Məhkəmə qərarları › İş №2-1(103)-1789/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1789/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1789/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Ərizəçi Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “köşkün götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6739/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsinə aid və ona məxsus 1 nömrəli mənzilin pəncərəsinin qarşısında olan köşkün götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6739/2024 saylı qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 1 nömrəli mənzilin pəncərəsinin qarşısında olan köşkün hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdeh Suraxanı RİH-ə göndərilmişdir. Ərizəçi Maraqlı şəxs ərizə ilə müraciət edərək, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən köşk ərizəçiyə məxsusdur. Qəbul edilmiş qərar onun iştirakı olmadan çıxarıldığından hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6739/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim T.Məlikov) ərizəçi Maraqlı şəxs ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6739/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, onun üçüncü şəxs qismində işə cəlb olunmağı barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs İ Qarabağ və Əfqanıstan müharibəsi veteranı olmaqla Azərbaycan Respublikası Qarabağ və X1 Birliyinin üzvüdür. Həmin, ünvan 2 ünvanında, 9 mərtəbəli yaşayış binasının yanında yerləşən və sahəsi 10 kv.metr olan bərbər köşkü 2005-ci ildən Qarabağ və X1 Birliyinin balansında olmaqla, maddi vəziyyətinin ağır olduğu nəzərə alınaraq, ailəsinin dolanışığının təmin edilməsi üçün ona verilmişdir. Həmin köşkə dair onunla Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi arasında 10/95 saylı, 07 aprel 2010-cu il tarixli icarə müqaviləsi rəsmiləşdirilməklə, o yerli büdcənin vergi ödəyicisi kimi qeydiyyata alınaraq bu barədə adına müvafiq şəhadətnamə verilmiş, həmçinin köşk 2016-cı ilin yanvar ayından "xxxx" ASC tərəfindən elektrik təchizatı ilə təmin edilməklə, adına elektrik sayğacı da quraşdırılmışdır. İddiaçı ona məxsus olan ünvan 2 ünvanında, 9 mərtəbəli yaşayış binasının yanında yerləşən bərbər köşkünə dair hazırki iddia tələbilə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmaması belə işə baxan məhkəmə tərəfindən araşdırılmadığından və qanunsuz olaraq onun 3-cü şəxs qismində işə cəlb olunmağı barədə ərizəsi təmin edilmədiyindən hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarına əsasən inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 №-li, xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Həmin qərardadın 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. Həmin qərardadın 37-ci bəndinə əsasən hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Qeyd olunan qərardadın 38-ci bəndinə əsasən cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Beləliklə, şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6739/2024 saylı qərarında mübahisə predmeti olan köşkə dair hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən sözügedən qərarın onun qanunla qorunan hüquq və maraqlarına toxunması müəyyən edilmir. Ərizəçinin təqdim etdiyi sənədlər (Qaraçuxur bələdiyyəsinin tərəfindən verildiyi bildirilən yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surəti, "xxxx" ASC tərəfindən ərizəçinin müraciətinə cavab olaraq verilmiş məktub) və məhkəmə iclasında bildirdiyi faktiki hallar onun hazırkı iş üzrə üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında cəlb edilməsinə əsas vermir. İşin hallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 1 nömrəli mənzilin pəncərəsinin qarşısında olan köşkün hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Ərizəçi mübahisə predmeti olan köşkün 2005-ci ildən Qarabağ və X1 Birliyi tərəfindən ona verildiyinə istinad etsə də, bununla bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş Qaraçuxur bələdiyyəsi tərəfindən Maraqlı şəxs verilmiş Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, ərizəçi Bakı şəhəri, Yeni Günəşli “AB” y/s, ev 123, qarşısı (şimalı) köşklə bağlı 190412255EAZ nömrəsi yerli vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Cıdır döngəsi, ev 1-də yaşayan Maraqlı şəxs ünvanlanmış 13 yanvar 2016-cı il tarixli, x-16/0013 nömrəli məktubda qeyd edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “AB” y/s, ev 123 saylı obyektin elektrik təchizatının yeraltı kabel xətti vasitəsilə mövcud sxemlə yerinə yetirilməsinə "xxxx" ASC etiraz etmir. Bununla əlaqədar "xxxx" ASC-dən istismara buraxılma aktı alınmalı və "xxxx" ASC ilə yeni enerji alqı-satqı müqaviləsi bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizənin rədd edilməsinin bir-sıra əsasları mövcuddur ki, ilkin olaraq ərizəçinin köşk ilə bağlı hüquqlarının mövcud olub-olmaması barədə aşağıdakılar qeyd edilməlidir. Belə ki, ərizəçinin köşk ilə bağlı nə mülkiyyət hüququ, nə də digər əmlak xarakterli hər hansı hüququ mövcud olmadığından onun qorunmasından, onun pozulmasının təminatından söhbət gedə bilməz. Ərizəçinin istinad etdiyi Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi ilə bağlanmış xx.xx.2010-cu il tarixli icarə müqaviləsi isə onunla deyil X4 adlı şəxslə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə də müəyyən edilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ərizəçinin isə həmin əmlaka heç bir hüququ mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, əgər hüquqmüəyyənedici sənəd yoxdursa, deməli hüquq da yoxdur, hüquq mövcud deyildirsə onun qanunla qorunmasından da söhbət gedə bilməz, qanunla qorunan hüquqi marağın mövcud olmaması isə yuxarıda göstərilən qanunvericilik aktlarında zəruri cəlbetmə üçün zəruri şərt kimi qanunla qorunan marağın mövcud olmamasına dəlalət edir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının mahiyyəti ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 1 nömrəli mənzilin pəncərəsinin qarşısında olan köşk üzərində hər hansı hüquqların tanınması deyil, yalnız sözügedən köşkün yerinin dəyişdirilməsindən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6739/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar