Məhkəmə qərarları › İş №2-1(103)-180/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-180/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-180/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2371/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehdən iddiaçıya vurulmuş maddi və mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyəti X1 ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” 10.06.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə iddiaçının atasının icarəsinə verilmiş və Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla torpaq sahəsinin iddiaçının atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin iddiaçının mərhum atası həmin qətnamə əsasında 2000 kv metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamışdır. İddiaçının atası Zahir Heydərov qeyd edilən torpaq sahəsində 200000 manat dəyərində sahəsi 277 kv metr və 850000 manat dəyərində sahəsi 27 kv metr olan dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 15000 manat dəyərində 74 kv metr, 55000 manat dəyərində 21 kv.metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. İddiaçının atası 01 may 2015-ci ildə vəfat etmiş və iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmişdir və vərəsəlik işi açılmışdır. Eyni zamanda, Sabunçu rayon məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Atasına məxsus olan yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini atası vəfat etdikdən sonra iddiaçı işlətmişdir. Lakin 2017-ci ilin oktyabr ayında cavabdeh tərəfindən 74 kv metr sahəsi olan sex sökülmüş, sexlər də daxil olmaqla 20000 kv metr torpaq sahəsi qanunsuz olaraq dəmir hasara alınmışdır. Nəticədə iddiaçı həmin torpaq sahəsinə, sexlərə sahiblikdən və sahibkarlıq fəaliyyətindən məhrum olmuşdur. Halbuki, həmin sexləri işlətməklə ayda təxminən 7-8 min qazanc əldə edirdi. Sonradan isə Cavabdeh nümayəndələri tərəfindən 20000 kv metr torpaq sahəsində tikilmiş sexlər də sökülmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş, işgüzar nüfuzu aşağı düşmüş və əlacsız vəziyyətdə qalmışdır. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2371/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2371/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 04 nömrəli, 10 iyun 2006-cı il tarixli müqaviləyə əsasən icarəyəverən Bakı şəhər İcra Hakimiyyətinin X1 Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 4A–nın yan tərəfində yerləşən 20,0 sot torpaq sahəsini 10 il müddətinə X5 icarəyə vermişdir. Sabunçu Rayon Məhkəməsinin 2-1140/2006 nömrəli, 11.09.2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a sayı evin yanında yerləşən 2000 kv metr torpaq sahəsinə X3 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.11.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə apellyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qərar qəbul olunan zaman Ali Məhkəmə Bakı şəhəri İcra Hakimiyyətinin X1nin mübahisəli torpaq sahəsi üzərinə hər hansı bir sərəncam vermək, yaxud həmin torpağı kiminsə mülkiyyətinə vermək hüququnun olmaması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. 02.12.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən İddiaçı X3 vərəsələri dairəsinə daxildir. İddiaçı atası X3 vərəsəsi kimi 2017-ci ildə cavabdehə müraciət edərək həmin torpaq sahəsində yerləşən dəmir-darvaza sexlərinin sökülməsi nəticəsində ona vurulmuş ziyanın pulla kompensasiyasının ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut qismində DVD disk, fotoşəkillər və "xxxx" MMC tərəfindən tərtib edilmiş 07.05.2021-ci i tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yanında yerləşən 2000 kv metr torpaq sahəsinə X3 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinin qət edilməsi haqqında Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, 11.09.2006-cı il tarixli qətnaməsi vaxtilə qəbul edilsə də sonradan Bakı Apellyasiya Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.11.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə isə apellyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin X1nin iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində hər hansı bir sərəncam vermək, yaxud həmin torpağı kiminsə mülkiyyətinə vermək hüququ olmamışdır. Yəni iddiaçının torpaqla bağlı hüquqlarına cavabdehin hər hansı bir qanunsuz müdaxilə faktı müəyyən olunmur. Həmin torpaq sahəsində yerləşən dəmir-darvaza istehsalı üçün nəzərdə tutulmuş sexlərin sökülməsi ilə bağlı ziyana gəldikdə isə əvvəla cavabdeh həmin əmlakların onlar tərəfindən sökülmədiyini bildirmişdir, digər tərəfdən isə iddiaçı qeyd edilən əmlakların cavabdeh tərəfindən qanunsuz sökülərək iddiaçıya ziyan vurulması barədə sübutları, həmin sübutlara dair məlumatı məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi mütəxəssis rəyində iddia ərizəsində göstərilən torpaq sahəsində yerləşən dəmir-darvaza istehsalı üçün nəzərdə tutulmuş sexlərin qiymətləndirilməsinə və həmin məbləğin torpaq sahəsində qaldığı üçün iddiaçıya kompensasiya ödənilməli olması məsələsinə gəldikdə isə bildirmişdir ki, iddiaçının təqdim etdiyi foto şəkillərdən və mütəxəssis rəyindən göründüyü kimi, həmin sexlər sökülüb yığılan metal konstruksiyalardan ibarətdirlər və iddiaçı tərəfindən sökülərək daşınıb aparılıb başqa bir yerdə quraşdırıla bilərlər. İnzibati iş materialları ilə isə cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkətləri (hərəkətizliyi) təsdiq edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı bir maddi ziyanın vurulması inzibatı məhkəmə icraatının gedişində təsdiqlənmədiyi üçün iddiaçının tələb etdiyi mənəvi zərərin ödənilməsi tələbini də rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2371/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar