Məhkəmə qərarları › İş №2-1(103)-1794/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1794/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1794/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cavid Vaqif oğlu Hüseyndən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2-1(112)-1940/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə inzibati akt qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə Azərbaycan Respublikası Baş Prokurorluğu adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 dekabr 2022-ci il tarixdə tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməyinə xitam verilərək pensiyaya çıxmışdır. 06 yanvar 2023-cü ildə DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialında ona pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən düzgün hesablama aparılmamışdır. Belə ki, əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona 18425,95 manat məbləğində pul kompensasiyası hesablanmış və həmin vəsaitin 16014 manat hissəsi son 24 ay ərzində, daha dəqiqi 16 noyabr 2022-ci ildə ona ödənilmişdir. Lakin cavabdeh- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ona pensiya hesablanarkən əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaitini nəzərə almamış, əmək pensiyası qanunsuz olaraq bu vəsaitə münasibətdə hesablanmamışdır. Bununla bağlı 02 iyun 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 3-17-1/2-H-134390/2023 saylı, 13 iyun 2023-cü il tarixli məktubla ona əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Cavabdehin məktubunda imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödənc olduğu göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh ona əmək pensiyasının yenidən hesablanmasından imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı maddəsinin tələbləri ilə qorunan hüquqlarımın pozulması ilə nəticələnmişdir. Əvvəlki illərdə istifadə etmədiyi məzuniyyətlərə görə ona ödənilmiş 18425,95 manat pul kompensasiyası orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödənc kimi nəzərdə tutulsa da, həmin Ödəncdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənə ödənilimiş 18425,95 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulduğu üçün bu pul vəsaitinə münasibətdə də əmək pensiyası hesablanmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən şəxsin əmək pensiyasının hesablanması zamanı həm də o vəsaitlər nəzərə alınır ki, həmin vəsaitlərdən sosial sığorta haqqı ödənmiş olsun. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənilən hissəsi pensiya hesablanması zamanı nəzərə alınır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstutisiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstutisiya Qanunun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Lakin cavabdeh Qanunun bu tələbinə məhəl qoymayaraq mənə əmək pensiyası hesablayarkən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməli olduğu halda yuxarıda qeyd etdiyi Qanunun tələbinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarına istinad etmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi nəzərdə tutulmadığından, qeyd edilən Qanuna istinad edilməklə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat Ödəncdən məcburi dövlət sosial sığorta haqqı tutulduğuna görə həmin pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyam yenidən hesablanmalıdır. Ona görə də göstərdiyim qanun pozuntusu aradan qaldırılmaqla, əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat vəsait nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanmalı və pensiya fərqi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında şərh olunmuşdur ki, “şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) o zaman nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun” Göründüyü kimi, cavabdehin 3-17-1/2-H-134390/2023 saylı, 13 iyun 2023cü il tarixli məktubunda ifadə edilmiş mövqeyi iddiaçının Azerbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş "sosial təminat hüququ"nun pozulmasına səbəb olmuşdur, buna görə də Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin Vİ hissəsinə, “Əmək pensiyaları haqqında", “Sosial sığorta haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstutisiya Qanunun 2.6-cı maddəsinə əsasən əvvəlki illərdə istifadə etmədiyim əmək məzuniyyətlərinə görə mənə ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalı və pensiya fərqi iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Bildirilmişdir ki, iddiaçının ona ödənilmiş 18425,95 manat istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın onun əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamasına dair iddiası ümumiyyətlə əsassızdır. Çünki şəxsin əmək pensiyasının sığorta hissəsi hesablanarkən ona son iki ildə ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilmiş bütün ödənişlər, o cümlədən 18425,95 manat istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya da nəzərə alınıb. Belə ki, sözügedən qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalan”nın 9-cu bəndində qeyd olunmuşdur ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Lakin qeyd edilməlidir ki, əmək pensiyalarının məbləği yalnız sığorta hissəsindən ibarət olmaqla Qanunun müvafiq olaraq 10-cu (yaşa görə), 13-cü (əlilliyə görə) və 18-ci (ailə başçısını itirməyə görə) maddələrinə uyğun olaraq hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından formalaşan pensiya kapitalının məbləğindən asılı olaraq müəyyən edilir. Buna görə də məcburi dövlət sosial sığorta haqlarına cəlb edilən bütün növ gəlirlər, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya əmək pensiyalarının hesablanmasında hər bir halda nəzərə alınır. Qanunvericiliyin bu tələbi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan bütün növ əmək pensiyaları təyinatı zamanı tətbiq olunur. Qanunun 20-ci maddəsindən göründüyü kimi, həmin maddədə nəzərdə tutulan şəxslərə pensiyaçı kimi ödənilən aylıq vəsait iki hissədən ibarət olur: əmək pensiyası (və ya onun sığorta hissəsi) və əmək pensiyasına qulluq stajına görə əlavə. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrində müəyyən edilən hesablama üsullarından da göründüyü kimi bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi zamanı əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyaya münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları hər bir pensiyaçının (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Göründüyü kimi, iddiaçıya ödənilmiş istifadə olunmamış məzuniyyətə görə kompensasiya cavabdeh tərəfindən orta aylıq əməkhaqqının, dövlət məvacibinin və vəzifə maaşının tərkibində nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısının sonuncu abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödəncdir. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; -əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Əlavə olaraq bildirilmişdir ki, iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları ilə formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)-2495/2019 nömrəli qərarında da ifadə olunub. Sözügedən qərarda deyilir: İstənilən halda kompensasiya məbləği iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi son iki ili əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Eynilə vətəndaş X3 analoji iddia tələbinin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli 2-1(102)-769/2023 nömrəli qərarında da iddianın əsassız olduğu təsbit olunub. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2-1(112)-1940/2024 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 2019/2020 və 2020/2021-ci illər üçün istifadə olunmamış məzuniyyətə görə ödənilmiş 3704,96 manat kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında’’ Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmçinin, Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının qeyd hissəsində nəzərdə tutulmuşdur ki, həmin Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasında tətbiq edilir. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyi pul təminatının (3704,96 manat) əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün döviət məvacibinin hesablanması” Qaydalarının 9-cu bəndində qeyd olunmuşdur ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Lakin qeyd edilməlidir ki, əmək pensiyalarının məbləği yalnız sığorta hissəsindən ibarət olmaqla, Qanunun müvafiq olaraq 10-cu (yaşa görə), 13-cü (əlilliyə görə) və 18-ci (aiiə başçısını itirməyə görə) maddələrinə uyğun olaraq hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından formalaşan pensiya kapitalının məbləğindən asılı olaraq müəyyən edilir. Buna görə də məcburi dövlət sosial sığorta haqlarına cəlb edilən bütün növ gəlirlər, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya əmək pensiyalarının hesablanmasında hər bir halda nəzərə alınır. Qanunvericiliyin bu tələbi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan bütün növ əmək pensiyaları təyinatı zamanı tətbiq olunur. Qanunun 20-ci maddəsindən göründüyü kimi, həmin maddədə nəzərdə tutulan şəxslərə pensiyaçı kimi ödənilən aylıq vəsait iki hissədən ibarət olur. Birincisi, əmək pensiyası (və ya onun sığorta hissəsi) və əmək pensiyasına qulluq stajına görə əlavədir. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrində müəyyən edilən hesablama üsullarından da göründüyü kimi, bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi zamanı əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyaya münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları hər bir pensiyaçının (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Göründüyü kimi, iddiaçıya ödənilmiş istifadə olunmamış məzuniyyətə görə kompensasiya cavabdeh tərəfindən orta aylıq əməkhaqqının, dövlət məvacibinin və vəzifə maaşının tərkibində nəzərə alınmır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və düzgün hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndələri mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun 3-cü şəxs statusu ləğv edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 dekabr 2022-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və ona pensiya təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərara əsasən 1328,30 manat pensiya məbləği yenidən hesablanaraq 1540,19 manat olmuşdur. İddiaçı hazırki tələbində sabiq prokurorluq əməkdaşı kimi son haqq-hesab aparılarkən istifadə etmədiyi məzuniyyətlərə görə hesablanmış 18425,95 manat məbləğində kompensasiyanın əmək pensiyası hesablanarkən nəzərə alınmamasına istinad edərək, həmin məbləğin tam nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsini tələb edir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olması təşkil edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən, 2019/2020 və 2020/2021-ci illər üçün istifadə olunmamış məzuniyyətə görə ödənilmiş 3704,96 manat kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Əmək Məxəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. “Sosial sığorta haqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15- ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yəni həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır. Qeyd edilən maddədə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya nəzərdə tutulmamışdır, yəni qeyd edilən ödəniş sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi istisna olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sonuncu sırada nəzərə alınmayan ödənclər kimi nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2- ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən müəyyən edilir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi istisna olunmayan gəlirdir. Baş Prokurorluq tərəfindən təqdim edilən arayışa əsasən müəyyən olunur ki, iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmiş 18425,95 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Prokurorluq orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıdır. İnzibati işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıya qulluqdakı son 24 ay xx.xx.2020-xx.xx.2022-ci illərdəki dövrdə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin edildiyindən, həmin dövrə aid bütün ödənişlər, məbləğlər əgər məcburi dövlət sosial sığortasına cəlb edilmişdirsə pensiya hesablanmasında nəzərə alınmalıdır. İddiaçının pensiyanın yenidən hesablanmasında tələb etdiyi kompensasiya məbləğinin bir hissəsi məhz pensiya təyini zamanı nəzərə alınan dövrə aid 2020-2022-cü ildə istifadə etmədiyi 38 gün məzuniyyət görə 3704,96 manat hissəsi pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmalıdır. İşin mübahisəsiz halıdır ki, həmin məbləğdən DSMF-yə müvafiq ayırmalar aparılmışdır. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1042/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da mövqe bu cür əsaslandırılmışdır. Qərarda qeyd edilmişdir ki:

33. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarının preambulasına görə, həmin qərar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 1999cu il 15 aprel tarixli, 122 nömrəli və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi barədə" 2000-ci il 6 mart tarixli, 292 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir.

34. Həmin Qərarla təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na əsasən, “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir.

35. Bununla yanaşı, həmin müddəa hazırkı işdə iddiaçıya münasibətdə tətbiq oluna, onun “Əmək pensiyaları haqqında” Qanundan irəli gələn hüquqlarını məhdudlaşdıra bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

36. İşin materiallarına görə, iddiaçıya (sığortaolunana) istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilmiş kompensasiyanın məbləği məcburi dövlət sosial sığortasına cəlb edilmişdir. Belə olan halda, iddiaçı 2013-2014-cü ildə istifadə etmədiyi 6 gün məzuniyyətə görə ona ödənilmiş 260,34 manat məbləğin pensiyanın hesablanması zamanı nəzərə alınmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2-1(112)-1940/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar