Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1795/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) «ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin hesab edilməsi» Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin hesab edilməsi» tələbini irəli sürərək ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) Dünyamin Xəlilovun rəhbərlik etdiyi “GENERAL CONSTRUCTİON” şirkətlər qrupuna daxil olan "xxxx" MMCdə 2010-cu ilin may ayından 2013-cü ilin iyun aymadək olan müddətdə “operator” vəzifəsində işləmişdir. Birbaşa vəzifə öhdəliyi Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Sitalçay adlanan ərazidə 20 ədəd külək elektrik turbinlərinin quraşdırılması və montajında sahə operatoru kimi çalışmaq olmuşdur. 2013-cü ilin iyun ayında layihənin inşası tam olaraq bitdiyindən, iddiaçı öz ərizəsi ilə işdən azad edilmişdir. Lakin 2015-ci ildə iddiaçı "xxxx" Açıq Səhmdər Cəmiyyətinin sabiq rəhbərliyinə və Dünyamin Xəlilova qarşı külli miqdarda bank vəsaitlərinin mənimsənilməsi üzrə məhkəmə işi açıldıqdan sonra Dünyamın Xəlilovun qeyri-rəsmi şəkildə rəhbərlik etdiyi "xxxx" MMC və "xxxx" MMC şirkətlərində onun (iddiaçının) təsisçisi olduğu müəssisənin adına "xxxx" ASC-dən götürülmüş və geri qaytarılmamış kredit borclarının olması haqqında məlumat almışdır. İddiaçı həmin müəssisənin "xxxx" ASC-dən aldığı kreditlərlə bağlı 2017-ci ilin mart ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış və orada şahid qismində ifadə vermişdir. İfadə verərkən ona bildirilmişdir ki, "xxxx" ASCnin “Mərkəzi” filialında sözügedən müəssisənin ehtiyaclarını qarşılamaq məqsədilə iddiaçının adına kredit rəsmiləşdirilmiş və həmin kreditdən ödənilməmiş məbləğ qalmışdır. Bank qarşısında olan kredit borcunun olması, eyni zamanda cinayət işi üzrə araşdırılmaların davam etdirilməsi səbəbindən iddiaçının ölkədən kənara çıxışına və əmlakına məhdudiyyət qoyulmuşdur və bu məhdudiyyətin aradan qaldırılması üçün qeyd edilən məbləğin tam ödənilməsini təmin etmək lazımdır. Xəlilov və digər aidiyyəti şəxslər (mühasibatlıq) barəsində məhkəmə qərarı ilə müvəqqəti həbs qətimkan tədbiri seçildiyindən və həmin dövrdə onların həbsdə olması səbəbindən, iddiaçı məsələ ilə bağlı müraciət edəcək və borcun ödənilməsini təmin edə biləcək heç bir şəxslə əlaqə yarada bilməmişdir və bu günədək hələ də əlaqə yarada bilməmişdir. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbəti xəbərini gözləməli olmuşdur. Sözügedən kredit işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ilin iyul ayında başa çatmış və bu işlə bağlı təqsirli bilinən vəzifəli şəxslər məhkəmənin qərarı ilə cəzalandırılmışlar. İddiaçı həmin prosesə cəlb olunmamışdır. Hətta, o zaman Maliyyə Nazirliyi tərəfindən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ezam olunmuş və bu iş üzrə araşdırmalar aparan əməkdaş da ifadə verərkən onun (iddiaçının) təqsirsiz olduğunu şifahi şəkildə etiraf etmişdir. Bundan sonra iddiaçı məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir neçə dəfə gedərək müraciətlər və sorğular etmiş, ancaq bunlar cavabsız və nəticəsiz qalmışdır. 4 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron məktub şəklində ərizə ilə müraciət etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət ünvanlamışdər. Müraciətə cavab olaraq, 6 may 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onun müraciətinə baxılaraq nəticəsi barədə məlumat veriləcəyi haqda məktub alsa da, həmin tarixdən bu vaxtadək heç bir rəsmi və ya əyani bir cavab verilməmişdir. 4 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təkrar sorğu ilə müraciət etmiş və bu müraciəti də cavabsız qalmışdır. İddiaçı 21 noyabr 2020-ci il tarixdə “AZAL”-ın saat 09:10-a təyin etdiyi “J2 177” Baku-İstanbul aviareysi üzrə İstanbula səfər etmək istəyərkən Bakı Hava Limanında pasport nəzarətini həyata keçirən Sərhəd Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikasının hüdudlarından çıxışına məhdudiyyətin qoyulduğu bildirildikdən sonra hava limanından geri qaytarılmışdır. İddiaçıya şifahi şəkildə bildirilmişdir ki, "Giriş-çıxış və qeydiyyat” İdarələrarası X1 ölkədən çıxışına məhdudiyyətin mövcudluğu göstərilir və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Bu səbəbdən, yenidən 5 yanvar 2021-ci il tarixdə X5 ərizə şəklində sorğu ilə müraciət məktubu ünvanlamışdır. Sonuncu rəsmi müraciətdən sonra sözügedən orqan müraciətin nəticəsi barədə ona məlumat verəcəyini bildirsə də, həmin vaxtdan 7 aya yaxın müddət keçməsinə baxmayaraq, heç bir məlumat əldə edə bilməmişdir. Bu müddət ərəfəsində bir neçə dəfə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də belə, heç bir nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla, 4-cü bənddə nəzərdə tutulan hallarda isə eyni zamanda dayandırıla bilər: 1) vətəndaş haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə – müvafiq olaraq iş üzrə icraat qurtaranadək və ya cəza çəkilib qurtaranadək, yaxud cəzadan azad edilənədək; 2) vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 3) beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək; 4) məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci iltarixli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında Əsasnamənin 8.7ci bəndinə əsasən, Azərbaycan Respublikası Prokurorluğu, Fövqəladə Hallar Nazirliyi axtarışda olan, barəsində tutma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhəd keçməyə məhdudiyyət siyahısı’na daxil edilməsi dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələrdən biridir. İstinad olunan fərmandan, Azərbaycan Respublikasının qanunundan və konstitusiya normalarından da göründüyü kimi barəsində cinayət işi açılmamış, cinayət prosesinin tərəfi olmayan şəxlər barəsində məhkəmənin hökmü olmadan ölkədən çıxışına məhdudiyyətin qoyulması qanunsuz hesab edilməlidir. Digər tərəfdən mübahisə doğuracaq məqamlardan biri də məhkəmə aidiyyəti məsələsidir. Məlum olduğu kimi, inzibati orqanın aktının qanunsuz və etibarsız hesab olunmasını təmin etmək inzibati məhkəmələrin səlahiyyətindədir. Lakin sözügedən işdə inzibati orqan tərəfindən ona (iddiaçıya) qarşı qoyulan məhdudiyyətin cinayət işinin istintaqı zamanı yaranan zərurətdən irəli gəldiyini nəzərə alaraq və bu məhdudiyyətin müvafiq inzibati orqanın ona göndərdiyi 6 may 2020-ci il tarixli məktubunda da qeyd edildiyi kimi, birbaşa həmin cinayət işi ilə bağlı olması iddiaçının şikayətinə məhkəmə nəzarəti qaydasında baxılmasını zəruri edən amillərdən biri idi. Çünki İPM-in 1.1-ci maddəsinin tələblərinə əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxıla bilər. Bundan başqa, işlərə inzibati məhkəmə icraatı qaydasında baxılmasına dair digər mühüm bir müddəa da İPM-nin 2.1-ci maddəsində təsbit edilmişdir. Buna görə isə, qanunla başqa aidiyyat qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən isə bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İddiaçının barəsində sərhədkeçməyə və əmlakına məhdudiyyət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ibtidai istintaqı aparılan "xxxx" ASC ilə bağlı cinayət işi üzrə tətbiq olunmuşdur. Bu halda, iddiaçı hesab etmişdir ki, onun ölkədən çıxışına aparılan hər hansı cinayət təqibinin gedişində qadağa qoyulmuşdursa, həmin məsələnin mübahisələndirilməsi də cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında aparılmalıdır. Məhz bu səbəblərdən o, ilk öncə aidiyyata uyğun olaraq barəsində sərhədkeçmə qadağasının götürülməsi iddiasını Bakı şəhər Nərimanov Rayon Məhkəməsində qaldırmışdır. Uzun çəkən bir neçə prosesdən sonra məhkəmə iddianı qismən təmin edərək sadəcə onun əmlakı, yəni avtomobili üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı qərar qəbul etmişdir. Bundan sonra isə iddiaçı müvafiq olaraq, Bakı Apellyasiya Məhkəməsinə birinci instansiya məhkəməsinin çıxardığı qərarda iddianın təmin etmədiyi hissəsindən şikayət vermişdir. Apellyasiya məhkəməsinin müvafiq orqanlara göndərdiyi sorğulardan belə məlum olmuşdur ki, onun ölkədən çıxışı ilə bağlı heç bir rəsmi qadağanedici qərar yoxdur və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sadəcə görünən bu idi ki, Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının ölkədən çıxışına məhdudiyyət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qeyri-rəsmi göstərişi əsasında tətbiq edilmişdir. Hətta bunu Dövlət Sərhəd Xidməti onun sorğusuna cavab olaraq 30 noyabr 2020-ci il tarixdə verdiyi cavab məktubunda da qeyd etmişdir. X4 Xidməti tərəfindən heç bir məhdudiyyətin qoyulmadığı və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. Dövlət Sərhəd Xidmətinin məlum cavab məktubuna əsaslanaraq iddiaçı yenidən Daxili İşlər Nazirliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məsələnin aydınlaşdırılması və onun üzərindən bu qadağanın götürülməsi ilə bağlı rəsmi və bir neçə dəfə əyani müraciətlər etsə də, müraciətə baxılmamış və bir neçə ay keçməsinə baxmayaraq hələ də cavab verilməmişdir. Bu vəziyyətdə, yəni heç bir rəsmi qərar olmadan inzibati orqanın özbaşına qanunsuz şəkildə onun ölkədən çıxmağına qadağa qoyduğu üçün apellyasiya məhkəməsi ona inzibati məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddiaçının məlum cinayətdə mühakimə icraatının subyekti, habelə cinayət prosesinin tərəfi olmadığını, şahid qismində dindirildiyini və barəsində məhkəmənin heç bir qərarı olmadığını nəzərə alsaq, müvafiq inzibati orqanın hərəkətləri onun konstitusiya və qanunlarla qorunan hüquq və azadlıqlarını ciddi surətdə pozduğundan, məlum məhdudiyyətin qanunsuz hesab olunması və üzərindən götürülməsi zəruri xarakter daşımaqdadır. Qanunla başqa aidiyyat qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (İPM-in 2.1-ci maddəsi). İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (İPM 2.2.3-cü maddəsi), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (2.2.4-cü maddəsi) baxılır. Sərhədkeçmə ilə bağlı iddiaçının üzərində məhkəmənin və heç bir inzibati orqanın rəsmi qərarı olmadığı halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun üzərinə qeyri-rəsmi və qeyriqanuni bir qadağanı qoyması və bununla bağlı Dövlət Sərhəd Xidmətinə belə bir göstəriş verməsini, yuxarıda qeyd edilən "xxxx" ASC ilə bağlı işin məhkəmə araşdırmasının başa çatmasını, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsini və «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini və Azərbaycan Respublikasının Prezidentinin 22 aprel 2008-ci il tarixli Fərmanının müddəalarını nəzərə alaraq, məhkəmədən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin iddiaçının Azərbaycan Respublikasının hüdudlarından getməyinə qoyulmuş məhdudiyyətlə bağlı hərəkəkətlərinin qanunsuz müdaxilə hesab edilməsi və bu hərəkətlərdən çəkinməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmənin 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cavabdeh qismində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi isə (cavabdeh kimi prosessual iştirakına xitam verilməklə) üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) «ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş,əlavə olaraq qeyd edilmişdir ki, o, Dünyamin Xəlilovun rəhbərlik etddiyi “General Construction” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-də 2010-cu ilin may ayından 2013-cü ilin iyun ayınadək olan müddətdə operator vəzifəsində çalışmışdır. Əgər onun həmin Cəmiyyətin direktoru olması, Cəmiyyətin bankdan onun imzası ilə kredit götürməsi və həmin faktlarla bağlı əməlinə hüquqi qiymət verilməsi istiqamətində istintaq hərəkətlərinin davam etdirilməsi halları mövcud idisə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq bunları araşdırmağa borclu idi. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək qeyd etmişdir ki, işdə olan sənədlər, o cümlədən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanlanmış 11 dekabr 2021-ci il tarixli məktubunda müvafiq cinayət işinin istintaqı zamanı iddiaçının rəhbəri olduğu qurumun (hüquqi şəxsin) "xxxx" ASC-yə 4.180.183 manat kredit borcunun olduğu məlum olmuşdur. Hazırkı məhkəmə icraatında iddiaçı özü də bu halı təkzib etməmişdir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı hərəkətləri qanuna zidd qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında» Əsasnamənin 2ci bəndinə görə “Giriş-çıxış və qeydiyyat" X2-axtarış sistemi – xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: (2.4) ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması. Əsasnamənin 8.1-ci bəndinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: -(8.1.12) axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Əsasnamənin 8.4-cü bəndinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: -(8.4.4) axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Hazırkı iş üzrə iddiaçı cavabdehlərin onun ölkədən gedişinə məhdudiyyət qoyulması ilə bağlı hərəkətlərini mübahisələndirir. Cavabdeh kimi iki inzibati orqan çıxış etsə də, mübahisə predmetini onların hər birinin iddiaçıya münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə münasibətdə qeyd edir ki, işin birinci instansiya icraatı zamanı cavabdehin 11 dekabr 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “İddiaçı ilə bağlı məlumatların məhkəməyə təqdim olunması barədə daxil olmuş məktuba DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılmışdır. "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktoru olmaqla MMC- nin banka 4.180.183 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Hazırda "xxxx" MMC-nin vəzifəli şəxslərinin əməlinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir. Həmçinin işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, 007- 12648-1002 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktoru olmaqla MMC-nin banka 4.180.183 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Hazırda "xxxx" MMC-nin vəzifəli şəxslərinin əməlinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir. Oxşar məzmunlu cavab məktublarından göründüyü kimi iddiaçının rəhbəri olduğu qurumun (hüquqi şəxsin) "xxxx" ASC-yə 4.180.183 manat kredit borcunun olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Sərhəd Xidmətinin hərəkətlərinə gəldikdə isə qeyd edir ki, “Giriş-çıxış və qeydiyyat" X2-axtarış sisteminə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi tərəfindən müvafiq məlumat daxil olduğundan, iddiaçının ölkə hüdudlarından çıxışına cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin də məhdudiyyət qoyması qanunsuz sayılmamalıdır. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq daxil olmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/2665 saylı məktubunda xx.xx.1986-cı il təvəllüdlü İddiaçı AR hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həm birinci instansiya, həm də apellyasiya icraatları zamanı məhkəmə xidməti vəzifəsinə uyğun olaraq işin faktiki hallarını araşdırmış və iddiaçı ilə bağlı müvafiq istintaq hərəkətlərinin davam etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)- 1976/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1795/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1795/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver