Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-179/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 16 saylı Şəhər Poliklinikasına qarşı “88 formalı göndərişin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 16 saylı Şəhər Poliklinikasına qarşı “88 formalı göndərişin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 16 saylı Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı1 şəkərli diabet İİ tip dioqnozu ilə xx.xx.2015-ci ildən Yasamal rayonu 16 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır. İddiaçı2 1993-cü ildən travmatik mənşəli ensefalopatiya xəstəliyi ilə Psixonevroloji Dispanserdə qeydiyyatdadır və 16 saylı şəhər poliklinikasının həkim psixiatrının xx.xx.2018-ci il tarixli rəyinə əsasən o, həqiqətən də psixiatrın qeydiyyatındadır. İddiaçılar İddiaçı1 və İddiaçı2 onların müvafiq diaqnozları nəzərə alınaraq əlillik dərəcəsinin təyini və dərman təminatı ilə bağlı Bakı şəhər 16 saylı Şəhər Poliklinikasına müraciətlər etmişlər. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, iddiaçılar hər ay imtiyazlı aptek tərəfindən şəkərsalıcı dərman preparatları ilə təmin olunur və onlara təyin edilmiş diaqnozlar Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarında nəzərdə tutulmamışdır. Bu səbəbdən Tibbi Sosial Ekspert Komissiyasına göndərişə əsas yoxdur. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 16 saylı Şəhər Poliklinikasından “88 formalı göndərişin göndərilməsi”ni tələb edirlər. İddianın əsaslandırılması: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarının tələbləri pozulub. Belə ki, iddiaçılar xəstəlikləri ilə əlaqədar 16 saylı poliklinikanın baş həkiminə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi ilə bağlı 30 mart 2019-cu ildə ərizə ilə müraciət etmişlər. Lakin poliklinikanın baş həkimi onların xəstəlikləri ilə bağlı funksional, diaqnostik, laborator, ambulator, stasionar müayinələrlə bağlı lazımi arayışların poliklinikada qeydiyyat kartasında olmasına baxmayaraq göndərişin verilməsi qaydalarına riayət etməyərək qanunsuz olaraq göndərişin verilməsindən imtina etmişdir. İddiaçılara qoyulmuş diaqnozlar Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarın 2.2.1, 2.2.6, 2.2.7, 2.2.9, 2.2.11-ci bəndlərinə uyğundur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına əsasən 16 saylı Şəhər Poliklinikasının həkimlərin rəyi və xəstəxananın yazdığı çıxarışlarda göstərilən diaqnoza əsasən xəstəliyin ağırlaşması və fəsadlaşması olmadığı üçün, 16 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi əsassız hesab edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıların əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göstərilən əsaslar yoxdur. Belə ki, məhkəmə T 36/2021 nömrəli ekspert rəyinə (iş v. 101-105) istinad edərək qeyd etmişdir ki, iddiaçıların xəstəlikləri və xəstəliklərinin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanuna zidddir. Belə ki, məhkəmə xx.xx.2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində məhkəməyə cəlb edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Ali Nəzarət Komissiyasına) əyani tibbi- sosial ekspertiza müayinəsindən keçmələrini və onlarda hər hansı bir xəstəlik aşkar edilib-edilməməsi ilə bağlı rəy verilməsini həvalə etmişdir. Onların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətində Ali Nəzarət Komissiyası tərəfindən əyani müayinədən keçmələrindən 8 ay keçdiyinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti (Ali Nəzarət Komissiyası) əyani müayinənin nəticələrini məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 63.2 maddəsinə görə ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə məhkəmə iclasına gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borclu idi. Lakin məhkəmə bu qanunvericiliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Ali Nəzarət Komissiyası) tətbiq etməmiş və əvəzində iş üzrə maraqlı, cavabdeh Səhiyyə Nazirliyinin tabeliyində olan Məhkəmə-Tibbi Ekspertizası və X3 təkrar tibbi ekspertizadan keçirilmələrini həvalə edərək bu barədə xx.xx.2020-ci il tarixli qərardad qəbul etmişdir. Qərardadda məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulan suallardan biri də xəstəliklərinin onlara hər hansı bir qrup əlillik verilməsi üçün əsas olub-olmaması olmuşdur. Əlilliyin qiymətləndirilməsi səlahiyyətinə malik olmayan və iş üzrə maraqlı olan cavabdeh tərəfin tabeliyindəki bir qurum qarşısında hansı qanunvericiliyə əsasən belə sual qoyulur? Bundan əlavə məhkəmə bu sualla iddia tələbini nə əsasla dəyişərək başqa səmtə yönəldir? İddia ərizəsində onlar məhkəmədən tibbi-sosial ekspertiza müayinəsinə göndərişin forma 88 verilməsi barədə qərar qəbul etməyi xahiş etmişlər, hər hansı bir qrup əlillik dərəcəsinin verilməsini yox. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qanunvericiliyə əsasən ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə və səlahiyyətə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. 04 dekabr 2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə qədər uzanan məhkəmə iclaslarına nə Bakı Baş Səhiyyə idarəsinin, nə də Səhiyyə Nazirliyinin nümayəndələri gəlməmiş və bu müddət ərzində onlar tərəfindən iddia ərizəsinə heç bir etiraz bildirilməmişdir. 16 saylı poliklinikanın nümayəndəsi də xx.xx.2021-ci il tarixli yekun məhkəmə baxışı istisna olmaqla 3 il surən məhkəmə iclaslarında iştirak etməmişdir. Hakim qərarında 16 saylı poliklinikanın iddia tələbinə təqdim etdiyi etirazında xəstəliklərinin ağırlaşması və fəsadlaşması olmadığı üçün (ağırlaşmalar və fəsadlaşmalarla bağlı bütün epikrizlərin poliklinikada qeydiyyat kartında olmasına baxmayaraq) poliklinikanın Həkim Məsləhət Komissiyasının onlara Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsini əsassız hesab etdiyini qeyd etmişdir. Hansı qanunvericiliyə əsasən tibbi sosial müayinəyə göndəriş verilməsi üçün xəstəliyin ağırlaşması və fasadlaşması lazımdır? 3 il davam edən məhkəmə iclaslarına gəlməyən cavabdehlərdən hakim niyə 16 saylı poliklinikanın, Bakı şəhər Baş Səhiyyə idarəsinin və Səhiyyə Nazirliyinin "Əlilliyin müəyyən olunması" işçi qrupunun "X1" rəylərini sübut kimi məhkəməyə təqdim etmələrini tələb etməmişdir? Əvvəla, qeyd edir ki, onların xəstəlikləri həm uzun illər sürən, həm də anadangəlmə xəstəliklərdir ki, illər boyu edilmiş müalicələrə baxmayaraq orqanizmin pozulmuş funksiyaları bərpa olmamışdır və bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün əsasdır. Qərarda cavabdeh olmayan üçüncü şəxs, "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X8 nümayəndəsinin məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etməsinin qeyd edilməsi hansı qanunvericiliyə uyğundur? Bundan əlavə, nə üçün hakim məhkəməyə üçüncü şəxs qismində cəlb edilən "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi' X8 nümayəndəsindən 1 ildən çox keçməsinə baxmayaraq əyani müayinədən keçmələri ilə bağlı rəyi təqdim etməyi tələb etməmişdir? İddia tələbi Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsidir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarında göstərilən qaydalarla tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə dövlət səhiyyə müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə görə şəxslərə göndərişlər onlara xidmət göstərən ambulatorpoliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir; 1.3-cü bəndinə görə göndəriş verilməsi üçün əsaslardan biri də aşağıdakıdır: 1.3.1. şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması. Məhkəməyə təqdim etdikləri tibbi arayışlardan da göründüyü kimi, xəstəlikləri həm anadangəlmə, həm də uzun illər davam edən xəstəliklərdir. Məhkəmənin davam etdiyi 3 il ərzində xəstəlikləri daha da ağırlaşmış və həkim məsləhətlərinə görə bir neçə əməliyyatlara ehtiyac yaranmışdır…» Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2404/2021 saylı 11 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-606/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2404/2021 saylı 11 noyabr 2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh 16 saylı Şəhər Poliklinikasının və 3-cü şəxs “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin təkrar apellyasiya baxışı zamanı 3-cü şəxs “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6 3-cü şəxs statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubundan iddiaçılar hazırki iddia ilə məhkəməyə vaxtında, yəni xx.xx.2019-cu il tarixdə müraciət etdikləri üçün məhkəmə kollegiyası hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı1 şəkərli diabet İİ tip, arterial hiperteniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi xəstəliklərindən, İddiaçı2 isə şəkərli diabet İİ tip, orta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya” xəstəliklərindən əziyyət çəkdikləri üçün onlara əlillik dərəcəsinin verilməsi üçün müvafiq 88 formalı göndərişin verilməsi barədə cavabdehə müraciət etsələr də, müraciətləri təmin edilməmişdir. Odur ki, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İşə birinci instansiya və apellyasiya instansiyası qaydasında baxmış məhkəmələr iddianın təmin edilməməsi qənaətinə gəlsələr də, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçılarda hal-hazırda hansı xəstəliklərin və qüsurların aşkar olunması, bu xəstəliklərin və qüsurların onlara hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsas olmasının müəyyən edilməsi kimi suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nın T 36/2021 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı1 tibb sənədlərinə əsasən o, “şəkərli diabet İİ tip, arterial hiperteniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi” xəstəliklərindən, İddiaçı2 isə “şəkərli diabet İİ tip, orta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya” xəstəliklərdən əziyyət çəkirlər. Qeyd edilən xəstəliklərin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair” əsasnaməyə uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir. İşin təkrar apellyasiya baxışı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2 88 formalı göndərişin göndərilməsi öhdəliyinin qoyulması ilə bağlı müraciətinə cavabdeh 16 saylı Şəhər Poliklinikası tərəfindən yenidən baxılması ilə əlaqədar 1 (bir) aylıq müddət təyin edilməsi və cavabdeh 16 saylı Şəhər Poliklinikası həmin müddət ərzində qəbul etdiyi qərar barəsində iddiaçıya və məhkəməyə məlumat verilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. 16 saylı Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanan 235 saylı 20 aprel 2023-cü il tarixli məktubla H.Cavid prospekti, məh. 558, ev 30, m.5 ünvanında qeydiyyatda olan, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı2 Yasamal rayonu 16 nömrəli şəhər poliklinikasının HMK-nın sədr və üzvləri tərəfindən keçirilən iclas zamanı onun “Şəkərli diabet İİ tip və travmatik ensefalopatiya” anadan gəlmə diaqnozlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı, bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edildiyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim olunan məktubda hər iki şəxsin xəstəliklərinə və bu xəstəliklərin müvafiq 88 formalı göndərişin verilməsi üçün əsas olubolmamasına münasibət bildirilməmiş, İddiaçı2 diaqnozu yarımçıq göstərilməklə, məhkəmə qərardadının icrası ilə bağlı araşdırma natamam aparılmışdır. Halbuki işin faktiki halına görə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ tərəfindən təqdim edilmiş T 36/2021 nömrəli ekspert rəyinə əsasən “İddiaçı1 “şəkərli diabet İİ tip, arterial hipertoniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi”; İddiaçı2 isə “şəkərli diabet İİ tip, orta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya” - xəstəliklərindən əziyyət çəkirlər. Bununla bağlı iddiaçılar İddiaçı1 və İddiaçı2 əziyyət çəkdiyi yuxarıda qeyd olunan xəstəliklərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinin tələblərinə əsasən göndərişlərin verilməsi üçün əsas hesab olunub-olunmaması barədə məhkəməyə məlumat verilməsi ilə bağlı 16 saylı Şəhər Poliklinikasına məhkəmə sorğusu göndərilmişdir. Məhkəmə qərardadının və sorğusunun icrası ilə əlaqədar 16 saylı Şəhər Poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə daxil olmuş məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1957-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2015-ci il tarixdən 16 nömrəli Şəhər Poliklinikasının endokrinoloji kabinetində şəkərli diabet, tip İİ diaqnozu ilə dispanser qeydiyyatdadır. Müntəzəm olaraq imtiyazlı xəstələr kimi anti-diabetik preparatlarla təmin edilir. Yanaşı olaraq xəstəyə müxtəlif vaxtlarda; xx.xx.1999 Böyrək daşı xəstəliyi, xx.xx.2001 Sol sidik axarında daş, 2015 Hipertoniya xəstəliyi İİ mərhələ, ÜİX Gərginlik stenokardiyası İİ funkisional sinif, xx.xx.2016; xx.xx.2017; xx.xx.2017; xx.xx.2017 tarixlərində bel osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarası disklərin yırtığı, xx.xx.2019 diabetik polineyropatiya, kapral tunel sindromu, nevrosteniya, xx.xx.2020-cil il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi E.T. Travmatologiya və Ortopediya İnstitutunda bu xəstəliyinə görə konsultasiya və s. bu kimi xəstəliklərlə poliklinikada həkim mütəxəssislər tərəfindən tibbi müayinələr və kompleks müalicələr aparılmışdır. xx.xx.2019cu il tarixində xəstə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına RKX-da tibbi rəy almaq üçün poliklinikanın göndərişi ilə ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən ətraflı müayinə olunmuş və aşağıdakı diaqnozlar təsdiqlənmişdir. E11- İnsulindən asılı olmayan şəkərli diabet tip İİ. Diabetik sidik kisəsi. Sidik ləngiməsi. İ11- Ürəyin hipertenziv xəstəliyi İİ mərhələ. K73.9- Xroniki hepatit, xroniki pankreatit. K80- Daşlı xolesistit. M17- Sağ diz oynağın artrozu. M51.1- Bel radikulopatiyası L4- L5 və L5- S1 fəqərəarası disklərin yırtığı. G56.0- Kapral tunel sindromu. G63.2 - Diabetik polineyropatiya. Sonuncu dəfə xəstəyə xx.xx.2003-cü il tarixində X4 ultrosonoqrafik, xx.xx.2023- də Akademik C.M.Abdullayev adına E.T. Kardiologiya İnstitutunda uroloji USM, qanın biokimyəvi və ümumi müayinəsi, sidiyin ümümi müayinələri, laxtalanma müddəti, xx.xx.2023-cü il tarixində yenə C.M.Abdullayev adına E.T. Kardiologiya İnstitutunda sidiyin ümumi analizi, qanın biokimyəvi və hormonların müayinəsi aparılmışdır. Normadan kənar çıxmalar; Ultra sonoqrafiyada böyrəklərdə 0.3- 0.4- 0.5 sm ölçülü kalsinatlar, qaraciyərin cüzi piy distrofiyası, öd kisəsində 0.8 sm ölçüdə daş vardır. Qanda sidik turşusu 7.9 (N: 2.4-5.7), qlükoza 9.2 (N: 4.56-6.38), kreatinin 98 (N: 44-80), qlikohemoqlabin 7.54 (N: 4- 6.5). ünvan 4 ünvanında yaşayan xx.xx.1982-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2013- cü il tarixindən 16 nömrəli Şəhər Poliklinikasında şəkərli diabet, tip İİ diaqnozu ilə və PND-nin xx.xx.1999-cu il tarixli rəyi əsasında F07.2- Postkommotsion sindrom (doğuş travması nəticəsində), Posrtravmotik ensefalopatiya, nevroza bənzər sindrom diaqnozu ilə xx.xx.1999-cu il tarixdən dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzin xx.xx.2013-cü il tarixli tibbi rəyi: Şəkərli diabet, tip İİ. xx.xx.2019- cu ildə qoyulmuş diaqnozlar: G 63.2- diabetik polineyropatiya. F 48- nevrosteniya. OU- miopik asteqmatizm. VİS OD, OS,=0.3- 0.4 xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına RKX- nın 20392 № tibbi rəyi: E11- şəkərli diabet, tip İİ, orta ağır forma. G93.4- Dİsmetabolik ensefalopatiya. Onurğanın skaliozu. OU- miopik asteqmatizm. K80- Daşlı xolesistit. Hepatoz. Xəstə sonuncu dəfə xx.xx.2022- ci il tarixində RKX da laborator müayinələrdən keçmişdir. Normadan kənar çıxmalar: İnsulin rezistentliyi 4.23 (N 0- 2.77) Amilaza 149.4 (N: 25- 125) Bilirubin 0.09 (N: 0.1- 0.5) Qlikohemoqlabin 8.52 (N: 4-6) Qlükoza acılıq 151 (N: 70-115) Xolesterol 234.46 (N: 125- 200). Nəzərinizə çatdırırıq ki, xəstə və övladı bu günə kimi heç bir ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar müalicə almamışdılar. 16 nömrəli Şəhər Poliklinikasının HMKnın xx.xx.2023-cü il tarixli iclasında yenidən onlara təklif olunan stasionar müalicəmüayinə və ya tibbi rəy məqsədi ilə ixtisaslı tibb müəssisəsinə göndəriş qərarından imtina etmişlər. Növbəti dəfə bildiririk ki, xəstənin özü və övladında əlillik əlamətlərinin olması iddiaları səbəblərindən Forma 88 göndərişinin TSEK-ya göndərilməsinə dair israrlı tələblərini nəzərə alaraq hələ 2019-cu ildə 16 nömrəli Şəhər Poliklinikasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin gəldikləri qərara görə xəstəliklərin kliniki, parakliniki müayinələrin nəticələri ona və övladına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020- ci il 12 № - li qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial- ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını ümumi müddəalarının 1.5 göndəriş verilməsi üçün əsasa və müddəalarına istinad edərək: 1.5.1 Xəstə və övladının orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuların olmaması. 1.5.2 Şəxsdə və övladında əqli pozuntuları və anatomik çatışmamazlıqların, vərəm İV mərhələ, onkoloji xəstəliklər, V mərhələ xroniki xəstəliklərin olmaması. 1.5.3 Əlilik müddətin bitməsi (əlilik qrupları olmaması səbəbindən xəstə və övladına şamil olunmur). 1.5.4 Peşə və əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (bu şəxslərə şamil olunmur). 1.5.5 Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı komissiyanın rəyinə əsasən tibb sosial ekspertiza müayinəsinə zəruri yaranmaması. Əsas: HMK-nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 Ns-li qərarında dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlliliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydasf’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarın 3 maddəsində orqanizmin funksiyasının pozulmasının faiz göstəricisi və müddət kriteriyasının tələblərinə cavab vermədiyinə görə komissiya tərəfindən TSEK- ya göndərişə əsas olmaması barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Başqa sözlə, əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspert komissiyalarının müstəsna səlahiyyətinə aiddir. Həmin orqanın təyinatından da göründüyü kimi, tibbi sosial ekspert komissiyaları əlilliyin qiymətləndirilməsini “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirir və bu zaman təkcə tibbi göstərişləri deyil, həm də sosial tələbləri (göstərişləri) nəzərə alır. Digər tərəfdən, iddiaçılar haqlı olaraq bildirirlər ki, onlar cavabdehdən tibb müəssisəsinə əlilliyin qiymətləndirilməsi və təyini üçün deyil, həmin səlahiyyətlərin aid olduğu orqana (TSEK-ə) müvafiq göndərişin göndərilməsini tələb edirlər. Belə olan halda, məhkəmə tərəflərin dəlillərini və işin faktiki hallarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinin tələblərinə uyğun yoxlayıb qiymətləndirmə aparmalıdır. Həmin bəndin 1.5.1-ci yarımbəndinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas hesab edilir. Cavabdeh imtina məktublarında bildirmişdir ki, iddiaçılara təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olunması meyarlarına dair əsasnamə”nin təsdiq olunması haqqında 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarda nəzərdə tutulmamışdır. Halbuki ekspert rəyində də təsdiq olunur ki, iddiaçılar tibbi sənədlərdə, həmçinin həmin rəydə göstərilən xəstəliklərdən əziyyət çəkirlər, dispanserdə və sahə poliklinikasında qeydiyyatındadırlar, müalicələrini davam etdirirlər. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 606/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilənləri də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında 88 formalı göndərişin verilməsi əsaslarını müəyyən edən Qaydaların normalarına hər hansı istinad olmadığı üçün bu hal cavabdeh tərəfindən həmin Qaydaların tələblərinə uyğun davranmadığı nəticəsinə gəlməyə əsas verir. Hazırki vəziyyətdə isə məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndinə görə iddiaçıların yuxarıda adı çəkilən xəstəliklərdən əziyyət çəkməsi, dispanser və poliklinikada qeydiyyatda olub, müalicələri davam etdirməsi onlar barəsində cavabdeh tərəfindən 88 formalı göndərişin verilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi isə cavabdehin imtinasının qanuniliyinə göstərilən normalara uyğun olaraq qiymət verməli olduğu halda, bunu etmədiyindən, iş materialları ilə kifayətlənərək natamam araşdırma aparıb, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmadığından, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçılar apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan əlilliyin təyin edilməsi ilə bağlı göndərişin verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilərək, 88 formalı göndərişin verilməsi öhdəliyi cavabdeh 16 saylı Şəhər Poliklinikasının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində 88 formalı göndərişin verilməsi öhdəliyi cavabdeh 16 saylı Şəhər Poliklinikasının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-179/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-179/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver