Məhkəmə qərarları › İş №2-1(103)-1792/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1792/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1792/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-654/2021 saylı 18.02.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin bərpa edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya iki barmağın amputasiya olması, mədə və bağırsağın xora xəstəliyinə görə 2005-ci il tarixindən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Lakin son 7 aydır ki, ondan əlillik dərəcəsi geri alınmışdır. O, əlillik dərəcəsinin yenidən bərpa olunması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh orqan əsassız və qanunsuz olaraq əlilliyin təyinində ağırlaşma olmadığına görə əlilliyin verilməsindən imtina edildiyini göstərmişdir. Halbuki, səhhətində olan problemlər iki barmağının amputasiya olması, mədə və onikibarmaq xora xəstəliyi nəticəsində səhhətindəki problemlər daha da ağırlaşmış və kəskin hal almışdır. Hal-hazırda da müayinə və müalicələri davam etdirilir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Buna əsas kimi göstərmişdir ki, 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş qərarın əsaslılığının araşdırılması məqsədilə İddiaçı 04.12.2019-cu il tarixdə əyani müayinə olunmuş, hazırki vəziyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq İİ dərəcə əlillik təyinatına əsas verən hal (ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi) aşkar edilmədiyinə görə əlillik təyin edilməmişdir. Belə ki, əsas diaqnoz kimi göstərilmiş “12 barmaq bağırsağın xora xəstəliyi”nin əlillik təyinatına əsas ola bilən ağırlaşmaları (ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsinin əlamətləri – davamlı kəskin anemiya, çəkinin defisiti) aşkar edilmir, eləcə də, bir əldə 2 barmağın olmaması əlilliyin təyininə əsas vermir. Buna görə də, kollegial müzakirə nəticəsində xəstədə aşkar olunan hər iki patologiyanın əlillik təyinatına əsas verməməsi barədə qərar verilmiş və tam reabilitasiya olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-654/2021 saylı 18.02.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə üeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmadan qərar qəbul edilmişdir. Belə ki, ona 21.04.2005-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlliyin səbəbi iki barmağın amputasiya olması, mədə və bağırsağın xora xəstəliyi olmuşdur. Növbəti illərdə də yeni qiymətləndirmə zamanı 2-ci dərəcəli əlillik dərəcəsi saxlanılmışdır. Bu günədək səhhətində olan problemlər düzəlməmiş, vəziyyəti daha da ağırlaşmış və hal-hazırda müiləcəsisi davam etdirilir. Cavabdeh əsassız olaraq onun əlillik dərəcəsinin saxlanılmasının mümkün olmadığını bildirmişdir. Halbuki, əlillik dərəcəsinin saxlanılması üçün əvvəlki sağlamlıq vəziyyətinində ağırlaşmanın olması mütləq deyil. Bunun üçün əvvəlki sağlamlıq vəziyyətinin saxlanılması kifayət edir. Həmçinin ona əlillik dərəcəsi təyin olunması əsaslarından biri iki barmağının amputasiyasıdır ki, bunun da zamanla bərpası mümkünsüzdür, müalicəyə tabe olan bir hal deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil M.İsmayılova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (İddiaçı vəkilin dedikləri ilə razı olduğunu bildirmişdir) Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Musayeva iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, cavabdeh tərəfindən 04 dekabr 2019-cu il tarixdə təkrar qiymətləndirmə aparılaraq iddiaçının 2-ci dərəcə əlilliyinin tam reabilitasiyayası və müayinənin nəticəsinin alt sistemə daxil edilməsi barədə protokol qərarı qəbul edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçının sağlamlığı 21.04.2005-ci il tarixində TSEK tərəfindən ilkin qiymətləndirilərkən ona ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə o, 22.09.2014-cü il tarixində tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və onun ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyi daha bir il müddətinə uzadılmışdır. Lakin “Əlillik altsistemi”ndə ikinci dərəcə ilə ümumi səbəbdən 22.09.2014- 22.09.2015-ci il tarixə kimi bir il müddətinə qeyd olunsa da, SER TSE-01 № 452516 seriyalı TSEK arayışında əlilliyin müddəti “müddətsiz” olaraq göstərilmişdir(İşə əlavə olunur). İşdən görünür ki, bununla bağlı, 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş qərarın əsaslılığının araşdırılması məqsədilə 04.12.2019-cu il tarixində iddiaçı təkrar əyani formada müayinə olunmuş və nəticələri üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən təkrar qiymətləndirilmə Protokolu tərtib edilmişdir. İşdə olan həmin Protokolda təsbit edilir ki, ünvan 1 ünvanında qeyd olunan İddiaçı əlillik vəziyyəti “Əlillik” altsistemində ikinci dərəcə, ümumi səbəbdən bir il müddətinə (22.09.2014-22.09.2015-ci il tarixə kimi) salınmışdır. Lakin, TSE-01 № 452516 seriyalı arayışda 22.09.2015-ci il tarix, ümumi səbəb, müddətsiz, ikinci dərəcəli əlillik qeyd edilmişdir. Bu səbəbdən də 04.12.2019-cu il tarixdə aparılan əyani müayinə zamanı tibbi sənədlərində qeyd edilmiş (12 b/b xora xəstəliyi.sağ əlin 2-3 barmaqlarının falanqa səviy amputasiyası.) mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq İİ (ikinci) dərəcəli əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə İddiaçı əlillik təyin edilmədiyi müəyyən olunmuş və 04.12.2019-cu il tarixli İİ (ikinci) dərəcə əlillik tam reabilitasiya edilərək, müayinənin nəticəsinin altsistemə daxil edilməsi qərara alınmışdır (Həmin protokola əlavə olunmuş təkrar müəyinənin nəticəsinə görə iddiaçıya əsas diaqnoz kimi 12 barmaq bağırsağın xorası, yanaşı diaqnoz kimi İİ-İİİ barmaqların amputasiyası qoyulmuşdur). Belə olan halda, faktiki olaraq iddiaçının 2-ci dərəcə əllliyi cavabdehin qeyd olunan 04.12.2019-cu il tarixli qərarı ilə artıq qüvvədən düşmüş olur. İş materiallarına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən isə müəyyən olunur ki, cavabdehin qeyd olunan 04.12.2019-cu il tarixli qərarı inzibati qanunvericiliyin tələbləri qaydasında mübahisələndirilməmiş, həmin qərar hazırda qüvvədədir. Cavabdeh işdəolan, ddiaçıya ünanlanmış 07.01.2020-ci il tarixli məktubda da məhz, bildirmişdir ki, “əlilliyin təyinində ağırlaşma olmadığına görə əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi ilə 04.12.2019-cu il tarixdə qiymətləndirilmiş və tam reabilitasiya qərarı verilmişdir. Gələcəkdə səhhətində ağırlaşma əmələ gələrsə, o, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (Forma 88) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti iştirakı olmadan TibbiSosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcək. Digər tərəfdən, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.1.-ci bəndi də məhz nəzərədə tutur ki, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi sosial ekspertiza xidməti tibbi sosial ekspert komissiyaları (bundan sonra- TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 3.1.1-ci bəndinə əsasən əlilliyi qiymətləndirmək TSEK-in vəzifələrinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.1.-ci bəndi də məhz nəzərədə tutur ki, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi sosial ekspertiza xidməti tibbi sosial ekspert komissiyaları (bundan sonra- TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 3.1.1-ci bəndinə əsasən əlilliyi qiymətləndirmək TSEK-in vəzifələrinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən 2-ci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə, konkret halda, iddiaçının istinad etdiyi xəstəliyin adı, habelə, onda 04.12.2019-cu il tarixində təkrar müayinə zamanı aşkar olunan xəstəlik (12 barmaq bağırsağın xorası (əsas diaqnoz), sİİ-İİİ barmaqlarının amputasiyası) qanunvericilyin müəyyən etdiyi 2-ci qrup dərəcə əlilləyə aid xəstəliklər sırasında mövcudluğu müəyyən edilmir. Göründüyü kimi, iddiaçının cavabdehin üzərinə onun 2-ci qrup əlillyinin bərpa edilməsi öhdəliyini qoyulması üçün faktiki şərtlər və hüquqi əsaslar mövcud deyil. Əksin belə şərtlərin mövcudluğu təkzib olunur. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbi baxımından, 2-ci qrup əlilliyinin bərpa edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı işdə olan sübutlara və maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmadan qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-654/2021 saylı 18.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-654/2021 saylı 18.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar