Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1798/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6936/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun istifadəsində və sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, «1071 j» saylı 0,12 ha torpaq sahəsinin dövlət qeydiyyatdan keçməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə X2 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «1071 j» saylı bağ sahəsi onun icarəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, torpaq sahəsi ümumi hasar daxılində yerləşir. İddiaçının istifadəsində olan, hər birini sahəsi 1200 kv m olmaqla,iki hüquqmüəyyənedici sənəd təqdim edilmiş, qalan 2080 kv. m sahəyə heç bir sənəd təqdim edilməmişdir. Bağ nömrələri bağların bölgüsünə dair sxematik xəritədə aşakar edilməmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın mümükün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyd edilmiş bağ nömrələri sxematik xəritədə öz əksini tapmadığından bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6936/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1071j nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və cıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd edilən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin, göstərilən ərazi 1071 saylı bağın digər indeks nömrələri ilə başlayan hissələrinin ərazisidir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.: Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, iddia tələbləri qanunsuz və əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətinə uyğun izahat verərək, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu ilə bağlı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. ІІ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin hazırkı dəlillərindən və nümayəndəsinin məhkəməyə verdiyi izahatından, habelə mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli müəyinə aktından görünür ki, daşımaz əmlakın reyestr daşıyıcısı olaraq mübahisələndirdiyi məsələ ondan ibarətdir ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, bağ nömrəsi sxematik xəritədə aşkar edilməmiş, göstərilən ərazi 1071 saylı bağın digər indeks nömrələri ilə başlayan hissələrinin ərazisidir. İPM-in 82-ci maddəsinə əsasən 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində baxılmalıdır. Cavabdehin qeyd olunan dəlilləri isə məhəkəmə kollegiyasının mövqeyinə görə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, «1071j» saylı 0,12 ha bağ sahəsinin dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olan hallar kimi qiymətləndirilə bilməz. Birincisi ona görə ki, cavabdeh tərəfindən göstərilən bağ sahəsinin, bağların bölgü sxemi çərçivəsində digər bağ sahəsi (hər birinin sahəsi olan 1200 kv.m olan mübahisəli 1071j və digər 1071e saylı iki bağ sahəsi (iş vərəqi 30) ilə bir hasar daxılandə yerləşdyi mübahisələndirilmir. İkincisi, mübahisəli bağ sahəsinin - istər nömrəsində olan uyğunsuzluğun istərsə də bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğun aradan qaldırılması cavabdeh qeydiyyat orqanın nizamnaməsi ilə üzərinə düşən bir vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək həmin qürumun vəzifəsidir. Üçüncüsü, ən azından, birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə (i.v.20-29) məhkəməyə təqdim olunmuş arxiv materiallarına əsasən müəyyən olunur ki, mübahisəli bağ sahəsinin tam qanuni əsaslarla iddiaçının icarəsinə verildiyi öz təsdiqini tapır. Belə ki, ilk öncə, sahəsi 0,12 ha olan 1071j saylı mübahisəli bağ sahəsi X2 və İstismarı Birliyi ilə X3 arasında bağlanmış 2 iyun 1998-ci il tarixli 21432 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş, daha sonra isə onun və ailə üzvülərinin xx.xx.2002-ci il tarixli razılıq ərizələri və İddiaçı həmin bağ sahəsinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2002ci il tarixli ərizələri əsasında X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli 21432 nömrəli icarə müqaviləsi əsasında, bu sonuncunun icarəsinə verilmişdir. İş materiallarının 30-cu vərəqində olan cavabdehin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından da görünür ki, Nardaran bağ massivində, bir hasar daxilində yerləşəin iki bağdan biri - sahəsi 1200 kv.m olan iddiaçının icarəsinə verilən 1071j nömrəli bağ sahəsidir. Beləliklə də cavabdehin qeyd olunan dəlillərinin əsassız olduğu sübuta yetirilir. Həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasının hüquqi əsaslarına gəldikdə, iddiaçının bu tələbinin qanuni əsasları aşağıdakılardan ibarətdir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; …; Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının icarəsində olan mübahisəli bağ sahəsini əvəzsiz olaraq mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən həmin bağ sahəsinin iddiaçının adına qeyd alınmasından imtina etməsi qanunsuzdur, iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, nəticə etibarı ilə birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğundur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu, gəldiyi nəticənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6936/202 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6936/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1798/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1798/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver