Məhkəmə qərarları › İş №2-1(103)-1794/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1794/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1794/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müvafiq müddətin sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1744/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsinə müvafiq olaraq xidməti vəzifəsini yerinə yetirərkən əmək xəsarəti alaraq İİ qrup əlil kimi 60 yaş həddini keçməsini nəzərə alıb, 2006-cı ildən pensiyada olduğu müddətin sığorta stajına əlavə olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1058/2020 saylı 18.08.2020-ci il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi və 19.10.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 15.03.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi oxunması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü il tarixdən 2006-cı ilin noyabr ayınadək prokurorluq orqanlarında çalışmışdır. Tərtər hərbi Prokrorluğunda müstəntiq vəzifəsində işləyərkən, müntəzəm olaraq fasiləsiz Murov dağ silsiləsinə dislokasiya olunmuş hərbi hissələrin ərazisində təhqiqat və istintaq apararkən hər iki ayaqlarının diz nahiyyəsindən aşağı ətrafları don vurduğundan “obilitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulmuşdur. Həmin faktlarla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən araşdırmalar və təhqiqat aparılmış, toplanmış materiallar aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində X2 göndərilmişdir. Həmin orqan tərəfindən 02 mart 2006-cı il tarixli 46-T saylı əmr ilə təhqiqat komissiyası yaradılaraq təhqiqat aparılmış don vurma faktı təsdiq olunmuş və Məhkəmə tibb ekspertizası təyin olunmuş ekspertin 24 mart 2006-cı il tarixli 63/TM saylı rəyində aşağı ətrafların don vurması əlamətləri aşkar olunması nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoatrtid” diaqnozlu xəstəliyin əmələ gəlməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 6 saylı Zona Tibb Sosial Ekspert Komissiyası tərəfindən don vurma nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması “Əmək zədəsi” hesab edilərək, əmək qabiliyyətinin 80% itirildiyindən İİ qrup əlil hesab olunmuşdur. Bakı şəhəri Səbayıl rayon məhkəməsinin 29 noyabr 2006-cı il tarixli 2-1702/2006 saylı qətnaməsi ilə də don vurma nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması müəyyən olunmuşdur. Həmin tarixdən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 29.21-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunaraq, prokrorluqda xidmət keçməsinə xitam verilibdir. Həmin vaxtdan bu günə qədər pensiyadadır. 03 yanvar 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur. “Prokurorluq Orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır və pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsində göstərilən “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlığı məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət də sığorta stajına daxil edilir” qaydalarını rəhbər tutaraq, pensiyada olduğu müddətin sığorta stajına hesablanması üçün, cavabdeh orqana müraciət etmişdir. Cavabdeh həmin Qanunun pensiya hesablanmasına dair 20.8.3-cü maddəsinə istinad edərək, Qanunun 21.2.6-cı maddəsinə göstərilən tələblərin iddiaçıya şamil olunmasından imtina etmişdir. Bu imtinanı qanunsuz və əsassız hesab edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi 2-ci qrup əlilliyə görə pensiya alır. İddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən onun prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə görə yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiya hüququ vardır. Həmin Qanunun 20.8.2-ci maddəsinə görə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.8.3-cü maddəsinə əsasən prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.6-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-ci maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında iş stajı kimi nəzərə alına bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1744/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya dair etirazına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan Krasnoselo rayonu, Cıvıxlı rayonunda doğulmuşdur. O, 01.09.1977-ci il tarixdə müxtəlif müəssisə və vəzifələrdə işləmişdir, həmçinin 01.12.1993-cü il tarixdən 19.07.2006-cı il tarixədək prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 19 iyul 2006-cı il tarixdə 10/227-k saylı əmri ilə «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq İddiaçı öz arzusuna əsasən 19.07.2006-cı il tarixdən tutlduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilməklə, prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 08 noyabr 2006-cı il tarixli 10/307- k saylı əmri ilə 19.07.2006-cı il tarixli 10/227-k saylı əmrə dəyişiklik edərək həmin vaxt Tərtər hərbi prokurorluğunun müstəntiqi işləmiş İddiaçı «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.1-ci maddəsinə müvafiq olaraq 19 iyul 2006-cı il tarixdən xəstəliyi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və prokurorluq orqanlarından xaric edilməklə prokurorluqda qulluq keçməsinə xitam verilmiş hesab edilmişdir. Səbail Rayon Məhkəməsinin 2-1702/2006 saylı 29.11.2006-cı il tarixli qətnaməsinə əsasən İddiaçı «əmrin dəyişdirilməsi və müavinətin verilməsi tələbinə dair» iddia ərizəsi üzrə iddianın müavinətin verilməsi tələbinə dair hissəsinin təmin edilməsi, İddiaçı Tərtər hərbi prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətini itirməsi ilə əlaqədar «Prokurorluq orqanlarında xidmət keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən bir dəfəlik müavinət ödənilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 saylı və 09.01.2003-cü il tarixli 03 saylı qərarlarına əsasən 06 saylı Tibb Sosial Ekspert Komissiyasının 27.06.2006-cı il tarixli 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən hər ay müavinat ödənilməsi qət edilmişdir. 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 566470 nömrəli arayışına əsasən İddiaçı əmək zədəsi səbəbi ilə müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı olması faktının ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6ci maddəsinin tətbiq edilməməsinə dair mövcud qanunvericilikdə hər hansı qadağa kimi nəzərdə tutulmadığı səbəbindən həmin normanın iddiaçıya tətbiq edilməməsinin iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirmiş və iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 26.2.6-cı maddəsinə əsasən (19.05.2020-ci il tarixədək olan redaksiyası) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 26.2.6-cı maddəsinə əsasən (19.05.2020-ci il tarixdən qüvvədən olan redaksiyası) istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən xəsarət alması və nəticədə İİ dərəcə əlilliyinin olması, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatması, həmçinin 08.11.2006-cı il tarixdən əlilliyə görə pensiya alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi və onun təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən onun prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır, “Əmək Pensiyaları haqqında” AR Qanunun 21.2.6-cı maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında iş stajı kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı olması ona münasibətdə “Əmək Pensiyaları haqqında” AR Qanununun 21.2.6-cı maddəsinin tətbiq edilməsi üçün hər hansı bir maneə yaratmır. Belə ki, mövcud qanunvericilikdə peşə xəstəliyi nəticəsində l və ll qrup əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığorta olunanın sığorta stajına daxil edilməsi imperativ norma kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1744/2021 saylı, 15 mart 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar