Məhkəmə qərarları › İş №2-1(103)-1795/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1795/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1795/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “kvalifikasiyanın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10928/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək magistr diplomunun “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” (nostrifikasiyası) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonrada iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Dünya Dəniz Universiteti tərəfindən iddiaçıya verilmiş 03 noyabr 2019-cu il tarixli magistratura təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 Dənizçilik Universiteti tərəfindən verilmiş diplomun tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasında ali təhsil müəssisəsinin 2018-2019-cu illərdə akkreditasiya olunmamasına istinad etsə də, bu hal iddiaçının iradə ifadəsindən asılı olmamışdır. Həmçinin, hazırda həmin təhsil müəssisəsi aidiyyəti qurum tərəfindən də akkreditasiya olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun təhsil hüququnun pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı diplom üzrə aldığı ixtisasların ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq X8 Dənizçilik Universitetinin İsveç Krallığının Milli Akademik Tanınma Mərkəzinin təqdim etdiyi məlumata, eyni zamanda www.eric-naric.net saytının İsveç bölməsində yer almadığından iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə xx.xx.2021-ci il tarixində imtina etmişdir və bu barədə ərizəçinin elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh hesab edir ki, inzibati orqanın imtinası qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10928/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, inzibati icraatın aparılması zamanı İddiaçı təhsil aldığı Dünya Dənizçilik Universitetin adı İsveç Ali Təhsil Şurasının rəsmi internet səhifəsində dərc edilmiş tanınan ali təhsil müəssisələrinin siyahısında müəyyən edilməmiş, bu səbəbdən də tərəflərindən beynəlxalq təcrübəyə uyğun olaraq işçi qaydada X11 Şurasının Milli Məlumat Mərkəzinə müvafiq sorğular ünvanlanmış, İsveç Ali Təhsil Şurasının Milli Məlumat Mərkəzi tərəfindən 13 sentyabr 2021-ci il tarixində daxil olmuş cavabdan sözügedən ali təhsil müəssisəsinin iddiaçının təhsil aldığı dövrdə institusional akkreditasiyasının olmaması müəyyən edilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, beynəlxalq təşkilat tərəfindən yaradılmış universitet tərəfindən verilmiş diplom üzrə kvalifikasiyanın tanınmasından imtina qanuni hesab edilə bilməz. Halbuki, istər "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanda, istərsə də "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda beynəlxalq təşkilat tərəfindən yaradılan universitetlərin akkreditasiyadan keçməsi ilə bağlı hər hansı xüsusi norma qeyd olunmamışdır. Bundan başqa, ZEva Almaniya Federativ Respublikasında fəaliyyət göstərən bir akkreditasiya qurumudur və hər hansı bir təhsil müəssisəsinin İsveç ali təhsil sisteminin üzvü olub-olmadığını müəyyən edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-2257/2022 sayl qərarında iddiaçının təhsil aldığı ölkənin Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunan universitetlərin siyahısı onun rəsmi internet səhifəsində də olmamasını imtinanın əsası kimi istinad edilən halı təsdiq edən əsas sübutetmə vasitəsi kimi müəyyən etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, qeyd edilən ali təhsil müəssisəsinin sonradan akkreditasiyası əvvəlki dövrlərə aid edilə bilməz. Akkreditasiya sonrakı müddətə tətbiq edilir. Bu cür qayda bir çox ölkələrdə o cümlədən Türkiyə, İzrail kimi dövlətlərin müvafiq qurumları tərəfindən də tətbiq edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, onun təhsil aldığı üniversitet dünyada müvafiq sahədə konvensiyaları ətraflı tədris edən yeganə ali təhsil ocağıdır. Həmin universitet Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan X6 çərçivəsində yaradılmışdır. Məhz bu səbəbdən ixtisasına uyğun olaraq məhz həmin univesitetdə magistr pilləsində tədris almışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı magistratura təhsilinə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə ali təhsil müəssisəsinin 2018-2019-cu illərdə akkreditasiya olmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: - 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. - 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının: - 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) nota-rial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). - 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. - 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. - 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında olan Dünya Dəniz Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli diplomun (apostil olunmuş) surətindən görünür ki, iddiaçı “Dənizçilik İşi üzrə” ixtisası müvəffəqiyyətlə bitirmiş və ona magistr ixtisas dərəcəsi verilmişdir. İddiaçı magistratura təhsilinə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının magistr pilləsi üzrə təhsil aldığı X8 Dənizçilik Universitetin 2018-2019-cu illərdə akkreditasiya şəhadətnaməsinə malik olmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının magistratura təhsili aldığı Dünya Dəniz Universiteti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan X6 (İMO) çərçivəsində 1983-cü ildə yaradılmış universitetdir. WMU beynəlxalq universitet hesab olunur və ona ev sahibliyi edən ölkə İsveç hökuməti tərəfindən BMT qurumu statusu verilmişdir. Bir çox millətdən olan insanların tədris və öyrənmədə iştirak etmələri üçün bir mərkəz kimi xidmət edən WMU, beynəlxalq dəniz problemlərini həll etmək və beynəlxalq fəaliyyəti əlaqələndirmək üçün beynəlxalq əməkdaşlığı təşviq edir. Həmçinin, Dünya Dəniz Universitetinin magistr pilləsi üzrə proqramlar Central Evaluation and X3 (ZEva) tərəfindən akkreditə olunmuş, ali təhsildə keyfiyyətin təmin edilməsi Avropa assosiasiya filialında (ENQA) qeydiyyata alınmışdır. Bu barədə İsveçin Malmo şəhərindəki Dünya Dəniz Universitetinin https://www.wmu.se/about/documents saytından geniş məlumat əldə etmək mümkündür. Dünya Dəniz Universiteti İsveçrədə müstəqil özəl ali təhsil müəssisəsi olduğuna görə və dövlətdən subsidiya almadığına görə ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dövlətdən xüsusi icazə tələb olunmur. Lakin təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı akkreditasiyadan keçirilir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Dünya Dəniz Universiteti https://www.eric-naric.net saytının İsveç bölməsində yer almamışdır. Bununla bağlı Məhkəmə kollegiyası diqqətə çatdırır ki, ENİC-NARİC X4-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləridir. Bu mərkəzlər vasitəsi ilə müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür. Lakin nəzərə alınmalıdır ki, Central Evaluation and X3 (ZEva) 1995-ci ildən Almaniya, Avropa və onun hüdudlarından kənarda ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq etdiyi ali təhsildə keyfiyyətin təminatı sahəsində fəaliyyət göstərən, 2000-ci ildən ZEva universitetlərdə, tətbiqi elmlər universitetlərində və kooperativ təhsil universitetlərində 3000-dən çox təhsil proqramını akkreditə edən qurumdur. Odur ki, Dünya Dəniz Universitetinin magistr pilləsi üzrə proqramların akreditə olunması ilə bağlı məlumatın həm ali təhsil müəssisəsinin rəsmi internet saytından, həmçinin Central Evaluation and X3 (ZEva) https://www.ZEva.org. saytından əldə etmək mümkündür. İddiaçının təhsil aldığı ali təhsil müəssisəsi 2018-2019-cu illərdə institutsional akkreditasiyadan keçməsə də, hazırda ali təhsil müəssisənin təkcə proqramları deyil, ümumiyyətlə universitetin özü də akkreditasiyadan keçmişdir. Cavabdehin də məhz apellyasiya şikayətinin dəlilləri qeyd edilən ali təhsil müəssisəsinin iddiaçının təhsil aldığı dövrdə akkreditasiyadan keçməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qənaəti isə belədir ki, hər bir halda iddiaçının oxuduğu dövrdə universitet dövlət tərəfindən akkreditasiya olunmasa belə X6 (BDT) tərəfindən yaradılmış və fəaliyyət göstərmişdir ki, həmin dövr ərzində üzv olduğumuz beynəlxalq təşkilatının nəznində aparılmış tədris fəaliyyətinin qanunsuzluğundan söhbət gedə bilməz. Bundan başqa, iddiaçının ixtisası üzrə kvalifikasiyasının tanınmasından ali təhsil müəssisəsinin 2018-2019-cu illərdə akkreditasiya şəhadətnaməsinə malik olmaması əsası ilə imtina olunarsa, bu zaman iddiaçının ali təhsil müəssisəsini bitirən digər tələbələr ilə müqayisədə bərabərlik hüquqları pozula bilər. Necə ki, ali təhsil müəssisəsini 2022-ci ildən sonra (universitetin akkreditasiya şəhadətnaməsinə malik olduğu vaxtda) bitirən tələbəyə münasibətdə ölkə ərazisində kvalifikasiya tanınırsa, 2022-ci ildən əvvəlki dövrdə bitirən tələbələrə münasibətdə də eyni mövqeyi nümayiş etdirilməlidir. Hazırki halda cavabdehin imtinası eyni təhsil müəssisəsində təhsil alan şəxslər arasında ayrı-seçkiliyin qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10928/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar