Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1796/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki 3 il üçün müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1619/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı statusu və müavinətin verilməsi ilə əlaqədar, əvvəlki 3 (üç) il dövr ərzində ödənilməmiş sosial müavinətin birdəfəlik şəkildə ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci il tarixdə könüllü olaraq Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı veteran statusu verilməsi barədə ilk olaraq AR Müdafiə Nazirliyinə müraciət etsə də ona veteran statusu verilməsi barədə ərizəsindən imtina barədə qərar qəbul edilmişdir. İmtina qərarından Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim E.Mustafayev) 2-1(82)-4781/2017 saylı, 18 dekabr 2017-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçıya veteran statusu və veteran vəsiqəsinin verilməsi barədə vəzifə qoyulmuşdur. Məhkəmə qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında Veteran Statusu və Veteran Vəsiqəsi verilməsi Komissiyası tərəfindən ona 14 fevral 2018-ci il tarixdə veteran statusu verilməsi barədə qərar qəbul edilmiş, 15 mart 2018-ci il tarixdə veteran vəsiqəsi ona verilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə ərizə ilə müraciət edərək, ona əvvəlki dövr üçün 3 (üç) il həddində olmaqla, sosial müavinət ödənilməsi xahiş edilmişdir. Lakin, cavab məktubu ilə yalnız aylıq olmaqla müavinət təyin ediləcəyi, əvvəlki dövr üçün isə müavinət ödənilməyəcəyi bildirilmişdir. Hesab edir ki, bu qərar tamamilə əsassızdır. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov Rayon Şöbəsi” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı” ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1619/2022 nömrəli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı 15 mart 2018-ci il tarixində veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi tərəfindən vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 15 mart 2018-ci il tarixindən sosial müavinət təyin edilmiş, əvvəlki illər üzrə müavinət ödənilməsindən isə imtina edilmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. xx.xx.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, M/V seriyalı 083998 nömrəli vəsiqə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. İşdən görünür ki, iddiaçı müharibə veteranı statusu və müavinətin verilməsi ilə əlaqədar, əvvəlki 3 (üç) il dövr ərzində ödənilməmiş sosial müavinətin birdəfəlik şəkildə ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, sosial müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2018-ci il tarixdə təqdim edilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh orqan iddiaya yazılı etirazında bildirilmişdir ki, ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni xx.xx.2018-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2018-ci il tarixdə verilməsi onun “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İşin təkzib olunmaz halıdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, «28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabınetının 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir». Beləliklə, yuxarıda artıq qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmiş, Azərbaycan Respublikası Prezidentinin məlum 641 saylı Fərmanı isə 15 aprel 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. İşin mübahisələndirilən halı həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təyinatdan əvvəlki üç il nəzərə alınaraq yenidən hesablanması və fərqin ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 2018-ci ildə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və bu səbəbdən iddiaçıya əvvəlki üç il üçün sosial müavinətin təyin edilməsindən imtina edir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2018-ci il tarixdə (083998 №li) verilsə də, cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən də iddiaçıya müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Göründüyü kimi iddiaçıya 2018-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 2018-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2018-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Başqa sözlə, iddiaçıya 2018-ci ildə müharibə veteranı vəsiqəsi verilməsi onun statusunu sadəcə leqallaşdırılmışdır və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Yuxarıda istinad olunan normadan da görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək ona müharibə veteranı kimi müavinətin xx.xx.2018-ci ildən əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun əlilliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1619/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Səadət Bəktaşi Hakimlər: Azər Hüseynov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1796/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1796/2022
16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver