Məhkəmə qərarları › İş №2-1(103)-1791/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1791/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1791/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13006/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə 19 noyabr 1985-ci il tarixdə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Nigahda olduqları zaman birlikdə yaşadıqları mənzilin sahəsi yetmədiyi üçün mənzilin sahəsinin böyüdülməsi ilə bağlı müraciət etmiş və nəticə etibari ilə mənzilin sahəsinin böyüdülməsi qərarı alındı və mənzilin sahəsi 24 kv.m-dən 57 kv.m-ə genişləndirildi. Bundan sonra uzun müddət həmin mənzildə yaşamışlar. 2002-ci ildə həmin mənzilin rəsmiləşdirilməsi ilə bağlı aralarında müzakirə oldu. İddiaçıya mənzilin yoldaşının adına rəsmiləşdirilməsi üçün ərizə verməli olduğu bildirildi. İddiaçı isə buna razı olmadı. Daha sonra qızının müalicəsi üçün İran İslam Respublikasına getməli olmuş, bu zamanlarda onun həyat yoldaşı da xəstə idi . Ona üzərində “razılıq” olan bir sənəd uzataraq imzalamanı xahiş etdilər. İddiaçı həmin sənədin üzərində ərizə yazılmadığından heç bir problem olmayacağını düşünərək imza atdı. İddiaçı bunun heç bir hüquqi nəticəsi olacağını düşünmədiyi üçün “razılıq” adı altında bir sənədə qol çəkdi. O özəlləşdirmə üçün ərizə verilməli olduğunu bilirdi. Bu baxımdan razılığın heç bir hüquqi nəticəsi olmayacağını düşündüyü üçün formal olaraq qeyd edilən sənədə imza atdı. İddiaçı İran İslam Respublikasında səfərdə olduğu zaman ögey qızının mənzil ilə bağlı sənədələşdirmə aparmış və sənədləşmə həyata keçirildikdən bir müddət sonra həyat yoldaşı X3 vəfat etmişdir. Onun həmin mənzilin 1/2 hissəsinə pay hüququ vardır. Ancaq bütün bu aparılmış proseduralar iddiaçının hüququnu həyata keçirilməsinə maneədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13006/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər sonuncu məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının hazır ki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur, və həmin aktlarda iddiaçının iddianın mümkün sayılmamasının əsası kimi :xx.xx.2011-ci il tarixə 09 il, iddianın qaldırdığı xx.xx.2013-cü il tarixinə isə 11 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüququ maragı ilə bağlı məhkəməyə müraciət etməməsi onun bu maragını artıq itirdiyinə, bunu nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquq malik olmadığına dəlalət etməsi göstərilmişdir. İddiaçının hazırkı iddiası eyni cavabdehə qarşı olmaqla eyni predmet üzrə eyni əsaslarla qaldırılmışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu möqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının hazırkı tələbinin predmetini Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı, qeydiyyat vəsiqəsinin ləğv edilməsi təşkil edir. Tələbin əsası kimi isə iddiaçı qeyd edilən mənzilə 1/2 hissəsinə pay hüququnun olmasını qeyd edir. Digər tərəfdən qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1367/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərarından görünür ki, “iddiaçının qeyd edilən iddianı irəli sürməsi üçün subyektiv hüququnun olmadığına dair məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddianı öz adından qaldırsa da mərhum əri X1 birinci nikahından olan, 1992-ci ildən itkin düşmüş 1971-ci il təvəllüdlü X2 hüquqlarının bərpası məqsədi ilə qaldırmışdır.” Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən iş üzrə iddia tələbinin əsasını X2 hüquqlarının bərpası təşkil etsə də, hazırkı tələbin əsası fərqlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən halı nəzərə almamış, əsassız olaraq iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi İddiaçı hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ mövcud olduğundan məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı işə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13006/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13006/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar