Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1798/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3694/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdən etibarən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş 12 sentybar 2024-cü il tarixli cavab məktubundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatsa da, 12 il 06 aydan az güzəştli iş stajına malik olmasına istinad edilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Belə ki, cavab məktubunda qeyd edilmişdir ki, iş yeri tərəfindən verilmiş arayışda "xxxx" ASC-də dağ-mədən işləri üzrə mühəndis vəzifəsində çalışdığı zaman “istehsal sahələrinin növbələrində məşğul olub-olmadığı barədə hər hansı məlumat qeyd edilmədiyinə” görə həmin dövrün güzəştli iş stajına daxil edilməsi qeyri-mümkündür. Yəni, güzəştli iş stajının 07 il 04 ay olduğu qeyd olunmuş, xx.xx.2003-cü ildən xx.xx.2014-cü il tarixədək dağ işləri üzrə mühəndis vəzifəsində çalışdığı 11 il 4 ay 28 gün müddət güzəştli iş stajı kimi hesablanmamışdır. İddiaçı tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş materiallardan da aydın olduğu kimi iddiaçı Ç.Məmmədov güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-219774/2024 nömrəl məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajının tamamlanmaması səbəbindən ona əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi filiala təqdim etdiyi “Bakısementtəmiri” kollektiv müəssisəsinin ona dair 20 avqust 2024-cü il tarixli 48 nömrəli arayışında xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə çilingər və usta vəzifələrində işlədiyi geyd olunub. Lakin sözügedən arayışda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisələrin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, iddiaçı Ç.Məmmədovun çilingər vəzifəsində işlədiyi “Bakısementtəmiri” kollektiv müəssisəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil, həmçinin sözügedən arayışda iddiaçının usta vəzifəsində işlədiyi müddətdə tikinti və quraşdırma işləri üzrə məşğul olub-olmamağı barədə də hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, "xxxx" ASC-nin iddiaçıya dair 16 avqust 2024-cü il tarixli arayışında xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində X6 dağ işləri üzrə mühəndis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, həmin dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə adıçəkilən müəssisəyə sorğu göndərilmişdir. Lakin müvafiq sorğuya cavab olaraq göndərilmiş arayışda iddiaçının mühəndis vəzifəsində işlədiyi müddətdə istehsalat sahələrinin növbələrində məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də, yuxarıda qeyd olunan dövrləri iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 4 ay (xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3694/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim C.Quliyev) iddianın təmin edilməsi, İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; - İddiaçı xx.xx.1964-cü il təvəllüdlür. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmət keçmişdir (02 il 01 ay 18 gün). - xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Tovuz konserv zavodunda müvəqqəti fəhlə (11 ay 09 gün); xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Tovuz konserv zavodunda müvəqqəti fəhlə (05 ay 16 gün); - xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək “Azərkoop” inşaat tresti Tovuz 7 nömrəli tikinti sahəsində fəhlə (01 ay 28 gün); - xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək çilingər və usta (06 il 06 ay 04 gün); - xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı XTQİ 2 nömrəli tikinti sahəsində sahə rəisi (01 il 04 ay 27 gün); - xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X8, Tovuz karxanasında təmir üzrə çilingər (1 il 11 gün); - xx.xx.1994-cü il tarixdən xx.xx.2014-cü il tarixədək X8, Tovuz mineral əlavələr karxanasında usta, karxana sex rəisi və daö işləri üzrə mühəndis (19 il 09 ay 15 gün); - xx.xx.2014-cü il tarixdən hal-hazıradək "xxxx" QSC Tikinti Departamentinin Mexanika-Energetika şöbəsində mexanizmlər üzrə böyük mütəxəssis (xx.xx.2014-xx.xx.2016 mütəxəssis) vəzifəsində işləyir (xx.xx.2024-cü il tarixədək 09 il 06 ay 09 gün). Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli imtina məktubları əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzə təqdim etdiyiniz “Bakısementtəmiri” kollektiv müəssisəsinin Sizə dair 20 avqust 2024-cü il tarixli 48 nömrəli arayışında xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə çilingər və usta vəzifələrində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyiniz müəssisələrin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, çilingər vəzifəsində işlədiyiniz “Bakısementtəmiri” kollektiv müəssisəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil, həmçinin sözügedən arayışda usta vəzifəsində işlədiyiniz müddətdə tikinti və quraşdırma işləri üzrə məşğul olub-olmamağınız barədə də hər hansı məlumat qeyd olunmayıb. Bundan başqa, "xxxx" ASC-nin Sizə dair 16 avqust 2024-cü il tarixli arayışında xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində X6 dağ işləri üzrə mühəndis vəzifəsində işlədiyiniz qeyd olunub. Bununla əlaqədar, həmin dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə adıçəkilən müəssisəyə sorğu göndərilib. Lakin müvafiq sorğumuza cavab olaraq göndərilmiş arayışda mühəndis vəzifəsində işlədiyiniz müddətdə istehsalat sahələrinin növbələrində məşğul olub-olmamağınız barədə hər hansı məlumat qeyd edilməyib. Buna görə də, yuxarıda qeyd olunan dövrləri güzəştli iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 4 ay (xx.xx.1994xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir.” Beləliklə işdən müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə xx.xx.2024-cü il tarixdə, daha sonra xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə güzəştli iş stajının kifayət qədər olmadığından imtina edilmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair ilk dəfə xx.xx.2024-cü ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə iddiaçının ümumi sığorta stajı ən azı 25 ildir (xx.xx.2024-cü il tarixədək 41 ildən çoxdur). Mübahisə cavabdehin mövqeyinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının 12 il 6 ay olmaması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının güzəştli iş stajı kimi 7 il 4 ayı (xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) nəzərə alır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta, ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisas artırma və yenidən ixtisas keçmə kurslarında, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti; “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyət tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli güzəştli arayışda göstərilir “...X1 - 3.05.1964-cü il təvəllüdlü ona görə ki, o, həqiqətən X6 əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1. Avadanlığın təmiri üzrə çilingər - xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək - 1.08.1993-cü il tarixli 100 К saylı əmr. 2. Dağ mədən ustası xx.xx.1994-cü il tarixdən - xx.xx.2000-ci il tarixinədək - xx.xx.1994-cü il tarixli 1 К saylı və xx.xx.1995-ci il tarixli 45 К saylı əmr. 3. Karxana sexi rəisi - 1.05.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixədək - 1.05.2000-ci il tarixli 157 К saylı əmr. 4. Dağ işləri üzrə mühəndis - 2.01.2003-cü il tarixindən - xx.xx.2014-cü il tarixədək - xx.xx.2003-cü il tarixli 30 К saylı əmr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “1. Dağ-mədən işləri bölməsinin, 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər maddəsinin a) fəhlələr” bəndinə əsasən “növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)” və “b) rəhbərlər və mütəxəssislər” bəndinə əsasən “dağ-mədən ustaları”, “sex (dağ-mədən) rəisləri, onların müavinləri (köməkçiləri)” və “istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər” peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Qeyd: Dag işləri üzrə mühəndis işlədiyi dövrdə mütəxəssis çatışmamazlığı səbəbindən işlərin təşkilində növbələr tətbiq etmək mümkün olmamışdır və bu səbəbdən göstərilən müddət ərzində istehsalat sahəsində tək olaraq (gərgin iş yükü ilə) növbəsiz əmək funksiyalarını yerinə yetirmişdir. Lakin zərurət yarandığı hallarda digər növbələrdə də öz əmək fəaliyyətini davam etdirmişdir. Güzəştli stajın müddəti 19 il 9 ay 10 gündür.” “Holcim (Azərbaycan)” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilir: “...Sement istehsalında istifadə edilən əsas xammal əhəng daşıdır ki, bu sementin 80-85%-ni təşkil edir. Keçmiş X8na (hazırki “Holcim (Azərbaycan)” ASC) məxsus və 15-16 km məsafəsində yerləşən “əhəng daşı” karxanası mövcuddur. Həmçinin, sement istehsalında mineral əlavə kimi istifadə olunmuş və Tovuz rayonunda yerləşən “trass” karxanası mövcud olmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.1993-cü il tarixdən - xx.xx.2014-cü il tarixədək “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətində avadanlığın təmiri üzrə çilingər, dağ mədən ustası, karxana sexi rəisi, dağ işləri üzrə mühəndis vəzifələrində çalışmışdır. Qeyd edilməlidir ki, iddiaçının “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrlər güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin siyahısında nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin iddiaçının - xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində X6 dağ işləri üzrə mühəndis vəzifəsində işlədiyi müddətdə istehsalat sahələrinin növbələrində məşğul olub-olmaması ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışdan da görünür ki, iddiaçı özündən asılı olmayan səbəbdən nəinki növbəlik, işlədiyi qurumun bildirməsinə görə mütəxəssis çatışmamazlığı səbəbindən işlərin təşkilində növbələr tətbiq etmək mümkün olmadığından istehsalat sahəsində tək olaraq (gərgin iş yükü ilə) növbəsiz əmək funksiyalarını yerinə yetirmiş, zərurət yarandığı hallarda digər növbələrdə də öz əmək fəaliyyətini davam etdirmişdir. Əgər istehsalat vəzifələrində növbələr əsasında işləyən şəxslərin iş stajı güzəştli iş stajı kimi nəzərə alınırsa, növbələr tətbiq etmədən (daha artıq) işləyən şəxslərin də iş stajı mübahisəsiz nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə iş stajının 12 il 06 aydan çıx olması iş materiallarında olan - “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışda öz əksini tapır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2154/2023, xx.xx.2024-cü il tarixli 2-1(102)-90/2024 saylı qərarlarında mövqe eyni olmuşdur. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2962/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2- 1(103)- 1779/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Məhkəmə kollegiyası qərarın 11-ci bəndində göstərmişdir ki, “...oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-90/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-945/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 954/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1551/2023 nömrəli).” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3694/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1798/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1798/2025
29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver