisələr davam etdiyi müddətdə tək bir analizdən başqa digər analizlərinin cavabı təmiz çıxmış, onun qanında maddə aşkarlanmasa da etiraz edən Nazirliyin nümayəndəsi iddia edir ki, guya iddiaçı bunu qəbul edəndən sonra özünü müalicə edərək analizlərin cavablarının təmiz çıxmasına çalışmışdır. Qeyd edir ki, uzun müddət keçdiyinə görə baş verib. Əgər iddiaçı bunun istifadəçisi olsaydı, heç 15 günü də dözə bilməzdi. Halbuki bu, ağ yalandır. Sadəcə bir xanımı günahkar çıxarmaq başlıca amildir. 2-ci məsələ odur ki, guya iddiaçı ailəsində baş verən problemi gəlib hərbi hissədə danışmalı idi. Lakin cavabdeh tərəf başa düşmür ki, ailə müqəddəsdir, toxunulmazdır. Balalarına xatir, ailənin dağılmamasına görə buna dözüb durmuşdu. Hadisə olanda belə o, korpus komandirinin qəbuluna girə bilmədi. Hamıya dedi ki, onu qəbul etsin, günahkar belə olsaydı da onun vəzifə borcu idi ki, onu dinləsin, amma dinləmədi. Bütün hərbçilərlə söhbət aparılmalı, hansı problemləri var öyrənilməli olsa da heç vaxt bununla maraqlanan olmayıb. 3-cü etirazı odur ki, guya iddiaçı dəfələrlə xidmət qaydasını pozmuş və töhmət almışdır. Amma əsl səbəbi özünə xas şəkildə əsaslandırıb. Səbəb o idi ki, yoldaşı narkotiki qəbul edəndə onu işə getməyə qoymurdu, qapını bağlayıb çıxıb gedirdi. Hətta onun xidməti vəsiqəni korlamağı ilə bağlı töhməti göstərir. Amma bilmir ki, iddiaçı bu barədə polisə müraciət etmişdir ki, keçmiş həyat yoldaşı onun xidməti vəsiqəsini korlamışdır. Faktiki olaraq Səbail rayonu 8-ci polis bölməsində keçmiş həyat yoldaşı Səfərov Samir barəsində araşdırma gedir. Belə ki, iddiaçını məcburi narkotik vasitəni qəbul etdirməsi faktı araşdırılır. Bütün bu sübutlara rəğmən hakim iddia tələbini rədd edərək cavabdeh tərəfin maraqlarına xidmət göstərdi. Faktiki olaraq aşkar surətdə köməksiz qaldığı üçün yoldaşı bıçağı qarın nahiyəsinə dirəyərək onu məcbur etmişdir ki, bu maddəni qəbul etsin, lakin qanunlar onu haqlı çıxardı. Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə doğulmuşdur. İş materillarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 5 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən gizir İddiaçı Nazim qızı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-X4 31 avqust 2021-ci il tarixli, 010 gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün telefon taqımının, kompleks rabitə aparatxanasının aparat rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Pircan kəndi) gəlmiş hesab edilmiş, 17 sentyabr 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına və qəbuluna başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 12N nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən xidmət yerinə üzürsüz səbəbdən gəlmədiyinə görə hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspediləsi bölməsinin rəisi vəzifəsində xidmət edən gizir İddiaçı şiddətli töhmət elan olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 123 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən xidmət yerinə üzürsüz səbəbdən gəlmədiyinə görə hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspediləsi bölməsinin rəisi vəzifəsində xidmət edən gizir İddiaçı töhmət elan olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 148 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən hərbi qulluqçularının hərbi biletinin qorunub-saxlanılmasına düzgün yanaşmadığı üçün gizir İddiaçı Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 58-ci maddəsinin tələblərinə əsasən şiddətli töhmət elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1814/K nömrəli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:20-də İddiaçı götürülmüş sidik nümunəsinin tərkibində 9-tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Bu preparat çətənə bitkisindən alınan marixuana, həşis və həşis qətranı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi“ X16 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 2997 №-li aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:30-da İddiaçı Nazim qızından götürülmüş sidikdə opiy gr-na aid olan narkotik maddələr aşkar olunmadı. Opi (-) mənfi, Anip (-) mənfi, BZO (-) mənfi, COC (-) mənfi, TML (-) mənfi, THC (-) mənfi, MTD (-) mənfi aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 X11 X6 xx.xx.2022-ci il tarixli, 4756 №-li rəyin surətindən görünür ki, halhazırda müayinə zamanı İddiaçı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı İddiaçı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan West Hospital tərəfindən xx.xx.2022-ci il tarixli narkotik panelin nəticəsindən görünür ki, İddiaçı MOP, THC, TML, MET, MTD göstəricilərin nəticəsi neqativdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, sabiq hərbi qulluqçu gizir İddiaçı xx.xx.2021-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, bir hərbi qulluqçu kimi göstərmişdir. Sabiq hərbi qulluqçu gizir İddiaçı hərbi hissədə xidmət etdiyi müddət ərzində yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqlara qarşı laqeyd yanaşmış, xidmət müddəti ərzində problemlərinin olduğunu bildirib, dəfələrlə icazə alaraq xidmətdən yayınmışdır. Sabiq hərbi qulluqçu gizir İddiaçı döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində iştirak etsə də bilik və bacarığı aşağı səviyyədə olmuşdur. Ona tutulmuş nöqsanlardan nəticə çıxartmamış, xidmətində dönüş yaratmamışdır. Sabiq hərbi qulluqçu gizir İddiaçı 2022-ci il iyun ayında məhkəmə tibbi ekspertizası keçirilmiş və ondan götürülmüş sidik nümunəsinin tərkibində 9-Tetra-hidro kannabinol adlı maddə aşkar olunmuşdur. Şərəf məhkəməsində dinlənilmiş və ordu sıralarından “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən “xidməti uyğunsuzluğa görə” ehtiyyata buraxılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin gizir hərbi qulluqçularının şərəf məhkəməsinin 16 iyul 2022-ci il tarixli, N nömrəli protokolundan çıxarışdan görünür ki, hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi vəzifəsində xidmət edən gizir İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 təqdim olunmuş AKT № 1814/K əsasən sidik nümunəsinin tərkibində 9-tetra-hidro kannabinnal adlı maddə aşkar edilmişdir. Stasionar rabitə qovşağının informasiya texnologiya sistemləri bölməsinin rəisi kapitan X3 tərəfindən yazılmış raporta əsasən hərbi hissə komandirinin qərarı ilə şərəf məhkəməsində işinə baxılmışdır. Çıxış edənlər gizir İddiaçı xidmətə laqeyd və şəxsi intizamsızlığına görə “Xidmətə uyğunsuzluğa görə Azərbaycan Respublikası Ordu sıralarından ehtiyata buraxılmasını” təklif etmişlər. Gizir İddiaçı bütün göstərilən nöqsanlar ilə razı olduğunu və özündən dönüş yaradacağını, bir daha nalayiq hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materialarında olan N nömrəli hərbi hissənin gizir hərbi qulluqçularının şərəf məhkəməsinin 16 iyul 2022-ci il tarixli, N nömrəli qərarından çıxarışdan görünür ki, hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi gizir İddiaçı nizam-intizamsız, onun hərbi xidmətə olan laqeyd olan münasibətini, narkotik vasitələrdən istifadə etməsini, bu kimi halların şəxsi heyətə mənfi təsir etməsini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 244 №-li əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən hərbi hissənin stasionar rabitə qovşağının, yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi gizir İddiaçı Müdafiə nazirinin müavini-X4 23 avqust 2022-ci il tarixli, 0135 gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 27 avqust 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə göndərilmişdir. Gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmrinə əsasən 2021-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Gizir İddiaçı, 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2022-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2022-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ilə təmin olunub. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel 2020-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın: 8.1-ci yarımbəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməlidir; 10-cu yarımbəndinə əsasən davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçunun şərəf məhkəməsində dindirilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetninin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1ci hissəsinin 10-cu bəndinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr məhdudiyyətə aid edilmişdir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-X4 31 avqust 2021-ci il tarixli, 010 gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün telefon taqımının, kompleks rabitə aparatxanasının aparat rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:20-də İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 müayinə olunmuş və həmin mərkəz tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1814/K nömrəli akta əsasən ondan götürülmüş sidik nümunəsinin tərkibində 9-tetra-hidro kannabinol adlı maddə çətənə bitkisindən alınan marixuana, həşis və həşis qətranı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddə aşkar olunmuşdur. Bununla bağlı məsələ N nömrəli hərbi hissənin gizir hərbi qulluqçularının şərəf məhkəməsində dinlənimiş və şərəf məhkəməsinin 16 iyul 2022-ci il tarixli, N nömrəli qərarı ilə hərbi hissənin stasionar rabitə qovşağının yazılı məlumatların elektron mübadiləsi bölməsinin ekspedisiya rəisi gizir İddiaçı nizam-intizamsız, onun hərbi xidmətə olan laqeyd olan münasibətini, narkotik vasitələrdən istifadə etməsini, bu kimi halların şəxsi heyətə mənfi təsir etməsini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Bundan sonra iddiaçı Müdafiə nazirinin müavini-X4 23 avqust 2022-ci il tarixli, 0135 gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Mübahisələndirilən əmrin əsasını iddiaçının tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. İddiaçı özü də ondan xx.xx.2022-ci il tarixdə götürülmüş nümunədə narkotik vasitənin aşkar edilməsini inkar etmir, eyni zamanda tibbi müayinə zamanı həmin tarixdə iddiaçıdan götürülmüş sidik nümunəsinin tərkibində narkotik maddənin aşkar olunması öz təsdiqini tapmışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12485/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar