Məhkəmə qərarları › İş №2-1(103)-1793/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1793/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1793/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasından qanunsuz tutulmalara son qoyulması, tutulmuş vəsaitin qaytarılması və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməməsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı xx.xx.2023-cü il qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ilə, İddiaçı iddiasının qismən təmin edilmiş, İddiaçı pensiyasından hər ay əsassız və qanunsuz tutulmalara son qoyulması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı həmin qərarın təmin olunmayan hissəsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-159/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirilən - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1518/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli 2-1(103)- 159/2022 nömrəli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almış və Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü ildə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 27 fevral 2023-cü il tarixli 3-17-1/2-39157/2023 saylı məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-4391/2021 nömrəli qərarı ilə İddiaçı əmək pensiyasından hər ay əsassız və qanunsuz tutulmalara son qoyulması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyi Mərkəzi Filiala həvalə edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyasından hər hansı tutulma aparılmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmənin həmin qərarı bu günədək icra olunmadığı üçün cavabdeh barədə tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 03 iyul 2023-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq, ünvan 1 üçün əlavə 10 (on) gün müddət təyin olunmaqla həmin müddət ərzində qərarın icra olunmadığı təqdirdə İPM-nin 120-ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq olunacağı bildirilmişdir. Lakin cavabdeh həmin xəbərdarılıqla bağıl məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda təkrarən məhkəməyə bildirmişdir ki, şəxsin əmək pensiyasından hər hansı tutulma aparılmamışdır. Bundan sonra, iddiaçının qərarın icrasının təmin edilməməsi ilə bağlı şikayət ərizəsi üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə məhkəmə cavabdehə bildiriş ünvanlayaraq bir daha, İPM-in 120-ci maddəsinin tələbləri onun nəzərinə çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı xx.xx.2023-ci il qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı işi üzrə qəbul edilmiş 20 may 2021ci il tarixli qərarını icra etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilərək, məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə həmin qərardad elektron kabinet vasitəsilə cavabdehə çatdırılmış, xx.xx.2023-cü il tarixdə təmsilçisi “Məhkəmə Mübahisələri üzrə Mərkəzi Filialı” elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4391/2021 saylı xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür (Filialın özü tərəfindən, təkrarən poçt vasitəsilə məhkəməyə göndərdiyi apellyasiya şikayətini geri qaytarılmasını xahiş etsə də, məhkəmə tərəfindən həmin apellyasiya şikayəti, elektron kabinet vasitəsilə təqdim edilmiş ikin apellyasiya şikayətinə əlavə kimi işə əlavə olunmuşdur). Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «...1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-1(81)-4597/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının pensiya hüququ yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmuş və sözügedən məhkəmə qərarı icra olunmuş, bununla bağlı iddiaçıya məlumat xarakterli məktub ünvanlanmışdır. Belə ki, iddiaçının pensiyası 1987,93 manat müəyyən edilmiş, keçmiş dövr üzrə fərq məbləği hissə-hissə əmək pensiyasına əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Bundan sonra, pensiya məbləğindəki azalmadan narazı qalan iddiaçı “pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmaya son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-4391/2021 nömrəli qərarı ilə iddiaçının tələbi qismən təmin edilmiş, pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmaya son qoyulması, tutulmuş məbləğlərin qaytarılması öhdəliyi cavabdehə həvalə olunmuşdur. Həmin qərar icra olunmuşdur. Belə ki, iddiaçının pensiya məbləği 1 sentyabr 2019-cu il tarixə 1987,93 manat (sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1980,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəsi-320,85 manat, səlahiyyətlərin yerinə yetirilməsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-495,00 manat, yüksək hüquq ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi-297,00 manat, məzuniyyətə çıxdığı vaxt iki aylıq əməkhaqqı miqdarında verilən müavinəti və müalicə olunmaları üçün iki aylıq əməkhaqqı məbləğində ödənilən pul təminatı 660,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 3975,85 manat pul vəsaitinin 50 faizi miqdarı) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə 2123,90 manat (sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1980,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəsi- 320,85 manat, səlahiyyətlərin yerinə yetirilməsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-495,00 manat, yüksək hüquq ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi-297,00 manat, məzuniyyətə çıxdığı vaxt iki aylıq əməkhaqqı miqdarında verilən müavinəti və müalicə olunmaları üçün iki aylıq əməkhaqqı məbləğində ödənilən pul təminatı 931,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 3975,85 manat pul vəsaitinin 50 faizi miqdarı) hesablanaraq ödənildiyi müəyyən edilmişdir. İddiaçı əmək pensiyası hesablanma qaydası ilə əlaqədar olaraq 18 may 2021-ci il tarixdə 2123,90 manatdan 1987,93 manata azaldılıb. 01 iyul 2022-ci il tarixdən vəzifə maaşının artımı və 28 avqust 2023- cü il tarixdən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması nəzərə alınmaqla iddiaçının pensiya məbləği hazırda 5809,53 manat təşkil edir. Qərardadda Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli nömrəli qərarının icra edilmədiyini bildirsə də, bunu əsaslandırmamışdır. Belə ki, iddiaçının hal-hazırki müraciətinin əsasını təşkil edən hala Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-4391/2021 nömrəli qərarı ilə münasibət bildirilmiş və iddia o hissədə təmin edilməmişdir. Hal-hazırda iddiaçının pensiya məbləğinin əvvəlki məbləğlə hesablanması kimi tələb irəli sürməsi əsassızdır Əlavə olaraq, həmin qərarın iddia tələbi qismən təmin edilmiş hissəsinə münasibətdə yəni, pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmaya son qoyulması, tutulmuş məbləğlərin qaytarılması hissəsində məhkəmə qərarı tam icra olunmuşdur (ödəniş tarixçəsi iş üzrə icraat materiallarına əlavə edilir). İş üzrə icraat materiallarından müəyyən olunur ki, cavabdeh orqan tərəfindən məhkəmə qərarı tam və qanunvericiliyin tələblərinə uyğun icra edilsə də, məhkəmə tərəfindən qanunvericiliyin normaları yanlış təfsir olunmuş, bunun əsasında məhkəmə qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı icra edilmədiyinə görə 500 manat məbləğində cərimə olunmasını məqsədəuyğun hesab etmişdir. Göründüyü kimi cavabdehin məhkəmə tərəfindən qərarın icra edilməməsi əsası ilə cərimə olunması barədə qəbul edilmiş qərardad həm maddi, həm prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş, cavabdeh qərarı icra etməsinə baxmayaraq, əsassız olaraq cərimə edilmişdir...” İddiaçı cavabdehin apellyasiya şikaətinə dair məhkəməyə təqdim etdiyi mülahizəsində aşağıdakıları bildirmişdir: “...Məsələyə bir qədər ətraflı yanaşdıqda mənə 2000-ci ilin sentyabr ayından pensiya təyin edilmişdir. Pensiyamın məbləği illər üzrə dəyişərək müxtəlif məbləğlərdə olmuşdur. Hazırkı mübahisə isə 2020-ci ilin dekabr ayından qanunsuz olaraq penisiyamdan 284,47 manat məbləğində pulun tutulması ilə bağlıdır. 2020-ci ilin dekabr ayınadək aylıq pensiyamın məbləği 2123,90 manat olmuşdur. 2020-ci ilin dekabr ayından başlayaraq (həmin ayda daxil olmaqla) pensiyamdan Filial tərəfindən qanunsus və əsassız olaraq 284,47 manat tutulmağa başlanılmış, 2021-ci ilin may ayınadək Filial tərəfindən ona 1839,43 manat ödənilmişdir (2123,90- 284,47=1839,43). Ali Məhkəmənin 8 may 2019-cu il tarixli, 2-1(102)-1498/2019 nömrəli qərarına əsasən 2 aylıq əmək haqqı məbləğində müavinət və 2 aylıq əmək haqqı həcmində müalicə pulu ilə bağlı yenidən hesablanaraq, aylıq pensiyamın məbləği 1987,93 manat, hesablanan dövr üzrə isə 7211,16 manat fərq müəyyən edilmişdir. Həmin məbləğ, yəni, 7211,16 manat fərq 2021-ci ilin iyul ayından etibarən hissə-hissə hər ay 200,31 manat olmaqla aylıq pensiyası 1987,93 + 200,31 = 2188,24 manat müəyyən edilmiş və 2022-ci ilin mart ayınadək hər ay 2188,24 manat ödənilmişdir. 2020-ci ilin dekabr ayından tutulan 284,47 manat isə tutulmaqda davam etdirilmişdir. 2022-ci ilin yanvar ayından ümumi pensiyaların artması ilə əlaqədar mənim pensiyam da 10% artırılmış və həmin ilin mart ayında yanvar-fevral aylarının artımı nəzərə alınmaqla ona 2784,62 manat ödənilmiş, həmin məbləğin 2186,72 manatı 2022-ci ilin yanvar ayından artırılmış aylıq pensiyamın məbləği, 200,31 manatı Ali Məhkəmənin qərarı ilə ödənilən hissə, 397,59 manatı isə 2 aylıq artımın məbləğidir (2186,72+200,31+397,59=2784,62), yenə də 284,47 manat məbləğin tutulması davam etmişdir. Bundan sonra ayliq pensiyam 2186,72+200,31=2387,03 manat hesabı ilə 2022-ci ilin sentyabr ayınadək bu qaydada ödənilmiş, 284,47 manat məbləğin tutulması yenə də davam etmişdir. 2022-ci ilin iyul ayında məhkəmə hakimlərinin əmək haqları artırıldığından onun pensiyası da həmin artıma görə yenidən hesablanmış və artım nəzərə alınmaqla həmin ilin sentyabr ayında ona 2 ayın, yəni iyul-avqust aylarının artımı nəzərə alınmaqla 6593,54 manat ödənilmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayı üzrə 3510,55 manat (14.10.22-ci il tarixdə 3189,16+ 24.10.22-ci il tarixdə 321,39= 3510,55 manat), həmin ilin noyabr ayı üzrə isə 3597,05 manat ödənilmişdir. 2022-ci ilin dekabr ayında isə mənə 17465,31 manat ödənilmişdir. Bu məbləği 2020-ci ildən hər ay qanunsuz tutulan 284,47 manat və hissəhissə hər ay ödənilən 200,31 manat olmaqla cəmi 7211,16 manatın əvəzi kimi ödənilmiş, 284,47 manat məbləğin tutulması yenə də davam etmişdir. Həmçinin, 2022-ci ilin noyabr ayında yuxarıda göstərdiyim kimi, 3597,05 manat ödənilmişdir və həmin məbləğdən hissə-hissə ödənilən 200,31 manatı çıxdıqda qalan məbləğ 3396,74 manat təşkil edir. Ancaq nədənsə 2023-cü ilin yanvar ayı üzrə pensiyası bu dəfə 207,58 manat azaldılaraq 3189,16 manat hesablanmışdır. Göründüyü kimi, yenə də 284,47 manat nəzərə alınmamış və üstəlik 207,58 manat azaldılmışdır. Bu isə sonrakı hesablamaya da təsir etmişdir. Yəni, 2023-cü ilin yanvar ayından bütün növ pensiyalara şamil olunan 14,7%-lik artım ona münasibətdə 3396,74 manata tətbiq edilməli olduğu halda, 3189,16 manata tətbiq edilmişdir ki, burada da xeyli fərq yaranır. Yəni, 3189,16 manatın 14,7%-i 468,8 manat təşkil etdiyi halda, 3396,74 manatın 14,7%-i 499,32 manat təşkil edir. Belə olan halda isə 2023-cü ilin yanvar ayından onun aylıq pensiyamın məbləği 3189,16+468,8=3657,97 manat deyil, 3396,74+499,32=3896,06 manat olmalı idi. Bu fərq qanunvericiliyə edilmiş dəyişikliklə bağlı pensiyamın yenidən hesablanması barədə 2023cü ilin avqust ayında etdiyi müraciəti əsasında pensiyamın hesablanmasına da öz mənfi təsirini göstərmişdir. Sonda isə bütün bunlar 2024-cü ilin yanvar ayından pensiyaların 11,2% artımı ilə bağlı məsələdə də, yəni yekun məbləğin hesablanmasına öz mənfi təsirini göstərmişdir. Birinci instansiya məhkəməsinin iclasında Filialın nümayəndəsi müxtəlif bəhanələrə, o cümlədən penisiyanda olan növbəti qanunamüvafiq artımlar və ödəmələrə istinad edərək pensiyamdan tutulma olmadığını israrla qeyd etsə də, “əgər tutulma olmamışdırsa nə üçün tutulan məbləğ 2022-ci ilin dekabr ayında ona birdəfəlik ödənilmişdir” və “Fililal tərəfindən Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-4391/2021 nömrəli qərarından nə üçün apellyasiya şikayəti verilməmişdir” suallarına cavab verə bilməmişdir. Göründüyü kimi pensiyamdan qanunsuz və əsassız tutulma olmuş və həmin tutulma bu gün də davam etməkdədir...” Məhkəmə kollegiysının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı H.Nəsirov isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin sadalan hallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4391/2021 saylı işi üzrə qəbul edilmiş 20 may 2021-ci il tarixli qərarı məhkəmə tərəfindən 25 yanvar 2023-cü il tarixdə icra olunması üçün cavabdehə göndərilsə də, sonuncu, birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermədiyinə baxmayaraq, məhkəməyə ünvanladığı 27 fevral 2023-cü il tarixli məktubunda bildirmişdir ki, əmək pensiyasından hər hansı tutulma aparılmamışdır. İddiaçının ərizəsinə əsasən məcburi icra hərəkətləri başlanmış, Bakı İnzibati Məhkəməsinin cavabdehə ünvanlanmış qərarı 10 gün müddətində icra olunmadığı təqdirdə cərimə olunacağı barədə xəbərdar edildikdən sonra belə, məhkəməyə ünvanladığı cavab məktubunda cavabdeh təkrarən iddiaçının əmək pensiyasından hər hansı tutulma aparılmadığını bidirmiş, nəticədə, məhkəmənin mübahisələndirilən qərardadı ilə barəsində 500 manat cərimə tətbiq olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının, cavabdehin apellyasiya şikayətinin dəlillərinə və onun mütəxəsisi tərəfindən verilmiş “iddiaçının əmək pensiyasının hesablanmasına dair” rəyinə (i.v.247) əsasən belə, icra olunmadığı öz təsdiqini tapır. Belə ki, həmin sənədlərə əsasən iddiaçının əvvəlki, 1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə pensiya hüququ yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi ona həvalə olunsa da, əksinə, onun 1 sentyabr 2019-cu il tarixə təşkil edən 2123,90 manat əmək pesiyası yenidən hesablanaraq, 1987,93 manata endirilmişdir. Məhkəmənin 20 may 2021-ci il tarixli qərarından və cavabdehin apellyasiya şikyətinə dair iddiaçının mülahizəsindən də görnür ki, ona ödənilən 2123,90 manat əmək pensiyası azaldılaraq 2021-ci ilin may ayınadək ona 1839,43 manat ödənilmiş və bu hal cavabdehin hazırkı məhkəmə iclasında nümayəndəsinin məhkəməyə təqdim etdiyi, xx.xx.2021-ci il tarixli “iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli (No**********0) qərarından da görünür. Bundan sonra, iddiaçının pensiyasında, onun vəzifə maaşında və pensiyanın indeksasiyası sayəsində baş vermiş artırmalara gədikdə, həmin artımlar məhz, sözügedən azaldılmış məbləğin üzərində formalaşmışdır ki, bu da iddiaçı tərəfindən dolayısı ilə haqlı olaraq, onun əvvəl aldığı 2123,90 manat məbləğində əmək pensiyasından tutulmalar kimi qəbul edilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbi baxımından iddiaçının razılığı olmadan, onun əmək pensiyası nə azaldıla bilər, nə də ki, tutulmalar həyata keçirmək səlahiyyəti olmamış, bu səlahiyyət yalnız məhkəmə qaydasında həyata keçirilə bilərdi. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «…Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Eyni zamanda, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. İşin qeyd olunan hallarından isə göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə razılaşan cavabdeh, məhkəmənin həmin qərarının icra edilməsi üçün ona göndərilən məhkəmə tapşırığına (məktubuna) ünvanladığı cavabında, həmin qərar qəbul olunanadək mövqeyində qalmaqda davam etdiyini nümayiş etdirərək, qərarın cavabdeh tərəfindən artıq icra olunduğunda israrlı olmuş və bu günədək həmin mövqeyini bəyan etməkdə davam edir. İPM-in 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, cavabdeh, Məcəllənin qeyd olunan tələbləri nəzərə alınmaqla, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliklərini yerinə yetirmədiyi üçün cərimə olunacağı barədə xəbərdarlıq edilsə də, müsbət nəticə çıxarmamış, ona təyin edilmiş əlavə müddət ərzində məhkəmənin qərarını təkrarən icra etmədiyinə görə barəsində haqlı olaraq 500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə işin hallarına və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qərarı icra etdiyini və əsassız olaraq qərardadla barəsində cərimə tətbiq olunmasının qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4391/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4391/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar