Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1789/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4885/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərə verərək Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Nizami rayonu ərzisindən ayrılmış sahəsi 600 kv.m olan 12 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir (İPM m 34.1). İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X2 üzvlərinin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Belə ki, siyahıda adı qeyd olunan vətəndaşlardan biri də İddiaçıdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 2022-ci il tarixli sərəncamından çıxarışa əsasən ünvan 3 ünvanında yaşayan İddiaçı sahəsi 600 kv.metr olan 12 nömrəli torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsindən de facto olaraq 1995-ci ildən etibarən istifadə etsə də, de yure 2002-ci il tarixli sərəncam qəbul edildiyi tarixdən ondan istifadəni davam etdirir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə bütün qanuni ödənişləri həyata keçirir. İddiaçı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət edərək ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixindən sonra fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyət orqanlarının səlahiyyətləri xaricindədir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq ona bildirilmişdir ki, 01 yanvar 2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********95 saylı, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini bildirən dəqiq yerləşmə cizgisi təqdim edilməmişdir. Sənədlər toplusuna əlavə edilən yerləşmə cizgisində isə perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 230 kv.m. hissəsi yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4885/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Nizami rayonu ərzisindən ayrılmış sahəsi 600 kv.m olan 12 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 230m2 hissəsi yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. 01 yanvar 2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Torpaq sahəsinin yerləşməsini bildirən dəqiq yerləşmə cizgisi təqdim edilməmişdir. Sənədlər toplusuna əlavə edilən yerləşmə cizgisində isə perimetrik ölçülər qeyd olunmamıçdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Yeganlı apellyasiya şikaytinə uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmdən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitsilə, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Nizami rayonu ərzisindən ayrılmış sahəsi 600 kv.m olan 12 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdehin apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, ilk öncə sərəncamı qəbul edən orqanın müvafiq səlahiyyətə malik olmadığı, daha sonra isə yerləşmə cizgisinin mövcud olmadığı mübahisələndirilmişdir. İPM-in 82-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin şikayətinin mübahisələndirilən dəlilləri həddində baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü...; İş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün Qanun qeyd olunan tələblərində göstərilən əsaslar mövcuddur. Belə ki, Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamına əsasən, X1 idarə heyətinin rəhbərliyinin xx.xx.2002-ci il tarixli 062 No-li məktubu nəzərə alınaraq, o cümlədən, həmin biriyin üzvü İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış ərazidə, 600 kv.metr olan 12 nömrəli torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023cü il tarixli 3- 48-2F/2-01411/2023-cü il tarixli məktubu ilə məhkəməyə iddiaçı barəsində arxivdə saxlanılan Nizami İH-nin arxiv fondu üzrə 29 avqust 2002-ci il tarixli, 373 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı, həmin sərəncam üzrə cizgi sənədi, X2 həmin ərazidə inşa edilmiş tikililərin sənədələşdirilməsinə dair 11 iyul 2002-ci il tarixli 062 nömrəli məktubu və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 04 iyul 2002-ci il tarixli 7-2283/17 nömrəli razılıq məktubunun təsdiq olunmuş kserosurətləri məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, X2 idarə heyətinin müraciəti əsasında mübahisəli sərəncam qəbul edilmiş və Birliyin üzvülərinə, o cümlədən iddiaçıya dövlət torpaq fondundan fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış və ayrılan torpaq sahəsininyerini müəyyən etməyə imkan verən ümumi xəritə-planı da tərtib olunmuşdur. İşə əlavə olunmuş xx.xx.2023-ci il tarixli **********59 nömrəli mütəxəssis rəyindən də məhz, görünür ki, həmin sahə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətidir. Başqa sözlə, mübahisəli torpaq sahəsinin bələdiyyə torpaqlarına heç bir aidiyyatı yoxdur. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hisəsi ilə də məhz, ləbinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Eyni zamanda, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi nəzərdə tuturdu ki, - “... müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq;, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək; torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək; qanunla müəyyən edilmiş qaydada məhkəmədənkənar torpaq münasibətlərini həll etmək və müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək - icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir...” Qanunvericiliyin qeyd olnan tələbləri baxımından, iddiaçı mübahisələndirən sərəncamla o cümlədən iddiaçıya iddia edilən torpaq sahəsini iddiaçıya ayırmaqda tam səlhiyyətli olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami bələdiyyəsinə ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə yerli vergilərin ( büdcəyə vergilərinin) ödənişləri də vaxtlı-vaxtında həyata keçirilir. Digər tərəfdən, iş materiallarına əsasən müəyyən olunur ki, həmin ərazidə , X1 “M.N.A” adında başqa bir üzvünə ayrılan torpaq sahəsi onun mülkiyyət hüququ ilə reyestrdə qeydə alınmasının cavabdeh qeydiyyat orqanına həvalə olunması barədə qanuni qüvvəsini almış məhkəmə qərarı da mövcuddur (Ali Mhəkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-130/2023 saylı qərarı) . Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi isə nəzərdə tutur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4885/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4885/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1789/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1789/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver