Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1791/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2001-ci il tarixli Dövlət Aktına əsasən iddiaçının istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942a saylı məhəllədə yerləşən, ümumi sahəsi 3,2 ha torpaq sahəsinin əvəzi olaraq ********* manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2-1(112)- 1108/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2001-ci il tarixli Dövlət Aktına əsasən iddiaçının istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942a saylı məhəllədə yerləşən, ümumi sahəsi 3,2 ha torpaq sahəsinin əvəzi olaraq ********* manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi İddiaçı sahələrarası elmiistehsalat kooperativinə ayrıldığı vaxtdan daimi istifadəsində olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 12 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993- cü il tarixli, 1104 saylı Sərəncamı ləğv edilmiş, həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İşlər İdarəsinin və tabelikdə olan idarə və təşkilatların mənzilə ehtiyacı olan əməkdaşlarını mənzillə təmin etmək məqsədilə yaşayış kompleksinin tikintisi üçün Xətai rayonu, Gəncə prospekti ilə Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A saylı məhəllədə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin daimi istifadəsinə verilmişdir. Kooperativə ayrılmış torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 12 nömrəli Sərəncamı ilə onlardan alınaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə verilsə də, torpağın əvəzində kompensasiya ödənilməmişdir. Kooperativ haqsız olaraq torpağından məhrum olmuşdur. Kompensasiyanın ödənilməsi barədə cavabdeh orqana müraciət olunsa da, bu günədək heç bir cavab verilməmiş, kompensasiya ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2-1(112)-1108/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia ərizəsi rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1104 saylı Sərəncamı ilə İddiaçı sahələrarası elmiistehsalat kooperativinə (İddiaçı) Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2942a saylı məhəllədə yerləşən, ümumi sahəsi 3,2 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. Həmin torpaq sahəsinə Bakı şəhər İcra Hakimiyyətinin yuxarıda adı qeyd edilən sər-ci il tarixdə səncamına əsasən Bakı şəhər Torpaq şöbəsi tərəfindən torpağın daimi istifadə hüququ barədə xx.xx.2001-ci il tarixdə Dövlət Aktı verilmişdir. Torpaq sahəsi İddiaçı sahələrarası elmi-istehsalat kooperativinə ayrıldığı vaxtdan daimi istifadəsində olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 12 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1104 saylı Sərəncamı ləğv edilmiş, həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İşlər İdarəsinin və tabelikdə olan idarə və təşkilatların mənzilə ehtiyacı olan əməkdaşlarını mənzillə təmin etmək məqsədilə yaşayış kompleksinin tikintisi üçün Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A saylı məhəllədə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin daimi istifadəsinə verilmişdir. Kooperativ haqsız olaraq torpağından məhrum olmuşdur. Kompensasiyanın ödənilməsi barədə cavabdeh orqana müraciət olunsa da, bu günədək heç bir cavab verilməmiş, kompensasiya ödənilməmişdir. Kooperativə ayrılmış torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 12 nömrəli Sərəncamı ilə bizdən alınaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə verilsə də, torpağın əvəzində kompensasiya ödənilməmişdir. Bununla bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1108/2025 saylı qərarı ilə iddia tələbi rədd olunmuşdur. Qərar əsassız və qanunsuzdur. Belə ki, İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin ona kompensasiya ödənilmədən qanunsuz olaraq alınmışdır. Yəni, qanunda imperativ olaraq dövlət ehtiyacları üçün torpaqların alınmasına dair konkret hallar sadalanmışdır. Lakin, həmin halların heç birinə istinad etmədən iddiaçının əlindən torpaq sahəsi alınmış, bununla da onun konstitusion hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan olan Bakı şəhər İcra Hakimiyyətinin ləğv olunmamış xx.xx.2017-ci il tarixli 12 nömrəli Sərəncamı qüvvədədir. Məhkəmə bunu inzibati akt olaraq qəbul etsə də, ondan əvvəl tarixə yəni xx.xx.2001-ci il tarixdə verilən “Torpaqdan daimi istifadəyə dair” Dövlət aktını inzibati akt kimi qəbul etməmiş, onun qüvvədə olduğunu və ləğv olunmadığı, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə qiymət verməmişdir. Bu da məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli olmamasına işarə edir. Cavabdeh iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamını ləğv etsə də, torpağın daimi istifadəyə verilməsi hüququnu təsdiq edən dövlət aktını ləğv etdirməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində də həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması barədə qeydlər mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsinin əsası kimi inzibati aktın mübahisələndirilmədən hərəkətlərin qanunsuz olmasına istinad edilə bilməməsi faktına istinad edilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş dövlət aktının olması faktı nəzərə alınmamışdır. Həmin akt ləğv olunmayıb və torpaq sahəsi İddiaçı daimi istifadəsindədir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ilə bağlı olan sərəncam dövlət ehtiyacları üçün ləğv edilmişdir. Belə olduğu təqdirsə isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçınə məxsus olan torpaq sahəsinin ayırmasına dair “Torpaqdan daimi istifadə haqqında” dövlət aktının ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edilməli idi. İddiaçınə hər hansı xəbərdarlıq edilmədən torpaq sahəsinə dair sərəncam ləğv edilmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Vəkil ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsindən İddiaçı tərəfindən hal-hazırda istifadə edilə bilməz. Artıq orada binalar tikilib və vətəndaşlar yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli, 1104 №-li Sərəncamına əsasən, İddiaçı sahələrarası elmi-istehsalat kooperativinin 10.05.93-cü il tarixli 01-36 №-li məktubunu və Xətai Rayon İcra Hakimiyyəti Başçısının 09.06.93-cü il tarixli 1588 №-li razılıq məktubu nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospektinin 2942 “a” məhəlləsində Biznes mərkəzi kompleksi layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - 32393,64 kv.m. torpaq sahəsi üzərində iddiaçının Torpaqdan daimi istifadə hüququna dair JN-0668 KOD 01000003 nömrəli Dövlət aktı tərtib edilmiş və dövlət aktı qeyiyyat kitabında 09 yanvar 2001-ci il 100 nömrəli ilə qeydiyyata alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 17/17 /PA-1943-25 saylı tapşırığını, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, **********39 saylı razılıq məktubunu və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2017-ci il tarixli, 22-25 saylı müraciətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İşlər İdarəsinin və tabelikdə olan idarə və təşkilatların mənzilə ehtiyacı olan əməkdaşlarını mənzillə təmin etmək məqsədilə yaşayış kompleksinin tikintisi üçün Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A saylı məhəllədə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin daimi istifadəsinə verilmiş və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1104 saylı sərəncamı ləğv edilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1104 saylı sərəncamı ilə ayrılmış 3.2 ha torpaq sahəsinin qanunsuz olaraq alınması əvəzində 30 000 00 (otuz milyon manat) kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. İddiaçı hazırkı tələbinin əsası kimi o hala istinad edir ki, cavabdehin xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamı ilə ona ayrılmış torpaq sahəsi iddiaçıdan qanunsuz olaraq alınmış, lakin əvəzində heç bir məbləğ ödənilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamının qanunsuzluğuna istinad edərək kompensasiya tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinin məzmunun dispozisiya şərtlərindən görünür ki, vurulmuş ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə, inzibati orqanın qanunsuz qərarı və ya qanunsuz hərəkəri olmalıdır. Yalnız bundan sonra Mülki Məcəllənin vurulmuş ziyana görə məsuliyyət müəyyən edən normalarının tələbləri yoxlanıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq göstərmişdir ki, iddiaçının qanunsuz qərar (və ya hərəkət) kimi istinad etdiyi cavabdehin inzibati aktı ünvanlandığı bütün şəxslər, həmçinin iddiaçı üçün qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmin Sərəncam ləğv edilməmiş, geri çağırılmamış, dəyişdirilməmiş, iddiaçı və ya hər hansı bir şəxs tərəfindən mübahisələndirilməmişdir. Hazırkı iddia tələbinin əsaslı olmaması üçün ilk növbədə cavabdehin xx.xx.2017-ci il tarixli, 12 №-li Sərəncamının qanunsuzluğu müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin “Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan olan Bakı şəhər İcra Hakimiyyətinin ləğv olunmamış xx.xx.2017-ci il tarixli 12 nömrəli Sərəncamı qüvvədədir. Məhkəmə bunu inzibati akt olaraq qəbul etsə də, ondan əvvəl tarixə yəni xx.xx.2001-ci il tarixdə verilən “Torpaqdan daimi istifadəyə dair” Dövlət aktını inzibati akt kimi qəbul etməmiş, onun qüvvədə olduğunu və ləğv olunmadığı, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə qiymət verməmişdir” dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda iddiaçı daimi istifadəyə verilmiş torpaq sahəsini geri tələb etmir, həmin torpaq sahəsinin qanunsuz əsaslarla onun istifadəsindən alınmasına görə 30.000.000 manat kompensasiya ödənilməli olmasını iddia edir. Belə olan halda ilkin olaraq əsasların qanunsuz olmasının müəyyən edilməsi, yuxarıda da qeyd olunduğu kimi, qanunvericiliyin imperativ tələbidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2-1(112)-1108/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2-1(112)-1108/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-1(103)-1791/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1791/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver