Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1790/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, cavabdehin nümayəndəsi vəkil X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qanunsuz olaraq tutulmuş pensiya məbləğinin geri qaytarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1318/2021 saylı, 15.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ona ömürlük təyin olunmuş pensiya təminatından məhkəmənin müvafiq qərarı olmadan hər ay özbaşına pul vəsaitinin tutulması ilə nəticələnən hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması, cavabdehin üzərinə ona təyin olunmuş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla müddətdə qeyri-qanuni tutulmuş 2483 manat 19 qəpik və 2020-ci ilin sentyabr ayından başlayaraq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günədək keçən hər aya görə əlavə 91 (doxsan bir) manat 97 qəpik məbləğlərində pul vəsaitlərinin, 78 manat məbləğində məhkəmə xərclərinin birdəfəlik ödənişlə bank hesabına köçürülməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2012-cı ilin dekabr ayından Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçmüşdür. 2013-cü ilin fevral ayından Müdafiə Nazirliyi xətti ilə Azərbaycan Respublikasında ona hərbi qulluqçu kimi pensiya təyin olunmuşdur. 2018-ci ilin iyul ayında ona təyin olunmuş pensiya məbləğinin, təxminən, yüz manat azaldığını bilərək səbəbini öyrənmək üçün cavabdehə müraciət etmişdir. Şöbə rəisi ona şifahi olaraq bildirmişdir ki, səbəb onun Azərbaycan Respublikasında 2013-cü ilin fevral ayından 2015-ci ilin iyul ayına qədər müvəqqəti qeydiyyatda olmasıdır. O, cavabdehin həmin hərəkətinə etiraz etdikdə ona bu siyahıya səhvən düşdüyünü, Hesablama Palatasına bu haqda müraciət ünvanladıqlarını və nəticəsi haqda ona məlumat verəcəkləri bildirilmişdir. Məlumat almadığından 28.01.2019-cu ildə cavabdehə məktubla müraciət etmiş, sonuncu 21 fevral 2019-cu ildə nömrəli cavab məktubunda bundan sonra da onun pensiyasından hər ay 91,97 manat vəsait tutulacağı bildirilmişir. O, cavabdehdən bu hərəkətə son qoyulmasını tələb etsə də cavabdeh öz qanunsuz hərəkətlərindən imtina etməmişdir. 2004-cü ilin dekabr ayından 2012-ci ilin noyabr ayına qədər qulluq stajına görə Ukrayna Müdafiə Nazirliyi xətti ilə X3 ömürlük pensiya ilə təmin olunmuşdur. 2009-cu ildə mənzilini satıb ailəsi ilə birgə Azərbaycana qayıtmış və Siyəzən şəhərində yeni mənzil almış, burada uşaqları orta məktəbi bitirmiş, daha sonra ali təhsil almışlar. Sonra 2013-cü ilin may ayında o evi də satıb Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzil almış ora köçmüşlər. Amma yaşadıqları bina yeni tikili olduğundan ünvan 1 ünvanda qeydiyyatdadırlar. Bu faktlar və onun daimi yaşamaq məqsədi ilə Azərbaycana köçməyi ərizəyə əlavə edilən yazılı sübutlarla təsdiqlənir. Ona təyin olunmuş hərbi pensiyanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, oradan bildirmişlər ki, bunun üçün onun şəxsi işinin 1-ci nüsxəsini və pensiya işini Nazirliyə göndərilməsini təmin etmək lazımdır. Bu səbəbdən o, Ukraynaya qayıdaraq lazımı bütün proseduraları keçmişdir - oradan qeydiyyatdan çıxmış, daxili pasportunu təhvil vermiş, 2012-ci ilin dekabr ayından daimi yaşamaq üçün ailəsinin yanına Azərbaycan Respublikasına qayıtmışdır. 2013-cü ilin yanvar ayında o, şəxsi və pensiya işi qovluqları olan paketi müşayiət vərəqi ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. 12.02.2013-cü il tarixdə onun Azərbaycan Respublikasında yaşaması rəsmi qeydiyyata alınmışdır. Qanunda göstərilən 10 gündən sonra ona 2013-cü ilin fevral ayından hərbi təqaüd veriləcəyi barədə qərarın qəbul olunması haqqında qəbz verilmişdir. Cavabdeh tərəfindən onun şəxsən hansı hüquq pozuntusuna yol verdiyinə və hansı qanun normalarını pozduğuna görə ondan pul tutulmasının səbəbi bəlli deyil...” Cavabdeh iddia ərizəsinə etirazında və birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi vəkil D.Qurbanova iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki. iddiaçı Müdafiə Nazirliyinin məlumat vərəqəsinə əsasən 01.01.2013-cü il tarixindən pensiya təyin edilmiş, 27.08.2013-cü il tarixdən etibarən hər il müddəti bir il uzadılmaqla 27.08.2015-ci il tarixinədək ölkə ərazində yaşamasına icazə verilmişdir. Daimi yaşamaq üçün icazəsi isə yalnız 28.07.2015-ci il tarixində verilmişdir və 28.07.2020-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün verilmiş müvəqqəti icazə vəsiqəsində qeyd edilən məlumata əsasən iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında" Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminat hüququ var. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya təminatı hüququna malik olmadığı müddətdə ona 12.784,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri haqqında" Q-95 nömrəli 06 iyul 2018-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması halı ilə əlaqədar olaraq artıq ödənilmiş pensiya məbləğlərinin bərpa edilməsi idarənin qarşısında vəzifə olaraq qoyulmuşdur. Bununla əlaqədar olaraq, 01.06.2018-ci il tarixindən etibarən hər ay iddiaçının pensiyasından 91,97 manat məbləğində pul tutulur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1318/2021 saylı, 15.03.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv vedilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti MPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, sübutlar hərtərəfli araşdırılmamış, lazımi hüquqi qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. O, Dəvəçi Hərbi Komissarlığı tərəfindən 1983-cü ildən hərbi xidmətə çağırılmış, Bakı Ali Ümumqoşun komandirləri məktəbinə göndərilmiş, 1987-ci ildə başa vurduqdan sonra, 1987-1991-də Almaniya Demokratik Respublikası, 1991-2004-də Ukrayna ərazisində Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş, 2004-cü ilin dekabr ayından Ukraynada ona xidmət müddətinə görə ömürlük pensiya təyin edilmişdir. 2012-ci ilin dekabr ayından isə MDB dövlətlərarası müqavilə əsasında daimi yaşamaq üçün hərbi xidmətə çağrıldığı Azərbaycana qayıtdığına görə Ukraynada pensiya təminatı dayandırılmış, şəxsi və pensiya işi Azərbaycana göndərilmişdir. Bu fakt idia tələbinin beynəlxalq normalarına uyğunluğunu sübut edir. İşin mübahisələndrilən hallarına görə cavabdeh onun razılığı və məhkəmənin qərarı olmadan Əmək pensiyalrı haqqında Qanunun 39-cu maddəsinə zidd olaraq onu əmlakından məhrum etmiş, dövlət orqanına etimad hüququnu pozaraq özbaşına hərəkətlər etmişdir. Cavabdehin Konstitusiya normasına zidd hərəkətləri qanunsuz hesab edilməli və dayandırılmalı idi. Məhkəmə öz qərarını Qanunun 3.2-ci maddəsi ilə əaslanıdırır. Bu zaman Qanunun 2-ci maddəsinin norması nəzərdən qaçırılır, nədənsə Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələr tətbiq edilmir. X1 iştirakçısı olan dövlətlərin hərbi qulluqçularının, hərbi qulluqdan tərxis olunmuş şəxslərin və onların ailələrinin sosial və hüquqi tminatı haqqında” 1992-ci ilin fevralın 14-də Minskdə imzalanmış (№ 997-021) Sazişinə əsasən: “Birliyin iştirakçısı olan dövltlərin hərbi qulluğa çağırşa (qəbula) qədər vətəndaşı olduqları dövlətin vətəndaşlığını saxlamaq; qanunvericilikdə nəzərdə tutulmuş pensiya almaq” - bu Sazişə əsasən təyin və təmin edilir. Bundan əlavə hərbi qulluqçular daimi yaşayış üçün xidmət etdiyi ölkədə qalmaq və ya başqa yaşayış yeri seçmək hüququna malikdir. Onun pensiyasından pul tutulması əsassızdır. 5 il bundan əvvəl ödənilmiş pensiyanın geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunun 39-cu maddəsi səhv tətbiq edilmişdir. Miqrasiya Məcəlləsində belə bir şərt vardır ki, hər təqvim ilində 3 aydan çox müddətdə Respublikadan kənarda yaşayan əcnəbilərə əcnəbi DYİ-nin müddəti uzadılmaya bilər. Deməli, əcnəbi ilin 9 ayından az olmayan müddətdə harada yaşayırsa ora onun daimi yaşayış yeri sayılmalıdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi vəkil D.Qurbanova iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, Əmək pensiyaları haqqında" Qanununun 3.2-ci maddəsinə istinadən birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarında iş materiallarına əsasən aşağıdakıları müəyyən etmişdir: “... İddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. O, 05 avqust 1983-cü il tarixdən 05 avqust 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 05 avqust 1992-ci il tarixdən 30 dekabr 2004-cü il tarixədək Ukrayna Respublikasının Silahlı Qüvvələrində, ümumilikdə, 21 il 04 ay 25 gün həqiqi hərbi xidmətdə olmuşdur. 01.01.2013-cü il tarixdə Azərbaycan Respublikasında məskunlaşdığından ona Ukrayna Respublikası tərəfindən ödənilən pensiya dayandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətinə əsasən verlmiş məlumat vərəqi əsasında cavabdeh tərəfindən ona 01.02.2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdehə məlum olmuşdur ki,Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya etibarlılıq müddəti - 12.02.2013-cü il tarixdən 12.08.2013-cü il tarixə, 27.08.2013cü il tarixdən 27.08.2014-cü il tarixə, 27.08.2014-cü il tarixdən 27.08.2015-ci il tarixədək olan müvəqqəti yaşama icazəsi və etibarlılıq müddəti 28.07.2015-ci il tarixdən 28.07.2020ci il tarixədək isə daimi yaşamaq üçün icazə verilmişdir (Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli arayışı . İş vərəqi 34). Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən cavabdeh idarədə aparılan yoxlama nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərə verilmiş pensiya məbləğinin dayandırılması və artıq ödənilmiş məbləğlərin geri alınması idarəyə tapşırılmış və iddiaçının 01.02.2013 28.07.2015-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ olmadan aldığı artıq ödəmənin 01.06.2018-ci il tarixdən hər ay pensiyasından 91,97 manat çıxılmaqla tutulmasına başlanılmışdır...” Daha sonra məhkəmə qeyd etmişdir ki, iddiaçıya 01 fevral 2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, halbuki, həmin tarixdə ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Daimi yaşamaq üçün icazə isə ona Azərbaycan Respublikası ərazisində 28.07.2015-ci il tarixdən verilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının pensiya aldığı 01.02.2013-cü il tarixdən 28.07.2015-ci il tarixədək dövr üçün artıq ödənilmiş pensiya məbləğinin iddiaçıdan tutulması qanunvericiliyin tələblərinə uyğundur. Bu baxımdan iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir...” İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, o, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən dövr üzrə iddiaçıya ödənilmiş pensiya məbləğinin ondan razılığı və ya məhkəmə qərarı olmadan tutulmasını Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin və Azərbaycan Respublikasının tərəfdən çıxdığı bəynəlxalq müqavilələrə, o cümlədən, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin hərbi qulluqçularının, hərbi qulluqdan tərxis olunmuş şəxslərin və onların ailələrinin sosial və hüquqi tminatı haqqında” 1992-ci ilin fevralın 14-də imzalanmış (№ 997-021) Minskdə imzalanmış Sazişə zidd sayır. Hesab edir ki, Azərbaycan Respublikasında daimi yaşama statusunun olubolmamasından asılı olmayaraq köçüb gəldiyi vaxtan pensiyası ödənilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunanan dəlilləri ilə razılaşmır. Dövlət Miqrasiya Xidmətinin işə əlavə olunmuş 12.12.2018-ci il tarixli arayışına əsasən müəyyən edilən hallardan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində 12.02.2013-cü il tarixdən 27.08.2015-ci il tarixədək müvəqqəti yaşama icazəsi ilə yaşamış, daimi yaşama icazəsi isə onun yalnız 28.07.2015-28.07.2020-ci il tarixədək olan dövrü əhatə etmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Qanun qeyd olunan imperativ tələbindən göründüyü kimi, Azərbaycan Respublikası ərazisində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər o halda əmək pensiyası təminatı hüquqna malik ola bilərlər ki, onları daimi yaşama icazəsi verilsin. Konkret halda isə Ukrayna Respublikasının vətəndaşı, yəni əcnəbi olan İddiaçı 12.02.2013- 27.08.2015-ci illərdə Azərbaycan Respublikası ərazisində daimi yaşama icazəsi mövcud olmaımış, həmin illərdə ona hər il müvəqqəti yaşama icazəsi verilmişdir. İddiaçının işə əlavə olumuş pensiya işinin materiallarında və pensiyasının ödənildiyi "xxxx" Bank ASC-nin bank çıxarışlarından isə görünür ki, həmin illərdə cavabdeh tərəfindən ona pensiya verilmiş, ümumilikdə ona 12.784,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. İddiaçı apellyasiya şikaytində X1 iştirakçısı olan dövlətlərin hərbi qulluqçularının, hərbi qulluqdan tərxis olunmuş şəxslərin və onların ailələrinin sosial və hüquqi tminatı haqqında” 1992-ci ilin fevralın 14-də Minskdə imzalanmış Sazişə istinadən qeyd edir ki, pensiyaya çıxmış hərbi qulluqçuların “birliyin iştirakçısı olan dövlətlərin hərbi qulluğa çağırşa (qəbula) qədər vətəndaşı olduqları dövlətin vətəndaşlığını saxlamaq; onlaran qanunvericilikdə nəzərdə tutulmuş pensiya almaq” hüquqları vardır. Göründüyü kimi, iddiaçının istinad etdiyi beynəlxalq Sazişin qeyd olunan müddəası hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş pensiyanı almaq hüquqlarını ehtiva edir. Azərbaycan Respublikası qanunvericiliyi, o cümlədən, Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 3.2-ci maddəsi isə birmənalı olaraq ölkə ərazisində daimi yaşama icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxsələrə pensiya təminatını nəzərdə tutur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayətinin ona ölkə ərazisində daimi yayşyıb-yaşamamasından asılı olmayaraq pensiya ödənilməli olduğunu mübahisələndirən dəlilləri əsassızdır. İddiaçının apellyasiya şikyətinin digər bir dəlilindən göründüyü kimi, mübahisələndirilən dövrdə ödənilmiş pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 39-ci maddəsinin tələblərinə zidd olaraq onun razılığı olmadan və ya məhkəmə qaydasına riyayət edilmədən tutulmasını əsasız sayır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə də razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunu 01.01.2006-cı il tarixindən qüvvəyə minmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya Qanunun qeyd olunan tələbi baxımından daha sonra 01.01.2011-ci il tarxdən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən, inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 81.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Daha sonra qanuni qüvvəsini almış “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından göründüyü kimi, inzibati orqan öz qərarını icraya yönəltmək hüququna malikdir və bu halda qanunverici, nə maraqlı şəxsin razılığını, nə də ki, məhkəmə qaydasını nəzərdə tutmur. İş materiallarından, o cümlədən, cavabdehin işə əlavə edilmiş iddiaya etirazından və 16 aprel 2019-cu il tarixində elektron qaydada ünvanlanmış 16.04.2019-cu il tarixli məktubundan görünür ki, 2018-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən cavabdeh orqanda aparılan yoxlama nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması aşkar edildikdən sonra, iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ olmadan 01.02.2013-28.07.2015-ci il tarixləri arasındakı dövr ərzində onun həray 490,39 manatdan olmaqla aldığı pensiya artıq ödəmə kimi, 01.06.2018-ci il tarixdən etibarən, “Əmək pensiyaları haqqında Qanunun 39.2-ci maddəsinin tələbinə müvafiq hesablama qaydasında pensiyasından hər ay 91,97 manat çıxılmaqla, tutulmağa başlanılmışdır (İş vərəqi 143) İş materiallarının 144-cü vərəqindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya, “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə istinadən, pensiyasının azalması barədə 20.07.18-ci il tarixli ********* №-li bildiriş ünvanlanmışdr. Məhkəmə kollegiyası, cavabdehin iddiaçıya ünvanlanmış həmin bildirişini, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci və 2.0.11-ci maddələrində verilən anlayış baxımından, inzibati akt kimi qiymətləndrir, ona bərabər tutur. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıdan 01.02.2013-28.07.2015-ci il tarixləri arasındakı dövr ərzində ödənilən pensiyanın artıq ödmə kimi tutulması qanunvericiliyin tələblərin uyğundur. İPM-in 70.1-ci maddəsinin mənasından isə görünür ki, məhkəmə inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul etməsini o halda nəzərədə tutur ki, dir.inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmadığını, maddi və prosessual hüquq norimalarının pozulması ilə qanunsuz və əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3122/2021 saylı, 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1318/2021 saylı, 15.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1790/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1790/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver