Məhkəmə qərarları › İş №2-1(103)-1790/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1790/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1790/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin göndərilməsi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi, işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, mənəvi zərər kimi 30 milyon manatın Daxili İşlər Nazirliyinindən tutulması iddia tələbləri üzrə 2-1(112)-8546/2022 nömrəli inzibati iş üzrə icraatdan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi, işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsi, mənəvi zərər kimi 30 milyon manatın Daxili İşlər Nazirliyinindən tutulması barədə iddia tələbləri üzrə icraatın sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələblərinə dair icraatın 2-1(112)- 8546/2022 nömrə ilə saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsaslandırılmayıb, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarılıb, qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qərardad İPM-in, MPM-in tələblərinə uyğun olaraq tərtib edilməyib. İPM-in 69.2-ci maddəsinə əsasən, qərarın giriş hissəsində proses iştirakçılarının qanuni və (və ya) prosessual nümayəndələrinin adı, soyadı, atasının adı, ixtisası və vəzifəsi, yaşayış yeri, habelə məhkəmə icraatında onların statusu göstərilməli olduğu halda, göstərilməyib. İPM-in 65-ci maddəsinə əsasən, MPM-in 22-ci fəslində nəzərdə tutulmuş qaydada iclasın protokollaşması həyata keiçirilməyib. xx.xx.2022-ci ildə mümkünlük iclası keçirilib və iddia mümkün sayılaraq icraatın ayrılmasına qərar verilib. Məhkəmə icraatı ayırıb ki, 6 aydan sonra mümkün saymasın? Məhkəmə iddia tələbini də saxtalaşdırıb. Belə ki, iddiaçının DİN və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası pensiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanması, məhkəmə təminatı hüququna qadağanın aradan qaldırılması, Prezidentə müraciətə görə 30 milyon tələb edilməsinə hüquqi qiymət verilməsi və dəyən maddi-mənəvi ziyanın ödənilməsi haqqındadır. xx.xx.2022-ci il tarixdə mümkünlük iclası keçirilib, iddianın mümkün sayılaraq icraatın ayrılmasına qərar veriləndən sonra hakimin tapşırığı ilə dəqiqləşdirilmiş iddianı məhkəməyə təqdim etmişdir. Torpaqlara təcavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilini, elmi işini atıb Qarabağ uğrunda savaşa getmişdir. Son xidmət yeri olan DİN Daxili Qoşunları və Maliyyə Plan İdarəsi qanunvericiliyin tələblərinə zidd olaraq Qarabağ savaşında 1-ci dərəcəli Qarabağ qazisi olan şəxsə işdənçıxarma, ezamiyyət-məzuniyyət pulunun, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı və əvəzində kompensasiyanın, mənzil təminatı və digər güzəştlərin, əlilliyə görə pensiyaya əlavələrin verilməsindən imtian edib və yenə də edir, 1978-ci ildən leytenant, 1986-cı ildən baş leytenant hərbi rütbəsi daşımağına baxmayaraq, 13 il sonra Silahlı Qüvvələrdə zabit rütbəsində xidmət etdiyini bildirilib, xidmət illərinə görə faiz əlavəsini hesablamır; 1986-cı ildə verilən rütbə dəyişməz qalıb; döyüşlərdə desanthücum taburunun komandiri olduğu halda, olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılaraq, aldığı pensiyanın tabeliyində olanlardan 2-3 dəfə az olmasına səbəb olub;məhkəmə təminatı hüququna süni qadağa qoyub; özbaşınalıqdan Prezidentə şikayət etdiyinə görə iddiaçıdan 30 milyon tələb edib. DİN Maliyyə Plan İdarəsi 1-ci dərəcəli müharibə əlili kimi pensiyasına minimum pensiyanın uyğun olaraq 300 və 100 faizi həcmində əlavəni hesablamayıb, dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar pensiyanı yenidən hesablamayıb. Xidmətdə olmayanların ehtiyatda hərbi rütbələri polkovnikə kimi yüksəldiyi halda xidməti yalnız döyüşlərdə keçən iddiaçının rütbəsi dəyişməz qalıb. Qanunvericiliyə əsasən ona 1991-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayanda polkovnik - leytenant, 1993-cü ildə Ağdərədə batalyon komandiri vəzifəsinə uyğun polkovnik rütbəsi verilməli idi. Cavabdeh DİN isə rəsmi məktublarla Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində xidmət etmədiyini bildirib və bildirməkdədir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi pul təminatı haqqında" NK-nın xx.xx.1992-ci il tarixli 562 saylı Əsasnaməsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikası və keçmiş SSRİ Daxili işlər nazirliklərinin qoşunları və orqanlarında zabit heyətinin vəzifələrində xidmət müddəti ilk zabit rütbəsinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır. DİN DQ və MPİ bunu çoxsaylı məktublarla təsdiq etsələr də, Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı özbaşınalığı ilə hesablamaqdan imtina edirlər. 1-ci dərəcəli müharibə əlili kimi iddiaçıya sanatoriya yollayışı əvəzində 2 ildə bir dəfə öz xahişi ilə minimum pensiyanın 5(beş) misli məbləğində kompensasiya da verilməyib. Döyüşlərdə batalyon komandiri olduğunu Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli rusca arayışın və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti edir. Eyni zamanda cavabdeh DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun DİN müavini, general Əsgər Ələkbərova ünvanladığı xx.xx.1999 tarixli arayış xarakterli məktubda iddiaçıya şifahi əmrlə batalyon komandiri vəzifəsinin elan olunduğu, naməlum səbəbdən şəxsi işinə yazılmadığı vurğulanıb; sərəncamda olan tabur komandiri olmağını DİN DQ-nin hərbi tibb şöbəsinin rəisi S. Rüstəmovun DİN X4 İdarəsinin rəisi Mehman Mehmanova ünvanladığı xx.xx.1998-ci il tarixli məktub da sübut edir. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon idarəsi arxiv materialları və hərbi bileti əsasında 2012-ci ilə kimi həqiqi hərbi xidmətdə olmağını xx.xx.2013 tarixli 126 saylı arayış ilə təsdiq edib. Hətta indiki düzgün hesablanmayan xidmət ilinin güzəştlə 4 ildən çox olması təsbit olunub. Qanunvericiliyə uyğun olaraq onun pensiyasına xidmət illərinə görə 10 faiz əlavə əvəzinə, 2007-ci ildən 5 faiz əlavə hesablanır. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014 tarixli "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Qərarında təsbit olunub ki, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə pensiya təyin olunmuş şəxslərə xidmətin güzəştli hissəsi tətbiq edilməlidir. Cavabdehlər Konstitusiya Məhkəməsinin Plenumunun qərarına da əməl etmirlər. İddiaçının məhkəmə təminatı hüququna da qadağa qoyulub. Hətta Prezidentə və baş prokurora şikayətinə görə, iddiaçıdan - 1-ci dərəcəli Qarabağ qazisindən DİN-in Daxili Qoşunları 30 milyon manat tələb edib. Dəfələrlə müraciət etsə də qanunla, Konstitusiya ilə təsbit olunan sosial təminat, pensiya, məhkəmə təminatı hüququ gerçəkləşməyib. Tabur komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun, düzgün hesablanmış yeni hesablama vərəqi DİN -dən ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə göndərilməsi;işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, məzuniyyət, ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsi öhdəliyinin cavandeh DİN-in üzərinə qoyulması;cavabdehin qanunazidd hərəkətindən vurulan mənəvi ziyanın kompensasiyası olaraq cavabdeh DİN-in iddiaçıdan tələb etdiyi məbləğin 30 (otuz) milyon manatın DİN DQ-dən tutulub hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hakimin iddianı saxtalaşdırması, özünə sərf edən formaya salması kobud qanun pozuntusudur. İddiaçı məhkəməyə Prezidentə müraciətə görə ondan - 1-ci dərəcəli X2 Qoşunların 30 milyon tələb etməsi haqqında iddia ərizəsini təqdim etsə də, məhkəmə bu sənədi gizlədib və 30 milyon manatı mənəvi ziyan tələbi kimi göstərib. Halbuki bu tələbi cavabdeh DİN -in ondan tələb etdiyi 30 milyon manatın kompensasiya olaraq ödənilməsi haqqındadır. Məhkəmə iddiaçının iddia tələblərinə baxmaq əvəzinə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli iddianın mümkün sayılmaması haqqında saxta qərardadını olduğu kimi köçürüb. Halbuki, iddiaçının iddia tələbinin biri də elə bu saxta qərardadla məhkəmə təminatı hüququna qadağa qovulmasının aradan qaldırılması barədədir. İddiaçı xx.xx.2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində heç bir qərar qəbul edilmədiyi, iclasın növbəti tarixə təyin edildiyi haqqında e-məhkəmə portalından çıxarışı məhkəməyə təqdim etmişdir. Eyni zamanda, hakim xx.xx.2022-ci ildə "hüquqi yardım" edəndə izahatında bunu bir daha qeyd edib əlavə etmişdir ki, 1-cisi, xx.xx.2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində qərar qəbul edilməyib, növbəti tarixə iclas təyin edildiyini e-məhkəmə portalından çıxarış sübut edir. 2-cisi, tələbinin əsasları əvvəlki ilə eyni olmadığını hakim də müəyyən edə bilər. 3-cüsü, əvvəlki ilə eyni olub-olmadığından asılı olmayaraq. X3 xx.xx.2015 tarixli 5 saylı qərarının 8.3 bəndinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə Ali Məhkəmə Plenumunun qərarını da özünə sərf edən formada təfsir edib ki, yenidən aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək üçün iddianın mümkün sayılmasını istisna edən və ya iddianın mümkün sayılmamasmı şərtləndirmiş halın və ya səbəbin aradan qalxması mütləqdir. Qanunvericilikdə belə qayda, tələb yoxdur, əksinə, məhkəmə təcrübəsinin vahidliyi prinsipinə görə, ayrı-ayrı şəxslərə münasibətdə fərqli qaydalar müəyyən edilə bilməz. Elə Ali Məhkəmə məhkəmə təcrübəsinin vahidliyi prinsipini əsas tutub xx.xx.2015 tarixli 5 saylı "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" qərar qəbul edib. Məhkəmənin Ali Məhkəmə Plenumunun qərarını, Konstitusiyanı yox, Şəki İnzibati-İqtisadi Məhkəməsinin saxta qərardadını hüquqi presedent kimi, özü də saxtalıqla qəbul edib məhkəmə təminatı hüququna qadağa qovması cavabdeh DİN-in qeyri-prosessual təzyiqindən qaynaqlanır. Eyni zamanda, iddiaçı məhkəmənin qanunsuz şərtinə də əməl edib, hüquqi faktın müəyyən edilməsi haqqında ərizə ilə Ağsu rayon məhkəməsinə müraciət etmişdir. Ağsu rayon məhkəməsi xx.xx.2019 tarixli 2(016)-333/2019 saylı qərardadla ərizəni baxılmamış saxlayıb. Bu qərardaddan apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsi xx.xx.2019 tarixli, 2 (007)-2505/2019 saylı qərardadla təmin etməyib. Hər iki instansiya iddia icraatı qaydasında müraciət etməyi bildirib. Hər iki məhkəmə aktı izahatla və öncədən məhkəməyə təqdim edilsə də, bu sübutlar da gizlədilib. İddiaçının məhkəmə təminatı hüququna qadağa qoyulması Şəki İnzibati-İqtisadi Məhkəməsinin qəbul edilməyən saxta qərardadı ilə sübut edilsə də, məhkəmə tələbinə uyğun olaraq məhkəmə təminatı hüququna qadağanı aradan qaldırmaq yerinə, həmin saxta qərardadı olduğu kimi köçürüb. Konstitusiya aktı kimi tətbiq edib. Məhkəmə İPM-in 78-ci maddəsinin mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı barədə olmasını unudub. İddianın mümkün sayılmaması haqqında mübahisə predmetinə toxunmayan qərardadı mübahisə predmeti əsasında mahiyyəti üzrə qəbul edilmiş qərar sayıb. Məhkəmə iddianın mümkün sayılmasına şərtlərin mövcud olmadığını qərara alsa da, əslində 6 səhifəlik saxta Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadını olduğu kimi köçürməklə işə mahiyyəti üzrə baxıb. Məhkəmə İPM-in 10-cu maddəsinə əsasən, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olmalı olduğu halda, cavabdehin qeyri-prosessual göstərişinə tabe olub. İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərilməsi əvəzinə, "hüquqi yardım" adına iddianın mümkün sayılmamasına yardım edib. İPM-in 14.2 maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və biləvasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə isə iddiaçıdan 30 milyon tələb edilməsi qanunsuz müdaxiləni öncədən inzibati orqana müraciət etməməyi ilə əsaslandırır. Bakı İnzibati Məhkəməsi isə nəinki sübut toplayıb, əksinə, onun təqdim etdiyim sübutları gizlədib. İPM-in 51.1-ci maddəsinin tələbinə də əməl edilməyib. Belə ki, o iddiaçı kimi hüquqlarının pozulması barədə faktları məhkəməyə təqdim etsə də, cavabdehin etibarnaməsini tələb etsə də, baxılmayıb. İPM-in 68.1-ci maddəsinə görə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmənin mövqeyinə əsas olmuş səbəb isə saxta qərardad olub ki, bu da yolverilməzdir. 68.2-ci maddəyə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 80.1-ci maddəsinə əsasən, qərardad mütləq əsaslandırılmalıdır. Lakin xx.xx.2022 tarixli qərardad əsaslandırılmayıb. Şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini, işdə olan sübutlar əsasında iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2019cu il tarixli, 2-1(84)-30/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1993-cü ildən polkovnik-leytenant rütbəsi, 2003-cü ildən polkovnik rütbəsinin verilməsinin təmin edilməsi, 1993-cü ilin əvvəlində Ağdərədə sıra qabağında elan edilən, amma şəxsi işinə yazılmayan tabor komandiri vəzifəsinin şəxsi işinə yazılması, yeni hesablama vərəqinin bu xidmət ilinə, polkovnik rütbəsinə və tabur komandiri vəzifəsinə uyğun tərtib edilməsi, işdən çıxarma pulu, geyim əşya kompensasiyası, ezamiyyət, məzuniyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiyanın da Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci bəndinə əsasən hesablanması, 6 ildə ayda 64 manat məbləğində artım indeksasiyası tətbiq olunmaqla hesablanıb ödənilməsinin təmin edilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanunun 15 “v” maddəsinə uyğun olaraq 300 faizlik və 23 “b” maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavənin pensiyasına 1993-cü ildən indeksasiya edilməklə hesablanması, Prezidentin xx.xx.2001-ci il tarixli 613 saylı Fərmanı və xx.xx.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 14 manatlıq aylıq müavinətin pensiyasına əlavə olunması, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə görə müvafiq təminat xərcliyinin 100 faizi qədər müəyyən edilmiş məbləğin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına əlavə edilməsi, Konstitusiyanın 149-cu maddəsinə əsasən qanunun geriyə qüvvəsi olduğundan bu əlavənin indeksasiyasız 1993cü ildən pensiyasına hesablanmasının təmin edilməsi, həmin Qanunun 19.1.4-cü maddəsinə 1-ci qrup əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün 11 manat məbləğində aylıq əlavənin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına hesablanması, onun vəzifə maaşının müvafiq rütbə və vəzifəyə (polkovnik tabur komandiri) uyğun olaraq DİN-də ən yüksək səviyyədə təminat alan qurumun təminat xərcliyinə uyğunlaşdırılmasının təmin edilməsi barədə iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-237/2019 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2-1(84)-30/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)- 444/2020 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(107)-237/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvədə olan xx.xx.2019-cu il tarixli 2-1(84)- 30/2019 saylı qərardadında qeyd olunmuşdur ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya verilməsi tələbinə dair analoji iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, iddiaçı həmin tələblə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı yenidən iddia ərizəsi ilə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-290/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadda da məhkəmə qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur və iddianın mümkün sayılmamasına dair əsaslar aradan qalxmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-1312/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1452/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)- 1312/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamışdır və həmin qərardadlar qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərardadlar qüvvədə olduğundan və həmin qərardadlarda göstərilən əsaslar aradan qaldırılmadığından, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İPMin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mahiyyət etibarı ilə tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb edir. Lakin bu tələbinə rəğmən iddiaçı xidmət dövründə səlahiyyətli orqan tərəfindən həmin vəzifəyə təyin edilməsini və həmin rütbənin ona verilməsini təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. iddiaçının tabor komandiri vəzifəsini icra etdiyini və polkovnik rütbəsinin ona verilməli olduğunu sadəcə iddia etməsi onun tələblərinin təmin olunması baxımından yetərli sayıla bilməz. İddiaçının real olaraq həmin vəzifədə xidmət etdiyi və həmin rütbəyə malik olduğu qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənədlərlə, o cümlədən onun vəzifəyə təyin olunması və ona rütbənin verilməsi barədə müvafiq əmrlərlə təsdiq olunmalıdır. Yaxud da iddiaçı ən azından həmin sənədlərin mövcudluğuna istinad etməlidir. Lakin iş üzrə materiallardan görünür ki, iddiaçı həmin vəzifəyə təyin edilməli olduğunu və rütbənin ona verilməli olduğunu bildirməklə kifayətlənmiş və bu zaman hər hansı müvafiq rəsmi sənədlərə istinad etməmişdir. İş üzrə materiallarda da belə sənədlər aşkar edilməmişdir. Onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir. İddiaçı 2009-cu ildə Nizami rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş və bu zaman nə ərizəsində, nə də həmin iş üzrə apelyasiya şikayətinə etirazında tabor komandiri olması barədə məlumat verməmişdir. İddiaçının həmin vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ səlahiyyətli orqan tərəfindən onun vəzifəyə təyin edilməsi və ona rütbənin verilməsi barədə əmrlərdən, yəni inzibati aktlardan irəli gəlməlidir. İddiaçı özünün iddia ərizəsində həmin inzibati aktlara (əmrlərə) istinad etməlidir. Konkret mübahisəyə münasibətdə iddiaçının istinad edə biləcəyi inzibati aktların mövcud olmaması səbəbindən onun iddia etdiyi vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək imkanı da istisna edilir. Həmçinin, iddiaçı xidmətdə olduğu dövrdə iddia etdiyi vəzifəyə təyin edilməsinin rəsmiləşdirilməməsini və rütbənin verilməməsini mübahisələndirməmiş və səlahiyyətli orqanların bununla bağlı hərəkətlərinə və ya hərəkətsizliyinə qarşı qanunla nəzərdə tutulmuş müddət daxilində hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011- ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları barədə müvafiq müddəalar nəzərdə tutulmuşdu. Həmin müddəalarda hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtdan başlandığı təsbit edilmişdir. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən yenidən mübahisələndirilə bilməzlər. Belə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış hüquqi müdafiə imkanının təzələnməsini nəzərdə tutmur. İPMin 24.4-cü maddəsinin tələbinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra ilkin hüquqi vəziyyətin bərpasına, yəni buraxılmış həmin müddətin bərpasına dair ərizənin verilməsi imperativ qaydada istisna olunur. Göründüyü kimi, iddiaçı xidmətdə olduğu dövrdə iddia etdiyi vəzifəyə təyin edilməsinin səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilməsini və rütbənin verilməsini, bununla bağlı müvafiq qərarların (konkret halda əmrlərin) qəbul edilməsini tələb etməmiş və beləliklə də, məcburetmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüşdür. Hətta bundan sonra da iddiaçı qanunda nəzərdə tutulmuş bir il ərzində də məhkəməyə müraciət etməmiş və bu səbəbdən də buraxılmış müddətin bərpa edilməsi barədə onun vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin iddiaçı iddia tələbinin kompensasiyanın ödənilməsi hissəsi ilə əlaqədar məhkəməyə iddia ərizəs ilə müraciət etməmişdən əvvəl cavabdehə müraciət etməmişdir. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar