Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1796/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6466/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 aprel 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının və pensiyaya çıxandan sonra işlədiyi dövrdə qazanılmış və istifadə edilməmiş sığorta kapitalına görə xx.xx.2021-ci il tarixindən hesablanmış əlavə pensiyanın yenidən hesablanması və ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra DSMF) Nərimanov rayon şöbəsinin qərarı ilə 2012-ci ildə qüvvədə olan Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu əsasında iddiaçıya xx.xx.2012tarixindən yaşa görə güzəştli şərtlərlə 171,90 manat əmək pensiyası təyin edilmişdir (85 manat baza hissəsi + 59,33 manat sığorta hissəsi + 27,57 manat yığım hissəsi hesablanmaqla) (pensiya qovluğu, üçot vərəqi № 094355). Pensiya təyin olunandan sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarı ilə 2020-ci il fevral ayına qədər işlədiyi dövr üçün qazanılmış və istifadə edilməmiş sığorta kapitalına görə 58.65 manat əlavə pensiya hesablanaraq, aldığı 275 manat pensiya məbləğinə əlavə edilərək xx.xx.2021-ci il tarixdən 333,65 manat pensiya təyin edilmiş, daha sonra pensiyaların indeksləşdirilməsi ilə əlaqədar bu məbləğ xx.xx.2021-ci il tarixdən 371,69 manata çatdırılmışdır (pensiya qovluğu, pensiyanın yenidən hesablanması haqqında xx.xx.2020ci il tarixli qərar). Hesablanmış 58,65 manat əlavə məbləğlə razılaşmadığı üçün xx.xx.2021-ci tarixli ərizə ilə müraciət edib pensiya artımının hesablanması üzrə açıqlama verilməsini xahiş etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktorunun imzası ilə 05 aprel 2021-ci tarixli məktubla cavab verilib. Cavab məktubunda göstərilir ki, “əmək fəaliyyətinə xitam verilməsi tarixi xx.xx.2019-cu il, qazanılmış sığorta kapitalı 4222,46 manat müəyyən edilərək, 4222,46 manat: (144-72) ay= 58,65 manat formulası ilə Sizə əlavə pensiya hesablanmışdır.” 05 aprel 2021-ci tarixli məktubdan görünür ki, əlavə pensiya məbləği hesablanarkən səhvən sonuncu iş yeri "xxxx" MMC hesab edilərək pensiya kapitalı düzgün müəyyən edilməmiş və üstəlik həmin məbləğ 2015-2020 illər üzrə indeksləşdirilməyib. Bu barədə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üçüncü dəfə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Bundan başqa həmin ərəfədə məlum olmuşdur ki, 22 aprel 2012-ci il tarixində pensiya təyin edilərkən onun 1972-1977-ci illər ərzindəki əyani təhsil müddəti 2006-ci ilə qədər dövrdəki ümumi iş stajına daxil edilməyib. xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edib, tələb edilən müvafiq sənədləri də təqdim edərək 2012-ci ildə təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən və düzgün hesablanmasını xahiş etmişdir. Nəticədə xx.xx.2021-ci il tarixdən aldığı 371,69 manat pensiya yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 365.37 manata endirilmişdir. xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edib 2012-ci ildə təyin edilən pensiyanın və 2020-ci ildə hesablanmış əlavə pensiyanın kalkulyasiyanın (hesablamanın açıqlamasını) təqdim edilməsini xahiş etmiş, cavab verilməyib. Nəhayət 2021-ci ilin noyabr ayında etdiyi müraciətdən sonra xx.xx.2021-ci il tarixdən təyin edilmiş 371,69 manat pensiya məbləği yenidən hesablanaraq “20 qəpik artımla“ xx.xx.2021-ci il tarixdən 371,89 manat pensiya təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci tarixli iddia ərizə ilə Bakı İnzibatı Məhkəməsinə müracət edərək “22 aprel 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının və xx.xx.2021-ci tarixindən hesablanmış əlavə pensiyanın məbləğinin yenidən hesablanmasını və ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“ barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində irəli sürülən tələbdə hüquqi maraqları mahiyyət etibarı ilə xx.xx.2012-ci il tarixində təyin edilmiş 171,90 manat əmək pensiyasının yenidən hesablanaraq tələb edilən 204,10 manat və 2021-ci ilin əvvəlindən təyin edilmiş 58,65 manat əlavə pensiyanın yenidən hesablanaraq tələb edilən 75,557 manat təyin edilməsi olmuşdur. Məhkəmə onların araşdırılması istiqamətində tədbirlər görməyərək üzərinə qoyulan vəzifəni yerinə yetirməyərək yalan ekspert rəyi əsasında iddianın təmin edilməməsi barədə qanunsuz qərar çıxarmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6466/2025 saylı, 05 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim B.Calalov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6466/2025 saylı, 05 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki tələb “1972-1977-ci illər ərzindəki əyani təhsil müddətinin 2006-ci ilə qədər dövrdəki ümumi iş stajına daxil edilməklə 22 aprel 2012-ci il tarixdən təyin edilmiş pensiya məbləğinin və 2019-cu noyabr- 2020-ci fevral dövründəki sığorta ödənişləri nəzərə alınmaqla xx.xx.2021-ci tarixindən hesablanmış 58,65 manat əlavə pensiyanın məbləğinin yenidən hesablanması” barədə olmuşdur. Hazırkı iddia tələbi isə Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli arayışında verilən məlumatlar əsasında “2006 – 2011-ci illərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına görə 22 aprel 2012-ci il tarixdən təyin edilmiş pensiyanın “27,85 manat yığım hissəsinin” və pensiyaya çıxandan sonra işlədiyi 2014-cü il - 01.02. 2020-ci il dövründə fərdi hesaba ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına görə xx.xx.2021ci il tarixindən təyin edilmiş “39,53 manat əlavə pensiya məbləğinin” yenidən hesablanması” barədədir. Əvvəlki və hazırkı iddia tələblərinin predmeti və hüquqi əsasları eyni olsa da, faktiki əsasları tamamilə fərqlidir, məhkəmə iddiaçının eyni tələblə yenidən məhkəməyə müraciət etməsi barədə səhv nəticəyə gəlmişdir. Bundan başqa, qərardadda İPM-nin 45.5-ci maddəsinə istinad edilməsi də əsassızdır, çünki yeni açılmış hallarla bağlı əvvəlki iş üzrə icraatın davam etdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət olunmamışdır. Ona görə də əvvəlki iş yekunlaşandan sonra əldə edilən yeni faktlarla əsaslandırılmış hazırkı iddia ərizəsi icraata götürülməli və işə mahiyyəti üzrə baxılmalıdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6466/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-in; - Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 22 aprel 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının və pensiyaya çıxandan sonra işlədiyi dövrdə qazanılmış və istifadə edilməmiş sığorta kapitalına görə xx.xx.2021-ci il tarixindən hesablanmış əlavə pensiyanın yenidən hesablanması və ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəyə ödənilməsi ilə bağlıdır. Hazırkı işin halları ilə müəyyən edilir ki, iddiaçının eyni tələbi ilə bağlı qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-603/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2-1(103)-163/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya aşikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayət vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1827/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, iddiaçnın tələbinə inzibati mühakimə icraatı qaydasında baxılmış və tələblə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. (15.5-ci bənd) Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. (15.6-cı bənd.) Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu İPM-in 78-ci maddəsinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda eyni predmetlə bağlı, eyni hədəfə yönəlmişdir. Bu anlamda, tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı diqqətə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır, iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. İddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin dəlili odur ki, iddianın predmeti və hüquqi əsası eyni olsa da faktiki əsası fərqlidir. Məhkəmə kollegiyası iddiaçının dəlilinə münasibətdə ilk öncə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçı ilkin tələbə baxılması yekunlaşdıqdan sonra yeni faktiki halların və sübutların ortaya çıxdığına istinad edirsə, ayrıca iddia ərizəsi ilə deyil, ilkin tələbi üzrə yeni açılmış hallarla bağlı ərizə ilə qərarına qarşı ərizə verilmiş məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, fərqli faktiki əsaslara istinad etməklə eyni predmet üzrə eyni tələblə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi məhkəmələr tərəfindən iddianın mümkün sayılması üçün səbəb kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6466/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1796/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1796/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver