Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1799/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli **********149938 saylı X2 Yoxlanılmasının keçirilməsi haqqında qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2022 saylı, xx.xx.2022-ci il qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Şakirli apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətlərini düzgün müəyyən etsə də, tətbiq edilməli olan hüquqla bağlı qismən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 13-cü bəndində qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yanlış olaraq inzibati akt hesab etdiyi səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərar müstəqil inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsində aralıq inzibati akta “konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt” kimi anlayış verilmişdir. Hazırkı iş üzrə də yoxlamanın təyin edilməsi barədə qərar adından da göründüyü kimi yoxlamanın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Yoxlamanın təyin edilməsi barədə qərar inzibati akt hesab edilmədiyindən həmin qərarın mübahisələndirilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. İddiaçının özünün istinad etdiyi İnzibati Prosessual Məcəllənin maddələri də aralıq inzibati aktın deyil, inzibati aktın mübahisələndirilməsi imkanını nəzərdə tutur. İPM-nin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədibirdir. Bu maddəyə şərh verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilmiş ümumi (publik) hüquq sahəsinə aid olän müəyyən (konkret) məsələləri nizama salmalı. -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı. -hakimiyyət tədbiri olmalıdır. İnzibati aktın hüquqi nəticələrin yaradılması ilə bağlı isə bildirilmişdir ki, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Verilmiş şərhə uyğun olaraq iddiaçının mübahisələndirdiyi qərarın onun üçün hüquqi nəticələr yaradılmasına münasibətdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları təhlil olunarkən belə nəticəyə gəlinir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Həmin Məcəllənin müvafiq olaraq 38.1, 39.1 və 49cu maddələrində nəzərdə tutulmuş qaydalara görə, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul ediləndən sonra yoxlama həyata keçirilir, onun nəticələri aktla rəsmiləşdirilir və daha sonra yoxlamanın nəticələrinə dair materiala baxılaraq qərar qəbul edilir. Yalnız Məcəllənin 49.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edildiyi təqdirdə vergi ödəyicisinin vergilərin ödənilməsi barədə öhdəliyi mövcud olur ki, məhz bu qərarın hüquqi nəticələr yaratdığı müəyyən edilir. Aparılmış qiymətləndirmə ilə müəyyən olunur ki, inzibati aktın əsas əlamətlərindən biri olan element - inzibati aktın hüquqi nəticələr yaradılması mübahisələndirilən qərara münasibətdə mövcud olmamışdır. Belə olan halda isə səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilə bilməz və onun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayılmamalıdır. Çünki İPM-nin 35.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı iddia ərizəsini prosessual pozuntuya yol verməklə tərtib etdiyindən iddia tələbi mümkünsüz sayılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1799/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1799/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver