Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1791/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 135/2021 saylı 22.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərarının, qismən - 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-135/2021 saylı 22.02.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC barəsində tərtib edilmiş “vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərar, qismən - 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin 04.11.2020-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək iddia təmin edilmişdir. Halbuki, həmin rəydən görünür ki, ekspert işdə olan "xxxx" MMC-nin 21.09.2018-ci il tarixli 429 N-li mütəxəssis rəyini olduğu kimi həmin rəyə köçürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.3-cü maddəsindən görünür ki, hazırkı mübahisə üzrə vergilərin hesablanması satışa yararlı sahələrə görə yox, binanın hər mərtəbəsinin ümumi sahəsinə görə hesablanmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə, iddiaçının 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərarın ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması barədə vəsatət (sübutlar əlavə edilməklə) təqdim edilməsimnə baxmayaraq, məhkəmə iddianın mümkünlük məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin mövqeyini nəzərə almamış, eyni zamanda, iddianın mümkün hesab edilməsi üçün zəruri hesab etdiyi halları 22.02.2021-ci il tarixli qərarında əsaslandırmamışdır. Məhkəmə qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi hüquq 6normalarını yanlış tətbiq etməklə, iddia tələbinin təmin olunduğu hissə üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəmə kollegiyasının 12.08.210121-ci il tarixli iclasında iştirak edən nümayəndəsi R.Babayev cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmasa da, cavabdehin 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərarını vergi ödəyicisinin elektron poçtuna yerləşdirildiyini və 08.09.2018-ci il tarixdə həmin qərarın tərəflərindən oxunduğunu təkzib edə bilməmişdir. (Hazırkı 02.09.2021-ci il tarixinə 14:20-yə təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (işə baxılıb qurtardıqdan sonra saat 16:25-də işin təxirə salınması barədə teleqram məhkəməyə daxil olmuşdur)). Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. İş materiallarının 231-237-ci vərəqlərinə (cavabdeh vergi orqanının elektron qaydada iddiaçıya ünvanladığı 10.08.2018-ci il tarixli məktubuna, 28.08.2018-ci il tarixli qərarına, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatına və iddiçının 03.04.2017-ci il tarixli elektron sənəd mübahiləsi haqqında ərizəsinə və həmin tarixdə tərəflər arasında bağlanmış elektron sənəd mübadiləsi haqqında müqaviləyə) əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı müəssisə üzrə kameral yoxlama aparılaraq nəticələrinə dair «Vergilərin hesablanması barədə» 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərar qəbul edilmiş və qərar həmin tarixdə tərəflər arasındakı elektron mübadilə haqqında müqavilə şərtlərinə uyğun olaraq iddiaçının elektron poçtuna göndərilmiş və sonuncu tərəfindən 08.09.2018-ci il tarixində oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: “...70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra....” Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında»: Qanunun 62.2-ci maddəsi ilə də eyni qayda nəzərdə tutulmuşdur. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdehin «Vergilərin hesablanması barədə» 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərarı 08.09.2018-ci il tarixində oxunduğu gündən üç gün sonra, yəni 11.09.2018-ci il tarixində iddiaçıya çatdırılmış sayılır. İPM-in 38.1-ci maddəsinin imperativ tələbindən isə görünür ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçı üçün cavabdehin onun üçün əlverişsiz inzibati aktını təqdim edilmiş sayılan 11.09.2018-ci il tarixindən 30 gün müddətində, yəni 11.10.2018-ci il tarixinə qədər məhkəmədə mübahisələndirə bilərdi. İşdən isə görünür ki, iddiaçı cavabdehin “Vergilərin esablanması barədə” qərarının ləğvi tələbinə dair iddia ərizəsini məhkəməyə 09.04.2019-cu il tarixində təqdim etmiş, bununla da İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük iddia müddəti 6 aya yaxın (180 gün) ötürmüşdür. Belə olan halda, İPM-in 22.2-ci maddəsinə əsasən Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsi İPM-in müəyyən etdiyi iddia müddəti çərçivəsində verilməmişdir. Belə olan halda, onun iddiası ərizəsi İPM-in 35.1-ci maddəsinin tələbi qaydasında, əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün saylıa bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən isə iş baxılarkən iddianın mümkünlüyü məsələlərinə diqqət yetirilməmiş, hətta cavabdehin vəsatətindən sonra da, buna heç bir əhəmiyyət verilməmiş, nəticədə prosessual hüquq normalarının tələblərinin pozulmasvı ilə işə mahiyyəti üzrə baxılaraq, iddianın təmin olunması barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur(b.1.3); İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (b.1.4); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (b.2.1); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar... (b.8.6)” Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddianün mümkünlük şərtlərinin yoxlanılmadığını, iddia müddəti buraxıldığı halda prosessual hüquq normalarının pozulması işə baxılıb ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-135/2021 saylı 22.02.2021-ci il tarixli qərarı ləğv edilməli, İddiaçıMMC-nin iddiasının mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-135/2021 saylı 22.02.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1791/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1791/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver