Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1797/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-2301/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyaya əlavənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ikinci qrup Çernobel əlilidir. Onun yaşa görə əmək pensiyası hüququ yarandığından, onun əlilliyə görə aldığı pensiya yaşa görə pensiya növü ilə əvəz edilmişdir. Pensiya məbləği müəyyən edilərkən ƏPQ-nun 19.1.7-ci maddəsinin tələbləri baxımından onun yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxs olması nəzərə alınmış və 77 manat məbləğində əlavə pensiya məbləğinə hesablanmışdır. Lakin, xx.xx.2021-ci il tarixdən sözügedən əlavənin ödənilməsi dayandırılmış və pensiya məbləği azaldılmışdır. İddiaçı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək pensiyaya əlavənin nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavabdeh qismində müəyyən edilməsi, iddia tələbinin “pensiyaya əlavənin nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən, hər ay ona ödənilmiş pensiyaya 77 manat əlavənin dayandırıldığı tarixdən bərpa edilməsi və həmin tarixdən hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə əlilliyə görə aldığı pensiyanın növü dəyişdirilmiş, yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 355,08 manat müəyyən edilmişdir. İddiaçının müraciəti əsasında pensiya hüququ yaranan tarixədək fərdi hesabda qeydə alınmış pensiya kapitalı əsasında onun pensiyası yenidən hesablanmış və pensiya məbləği 384,10 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği 435,08 manatadək çatdırılmışdır. Qanunun həmin dövrdə qüvvədə olan 19.1.7-ci maddəsinə əsasən yaşa örə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əlavə hesablanması ilə əlaqədar ona pensiya hüququnun yaranan xx.xx.2019-cu il tarixindən qeyd olunan əlavə pensiya məbləğində nəzərə alınmışdır. Lakin sonradan Əmək pensiyaları haqqında Qanuna dəyişiklik edilmiş, 19-cu maddə ləğv edilmiş və yalnız ƏPQnın 19.1.1, 19.1.3, 19.1.5, 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi davam etdirilir. Qeyd olunanlara əsasən iddiaçının pensiyası sığorta hissəsində edilmiş əlavənin ödənişinin davam etdirilməsi sözügedən Qanunda nəzərdə tutulmadığından xx.xx.2021-ci il tarixdən dayandırılaraq pensiya məbləği 398,90 manat müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-2301/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-2301/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçıya Çernobel əlili olduğu üçün xx.xx.1993-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, yaşa görə əmək pensiyası almaq hüququ yarandığı xx.xx.2019-cu il tarixdən əlilliyə görə pensiya növü yaşa görə əmək pensiyasına dəyişdirilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən, onun yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxs olması (Çernobel əlili) nəzərə alınmış və “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci yarımbəndinin tələbləri baxımından 77 manat məbləğində əlavə əmək pensiyasına hesablanmışdır. Lakin, Qanunvericiliyə edilmiş dəyişiklikdən sonra sözügedən əlavələrin ödənilməsi dayandırılmışdır. İddiaçının vaxtı ilə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin tələbi əsasında əlavə alması təkzib olunmazdır. İddiaçı özü də iddia ərizəsinin əsaslandırmasında bu halı qəbul etmiş və əlavənin məhz yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxs (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) kateqoriyasıa aid olması səbəbi ilə aldığını bildirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki redaksiyasına uyğun olaraq 19.1-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində; 19.1.2. İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat, digər İ dərəcə əlilliyi olan şəxslərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur); 19.1.3. öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində; 19.1.4. İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində; 19.1.5. siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində; 19.1.6. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində; 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində; 19.1.7.3. İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində; 19.1.8. Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə: 19.1.8.1. İ dərəcə əlilliyi olan şəxslərə 154 manat məbləğində; 19.1.8.2. İİ dərəcə əlilliyi olan şəxslərə 121 manat məbləğində; 19.1.8.3. İİİ dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olmayan müharibə iştirakçılarına 99 manat məbləğində. 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 19-cu maddə ləğv edilmişdir. Həmin Qanunun 2.2-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi vətəndaşın əmək pensiyasının sığorta hissəsinə hansı hallarda və məbləğlərdə əlavələrin hesablanmasını təsvir etmişdir. Lakin, Qanuna edilmiş dəyişiklikdən sonra, xx.xx.2021-ci il tarixdən etibarən əmək pensiyasının sığorta hissəsinə əlavələrin hesablanması dayandırılmış və yalnız Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrində nəzərdə tutulmuş müxtəlif kateqoriyalı şəxslərə həmin əlavələrinin ödənilməsi davam etdirilmişdir. Əmək pensiyası münasibətlərini tənzimləyən Qanunvericilik hazırda əmək pensiyasının sığorta hissəsinə əlavələrin edilməsini nəzərdə tutmamışdır. Bu əlavələrin ödənilməsi yalnız o halda həyata keçirilir ki, əgər pensiyaçı əlavəni aldığı dövrdə Qanunun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrində nəzərdə tutulmuş statusa malik olan şəxs hesab olunsun İddiaçı siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxs və ya Böyük Vətən müharibəsi iştirakçısı və bununla əlaqədar əlilliyi olan şəxs, o cümlədən də ƏPQ-nin əvvəl qüvvədə olmuş 19.1.1-ci və 19.1.3-cü maddələrində nəzərdə tutulmuş şəxs hesab edilmədiyindən, hazırda ona 77 manat məbləğində əlavənin ödənilməsinin davam etdirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının 77 manat əlavənin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati iş üzrə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin imtinası faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanmış 06 avqust 2021-ci il tarixli **********2 saylı məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olan 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan İİ qrup müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyalarının sığorta hissəsinə olan şəxslərə 77 manat məbləğində əlavə hesablanırdı. Qeyd olunanları nəzərə alaraq, Babacanov Abdulağa oğluna Çernobıl AS-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı alınmış xəsarət nəticəsində ümumi səbəbdən əlil olması və ya Çernobıl AS-də hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlillik müəyyən edilməsinə aydınlıq gətirərək, onun pensiyasının sığorta hissəsinin üzərinə xx.xx.2021-ci il tarixinədək Qanunun 19.1.7-ci maddəsi ilə (xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş) təsbit edilmiş əlavənin yenidən hesablanması sizə tapşırılır. Bununla əlaqədar, kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 06 avqust 2021-ci il tarixli məktubu cavabdeh inzibati orqanın imtinasına zidd olmamışdır ki, məhz məktubda iddiaçıya pensiyasının sığorta hissəsinin üzərinə xx.xx.2021-ci il tarixinədək Qanunun 19.1.7-ci maddəsi ilə (xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş) təsbit edilmiş əlavənin yenidən hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq, qanunvericiliyə edilmiş dəyişiklikdən sonra isə sözügedən əlavələrin ödənilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-2301/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1797/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1797/2022
11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver