Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1791/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-341/2022 saylı, 27 yanvar 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtina bildirişinin qanunsuz və əsasız sayılması, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi, 1ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin naturada bölgüsünün aparılması barədə Suraxanı rayonu İcra Hakimiyyəti başçısı, Suraxanı rayonu İcra Hakimiyyəti Bülbülə qəsəbə nümayəndəliyi tərəfindən təsdiqlənmiş aktı və sxemi mövcuddur. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə yuxarıda qeyd etdiyi zəruri sənədlərlə birgə aidiyyatı qaydada cavabdeh təşkilata xx.xx.2020-ci il tarixdə müraciət etmişdir, lakin 35 gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsassız və qanunsuz imtina bildirişi verilmişdir. İlk növbədə qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən ərizəçiyə imtina bildirişi 5 gün müddətində verilməli olduğu halda, prosessual müddəti pozaraq 35 gündən sonra bildiriş tərtib edilmişdir, həmçinin həmin məktub Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiqlənmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 3 nömrəli əlavəsinə uyğun deyildir. Bundan əlavə imtina bildirişində qeyd edilənlər - yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi, torpağın hasarlanmaması və torpağın yaşıllıq ərazidə yerləşməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində sadalanan hüquqların dövlət qeydiyatından imtina əsası kimi nəzərdə tutulmamışdır. Halbuki, elektron kadastr baza məlumatına əsasən istinad məsafələri müəyyənləşdirilə bilirsə, yerləşmə cizgisində həmin istinad məsafələrinin göstərilməməsi kimi uyğunsuzluğun aradan qaldırılması bir vəzifə borcu olaraq cavabdeh təşkilatın üzərindədir. Əgər bu halın əksini sübut edə biləcək faktiki sərtlərin mövcudluğu barədə inzibati orqanın hər hansı bir sübutu və va rəsmi sənədləri varsa, inzibati icraatın aparılması qaydalarına uyğun olaraq onu bu barədə məlumatlandırmağa, zəruri sübutları təqdim etməyə borcludur. Bundan əlavə Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə ona ayrılmış 600 kv.m torpaq sahəsi ətrafında olan qonşular cavabdeh təşkilat tərəfindən eyni qaydada torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışlarla təmin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri göstərilməmişdir. Bundan əlavə tam hasarlanmayan torpaq sahəsi yaşıllıq olan ərazidə yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariyagigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşəparklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 15 fevral 1995-ci il tarixli 272 nömrəli sərəncamı hal-hazırda qüvvədədir və mübahisələndirilməmişdir. Belə olan halda iddiaçı həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpağı olmaqla meşə fonduna aid torpaq sahəsi olmadığından, həmin sahədə ağacların mövcud olması, həmçinin elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri göstərilməmişdir. Bundan əlavə, tam hasarlanmayan torpaq sahəsi yaşıllıq olan ərazidə yerləşir. Qeyd olunan səbəblərə görə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-341/2022 nömrəli qərarı ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. İnzibati işdən müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 272 №-li, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bülbülə qəsəbəsində yaşayan Zeynalabdinov (Şükürov) Rasim Murtuz oğluna fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəsi ayrılmış, ayrılmış sahədə 185-00-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilmədiyi və tam hasarlanmayan torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyinin müəyyən edilməsi əsas göstərilməklə təmin edilməmişdir. Hazırki mübahisənin mahiyyəti üzrə qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi qoyulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; - 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. - 9.3-ci maddəsinə hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 9.4-ci maddəsinə. daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. - 9.5-ci maddəsinə hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. - 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 18-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; - 47-ci maddəsinin 2-ci bəndinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır; 3-cü bəndinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir; - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. - 59-cu maddəsinin 2-ci bəndinə görə, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsas, yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu. - 4.1. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır. - 9.0. Yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur: 9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; 9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi; 9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi; 9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması; 9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası; 9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması; 9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara diqqət yetirir: - İdarə tərəfində iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********21 №-li məktubdan görünür ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilmədiyi və tam hasarlanmayan torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşəparklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafıq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********14 №-li məktubdan görünür ki, müraciətlə bağlı İdarənin mühəndisi tərəfindən göstərilən (torpaq sahəsinin cizgisində dəqiq yerləşmə istinad məlumatı yoxdur) əraziyə texniki baxış keçirilmişdir. Sözügedən torpaq sahəsi tam hasarlanmamışdır (bir tərəfdən qonşu sahənin mişar daş hasarlıyla, bir tərəfdən metal torla əhatələnib, iki tərəfdən şərtidir). 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında mühəndisin təyin etdiyi koordinatlar daxilindəki torpaq sahəsi tam şəkildə şam ağacları olan yaşıllıq massivinin şərti bir hissəsidir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********32 №-li məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kvm. torpaq sahəsinin cizgisində dəqiq yerləşmə istinad məlumatı yoxdur. Sözügedən torpaq sahəsi tam hasarlanmamışdır (bir tərəfdən qonşu sahənin mişar daş hasarlıyla, bir tərəfdən metal torla əhatələnib, iki tərəfdən şərtidir). 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında mühəndisin təyin etdiyi koordinatlar daxilindəki torpaq sahəsi çoxillik əkmələrlə örtülü, ümumi istifadədə olan yaşıllıq massivinin sahəsidir. - Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********17 №-li, xx.xx.2021ci il tarixli məktubdan və ona əlavə edilmiş arayışdan görünür ki, müraciətə əsasən iddia edilən torpaq sahəsinə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülüb, ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və digər texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən ölçülmüş ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpağıdır, ölçülmüş torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsə torpaq sahəsinin verilməsi, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. - Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış Ç-DQ-329 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər icra Hakimiyyəti X1 əməkdaşları tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 600 kv.metr torpaq sahəsinin təyinatının müəyyən olunması məqsədilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı ərazinin ümumi istifadədə olan yaşıllıq zolağında yerləşdiyi, 600 kv.metr torpaq sahəsinin hüdudları daxilində 46 (qırx altı) ədəd, hüdudlarından kənarda isə 47 ədəd olmaqla ümumilikdə ərazidə 93 ədəd 45-50 illik şam ağaclarının mövcud olduğu müəyyən olunmuşdur. Hazırda torpaq sahəsi 3 tərəfdən mişar daşı ilə hasarlanmışdır. Hasarın kim tərəfindən çəkildiyini müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 27/04 №-li məktubdan görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə baxış keçirilərkən qeyd edilən ünvandakı ərazinin yaşıllıq zolağına aid olduğu və təqdim olunmuş koordinat nöqtələrinin hüdudları daxilindəki yaşıllıq ərazidə (600 m2) normal bioloji inkişafda olan diametrləri 20-44 sm-lik 81 ədəd çoxillik Şam ağaclarının olduğu müəyyən edilmişdir. Həmçinin, apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq: - Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli BA-02762-2022 nömrəli məktubundan görünür ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev 7-də yaşayan vət. X3 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” 272 №-li, xx.xx.1995-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəsi ayrılmış, Şükürov R.M oğluna ayrılmış sahədə 185-00-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktubuna əlavə edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətinə əsasən, torpaq sahəsi bir tərəfdən qonşu sahənin mişar daşları ilə, bir tərəfdən metal torla sərhədlənib, iki tərəfdən şərtidir. Torpaq sahəsi şam ağacları olan yaşıllıq ərazidə yerləşir. Torpaq sahəsi cizgisində istinad ölçüləri göstərilməyib. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 xx.xx.2022-ci il tarixli Ç- DQ-203 nömrəli məktubunda qeyd edilmişdir: “Mütəxəssislərimiz tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.metr yaşıllıq sahəsinə baxış keçirilərək akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən yaşıllıq sahəsində köküstəyaş normal bioloji inkişafda olan müxtəlif diametrli Eldar şamı cinsindən 90 (doxsan) ədəd ağacların olduğu qeyd olunmuşdur. Bildiririk ki, yaşıllıq sahəsi və ağaclar Birliyin balansındadır. Ağacların yaşı 50-55 illikdir, diametrləri 36-64 sm arasında dəyişir, köçürmə parametrlərinə uyğun gəlmir.” - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********42 nömrəli məktubuna əsasən, göstərilən 600 kvmetr torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları olmaqla (uqodiyası:parklar) dövlət mülkiyyətindədir. Sahə bütövlükdə sıx şəkildə yerləşmiş yaşıllıq ərazisidir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 22/1574 nömrəli məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 4.6.5-ci yarımbəndinə istinadən qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan bilməz. Eyni zamanda sözügedən qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsi üçün əsas hesab edilən hallar göstərilmiş, həmin qaydanın 2.3-cü bəndində isə bu hallar istisna olmaqla yaşıllıqların götürülməsinin qadağan olunduğu qeyd edilmişdir.” Məhkəmə kollegiyasının mövqeyi: Göründüyü kimi, İddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsi bugünədək tam hasarlanmamışdır. Həmçinin, həmin torpaq sahəsində diametrləri 36-64 sm, yaşı 50-55 illik olan Eldar şamı cinsindən 90 (doxsan) ədəd ağaclar mövcuddur. Bu da o deməkdir ki, hələ İddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 272 saylı sərəncamı verilərkən həmin torpaq sahəsində yaşı 25-30 illik olan şam ağacları olub. Bundan başqa, Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsində yerləşən Eldar şamı ağacı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş nadir bitki və heyvanların siyahısına daxildir. İşin hallarından da göründüyü kimi, iddiaçının istinad etdiyi sərəncam məhz fərdi yaşayış evinin tikintisi məqsədilə verilmişdir və müvafiq mütəxəssis rəylərindən və rəylərə əlavə olunan fotoşəkillərdən də göründüyü kimi, iddia edilən sahə tamamilə ağaclıqdır. Sərəncamın təyinatına uyğun torpaq sahəsindən istifadə gələcəkdə ağacların bir qisminin çıxarılmasına səbəb ola bilər. Həmçinin, məhkəmə kollegiyası iş üzrə hərtərəfli obyektiv araşdırmanın aparılması məqsədilə mütəxəssis qarşısında həmin ərazidə mövcud ağaclarının köçürülməsinin mümkünlüyü sualını qoymuş, mütəxəssis rəyindən də göründüyü kimi, sözügedən ərazidə mövcud olan ağacların köçürmə parametrlərinə uyğun gəlmədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m. torpaq sahəsi yaşıllıq zolağına aiddir və həmin torpaq sahəsində yeri dəyişdirilə (kökündən çıxarıla) bilməyən çoxillik, beynəlxalq səviyyədə qorunan Eldar şamı ağacları yerləşir. Azərbaycan Respublikası tərəfindən 2000-ci ildə xx.xx.1992-ci il tarixli BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyası ratifikasiya olunduqdan sonra Azərbaycan Respublikasının ərazisində bütün vacib ekosistemlərin, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, son iki il ərzində Azərbaycan Respublikasında 6 Milli Park (Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron milli parkları), 2 dövlət təbiət qoruğu (Şahbuz, Eldar şamı) və Qax Hirkan və Arazboyu dövlət təbiət yasaqlıqları yaradılmış, 5 dövlət təbiət qoruğunun (Türyançay, Pirqulu, İlisu, İsmayıllı, Qarayazı) ərazisi genişləndirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Göründüyü kimi, iddiaçı əlində olan hüquqmüəyyənedici sənəd əsasında iddia edilən yerə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsini xahiş edir və inzibati orqan tərəfindən verilmiş imtina cavabını mülkiyyət hüquqlarına müdaxilə hesab edir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, tətbiq edilən müdaxilə demokratik cəmiyyətdə zəruridir. Belə ki, 1977-ci ildə Kenyanın paytaxtı Nayrobi şəhərində BMTnin keçirdiyi Beynəlxalq Konfransda «Səhralaşmaya qarşı mübarizə» planı qəbul olundu. Riode-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda gündəliyə «XXİ əsrdə səhralaşmaya və quraqlığa qarşı mübarizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm məsələsi müəyyən edildi. Səhralaşmaya qarşı hökumətlər aşağıdakılaı etməlidirlər: 1. Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul etməli; 2. Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac cinslərindən istifadə edərək, meşə əkini proqramının həyata keçirilməsini tezləşdirmək; 3. Oduncaqdan yanacaq kimi istifadə olunmasını məhdudlaşdırmaq. Səhralaşma – qlobal ekoloji və sosial-iqtisadi problemdir. Bununla əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. 17 iyunda qeyd olunan «Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü» 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur. Səhralaşmaya qarşı mübarizə üzrə fəaliyyələr planı – 119 Səhraların hücumuna qarşı mübarizə və 2000-ci ilə qədər səhralaşmanın qarşısının alınması üzrə əhatəli qlobal proqram – Səhralaşmaya qarşı mübarizə üzrə BMT Konfransında qəbul edilmiş və 1977-ci ildə BMT BA-nın 32-ci sessiyasında təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün X7”ndan da göründüyü kimi, Meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin mühafizəsinin gücləndirilməsi, şəhərdə yaşıllıqların artırılması tədbirlərinin müəyyənləşdirilməsi üçün onların uçot sisteminin təkmilləşdirilməsi tədbirlər planına salınmışdır. Göründüyü kimi, bu Tədbirlər Planının da məqsədi məhz təbii mühitə zərərli antropogen təsirlərin azaldılması, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məqsədi daşımışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən fikrini ümumiləşdirərək hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etsə də, təqdim edilən hüquqmüəyyənedici sənədin təyinatının məhz ev tikintisi üçün verilməsi və hazırki məqamadək həmin torpaq sahəsinin hasarlanmaması, ondan istifadə edilməməsi, sərəncamda qeyd edilən müddət ərzində (sərəncamın 7-ci bəndi) heç bir tikinti işlərinin başlanmaması və həmin torpaq sahəsində diametrləri 36-64 sm, yaşı 50-55 illik olan Eldar şamı cinsindən 90 (doxsan) ədəd ağacların mövcudluğu nəzərə alınaraq, XXİ əsrdə səhralaşmaya və quraqlığa qarşı mübarizənin zəruriliyi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn tədbirlər planının mövcudluğu dövlətin ən başlıca məqsədləri kimi diqqət mərkəzində qoyularaq, cavabdeh inzibati orqanın imtinasının demokratik cəmiyətdə zəruri olması nəticəsinə gəlməyə imkan verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd olunmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2022 saylı, 27 yanvar 2022-ci il il tarixli qərarı ləğv edilsin. İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1791/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1791/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver