Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1793/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Hacıbala oğlunun cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə və üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovnaya və Cavabdeh5 qarşı «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4459/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Hacıbala oğlu cavabdehlər Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovnaya və Cavabdeh5 qarşı «mənzildən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 33 saylı Notariat Kontorunda 27 avqust 2002-ci il tarixdə 152284 nömrəli daşınmaz əmlakın (mənzilin) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 20 saylı evin 4 otaqlı, ümumi sahəsi 82,9 kv.m, yaşayış sahəsi 47,7 kv.m olan 16 saylı mənzili tam mülkiyyət hüququ ilə iddiaçının adına 16 oktyabr 2002ci il tarixdə qeydiyyata alınmış və bu barədə Bakı ŞİH TİMHQ İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovna və Cavabdeh5 həmin mənzildə qeydiyyatdadırlar. Onlar alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişlər. Həmin şəxslərin məhkəmə qaydasında mülkiyyət və mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməli və həmin mənzildən qeydiyyatdan çıxarılmalı olmasını hesab edən iddiaçı AR Konstitusiyasının 13, 29-cu maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1, 2, 9-cu maddələrinə, AR Mülki Məcəlləsinin 27.1, 152.1, 385.2 və digər maddələrinə əsaslanaraq, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovnanın və Cavabdeh5 Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 20 saylı evin 16 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər RPİnin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovnan və Cavabdeh5 işdə onların cavabdeh qismində prosessual iştirakına xitam verilməklə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4459/2020 saylı, 13.10.2020-ci il tarixli qərarı ilə İddiaçı Hacıbala oğlunun cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə və üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovnaya və Cavabdeh5 qarşı «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxslərin formal olaraq ona məxsus mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun sərəncam vermək hüququnu pozur, üçüncü şəxslərlə onun arasında alqı-satqı müqaviləsi bağlanmışdır və üçüncü şəxslər faktiki olaraq artıq mənzilin müıkiyyətçisi sayılmırlar. Buna baxmayaraq həmin şəxslər sataraq Rusiyaya köçməsinə baxmayaraq mülkiyyətçinin razılığı olmadan qanunsuz olaraq qeydiyyatda qalmaqda davam edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh inzibati orqan isə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı Hacıbala oğlu ilə Cavabdeh2 arasında Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 20 saylı evin 4 otaqlı, ümumi sahəsi 82,9 kv.m, yaşayış sahəsi 47,7 kv.m olan 16 saylı mənzilinin alqı-satqısına dair 27.08.2002-ci ildə müqavilə bağlanmış və 16.10.2002-ci ildə iddiaçıya həmin mənzilə dair mülkiyyət hüququ ilə bağlı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ÖM seriyalı 131829 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovna və Cavabdeh5 adlı şəxslərin qeydiyyatdan çıxarılması tələbi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, onun müraciətinə cavab olaraq hazırki tələblə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçı tərəfindən nə inzibati icraat, nə də məhkəmə icraatı zamanı üçüncü şəxslərə münasibətdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, o cümlədən üçüncü şəxslərin mənzildən istifadə hüququna xitam verilməsinə dair (və ya onların istifadə hüququnun mövcud olmaması müəyyən edilmələ digər müvafiq nəticəyə dair) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu ilə bağlı sübut təqdim etmədiyi, eləcə də belə sübutun alınması ilə əlaqədar təşəbbüskarlıq olunmadığı qənaətinə gəlib cavabdehin imtinasını qanuni və əsaslı hesab etmiş və iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətində və sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 228-ci , Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinin mənası baxımında şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 2-ci maddəsinin 3-cü yarımbəndində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovnanın və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 20 saylı evin 16 saylı mənzilində qeydiyyatda olmaları müəyyən olunsa da, onların mübahisəli mənzildə əmlak, o cümlədən istifadə hüquqlarını olmaması, həmçinin həmin şəxslərin qeyd olunan mənzildə yaşamadıqları müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması haqqında öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməmək barədə qərarı qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti təmin edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4459/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Borisovnanın və Cavabdeh5 Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 20 saylı evin 4 otaqlı, ümumi sahəsi 82,9 kv.m, yaşayış sahəsi 47,7 kv.m olan 16 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1793/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1793/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver