Məhkəmə qərarları › İş №2-1(103)-1792/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1792/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1792/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasından tutulmanın aparılmasının dayandırılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına qarşı “əmək pensiyasından tutulmanın aparılmasının dayandırılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçıya məxsus AZE00****** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1949-cu ildə anadan olmuşdur.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının xx.xx.2006-cı il tarixli 279 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1998-cu il tarixdən indiyə kimi (xx.xx.2006-cı il tarixdədək) Respublika X2 laboratoriya müdiri vəzifəsində işləyir. «Vətəndaşların pensiya təminatı» haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun olaraq o, 2-ci siyahı üzrə güzəştli pensiya almaq hüququna malikdir. Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 saylı siyahısının XXİV bölməsinin 22600000-1754a şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər (vəzifəsindən asılı olmayaraq) güzəştli şərtlərlə pensiya hüququna malikdirlər.

3. İddiaçı xx.xx.2006-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə ərizə ilə müraciət edərək, ona 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 6/115 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən ömürlük güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3-5134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, ərizəçiyə hüququnun xx.xx.2010-cu il tarixdə yaranması müəyyən edildiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2010-cu il tarixindən təyin edilmiş, pensiyasının məbləği 1994.64 manatdan 984.28 manata azaldılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı əmək pensiyasından tutulmanın aparılmasının dayandırılması vəzifəsinin Mərkəzi Filialın üzərinə qoyulması və Mərkəzi Filial tərəfindən öncəki aylarda İddiaçı tutulmuş pensiyasının sonuncuya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanma aparılaraq azaldıldığı xx.xx.2024-cü il tarixdən tam (1994,64 manat məbləğində) bərpa edilməsi və həmin dövrdən hazırki tarixədək ödənilməmiş qalıq məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 18 mart 2024-cü il tarixində cavabdeh İddiaçı 3-17-1/2-Ş-66219/2024 nömrəli, 18 mart 2024-cü il məktub ünvanlayaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən onun yaşa görə pensiyaya tez çıxarıldığını və bu səbəbdən artıq ödənilmiş pensiyanın ondan tutulacağını və məsələ ilə əlaqədar olaraq mülahizənin dinlənilərək aktın tərtib edilməsi üçün İddiaçının qəbul Mərkəzinə getməli olduğunu qeyd etmişlər. Mərkəzi Filial tutulmanı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan işlərdə çalışmış şəxslərin güzəştli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsi qanunvericilikdə müəyyən olunmadığından cüzam və taun əleyhinə stansiyalarda iş müddəti ikiqat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, tələb olunan güzəştli iş stajına (12 il 6 ay) tamamlandığı 02 iyul 2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 7 sentyabr 2006-cı il tarixindən hesablanmışdır. İddiaçı 2 yanvar 1998-ci il tarixindən 7 sentyabr 2006-cı il tarixinədək sadəcə X2 8 il 8 ay müddətində fəaliyyət göstərmişdir (Əmək kitabçası qoşmaya əlavə edilib). Daha sonra, Mərkəzi Filial İddiaçıya 22 may 2024-cü il tarixli, 3-17- 112-Ş-119766/2024 nömrəli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktub ünvanlayaraq İddiaçıya son üç il üzrə 30 359.57 AZN artıq pul vəsaitin ödənildiyini müəyyən etdiyini qeyd etmiş və həmin pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə İddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün İddiaçının yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsini İddiaçıdan xahiş etmişdir. Daha sonra İddiaçı tərəfindən hər hansı yazılı razılıq təqdim olunmadığı halda, artıq 2024- cü ilin aprel ayından başlayaraq pensiya məbləği ona tutulmuş şəkildə ödənilir. İddiaçı 28 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əmək veteranı adına layiq görülmüşdür və Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir.

9. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddiaçıya ünvanlanmış imtina məktubunda iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Qanunun 24-cü maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti ikiqat ölçüdə; şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə; cüzam və taun əleyhinə müəssisələrdə ış müddəti ikiqat ölçüdə; əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetinlməsi müddəti üçqat ölçüdə. Göründüyü kimi, sözügedən maddədə güzəştli şərtlər əmək pensiyası hüququ verən sığorta stajının hesablanmasında nəzərdə tutulur, güzəştli şərtlərlə pensiya hüququ verən sığorta stajının müəyyən edilməsində deyil. Qanunun 9.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulan işlərdə çalışmış şəxslərin güzəştli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsi isə qanunvericilikdə müəyyən olunmamışdır. Buna görə də, cüzam və taun əleyhinə stansiyalarda iş müddəti yalnız əmək pensiyası hüququ verən stajın (baxılan halda 25 ilin) müəyyən edilməsində ikiqat ölçüdə hesablanaraq ümumi iş stajına daxil edilir. Qeyd edilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunla tələb olunan güzəştli iş stajının (12 il 6 ay) tamamlandığı xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2006-cı il tarixindən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Eyni zamanda, Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarxindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası aşağıdakı qaydada hesablanıb: İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 44 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar iddiaçının xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 52,41 manat (44,39 il x 170 manat:144 ayı hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 81,20 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006- xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5353,92 manat pensiya sığorta kapitalına uyğun 37,18 (5353.92:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 193,38 manat (81,20+37,18+75,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 275.68 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçiyə pensiya təyin edilən dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 24.0-cı maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; İşin yuxarıda qeyd olunan hallarından müəyyən olunur ki, cavabdeh cüzam və taun əleyhinə stansiyalarda iş müddətinin yalnız əmək pensiyası hüququ verən ümumi iş stajının (baxılan halda 25 ilin) müəyyən edilməsində ikiqat ölçüdə hesablandığını, bu halın zərərli işlərdə işləmə müddətini müəyyən edən güzəştli staja aid edilmədiyini bildirir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Digər tərəfdən, şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki, onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Çünki şəxsin güzəştli stajı onun ümumi stajının təkibindən müəyyən olunur. Bundan əlavə, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2163/2024 saylı xx.xx.2024 tarixli qərarı). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajınən müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Belə olan halda, aydın olur ki, cavabdehin 3-17-1/3-3-5134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qanunsuz olmuşdur, bu səbəbdən ləğv edilməlidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 12408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Qanunun 24-cü maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti ikiqat ölçüdə; - şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə; - cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə; - əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçqat ölçüdə. Göründüyü kimi, sözügedən maddədə güzəştli şərtlər əmək pensiyası hüququ verən sığorta stajının hesablanmasında nəzərdə tutulur, güzəştli şərtlərlə pensiya hüququ verən sığorta stajının müəyyən edilməsində deyil. Qanunun 9.1ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulan işlərdə çalışmış şəxslərin güzəştli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsi isə qanunvericilikdə müəyyən olunmayıb. Buna görə də, cüzam və taun əleyhinə stansiyalarda iş müddəti yalnız əmək pensiyası hüququ verən stajın (baxılan halda 25 ilin) müəyyən edilməsində ikiqat ölçüdə hesablanaraq ümumi iş stajına daxil edilir. Yuxarıda qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2-1(112)-2058/2021 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2-1(103)-2019/2021 nömrəli qərarlarında da ifadə olunmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunla tələb olunan güzəştli iş stajının (12 il 6 ay) tamamlandığı xx.xx.2010-cu il tarixindən. təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2006-cı il tarixindən hesablanaraq təyin edildiyi aşkar olunub. Eyni zamanda bildiririk ki, Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb: İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 44 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar iddiaçının xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 52,41 manat (44,39 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 81,20 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006- xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5353,92 manat pensiya sığorta kapitalına uyğun 37,18 (5353,92:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 193,38 manat (81,20+37,18+75,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 275,68 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15680,88 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144 ay - 72 ay) bölünməklə 217,79 manat (15680,88:72 ay) əmək pensiyasının (275,68 manat) üzərinə əlavə edilərək pensiya məbləği xx.xx.2017-ci il tarixindən 493,47 manata (275,68+217,79) (indeksləşdirilməklə xx.xx.2018-ci il tarixinə 521,60 manat) artırılıb. Bundan başqa, xx.xx.2018-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar əmək pensiyası yenidən hesablandıqdan sonra işlədiyi dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1742,40 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144 ay - 72 ay) bölünməklə 24,20 manat (1742,40:72 ay) əmək pensiyasının (521,60 manat) üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 545,80 manata (521,60+24,20) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 984,28 manat) artırılıb. Göstərilən səbəblərdən də, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar olaraq, nəzərdə tutulan tədbirlər haqqında iddiaçının mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 18 mart 2024-cü il tarixində tərəfimizdən məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi bildirilib. Daha sonra iddiaçı 8 aprel 2024-cü il tarixində Mərkəzi Filiala gələrək mülahizələrinin dinlənilməklə tərtib edilmiş akt birgə imzalanmışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 30359,57 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Bildiririk ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.;

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilə.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ondan pul vəsaitinin tutulması ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsinə və onun əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılmasına nail olmaqdan ibarətdir.

28. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

29. Cavabdeh apelyyasiya şikayətində Qanunun 24-cü maddəsinə istinadən qeyd etmişdir ki, sözügedən maddədə güzəştli şərtlər əmək pensiyası hüququ verən sığorta stajının hesablanmasında nəzərdə tutulur, güzəştli şərtlərlə pensiya hüququ verən sığorta stajının müəyyən edilməsində deyil. Qanunun 9.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulan işlərdə çalışmış şəxslərin güzəştli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsi isə qanunvericilikdə müəyyən olunmayıb.

30. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir.

31. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı.

32. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2163/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Digər tərəfdən şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.

33. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.

34. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin tələbinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Başqa sözlə, hətta iddiaçıya əmək pensiyası təyin olunması barədə cavabdehin qəbul etdiyi əlverişli inzibati akt qanunsuz olduğu və “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsində göstərilən əsasla ləğv edildiyi hallarda belə, həmin əlverişli inzibati akt əsasında icra edilmiş ödənişlər üzrə məbləğlər, onların ödənişinin qanunla müəyyən edilmiş qaydada dayandırılmasından asılı olmayaraq, geri tələb oluna bilməz. Bu, yalnız pensiyaçının razılığı ilə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən əsaslara görə ləğv edildiyi və geriyə ödənişə pensiyaçının razılığı olmadığı hallarda isə, həmçinin məhkəmə qaydasında mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6cı maddəsində göstərilən əsaslarla aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Beləliklə pensiyadan artıq ödəmənin tutulması üçün hüquqi əsaslar olmamışdır.

35. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur. Beləliklə, cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı qanunsuzdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallardan artıq ödənildiyi iddia olunan vəsaitin şəxsin razılığı olmadan və ya məhkəməyə müraciət edilmədən cavabdeh tərəfindən birbaşa tutulduğu müəyyən olunur. Cavabdeh tərəfindən artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

38. Bundan əlavə Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində hansı hallara görə 2006-cı ildə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.

39. Belə ki, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında qeyd edilmişdir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

40. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.

41. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə inzibati orqan tərəfindən aparılmış inzibati icraat yuxarıda qeyd olunan normaların və prinsiplərin tələblərinə uyğun olmayaraq aparılmışdır.

42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar