Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-18/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X12 iştirakları ilə, "X17 Sağlamlıq Mərkəzi” MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X15 Qeydiyyatı İdarəsi və Xətai rayon İcra Hakimiyyəti) qarşı “iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3974/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X17 Sağlamlıq Mərkəzi” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən X10 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin istifadəsinə verilmişdir. Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin istifadəsində olan əmlak kompleksində Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən inventarlaşdırma işləri aparılmış və 1998-ci ilin noyabr ayında həmin obyektin texniki pasportu tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 noyabr 1998-ci il tarixli 11/19-2441 saylı məktubunu və “X17 Sağlamlıq Mərkəzi”nin müraciətini nəzərə alaraq, 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamı ilə 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamında dəyişiklik edərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən X6 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin balansına verilməsini qərara almışdır. İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin bazasında “X17 Sağlamlıq Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti yarandığına görə hüquqi varis kimi əmlak kompleksi iddiaçının balansına keçmişdir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi məqsədi ilə bütün lazımi sənədləri ərizəsinə əlavə etməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək həmin əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Buna görə də, iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi iddiaya qarşı yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, sözügedən qeyri yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********73 saylı, 09.07.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə aparılan yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsinin bir neçə tərəfdən sərhədləri şərtidir. Bundan əlavə arxiv texniki pasportunda göstərilən tikililərdə və onun ətrafında, torpaq sahəsinin bir neçə tərəfində məcburi köçkün ailələri məskunlaşdığından və onlar tərəfindən ərazidə əlavə tikililər inşa olunduğundan sanatoriya binasına torpaq sahəsinə yerli baxış keçirmək mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17 11. 2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlər toplusuna əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; həmin qanunun 8.0.5 -ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri- yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.9.2. maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı 8.0.10.1. maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3974/2018 saylı 16 oktyabr 2018ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən əmlak kompleksi üzərində “X17 Sağlamlıq Mərkəzi” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “X17 Sağlamlıq Mərkəzi” MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon icra Hakimiyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən X10 “Günəş" Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin istifadəsinə verilmişdir. İddiaçı “X17 Sağlamlıq Mərkəzi” MMC müvafiq əmlak kompleksi kimi müəssisəyə dair çıxarış almaq məqsədilə idarəyə 11.06.2018-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və sözügedən əmlak kompleksi kimi müəssisəyə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunan və hüquqların dövlət qeydiyyatı üçün əsas olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlər əsasında müvafiq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, ərizəyə əlavə edilmiş Xətai rayon İcra Hakimiyyətinin 85 saylı, 23.03.1998ci il tarixli sərəncamı əsasında “X17 Sağlamlıq Mərkəzi” MMC-nin adına verilmiş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət əmlakı olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər 3 saylı Ərazi şöbəsinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda Xətai rayonu, General Şıxlinski ünvanında yerləşən “X17 Sağlamlıq Mərkəzi” MMC-nin (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçmiş X18) yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olduğu qeyd olunmuşdur. Lakin müvafiq daşınmaz əmlak “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada özəlləşdirilməmişdir. Həmçinin, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər icra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyi müvafiq inzibati iş üzrə üçüncü tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzbati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2-1(103)-794/2019-cu il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X15 Qeydiyyat İdarəsi və Xətai rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2- 1(103)-794/2019 saylı qərardadı ilə iddiaçı X17 Sağlamlıq Mərkəzi MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Bakı ərazi idarəsinə qarşı “iddiaçının mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı sərəncamların ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxılıb qurtarılanadək iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən X10 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin istifadəsinə verilmişdir. -Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamından görünür ki, həmin sərəncamla Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamına dəyişiklik edilərək Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanmda yerləşən X6 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin balansına verilməsini qərara almışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1998-ci ilin noyabr ayında verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən daşınmaz əmlak “X17 Sağlamlıq Mərkəzi” MMC-nə məxsusdur. - Bakı şəhəri İcraiyyə Komitəsi Texniki İnventarizasiya Bürosu tərəfindən 21 dekabr 1998-ci il tarixdə verilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanmda yerləşən daşınmaz əmlakın sxemindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən daşınmaz əmlak “X17 Sağlamlıq Mərkəzi” MMC-nə məxsusdur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X15 Qeydiyyatı İdarəsi tərəfindən 27 fevral 2017-ci il tarixdə verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan və həmin tarixli hüquqi şəxsin nizamnaməsindən görünür ki, İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzi adı ilə 19 avqust 1997-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və halhazırda “X17 Sağlamlıq Mərkəzi" MMC İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin hüquqi varisidir. - .Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X15 Qeydiyyatı İdarəsi Tərəfindən 27 fevral 2017-ci il tarixdə verilmiş kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, “X17 Sağlamlıq Mərkəzi” MMC 19 avqust 1997-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 iyul 2018-ci il tarixli, **********73 saylı məktubundan görünür ki, həmin idarə tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən daşınmaz əmlak üzərində “X17 Sağlamlıq Mərkəzi” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daxil olmuş 03 noyabr 2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 23.03.1998-ci il tarixli 85 nömrəli və 15.12.1998-ci il tarixli 451 nömrəli sərəncamlarına əsasən dövlət mülkiyyətində olan X7 mövcud qanunvericiliyin tələbləri pozulmaqla “X17 Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən, daha sonradan Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə yaradılmış dövlət əmlakının Registrinə həmin obyekt barədə heç bir dövlət müəssisəsi tərəfindən sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, cavabdehin iddiaya dair etirazında iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən əmlak kompleksi üzərində “X17 Sağlamlıq Mərkəzi “ MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi məqsədilə cavabdehə təqdim etdiyi ərizəyə guya ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən sənədlərin təqdim edilmədiyinə və çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığına görə iddiaçın mümkün sayılmaması barədə mülahizəsi əsassızdır. Çünki, cavabdeh tərəfindən iddiaçının ərizəsinə konkret hansı sənədlərin əlavə edilmədiyini və çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən əmlak kompleksinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı və 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamları ilə iddiaçıya ayrıldığı, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən intervallaşdırma işləri aprılaraq 1998-ci ilin noyabr ayında həmin obyektin texniki pasportu tərtib edilərək iddiaçıya təqdim edilməsi, habelə həmin sənədlərin ləğv edilməməsi öz təsdiqini tapmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən X6 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin balansına verilməsini məhkəmə həmin əmlak kompleksinin iddiaçının mülkiyyətinə verilməsi kimi qiymətləndirir. Buna görə də, cavabdeh tərəfindən həmin sənədlər əsasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 30a ünvanında yerləşən əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verməlidir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi etirazda həmin əmlakda bir neçə məcburi köçkün ailəsinin yaşadığına görə iddiaçının ərizəsinin təmin edilməməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya ayrılmış daşınmaz əmlakın hər hansı şəxs tərəfindən zəbt edilməsi “X17 Sağlamlıq Mərkəzi” MMC-nin mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində dövlət müəssisələrinin balansında olan daşınmaz dövlət əmlaklarının qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan sənəd və məlumatlar əsasında aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüququ dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1 və 8.0.5-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş Qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və yа bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 06 iyul 2006-cı il tarixə qədər müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar şəhadətnamələr və qeydiyyat vəsiqələri, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli fərmanının 4.2.2-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə uyğun olaraq istinad edilən qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər vermiş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi Bakı Şəhəri İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur. “Dövlət Əmlakının Özəlləşdirməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq İcra Hakimiyyəti ( AR Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir. “Dövlət Əmlakının Özəlləşdirməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; icarəyə verilmiş dövlət əmlakının satışı; dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı formasında həyata keçirilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqısatqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60.1-ci maddəsinə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında”əsasnamənin 4.11.11.5. və 4.11.12,-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - idarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.3- cü bəndinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əsasnaməsinin 3.0.15-ci bəndinə əsasən strukturuna daxil olan qurum vasitəsilə dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Komitənin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 6-cı bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"nin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə, hüquqi şəxsin nizamnamə kapitalında 75 fazidən az olmayan hissəsinin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətdirsə), müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti, özəllşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat passportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi) təqdim edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarindan göründüyü kimi cavabdehin etiraz və şikayətlərində Xətai rayon İcra Hakimiyyətinin 85 saylı, 23.03.1998-ci il tarixli sərəncamı əsasında “X17 Sağlamlıq Mərkəzi” MMC-nin adına verilmiş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət əmlakı olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər 3 saylı Ərazi şöbəsinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda Xətai rayonu, General Şıxlinski ünvanında yerləşən “X17 Sağlamlıq Mərkəzi” MMC-nin (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçmiş X18) yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olduğu qeyd olunmuşdur. Lakin müvafiq daşınmaz əmlakın “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada özəlləşdirilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən də ünvan 5 ünvanında yerləşən “X7 (Xətai rayon İcra Hakimiyyətinin 23 mart 1998-ci il tarixli 85 nömrəli sərəncamı ilə “X17 Sağlamlıq Mərkəzi”nin balansına verilmişdir) dövlət registrində qeydiyyata alınıb-alınmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu verilmiş və komitə tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 23.03.1998-ci il tarixli 85 nömrəli və 15.12.1998-ci il tarixli 451 nömrəli sərəncamlarına əsasən dövlət mülkiyyətində olan “X7” mövcud qanunvericiliyin tələbləri pozulmaqla “X17 Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən, daha sonradan Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə yaradılmış dövlət əmlakının Registrinə həmin obyekt barədə heç bir dövlət müəssisəsi tərəfindən sənəd təqdim edilməmişdir. Eyni zamanda, “X11” barədə məlumatların dövlət əmlakının Registrində qeydiyyata alınmamasına baxmayaraq, dövlət mülkiyyətində olan “X7” qeyri-dövlət müəssisəsi olan “X17 Sağlamlıq Mərkəzi” MMC-nin mülkiyyətinə verilməsi Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğu üçün həmin əmlak barədə yuxarıda qeyd edilən sərəncamlar mövcud qanunvericiliyin pozulması halı kimi qiymətləndirilməli və qeyri-qanuni hesab edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İş materiallarında iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan və qanunun normalarında nəzərdə tutulmuş əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinasi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməli (İPM-87.6), şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3974/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. "X17 Sağlamlıq Mərkəzi” MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X15 Qeydiyyatı İdarəsi və Xətai rayon İcra Hakimiyyəti) qarşı “iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-18/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-18/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver