Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1798/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF X5 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-3282/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onun pensiyaya çıxması ilə əlaqədar olaraq, iş prosesinin və stajının düzgün hesablanmasına köməklik göstərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının cəlb edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-3282/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-3282/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır:
1. İddiaçı İdarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır.
3. İddiaçı İdarəyə müraciət etdikdə onun 58 yaşı olmuş, hal-hazırda isə 59 yaşı var. Bu da qanunla nəzərdə tutulmuş 60 yaşdan azdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 01.04.2021ci il tarixli, 2-1(112)-3282/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli, 322 nömrəli arayışdan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 27.10.1980-ci il tarixdən 11.12.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.05.2020-ci il tarixli, 65 nömrəli arxiv arayışından görünür ki, Zərdb rayonu, sabiq Engels adına kolxozun üzvü olmuş İddiaçı həmin kolxozun Zərdab rayon Dövlət Arxivində saxlanılan arxiv sənədlərinə əsasən 1979-cu ildə, 31 adam gününə, 41 rubl əmək haqqı məbləğinə, 1980-ci ildə 31 adam gününə, 205 ..... əmək haqqı məbləğinə çalışmışdır. İşdə olan iddiaçının adına açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, 11.01.1983-cü ildə Zərdab Avtonəqliyyat müəssisəsinə İİİ dərəcəli sürücü götürülmüş, 18.06.1985-ci ildə öz ərizəsinə əsasən sürücü vəzifəsindən azad edilmiş, 01.07.1985-ci ildə “VP-500 kV DRES Abşeron” tikintisinə yüksək gərginlikli hava xətlərinin montajı üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, 20.12.1985-ci ildə işdən azad edilmiş, 03.02.1986-cı il tarixdən, 01.09.2001-ci il tarixədək “Azərbaycan DRES-Mərkəzi Təmir sexi”-də 3,4,5,6-cı dərəcəli qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexin çilingər vəzifəsində işləmiş, 05.01.2009-cu il tarixdən öz xahişi ilə işdən azad edilmiş, 05.01.2009-cu il tarixdə “xxxx” MMC-də X1 Təmir və Sazlama İdarəsinin Q və KAT sexinə 6-cı dərəcəli çilingər qəbul edilmiş, 05.01.2010-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 06.01.2010-cu il tarixdə “xxxx” ASC-də Energetika Avadanlıqlarının Təmiri İdarəsi Q və KAT sexinə 6-cı dərəcəli çilingər qəbul edilmiş, 28.12.2012-ci il tarixdə STP-nin Ağır Maşınqayırma Departamentinə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmiş, 29.12.2012-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 30.12.2012ci il tarixdə X3 Qazan Təmiri sexinin Mingəçevir Qazan avadanlıqlarının təmiri sahəsinə 6cı dərəcəli çilingər peşəsinə təyin edilmiş, 02.02.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 21.02.2015-ci il tarixdə “xxxx” MMC-də Qazan və Köməkçi Avadanlıqların təmiri sexinə “Alçaq və yüksək təzyiqli armatur və boru kəmərlərinin təmiri briqadalarına” 6-cı dərəcəli qazanxana sex avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, hal-hazırda işləməkdə davam edir. İşdə olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş 06.09.2019-cu il tarixli “İşin xarakteri haqqında arayış”-dan görünür ki, İddiaçı 03.02.1986cı il tarixdən 01.09.2001-ci il tarixədək “Azərbaycan DRESMərkəzi Təmir sexi”-də 3, 4, 5, 6-cı dərəcəli qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexin çilingər vəzifəsində işləmiş, 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. 21.05.2015-ci il tarixdən hal-hazıradək “xxxx” MMCnin Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinin “Alçaq və yüksək təzyiqli armatur və boru kəmərlərinin təmiri briqadasında” qazanxana sexi avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsində işləyir. İş şəraitində 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3, təhlükəsizlik sinfi 3-4, səs-küy, havanın cərəyan surəti, iş yerindən havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 03.02.1986-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 21.02.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 03.02.1986-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 21.05.2015-ci il tarixdən halhazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli, 12 №-li Qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. İşdə olan “Azərbaycan DRES” və “xxxx”MMC tərəfindən verilmiş əmək şəraiti üzrə iş yerinin attestasiya xəritələrindən görünür ki, böyük usta, usta, təmirçi çilingərlər, usta və çilingərlər, qazan və köməkçi avadanlıqların təmiri sexində yüksək, orta təzyiqli armaturların təmiri briqadasında ustalara əmək şəraitinə görə 12 % güzəştlər tətbiq olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq 09.06.2020-ci il tarixli, **********8 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixindək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” əndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azəbraycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siiyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyi 30 yanvar 1984cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndini, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarını, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır.
1. Apellyasiya şikayətinin iddiaçı İdarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməməsi, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmasına dair məktubu 09.06.2020-ci il tarixdə tərtib olunmasına baxmayaraq məktubun iddiaçıya təqdim etməsinə dair sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Ona görə də məhkəmə haqlı olaraq iddianı mümkün hesab etmişdir.
2. Apellyasiya şikayətinin iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi xidmət haqqında arayış, güzəştli iş stajı barədə arayış, iş stajı barədə arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. (“Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının Xİİİ bölməsinin 2140000-cü bəndində – “Elektrik stansiyaları, elektrik enerji qatarları, buxar güc təsərrüfatı”, 2140000a yarımbəndinə əsasən)
3. Apellyasiya şikayətinin iddiaçının yaşının qanunla nəzərdə tutulduğundan (60 yaş) az olması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olduğundan ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması qanunauyğundur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-3282/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.