Məhkəmə qərarları › İş №2-1(103)-1799/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1799/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1799/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2390/2021 saylı, 19.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.05.1995-ci il tarixdən 17.05.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajı əlavə edilərək əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslarına görə xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 03.05 1995-ci il tarixdən 17.05.2004-cu il tarixinə qədər "xxxx" Dövlət Şirkətinin «Tikinti Hissələri Zavodunun "qəlibçi" işində çalışmış, lakin cavabdeh əsassız olaraq həmin qürumun həmin qurumun arxiv sənədlərinin olmaması əsası ilə qeyd olunan illərdə zavodun fəaliyyət göstərmədyini və bu səbəbdən 25 il sığorta stajı toplanmadığına istinadən əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Bakı İnzibatiMəhkəməsinin 19.04.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 03.05.1995-ci il tarixdən 17.05.2004-cü il tarixədək işlədiyi illərin onun sığorta stajına əlavə edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh tərəfi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı) apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, obyektiv araşdırma aparılmamış, işin bütün faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, cavabdehin imtinası qanuni və əsaslıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci və ƏƏSMN Kollegiyasının 11.12.2017-ciiltarixli 17 №-li qərarına əsasən iddiaçıya 65 yaşdan əmək pensiyası təyin edilə bilər. Bunun üçün qanunda nəzərdə tutulan iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı ikinci halın mövcudluğundan çıxış etməklə 25 il sığorta stajına malik olması əsası ilə ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Onun 65 yaşı 20.11.2020-ci il tarixində tamam olumuş, lakin həmin tarixə 25 il sosial sığorta stajı , yaxud da onun fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. 03.11.1974-17.11.1976-cı illər ərzində 2 il 14 gün hərbi xidmətdə olduğu dövr və əmək kitabçası üzrə 10.12.1976-13.12.1977(1 il 2 ay1 gün), 05.01.1978-24.03.1978 (2 ay 19 gün), 26.04.1978 (4 ay 3 gün), 13.09.1978-17.03.1987 (8 il 6 ay 4 gün), 11.03.1987- 31.01.1991 (3 il 10 ay 20 gün), 02.01.1993-05.10.1993 (9 ay 3 gün), 21.09.1994- 01.05.1995(7 ay 10 gün) illərərzindəişlədiyi 14 il 8 ay 22 gün nəzərə alınmaqla 16 il 9 ay 4 gün təşkil edən sığorta stajı - işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı isə iddiaçının 03.05.1995-17.05.2004-cü illərdə onun "xxxx" Dövlət Şirkətinin tikinti hissələri zavodu»nda çalışdığı dövrlərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. Belə ki, iddiaçının həmin zavodda qəlibçi vəzifəsində çalışdığı dövrün sosial sığorta stajına daxil edilməsi müvafiq arxiv sənədləri (əmrlər kitabı, əmək haqqı cədvəlləri və s.) Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mühafizə olunmadığından və zavodun hansı tarixdə qeydiyyatdan keçib hansı tarixdə ləğv olunması ilə bağlı məlumatlar mövcud olmadığından mümkün olmamışdır. Bu səbəbdən iddiaçının həmin zavoda qəlibçi vəztfəsində işləyib-işləməməsi faktını təsdiq etmək imkan xaricindədir. Beləliklə də iddiaçı «Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajına malik deyil. Ona görə də birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi əsassız və qanunsuzdur…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Həmidova apellyasiya şikaytini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsi ilə razılaşmamış və apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının 03.11.1974 - 17.11.1976-cı illər üzrə 2 il 14 gün hərbi xidmət dövrünü və onun əmək kitabçası üzrə 10.12.1976 - 01.05.1995 illəri əhatə edən dövrdə 14 il 8 ay 22 gün (ümumilikdə, 16 il 9 ay 4 gün) iş stajını mübahisələndirmir, sığorta stajı kimi qəbul edir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı yalnız, 03.05.1995-17.05.2004-cü illərdə iddiaçının «Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin tikinti hissələri zavodu»nda çalışdığı dövrü əhatə edir. Belə ki, cavabdeh iddiaçının həmin zavoda «qəlibçi» peşəsində çalışdığı həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina edərək mübahisələndirir ki, müvafiq arxiv sənədlərinin (əmrlər kitabı, əmək haqqı cədvəlləri və s.) Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində aşkar olunmadığından, zavodun hansı tarixdə qeydiyyatdan keçib, hansı tarixdə ləğv olunması ilə bağlı məlumatlar əldə etmək mümkün olmamış, bu səbəbdən iddiaçının həmin zavodda «qəlibçi» vəzifəsində işləyib-işləməməsi faktını təsdiq etmək imkan xaricindədir. Qeyd olunanları və İPM-in 82-ci maddəsinin təbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində, yəni, cavabdeh tərəfindən mübahisələndirilən hissəsində baxılıb hüquqi qiymət verilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci madəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1dək sığorta olunanların qazanılmış əmək pensiyası əmək kitabçasına əsasən müəyyən edilir. İşə əlavə olunmuş əmək kitabçasının 14.08.2020-ci il tarixində əsli ilə düzgünlüyü 3 saylı Bakı “ASAN” xidmət mərkəzində təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: - 03.05.1995-ci il tarixində «Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin Tikinti hissələri zavodu»na dəmir-beton sexinə “qəlibçi” kimi qəbul olunmuş; -16.07.1998-ci il tarixində həmin dövlət şirkəti Azərbaycan Respublikası Prezidentinin 851 N-li sərəncamı ilə dövlət şirkəti səhmdar cəmiyyətə çevrilmiş; -17.05.2004-cü il tarixinədə işdən azad edilmişdir. İşə əlavə olunmuş Milli Arxiv İdarəsinin məhkəmənin müvafiq sorğusuna ünvaladığı 11 noyabr 2020-ci il tarixli cavab məktundan görünür ki, «Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin “Tikinti hissələri zavodu»nun arxiv sənədləri dövlət arxivinə və onun Bakı filialına təhvil verilməmişdir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Xidməti DSMF-nin Məhkəmə mübahisələri ilə İş Mərkəzi filialına ünvanladığı 03 fevral 2021-ci il tarixli məktubunda da bildirmişdir ki, keçmiş «Azərnəqliyyatyoltikinti” dövlət şirkətinin (hazırkı «Azərnəqliyyatyoltikinti” ASC tabeliyində fəaliyyət göstərmiş Tikinti hissələri zavodu 2001-ci ildə Bakı şəhəri, Xətai rayonu, nobel prospekti 4 ünvanında dövlət əmlakının registrində qeydiyyata alınmış və zavodun balansında olan əmlaklar qanunvericiliyə uyğun özəlləşdirilmişdir. Eyni zamanda, işə əlavə olunmuş «Azərnəqliyyatyoltikinti” ATSC-nin Nizamnaməsindən də görünür ki, 16.07.1998-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 851 N-li sərəncamına əsasən yaradılmışdır, təsisçisi Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyidir, «Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin hüquqi varisidir. Eyni zamanda, işdə olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı 16 dekabr 2020-ci il tarixli məktubunda reyestr məlumatlarına əsasən iddiaçının çalışdığı həmin qürumun adının 22.12.2000-ci il tarixdən «Azərnəqliyyatyoltikinti” ATSC kimi reyestrdə qeyd alındığı müəyyən olunur. Eyni zamanda, həmin idarənin məhkəməyə ünvanlanmış 15 fevral 2021-ci il tarixli məktubunda qeyd olunur ki, «Azərnəqliyyatyoltikinti” ATSC (VÖEN:**********) ləğv edilmiş «Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmışdır və onların varisidir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin DSMF-nin Məhkəmə mübahisələri ilə İş Mərkəzi filialına ünvanladığı 22.02.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, «Tikinti hissələri zavodu 09.11.1994-cü il tarixində 5 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə dövlət registrində məlumat mövcuddur. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçının çalışdığı «Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin (hazırkı «Azərnəqliyyatyoltikinti” ASC) tabeliyində fəaliyyət göstərmiş «Tikinti hissələri zavodu» 1995-2004-cü illərdə mövcud olmuş, hüquqi qeydiyyatdan keçmişdir. İddiaçının əmək kitabçasının sözügedən qeydlərindən görünür ki, iddiaçının sözügedən dövrdə həmin «Tikinti hissələri zavodu»nda işləməsinə dair qeydlər kadrlar şöbəsinin inspektorunun imzası və dairəvi möhürü ilə təsdiq olunmuş, üzərində qaralama və düzəlişlər mövcud deyil, yazıların və həmin vərəqin tamlığı pozulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının 1995-2004-cü illərdə «Azərnəqliyyatyoltikinti” dövlət şirkətinin (hazırkı «Azərnəqliyyatyoltikinti” ASC) tabeliyində fəaliyyət göstərmiş Tikinti hissələri zavodunda çalışdığı dövrün cavabdeh tərəfindən sığorta stajı kimi qəbul edilməsindən imtina olunması qanunsuz və əsassız olmuşdur. Belə olan halda, xx.xx.1955-ci il təvəllüdlü iddiaçının 03.11.1974 - 17.11.1976-cı illər üzrə hərbi xidməti və onun 10.10.1976-cı il tarixdən 17.05.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə - 25 ildən çox sığorta stajı mövcud olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrün sığorta stajı kimi nəzərə alınmaqla ona pensiya təyin olunmasından imtina olunması iddiaçının əmək pensiyası hüququnu pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2390/2021 saylı, 19.04.2021-ci il tarixli qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2390/2021 saylı, 19.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 33, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2390/2021 saylı, 19.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar