Məhkəmə qərarları › İş №2-1(103)-179/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-179/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-179/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı X1 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4429/2020 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyətini və xx.xx.1991-ci il tarixdən bu günədək güzəştli şərtlərlə pensiya hüququ verən sosial sığorta stajı nəzərə alınmaqla onun barəsində güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur. O, əmək pensiyasının təyin edilməsi ilə bağlı Sumqayıt ASAN Xidmət Mərkəzinə müraciət etmiş, lakin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsindən imtina məktubu almışdır. Bütün sənədlər təqdim edilməsinə baxmayaraq, imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. x xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası əsassız və qanunsuzdur, qanuni həqiqəti əks etdirmir. Belə ki, o, x xxx 1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra dərhal əmək fəaliyyətinə başlamış, müxtəlif peşələrdə çalışmışdır. xx xxxxxx 1981- ci il tarixdən bu günədək güzəştli şərtlərlə pensiya hüququ verən qaz qaynaqçısı peşəsində işləmişdir. Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 8.1.1-ci kimya istehsalatı bölümündə butadien, spirtlər, kauçuk və 35-ci ümumi peşələr bölümündə qaz qaynaqçılarının bu hüquqlarının olduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində qeyd olunur ki, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-821/2020 saylı qərardadı ilə iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-4429/2020 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçı X2 onun 1979 – 1991-ci illərdəki hərbi xidmət dövrü və iş stajı sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yenə həmin qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçıya məxsus xx xxxxxx 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan onun 1991-1995-ci illərdəki əmək fəaliyyətini təsdiq edən arxiv arayışları İdarəyə təqdim olunmamışdır. Bu səbəbdən də həmin dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən az təşkil edir, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan vermir. Həmçinin, məhkəmə qərarında iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasınn təyin edilməli olduğu qeyd olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə qərarının nəticə hissəsində hansı tarixdən, neçə yaşdan pensiyanın təyin olunması qeyd olunmayıb. Bundan başqa, məhkəmə 12 il 6 ay xüsusi stajın olmasını qəbul edirsə, bu güzəştli arayışlarla öz təsdiqini tapmalıdır. 7 fərqli arayış var. 2006-cı ilə qədər xüsusi stajı təsdiq edən arayışlar xx xxxxxxx 2005-ci ildən xx xxxxxx 2005-ci ilə qədər olan, xx xxxxxx 1995-ci ildən xx xxxx 2002-ci ilə qədər olan və xx xxxxx 2002-dən xx xxxxxxx 2005-ə qədər olan arayışlardır ki, həmin arayışlarda da ya 1 saylı Siyahıya, ya da 2 saylı Siyahıya istinad olunub. 1991-95-ci illərlə bağlı apellyasiya şikayətinin dəlilini də müdafiə edirik. Əmək kitabçasında bəzi düzəlişlər olunub. Ona görə şübhə yaranıb, arxiv arayışları tələb olunub, həmin dövr təsdiqini tapmayıb. xx xxxxxxx 2005-ci ildən xx xxxxxx 2005-ci ilə qədər olan arayışda 1 nömrəli Siyahıya istinad olunub. Bu arayışı mübahisələndirirlər. xx xxxxxx 1995-ci ildən xx xxxx 2002-ci ilə qədər olan dövrü əhatə edən arayışla razılaşmaq olar, 2 nömrəli Siyahıya istinad olunub, kod göstərilib. Bununla da 12 il 6 ay tamam olmur. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 1995-ci ildən bu günə qədər də Təmir-Tikinti İdarəsində qaz qaynaqçısı işləyir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmə kollegiyası tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında həmçinin, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyətinin, 1991-1995-ci illlərdə X10 Ordenli 1 nömrəli Trestin 16 nömrəli Tikinti İdarəsində işlədiyi dövrün iş stajına daxil edilməklə, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə xx.xx.2020-ci il tarixli 2-1(103)- 1766/2020 saylı qərardadla icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Hər şeydən öncə kollegiya qeyd edir ki, işdən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına nail olmaqdır. Lakin iddiaçının ilkin tələbindən görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş edərkən qeyri-dəqiqliyə yol vermiş və bu hal birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək tələbini dəqiqləşdirmək təklif edilmiş və iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yuxarıda qeyd edilən tələbi irəli sürmüşdür. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, 1977- 1980-ci illərdə X10 ordenli Oktyabr İnqilabı adına Bakı Neft Texnikumunda təhsil almış və ona həmin Texnikumun DİK-ın xx xxxx 1980-ci il tarixli qərarı ilə “texnik-hidrogeoloq” ixtisası verilmişdir. O, xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, xx xxx 1980-ci il tarixdən xx xxxxx 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 1991 – 1995-ci illərdə X10 Ordenli 1 nömrəli Trestin Tikinti İdarəsində müxtəlif peşələrdə çalışmışdır. xx.xx.1995ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunda qaz qaynaqçısı vəzifəsində çalışmışdır. Hazırda da qaz qaynaqçısı peşəsində çalışır. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən X3 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, ərizəçinin x xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində 1991-1995-ci illərdəki əmək fəaliyyətini təsdiq edən arxiv arayışlarının idarəyə təqdim olunmadığından həmin dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsinin mümkün olmamasına, bundan əlavə ümumiyyətlə iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etməsinə istinad etmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçının xx xxxxxx 2006-cı ilədək texnikumda təhsil illəri, hərbi xidmət dövrü və əmək kitabçasında göstərilən iş dövrləri də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı, həmçinin 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər– istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin İ – Vİİ hissələrinə müvafiq olaraq hesablanır. Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Kollegiya qeyd edir ki, iddiaçı X1 əmək kitabçasındakı qeydlərin (xx.xx.1979xx.xx.1991, həmçinin 1991-1995-ci illər üzrə əmək fəaliyyətinə dair) həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Eləcə də, həmin qeydlərin həqiqiliyinin hər hansı arayışla sübut olunması vəzifəsi də inzibati icraatda ərizəçinin üzərinə qoyula bilməz. Həmin halları əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması “İnzibati icraat haqqında” AR Qanununun 15 və 19-cu maddələrinin tələblərinə ziddir. Odur ki, iddiaçının əmək kitabçasındakı qeydlər əsasında qanunla müəyyən edilmiş həddə sığorta stajı toplanmış olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Kollegiya qeyd edir ki, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının iş stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. 2 nömrəli siyahı üzrə iddiaçının işlədiyi peşələr 33-cü bölmənin (“Ümumi peşələr) “qaz qaynaqçısı” (23200000-11620) peşəsinə uyğundur. Beləliklə də iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı X1 xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti, 1991-1995-ci illlərdə X10 Ordenli 1 nömrəli Trestin 16 nömrəli Tikinti İdarəsində işlədiyi dövr iş stajına daxil edilməklə, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-4429/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı X1 xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti, 1991- 1995-ci illlərdə X10 Ordenli 1 nömrəli Trestin 16 nömrəli Tikinti İdarəsində işlədiyi dövr iş stajına daxil edilməklə, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apelyasiya Məhkəməsi (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar